Natiq Rəsulzadənin “Uzunqulaq” hekayəsi

Natiq Rəsulzadənin “Uzunqulaq” hekayəsi
21 avqust 2014
# 15:12

Kulis.az məşhur yazıçı Natiq Rəsulzasdənin “Uzunqulağın nağılı” heyakəsini təqdim edir...

Boş-bekar cavanlar uzunqulağı qayığa mindirib Abşeronun əldən-ayaqdan uzaq, qayalıq çimərliklərindən birinə yaxın, cəmi bir neçə kilometrliyindəki kiçik adaya gətirdilər.

Uzunqulaq topa-topa quru otları dartışdıraraq sakitcə otlayırdı. Yaxınlaşmaqda olan dəstəni görüb mərhəmcəsinə qulaqlarını tərpətdi, gülümsədi. Gənclərdən biri atlanıb onun belinə mindi, uzunqulaq balaca idi, oğlanın ayaqları yerə dəyirdi. Uzunqulaq itaətlə onu gəzdirdi. Sonra ikincisi mindi, sonra üçüncüsü...

Uzunqulaq səssiz-səmirsiz, şikayətlənmədən, hətta anlaşılmaz bir sevinclə bu haylı-küylü, şən insanları gəzdirirdi. Onlara xidmət etməkdən xoşlanırdı, sevinirdi ki, onunla yaxşı davranırlar, onu təpikləmirlər, böyürlərini çubuqla yandırmırlar.

Sahibi-qaxaca dönmüş yaşlı pinəçi səhərlər uzunqulağa minib kəndin kənarındakı kiçik emalatxanasına yollanır, axşamlar da darısqal, dəri qoxuyan emalatxanadan çıxıb uzunqulağın belində evinə qayıdırdı. Bu səfərlər hər zaman uzunqulağın - dilsiz, cəfakeş dostun təpiklənməsi, çubuqlanması ilə müşayiət olunardı. Əlbəttə, qoca pinəçinin heç ağlına da gəlmirdi ki, uzunqulaq onun dostudur, amma uzunqulaq belə düşünürdü. Əslində də bu, belə idi.

Gənclər doyunca gəzib bezdikdən sonra uzunqulağı - xoşbəxtlikdən ürəyi dayanacaqdı - ehtiyatla ləngər vuran qayığa ötürdülər, özləri də atlanıb qayığı hərəkətə gətirdilər və... qayıq yırğalanaraq bərq vuran səthin üzərində şütüməyə başladı. Uzunqulağın nəfəsi kəsilirdi. Fərəhlə başını yelləyirdi, qəlbi şadlanır, nəğmə oxuyurdu, su qayığın gövdəsini oxşayır, günəş göz qamaşdırırdı, uzunqulaq da minnətdarlıqla gənc dostlarına baxırdı. Axı o indiyədək dizdənyuxarı girməyə qorxduğu bu mavi intəhasızlıqda ilk dəfə idi qayıqla seyrə çıxmışdı. Doğrudur, oğlanlar onu qayığa itələyəndə əvvəlcə əməlli-başlı qorxmuşdu, amma onu tumarlaya-tumarlaya, dilə tuta-tuta qayığa minməyə məcbur etmişdilər, uzunqulaq sakitləşənə qədər titrəyən boynunu, böyürlərini tumarlamışdılar və yalnız bu zaman astaca sahildən uzaqlaşmağa başlamışdılar.

Uzunqulağın üzü qayığın burnuna sarı idi, yavaş-yavaş özünə gəlir, kefi kökəlirdi - bu qısa ömründə ilk dəfə idi ki o, kimisə gəzdirmirdi, onu gəzdirirdilər. Bütün bunlar nağıl kimi şirin idi - bu qızmar günəş də, səma da, dəniz də, bu tanış qoxulu qayıq da, elə bu yeni dostlar da... yox, yox, şübhə ola bilməz, bu cür yalnız əmin-amanlığın hökm sürdüyü, qamçı-çubuğun olmadığı hansısa nağıl ölkəsinə yollanmaq olar. Başını çevirəndə dadsız, sərt otlar bitən sahildə-sahibinin parlaq mavilikdə kiçilən evini gördü və ürəyinə nəsə damdı, canı sıxıldı. Bu hiss uzun çəkmədi - bir an və keçdi. Çünki yanında günəşdən qızmış gövdəsini tumarlayan dostları vardı. Əlbəttə, qayıqdakı oğlanlar belə düşünmürdülər. Uzunqulağa elə gəlirdi ki, yanındakılar dostlarıdır.

