Əkrəm Əylislinin Qaqarinli XATİRƏLƏRİ

Əkrəm Əylislinin Qaqarinli XATİRƏLƏRİ
4 fevral 2014
# 12:21

Kulis.Az yazıçı Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” memuarından hissələri təqdim edir.

ƏDƏBİYYAT ADLI VƏTƏNİM

Ağlım kəsəndən iki vətən tanımışam. Birincisi - hamımıza məlum olan – sərhədləri, yeri-yurdu məlum Azərbaycan vətənimizdir. İkincisi - ədəbiyyat: sənət aləmi, ziyalı dünyası.

Mən ədəbiyyatı da vətən kimi tanıyıb, vətən kimi sevmişəm. Onu Azərbaycan adlı vətənimizdən heç vaxt ayırmamışam. Və bütün ədəbi fəaliyyətim boyunca həmişə çalışmışam ki, bu vətənin havası təmiz olsun, suyu içməli, çörəyi yeməli olsun, ərazisi bir az da geniş, torpağı daha bərəkətli və daha cazibədar olsun... Bu yolda mən hər cür əzab-əziyyətə həmişə hazır olmuşam. Bu işin xətrinə neçə-neçə dost itirmişəm, düşmən qazanmışam.

Və mən həmişə bu fikirdə olmuşam ki, ədəbiyyatı vətən kimi tanımaq – Azərbaycanı həqiqətən tanımaq, vətənin fiziki və mənəvi varlığına daha möhkəm tellərlə bağlanmaq deməkdir. Çünki əsl vətənpərvərliyin mayası insanın varlığına məhz mənəvi qaynaqlardan sorulub keçir.

Ayağım, təbii ki, Azərbaycanın hər yerinə dəyməyib. Ancaq, elə bilirəm ki, ürəyim bu yurdun hər yerinə, hər qarışına toxunub. Vətənin hər quruyan ağacı məndən ötrü dərd olub, hər sönən ocağı – kimsəsiz, başsız qalan yurd yeri ürəyimi ağrıdıb, sızıldadıb. İndi, nə yaxşı ki, bu ağrı mənim yazılarımdadır: deməli, ağrı qalır. Qalacaq.

Və bu ağrı qaldıqca, yaşadıqca - adına Vətən dediyim sehrli ağrılar məmləkətində - mən də qalacağam, yaşayacağam...

(OLMUŞLAR VƏ OLACAQLAR)

QƏDİM, QARA KÜLƏK

ÖNCƏ: BİR NEÇƏ SÖZ

Yeni kitabım üçün seçdiyim bu ad elə öz-özlüyündə həmin kitabın avtobioqrafik kitab olmağından xəbər verir.

Mən bu kitabı xronoloji ardıcıllıqla yazmaq fikrindəydim: kitabın birinci fəsli - 1954-cü ilin avqust ayından – mənim Bakı ilə ilk görüşümdən başlanmalı idi. Ancaq ilk dəfə gördüyüm o Bakı sən demə bu dünyada heç yerli-dibli yoxmuş. Əylisdə illər uzunu xəyalımda uydurduğum BAKI həmin o 1954-cü ilin avqust ayında - real Bakı ilə toqquşanda sən demə böyük bir “təbii fəlakət” baş vermişdi: iki uzaq “planetin” toqquşması nəticəsində o planetlərin hər ikisi yanıb kül olmuşdu.

Yəqin buna görə də bu saat mən ilk dəfə gördüyüm o real Bakının bir qarış yolunu da yada sala bilmirəm. O Bakıdan bir ev də, bir ağac da, bir küçə də yadımda qalmayıb.

İndi yadımda qalan bircə budur ki, 30-cu illərin əvvəllərində (hələ Əylisdə kolxoz qurulmamışdan da bir-iki il qabaq) üç-dörd yaşda ikən, öz ailəsi ilə birgə Əylisdən Bakıya köçən bir qohumumuz şəhərin hansı yerindəsə bir böyük binanın qabağında sıra ilə düzülmüş başı qırxıq, sığallı kol-kosu mənə göstərirdi: “Hə, necədi?.. Görürsən də necə gözəldi. Sən Əylisdə belə şey görmüsən?”

