AYB qurultay nümayəndələrinin sayını bilmir

AYB qurultay nümayəndələrinin sayını bilmir
13 may 2014
# 11:26

“Yazıçılar Birliyinin qurultayına əsasən Rusiya və Türkiyədən qonaqlar dəvət olunacaq. Bundan başqa ABŞ və İtaliyadan da qonağımız gələcək”.

Bu sözləri Kulis.az-a verdiyi açıqlamada Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov söylədi.

Rauf Aslanov hələ ki, konkret adlar çəkə bilməyəcəyini vurğuladı: “Biz onlara məlumatları vermişik, indi cavab gözləyirik. Kimlərin gələcəyi bu günlərdə bilinəcək”.

AYB sədrinin müşaviri qonaqların hələ ki, dəvət üçün qonorar istəmədiyini bildirdi.

O, gələcək qonaqların iyunun 16-sı Bakıya təşrif buyuracağını, ayın 19-da geri qayıdacağını qeyd etdi.

Rauf Aslanov AYB-nin yerli şöbələrində baş verən narazılıqlara da münasibət bildirdi: “Hamı seçilmək istəyir, biz də istərdik belə olsun, amma bu adamları bir yerə toplamaq mümkün deyil. Rayonlara 4-5 yer verilir adətən, böyük rayonlara isə 6 yer”.

R.Aslanov Bakıda qurultay üzvlərinin necə seçiləcəyi məsələsinə də aydınlıq gətirdi: “Burada da nümayəndələr konfransda seçiləcək. Ancaq adam sayı barədə heç nə deyə bilmərəm, bu, xaricdən gələn qonaqların sayından asılıdır”.

Rauf Aslanov qurultayda nə qədər adamın təmsil olunacağı ilə bağlı konkret bir şey deyə bilməyəcəyini söylədi.

“Qurultayqabağı məruzələr üç il öncə edilib. Bu 3 ildə ədəbi prosesdə müəyyən canlanma olub, yeni əsərlər yazılıb. Bu baxımdan hesab etmirsiniz ki, məruzələrin aktuallığına kölgə düşür?” - sualını isə Rauf Aslanov belə cavablandırdı: “Yəqin ki, əlavələr ola bilər. Ancaq hələ ki, elə bir qlobal proses baş verməyib. Lazım olsa bu məruzələri yenə edə bilərik”.

# 1887 dəfə oxunub

Müəllifin son yazıları

# # #