Oğlanlar kiçik adaya yan aldılar, uzunqulağı ehtiyatla qayıqdan düşürdülər, özləri də endilər, qayığı su qırağındakı böyük daşa bağladılar. Qəzet sərib gətirdikləri qəlyanaltıları, şüşə və stəkanları onun üzərinə düzdülər başları işə qarışdı və bir müddət uzunqulaq yada düşmədi.

Adanın bu başından o başına qaçan, gölməçədə oynaqlayan, sərbəstlikdən və genişlikdən sevinib atılıb-düşən uzunqulaq da, demək olar ki, onları unutmuşdu. Buradakı otlar da fərqli idi. Hündür, şirəli, bərk ot bir dəfə uzunqulağın səhvən dişlədiyi - buna görə də qoca pinəçidən təpik yemişdi - fırçanın uzun xovunu xatırladırdı. Qoca evinin qapısını yaşıl rəngə boyayırdı və fırçanı yumağı unudub qapıya söykəmişdi, uzunqulaq da nəfsini saxlamayıb dadına baxmaq istəmişdi. Fu, zəhrimardı ki bu! Ağzını büzmüş pis dadı və qoxunu indiyədək unutmamışdı. Amma adadakı ot yaşıl fırçaya tay deyildi - buna görə də uzunqulaq ipək kimi yumşaq dodaqları ilə ota girişmişdi.

Oğlanların səsi getdikcə yüksəlməyə başladı, onlar bağırır, əl-qol atır, içki şüşələrini suya vızıldadır, yemək qalıqlarını uzunqulağa tullayırdılar. Gənclər bir an içində yığışıb qayığa oturdular və adadan uzaqlaşmağa başladılar. Uzunqulaq dönmək istəmirdi, günün əyilməsinə baxmayaraq, bura çox gözəl idi. Lakin uzaqlaşan qayığı görəndə narahat oldu, dənizə sarı qaçdı, tez də geri çəkildi, qəmgin baxışlarla uzaqlaşan qayığın, avar çəkən, hələ də səsləri eşidilən oğlanların arxasınca baxdı. Tezliklə qayıq görünməz oldu.

“Qayıdacaqlar” - deyə uzunqulaq düşündü, amma narahat idi, artıq zümrüd kimi yaşıl otlar da gözünə görünmürdü.

Şər qarışdı, bürkü idi, ağcaqanadlar vızıldaşırdı. Uzunqulaq yuxuya getdi. Yuxuda gördü ki, qocanın həyətindəki tövlədədir, hər səhər olduğu kimi pinəçinin beyinə işləyən deyintisi aləmi başına götürmüşdü. Qəfildən və nahaqdan vurulan çubuğun ağrısını canında hiss etdi. Uzunqulaq diksinib gecənin bir aləmi yuxudan oyandı. Yuxarıdan bəyaz ulduzların soyuq işartısı süzülürdü.

Uzunqulaq məyus-məyus köks ötürdü, quyruğu ilə ağcaqanadları qovdu, başını aşağı saldı, yadına düşdü ki, o, kiçik olanda anası ona yatmazdan qabaq deyərdi: yatarkən heç bir şey barədə düşünmə, rahat yat.

Amma indi o düşünməyə bilmirdi - birdən-birə anladı ki, burada yalqızdır, canına vəlvələ düşdü. Səhər erkən yenidən yuxuya getdi, oyandıqdan sonra donuq baxışlarla uzun-uzadı dənizin maviliyində güclə seçilən, tərk etdiyi sahilə baxdı. Nə qədər diqqət etdisə, qayığı görə bilmədi. Uzunqulaq qayğılı-qayğılı adanı dolaşdı, sonra atılıb düşdü, şənlənməyə çalışdı, üzücü fikirləri özündən uzaqlaşdırmaq istədi. Amma boşuna idi, heç otlamağa da həvəsi yox idi.

Bir neçə gündən sonra uzunqulaq əməlli-başlı darıxmağa başladı. Buranın otu doyumlu idi, şor dəniz suyu içməyi də öyrənmişdi, amma yenə nə isə çatmırdı. Bu hiss getdikcə dərinləşirdi, dözülməz olurdu. Uzunqulaq ağlı, uzunqulaq qəlbi ilə anlayırdı ki, çatışmayan nədir, аmmа deyə bilmirdi, bir də ki, kimə deyəydi, nadir hallarda adaya bir quş qonurdu, elə o dəqiqə də uçub gedirdi, elə yalqızdı ki, yalqız. Ona görə də axşamlar başını qaldırıb qəmli gözləri ilə ulduzlu göylərə baxır, zülmət ənginliyi seyr edir, qüssəli-qüssəli bağırırdı.