Amma, vallah-billah, o kol-kos qətiyyən gözəl deyildi. Bir kol-kos ki, bir boyda, bir bizimdə ölü divar kimi uzanıb gedəydi və üstəlik hələ bir, başı da kəsilmiş olaydı - onun nəyi gözəl ola bilərdi...

Və mən elə o zaman da yəqin ki, xalis indiki mənmişəm: kiminsə xətrini xoş eləmək üçün ürəyimin əleyhinə getmək, görünür, heç o vaxt da mənim işim deyilmiş. “Yox, - dedim, - Əylisin lap tikanlı itburnusu da bunlardan qat-qat qəşəngdi”. Və elə qohumum da bəlkə məni imtahana çəkirmiş. Əlini sevinə-sevinə mənə tərəf uzatdı: “Vur bura, - dedi, - kişi adamsan!.. Əylis çox gözəl yerdi. Əylis kimi gözəl yer heç yanda yoxdu!”

Və mən birdən-birə gördüm ki, qohumumun gözləri yaşarıb. Özümün də o Bakıda o gün ilk dəfə ürəkdən ağlamağım gəldi. İndi - bu sözləri yaza-yaza – Yenə mənim yamanca ağlamağım gəlir, çünki üç-dörd yaşda Əylisdən çıxan bir uşağın gözləri - indi mənim təsəvvürümdə - o Əylisin özünə yaman oxşayır!

...Mən bu kitabı xronoloji ardıcıllıqla yazmaqdan bir də ona görə vaz keçdim ki, belə bir ardıcıllıq məni istər-istəməz arzu etmədiyim sxemə, qəlibə sala bilərdi. Bir də, nə gizlədim, son vaxtlar nədənsə mənə elə gəlir ki, ömür haradasa vaxtsız qırıla bilər. Buna görə, bu dünyada məndən sonra qalmağını daha vacib saydığım və indiki zəmanəyə məzmunca daha yaxın bildiyim - faktiki ictimai kəsəri olan – xatirələrimi ön plana çəkməyi qərara aldım.

Bu xatirələrin bir silsiləsi bilavasitə ədəbiyyatla - yaxından tanıdığım ədəbi simalarla, işti­rakçısı olduğum ədəbiyyat tədbirləri ilə, ümumiyyətlə, ədəbi həyatın məndən keçən böyüklü-xırdalı, acılı-şirinli hadisələri ilə bağlıdır.

Birinci olay: ŞOLOXOV

O vaxtlar təyyarə yolu mənim üçün həmişə əzablı olurdu. İndi isə vəziyyətim daha pis idi: təyyarə enib-qalxdıqca ürəyim bulanırdı.

Heç vaxt minmədiyim (salonlarının birində hətta böyük bilyard masası da olan!) o qəribə təyyarənin bir küncündə tək oturmuşdum. Təyyarədəkilərin bir-iki nəfəri orda-burda yatırdı. Beş-altı adam (məndən üç-dörd sıra qabaqda) YURİ QAQARİNİ dövrəyə almışdı. Bu adamlar, deyəsən, səhər-səhər vaxt tapıb “paxmel” məsələsinə də baxa bilmişdilər. Hər halda, Qaqarini dövrəyə alanların kefi çox yuxarıydı. Onlar bərkdən danışırdılar, ucadan gülürdülər. Üstəlik, mənə elə gəlirdi ki, bu - bir dəstə bic-vələduzna qələm əhli dünyanın birinci kosmonavtını bir balaca dolayır: mən bunu o adamların həm üz-gözündən oxuyurdum, həm də onların Qaqarinə dediyi sözlərin qeyri-ciddiliyi məni belə bir şübhəyə salırdı.

Hə, Yura, biz hansı mövzularda, yazsaq, daha yaxşı olar?

Roman neçə səhifə olmalıdır, Yuri Alekseyeviç?

- Sənbiləni, Yura, Tolstoydan sonra ən böyük rus yazıçısı kimdir?

Və sair və ilaxır - bu qəbildən olan cüvəllağı suallar... Sir-sifətində həmişə pak bir təbəssüm olan Yuri Qaqarin isə əsl kəndli balasına məxsus bir sadəlövhlüklə bizim o bic-vələduzna qələm əhlinin o cüvəllağı suallarına cavab verirdi.

Səhər-səhər “paxmel” eləmək elə o zamanlar da məndən ötrü ölməyə bərabər bir şey idi. Oturub, dünənki “Haqq-hesaba” görə ürəyimdə özümə lənət yağdırırdım. Fikirləşirdim ki, dünən axşam əgər bufetdə-zadda bir şey tapıb yesəydim və gedib mehmanxananın restoranında o kampaniyaya düşməsəydim, bəlkə halım bu dərəcədə fəna olmazdı. Ancaq elə bil şeytan aldatdı məni. Durub restorana getdim və elə içəri girən kimi də bildim ki, yaman ilişmişəm.

Restoranın düz ortasında stolları birləşdirib oturan səs-küylü kampaniyada – mənim yaxından tanıdığım, deyəsən, üçcə adam idi: Vasili Belov, Oljas Süleymanov, bir də Larisa Vasilyeva. Oturanların bir qismi yəqin ki, komsomolun mərkəzi komitəsinin işçiləriydi. “Yunost” jurnalının redaksiyasında tez-tez gördüyüm, ancaq yaxından tanımadığım bir neçə adam da süfrənin başında əyləşmişdi.

Mən içəri girəndə Oljas ayaq üstdə sağlıq deyirdi: Həmişə hamıdan qəşəng geyinən, həmişə hamıdan qəşəng görünən və özündəki bu qəşəngliyə sanki özü də kənardan böyük bir həzz ilə həmişə tamaşa eləyən - yaraşıqlı, istedadlı, ağıllı Oljas!.. Lit.institutda məndən bir-iki kurs qabaqda oxuyan və elə o vaxt da həmişə hədsiz dərəcədə “şıkarnı” gəzib-dolanan bu adama, açığını deyim ki, mənim heç vaxt dərin simpatiyam olmamışdı. İndi də, Oljası görəndə, restorandan xəlvətcə əkilmək istədim. Ancaq gec idi - Oljas özü məni görmüşdü... Əvvəlcə - “ştrafnoy” - bir stəkan araq. Bundan sonra içməyə nə var ki!..

İndi – təyyarədə - Oljas da dünyanın birinci kosmonavtı ilə məzələnənlərin arasındaydı.

Şoloxovla görüşə gedən nümayəndə heyətinin tərkibi, əsasən, keçmiş SSRİ-nin müxtəlif bölgələrindən, bir də keçmiş sosialist ölkələrindən olan gənc yazıçılardan ibarət idi. Dünən, günortaya yaxın, “Yunost” jurnalının redaksiyasında Georgi Markovun, Boris Polevoyun və Vadim Kojevnikovun rəhbərliyilə keçirilən tanışlıq mərasimindən sonra indi mən təyyarədəki xarici qonaqlardan hansının hansı ölkədən olduğunusa da gərək ayırd eləyə biləydim. An­caq bunu ayırd eləməyə elə bil gücüm çatmırdı, heyim gəlmirdi. Elə onların özü də - məndən beş betər – yorğun və heysiz görünürdülər. Onlar da salonun arxa yarusunda - orda-burda təklənib, dinməz-söyləməz mürgü döyürdülər.

Lap irəlidə - salonun ön sırasında - Ümumittifaq komsomolunun birinci katibi başda olmaqla, beş-altı nəfər vəzifəli şəxs əyləşmişdi. Onlardan birinin dodaqları fasiləsiz tərpənirdi, əli-qolu havada oynayırdı, o birilər böyük maraqla ona qulaq asırdılar.

Bir təyyarə ki, salonuna hətta bilyard taxtası da qoyula. Bir ekipaj ki, başlıca tərkibi bütün sosialist dünyasının ən çox ümid verən gənc yazıçılarından ibarət ola. Bir səyahət ki, dünyanın bir nömrəli kosmonavtı səninlə yoldaşlıq eləyə. Bir yol ki, əsrin ən qüdrətli ədəbi simalarından bi­rinin evinə gedə...

Bəs mən, Pərvərdigara, niyə sevinmirdim. Məni sevinməyə qoymayan, görəsən, doğrudanmı dünən axşamkı o “ştrafnoy” idi?..

Amma, yox! Vallah, belə deyildi. Bütün bu həngamənin bir ucuz tamaşa, bir saxta maskarad olduğunu, görünür, ürək özü məndən qabaq və məndən yaxşı bilirdi. Mən öz işimdə idim. Və oradan çıxmağın ixtiyarı mənim əlimdə deyildi. Axı mən İXTİYAR SAHİBİ deyildim. Və əgər İxtiyar Sahibi o sevinci mənə rəva bilmirdisə, mən necə sevinə bilərdim...

Sonra mən, deyəsən, bir azca yuxulamışdım, mürgüləmişdim. Və o yuxuda – Əylisdənmi, uşaqlıq çağlarındanmı, haradansa - dünyanın çox təmiz bir yerindən qulağıma bir şirin və mehriban cavan qadın səsi gəlirdi.

Ayılıb gördüm ki, o səs bizim stüardessanın səsidir. Bildim ki, təyyarə enməyə hazırlaşır. Stüardessa isə o meh­riban səs ilə elan eləyirdi ki, indi biz Volqaqradda düşəcəyik. Deyirdi ki, heç kəs özü ilə heç nə götürməsin, çünki elə bu gün axşamüstü biz həmin təyyarə ilə Rostova (Rostov na Donu şəhərinə) uçacaqdıq.

VOLQAQRADDAN HEÇ NƏ YADIMDA QALMAYIB.

Rostov. Gecə saat 12 radələri. Hansısa yaxşı bir mehmanxananın banket zalı.

İl - 1967.

Ay - iyun ayı, iyunun axırları.

Və indi mən necə yanıb-tökülməyim ki, böyük Rusiya torpağının - biri Volqa, biri Don - iki böyük çayının sahillərində keçən beş-altı günlük o cür maraqlı səfərin bircə günü barədə də bir sətir qeyd-filan aparmamışam!..

O səfərin barəsində mənə - qəzetlərdən kəsib saxladığım – ikicə material qalıb: bunun biri “Lit. Qazeta”nın müxbirinə səfər barədə verdiyim müsahibədir. İkinci qəzet materialındakı şəkildə mən Şoloxovun lap yanında dayanmışam. Özüm də - o vaxt otuz yaşın içində olmağıma baxmayaraq - o şəkildə az qala komsomol yaşlı məktəbliyə bənzəyirəm.

Bu, ikinci materialı hansı qəzetdən kəsib götürməyimi də qeyd etməmişəm. Ancaq nə yaxşı ki, o yazının dərc edildiyi tarixi o qəzet parçasının qırağında göstərmişəm: 23 İYUN, 1967. Və indi bu qeydə əsaslanaraq, tam dəqiq olmasa da, hər halda lap arxayınca deyə bilərəm ki, Rostovda, gecə saat 12 radələrində o böyük banket zalında bizə verilən o vaxtsız-vədəsiz şam yeməyi iyunun ya 20-si, ya da 21-i gecəsinin əhvalatı idi. Özü də o əhvalat sən deyən ciddi bir əhvalat da deyildi. Amma mən neynəyə bilərəm ki, o Rostov mənim xatirimdə, indi, bir də məhz həmin əhvalata görə qalıb.

Təsvirini banket zalından başladığım o mehmanxana – yəqin ki, Rostov vilayəti partiya komitəsinin nəzdində - xüsusi mehmanxana idi. Hər halda, jurnalisti, çinovniki şairindən yazıçısından qat-qat çox olan böyük dəstəmizdən o mehmanxanada yalnız nümayəndə heyətinin rəsmi siyahısında adı olanları yerləşdirmişdilər - o banketdə bir nəfər də jurnalist, ya kiçik məmur yox idi.

O gecikmiş şam yeməyinə, nədənsə, Qaqarin də gəlməmişdi. Dəstəmizdəki qadınların da bir neçəsi gecənin o vədəsində restoranda oturmaqdansa, görünür, yatıb dincəlməyi üstün tutmuşdu. Bununla belə, məclis gur məclis idi: orada badə cingiltisindən, çəngəl-bıçaq səsindən, gülüşdən-qəhqəhədən ağız deyəni qulaq eşitmirdi... Və mən birdən-birə elə bil yuxudan ayılıb gördüm ki, süfrənin lap yuxarı başında ayaq üstdə sağlıq deyən ucaboy, orta yaşlı (görünüşündən rəhbər işçi olduğu asanca bilinən) kişinin gözlərindən gildir-gildir yaş axır. O adamın Rostov vilayəti partiya komitəsinin birinci katibi olduğunu mən bir azca sonra bildim. Həm də ilk anda mənə elə gəldi ki, o adam məclisdəki səs-küydən, başıpozuqluqdan, onun söylədiyi sağlığa məclisin hədsiz etinasızlığından eləcə hirsləndiyinə görə ağlayır. Ancaq, sən demə, Obkom Katibi təkcə buna görə ağlamırmış.

Katib arağı içib, boş qədəhi yerə qoydu. Oturdu.

- Bir aydan çoxdur ki, balalarımın üzünü görmürəm, - dedi. – Gecə saat ikidən-üçdən tez evə getdiyim olmur. Son vaxtlar gecəmiz-gündüzümüz elə bu banketlərdə keçir...

Elə o Obkom Katibinin o cür ağlamağı da o vaxt mənə yalnız insani planda inanılmaz dərəcədə qəribə görünmüşdü. Ancaq indi – bu yazını yaza-yaza – mənə elə gəlir ki, o adamın əsəblərinin o dərəcədə sıradan çıxmağı, məsələn, bir neçə il əvvəl hakimiyyətdə baş vermiş qlobal dəyişikliklərlə də əlaqədar ola bilərdi. Çünki Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmağından çox da böyük vaxt keçməmişdi və Brejnev vur-tut bir-iki il idi ki, rəhbərliyi ələ keçirmişdi. Hakimiyyətin xüsusən ilk illərində isə hər dəfə yeni bir haray-həşirlə ölkədə süni canlanma ab-havası yaradıb. “Bizim” Obkom Katibi də, ola bilər ki, hər dəfə yenidən və hər dəfə “yeni bir vüsətlə” başlanan o haray-həşirdən artıq bezmişdi, cana doymuşdu. Və ola da bilər ki, bu adam Xruşşovun dövründə yüksək vəzifəyə qoyulmuş adamlardan idi: indi – təzə hakimiyyət dövründə özünü o vəzifədə müvəqqəti hesab eləyirdi və bu narahatçılıqdan, nigarançılıqdan da eləcə əsəbləri pozulmuşdu... Hər halda o boyda vəzifə sahibinin (o qədər ada­mın içində!) ağlamağını o vaxt mən ömrümdə birinci dəfə görürdüm.

O gecəni biz Oljasla bir otaqda gecələdik. Sən demə, o otağın pəncərəsi – həyətəmi, eyvanamı - harasa geniş bir yerə açılırdı. Və səhər gözlərimi açanda mən kiminsə qolunun o pəncərədən ehtiyatla içəri uzandığını gördüm və qolun sahibi pəncərənin qabağından nəyisə xəlvətcə çırpışdıranda yuxudan tamam ayıldım.

Götürülən qızıl saat idi - Oljasın saatı. Götürən isə bir pskovlu gənc şairdi, şair pəncərədən aralananda mən onun üzünü də yaxşı ki, görə bildim.

Bir azdan Oljas da yuxudan ayıldı.

- Saat necədi? - dedim, çünki mən o əhvalatı Oljasa mütləq deməliydim.

Əvvəl Oljas (avtomatik olaraq) qoluna baxdı. Sonra pəncərənin qabağına göz gəzdirdi. Sonra Oljas (söz yox ki, pencəyinin cibinə baxmaq üçün) durub qarderoba tərəf gedəndə məni bir dəli gülmək tutdu.

- Saatı indicə çırpışdırdılar, - dedim. – Özünə boş yerə zəhmət vermə.

Yox a!.. Kim çırpışdırdı ki? - Oljas pəncərənin qabağına - saatını qoyduğu yerə bir də baxdı.

O pskovlu uzun gədə apardı. Mən, yaxşı ki, oyanmışdım. Saatı oğurlayıb əkiləndə gördüm.

Oljas təzədən çarpayıya sərildi. Bir müddət kirimişcə uzanandan sonra qəfildən dikəlib durdu.

Heyif!.. - dedi. - Çox heyif... Əgər o saatı Pavlov, ya Kojevnikov çırpışdırmış olsaydı, heç bilirsən, bunun nə boyda ləzzəti olardı?

Məlumat üçün deyim ki, o vaxt PAVLOV Ümumittifaq komsomolu mərkəzi komitəsinin birinci katibi idi. SSRİ Yazıçılar İttifaqı idarə Heyətinin katibi Kojevnikov isə səfərdə bizim nümayəndə heyətinə rəhbərlik eləyirdi.

Yaddaşın qəribə sirləri var. Rostovdakı o mehmanxananın, bir ev, bir tikili kimi, nə boyda, nə şəkildə olduğunu indi mən tərtəmiz unutmuşam. Ancaq o binanın qabağındakı, sulanıb-süpürülmüş, güllü-çiçəkli geniş xiyaban bu saat da gözümün qabağındadır.

O xiyabanın bir başında – elə bil indicə zavoddan çıxmış - iki saz avtobus durmuşdu və o avtobusların yanında bir neçə təptəzə qara “Volqa” və bir-iki “ZİL” maşını dayanmışdı. Mehmanxananın qapısının qabağına xeyli adam toplaşmışdı.

Hələ səhər idi. Amma hava əməllicə isti idi. Günəşə tabı olmayanlar özünü xiyabandan bir azca o yandakı şam və küknar ağaclarının kölgəsinə vermişdi.

Mən mehmanxanadan çıxıb, bir azca ora-bura boylanandan sonra dostum Vasili Belovu xiyabanın bir yerində tək gəzinən gördüm. Vasyanın qaşqabağı yer süpürürdü.

Deyəsən axı bu gün də buradayıq. - Vasyadan soruşdum. - Biz ora bəs haçan gedəcəyik?

Hara? - Arıq, balacaboy, xırdaca göy gözlərinin işığı adamı vahiməyə salan saqqallı Belov həmişəki kal səsi və Voloqda ləhcəsi ilə ayı kimi donquldandı.

- Ora da, Vasya – Bjoşenskaya tərəfə - Şoloxovun görüşünə.

- Çox tələsirsən? - Vasya açıq-aşkar nifrət və qəzəblə soruşdu. Mənsə özüm üçün yəqin elədim ki, dostum bu gecəni çox pis yatıb.

Bir müddət nə mən dindim, nə o dilləndi. Ancaq çox keçməmiş Vasya mənimlə hirsli-hirsli danışmağına, deyəsən, peşman oldu. Bu dəfə xeyli mehriban səslə:

- Bunların, əzizim, bircə məqsədi var. - dedi. – İstəyirlər ki, olan-qalan ağlımızı da oğurlasınlar. Elə bilirsən ki, bizdən xoşu gəlir bunların? Xeyr, bu əclaflar bizdən bir azca qorxurlar. Çalışdıqları odur ki, bizdən Markov, Kojevnikov, Sartakov kimi yalançı yazıçı müqəvvası düzəltsinlər. Bu havayı yemək-içmək nə üçündü? Onun üçündü ki, şirnikləşdirmək istəyirlər bizi. Yəni baxın, bu da var: bu cür yaşayış da var. Biz də hazırıq bu gözəl heyatın qapılarını sizin üzünüzə açmağa. Sizin də, ağlınız varsa, belə fürsətdən gərək vaz keçməyəsiz. Bu murdar oyunu da, çoxusu, elə bunun üçün düzəldiblər. Bir də, Xruşşovdan sonra, Brejnev istəyir ki, Şoloxovla Kremlin münasibətini düzəltsin. Axır vaxtlar Şoloxov Xruşşovun başına bilirsən də nə oyunlar açırdı. Gedib, öz kabinetindəcə Xruşşova ana söyüşü söyürdü.

- Yox a... Mən bunu birinci dəfə eşidirəm, - dedim.

Və Vasya mənim bu “məlumatsızlığımı” xeyli təəccüblə qarşıladı.

- İndi burdan “Rostelmaşa” gedəcəyik. - dedi. Sonra da böyük çaxır zavoduna. Bizi tamam gic vəziyyətinə salmamış Şoloxovla görüşdürmək bunlara sərf eləmir. Görmürsən, elə bil həzz alırlar bizi içirtməkdən. Ancaq mən, demək olar ki, içmirəm. Sənə də çox içməyi məsləhət görmürəm. – Söhbətin bu yerində Vasya qədd-qamətini düzəl­dib, saqqalını sığallaya-sığallaya aşkar kişiləndi. – Dünən gecə mən o banketdə bir qram da içmədim. İnanırsan?

Və bu son sözləri Belov elə bir fəxr ilə dedi ki, guya bircə banketdə içməməklə, Brejnevin, Pavlovun və Kojevnikovun ən azı atasına od vurmuşdu.

Sovet hökumətinə (və ən çox da Leninə) xüsusi bir bio­loji nifrət bəsləyən və bu səbəbdən də hər şeyin bir tərəfini, həm də pis tərəfini görən Belovun xasiyyətinə mən hələ institutdan bələd idim. Buna görə mehmanxananın qabağındakı o xiyabanda Vasyanın söylədiyi “monoloqun” obyektivliyinə mənim bir o qədər də etiqadım yox idi. Ancaq mən yazıq neynəyə bilərdim ki, o “monoloqu” eşidəndən sonra «həyat» özü Belovun dediklərini məndən ötrü hər addımda təsdiq eləyirdi...

SSRİ-nin ən nəhəng maşınqayırma müəssisələrindən sayılan “Rostelmaş”ın bütün sexlərini, klubunu, idman zalını, fəhlə yeməkxanasını bizə birbəbir göstərdilər. Və bu yolun da axırı yenə gedib bir banket zalına dirəndi.

Ancaq biz o zalda oturası olmadıq. Kimsə qan-tər içində özünü içəri salıb, xəbər gətirdi ki, bizi çaxır zavodunda çoxdan gözləyirlər - orda da süfrə açılıb və əgər biz günorta yeməyini burda yeyəsi olsaq, onda çaxır zavodunun şanlı əməkçiləri ilə görüşə vaxtımız qalmaz: zavodun iş günü bitər və əməkçilər nə ki var dağılıb gedər.

...Sonra biz ucu-bucağı görünməyən alaqaranlıq bir məkanda nəhəng şampan və çaxır çəlləklərinin arası ilə yol gedirdik. Çənlərin və çəlləklərin bir qisminin qabağında qəşəng-qəşəng qızlar dayanmışdı, o qızların qarşısında uzunsov stollar vardı və stolların üstündəki büllur badələr ondan ötrü idi ki, hər kəs istədiyi çəndən və çəlləkdən istədiyi çaxırın dadına elə yerindəcə baxa bilsin.

Dəstəmizin iki üzvü (biri qadın idi) o alaqaranlıq məkandan salamat çıxmadı. Onları təcili yardım maşınında elə oradanca harasa apardılar.

Zavodun böyük dequstasiya salonundakı banketdə təcili yardım maşınına ehtiyac olmadı. Ancaq, əfsuslar olsun ki, Belovun – dünənki banket zalından başlanan - tarixi mübarizəsi elə bu banketdəcə sona yetdi.

Bu dəfə Vasya elə möhkəm vurmuşdu ki, elə bil saqqalının tükü də qızarmışdı. Oljas isə o banketdən sonra, deyəsən, pskovlu şairə möhkəm mehr salmışdı. Onlar - qolboyun – valaylaya-valaylaya avtobusa tərəf gedirdilər. Və məzə burasındadı ki, Oljasın qızıl saatı indi öz qolunda idi.

ARDI VAR

Zəruri qeyd: "Əylisdən Əylisəcən" memuarının elektron yayım hüququ Kulis.Az internet dərgisinə məxsusdur.

# 3166 dəfə oxunub

Müəllifin son yazıları

# # #