Günlər, həftələr keçirdi. Uzunqulaq tənhalığa alışmağa başlamışdı, kefsizdi, gənc, qüvvətli olmasına baxmayaraq, çəməndə qaçmaq, indiyədək yaşadığı narahat dünyanı əvəz etmiş adanın gen-bol ərazisində atılıb-düşmək istəmirdi. Gülümsəməyi də yadırğamışdı, ürəyi isə get-gedə daha ritmik, sakit, biganəliklə vururdu. O, daha heç kəsi gözləmirdi, heç nəyə ümid etmirdi, əvvəllər olduğu kimi gözlərini yırğalanan mavi intəhasızlığa zilləmirdi.

Yay bitmək üzrə idi. Günlərin birində adaya bir qayıq yan aldı, içərisindən dörd nəfər endi. İki oğlan və iki qız. Qızlar çox gözəldilər. Onların əsmər, sağlam, mütənasib əndamlarına səpələnmiş su damcıları inciyə bənzəyirdi.

Uzunqulaq adanın köhnə sakini və ev sahibi kimi, iltifatla baş əydi, qulaqlarını tərpətdi və qonaqlara yaxınlaşdı.

- A, baxın, uzunqulaq! - Qızlardan biri heyrətlə dilləndi və ucadan güldü.

Oğlanlardan biri laqeydliklə soruşdu:

- Bu haradan çıxdı?

Çiyinlərini çəkib rəfiqəsinin qoluna girdi və uzunqulağa sarı getdilər.

- Yəqin ki, o, bu gözəl adanı başdan-başa murdarlayıb, - o biri qız narazılıq etdi və dostu ilə əl-ələ başqa səmtə yollandılar.

Uzunqulaq içərisində gələnlərin pal-paltarından başqa bir şey olmayan boş qayığın qarşısında durdu. Ehtiyatla, qorxa-qorxa, hər addımında titrəyərək suya girdi, qayığı iylədi, yumşaq dodaqları ilə qayığın gövdəsinə toxundu və yenidən, əvvəllərdə olduğu kimi həsrət dolu ürəyi atlandı, həyəcanla, bəxtiyarlıqla çırpındı.

Dördlük qayıtdıqda günəşdə yanan başını itaətlə aşağı əyib səbirlə qayığın içərisində dayanmış uzunqulağı görəndə təəccübləndi. Gənclər gülməyə başladılar, sonra hiddətləndilər, uzunqulaqdan kəskin iy gəlirdi və o, paltarların üzərində durmuşdu. Uzunqulağı qayıqdan qovub çıxardılar.

Uzunqulağın hövsələsi daralmışdı, ayağı ilə suyu yoxlayır, dənizə girməyə qorxurdu. Məlul-məlul qayığın arxasınca baxırdı və qüssədən damarlarında qanının donduğunu hiss edirdi.

Yayın sonunda, isti bir gündə adaya bir qayıq da yanaşdı. Qayıqda gələn kişilər özlərini uzunqulağı bu adaya gətirən gənclər kimi aparırdılar - içirdilər, əl-qol atırdılar, ikisi, hətta, güləşdi də, onlar bir-birilərini yerə sərdikcə, digərlərinin təqdiredici gülüşləri ətrafa yayılırdı. Axşam yorulmuş, səsi batmış kişilər qayığa yaxınlaşanda, gördülər ki, gözündən kədər yağan uzunqulaq qayığın içərisində dayanıb. Gözlərini aşağı dikməsindən anlamaq olurdu ki, o artıq bəxtinə inanmır, inanmır ki, kişilər onu özləri ilə götürəcəklər, amma çox, çox inanmaq istəyir ki, bu kişilər onun dostlarıdı. Əlbəttə ki, kişilərdən heç biri uzunqulağın gözlərinə baxmazdı ki, qəlbindən keçənləri oxusun. Qəhqəhə çəkib uzunqulağı qovdular, özləri qayığa oturdular. Tezliklə qayıq alatoranlıqda qeybə çəkildi. Onda uzunqulaq ağladı.

Baxışları qaranlığa zillənmiş uzunqulaq sahibinin daxmasını, ətrafındakı seyrək otluğu, qocanın deyintisini, onun emalatxanasından gələn kəskin dəri iyini,

çubuğunun yandırıcı təmasını xatırladı və səssizcə, acı-acı ağladı.

Sentyabrın ortalarında yağışlar başladı. Oktyabr yağışlarında yaydan əsər-əlamət yox idi. Sərt şimal küləyi - xəzri soyuq su zərrələrini iynə kimi uzunqulağın gözünə batırırdı. Daldalanmağa yer yox idi, ən hündür kollar onun sifətinə çatırdı və uzunqulaq qızınmaq üçün o baş-bu başa qaçırdı, bir az isindikdən sonra yenidən qaçmağa başlayırdı. Küləyin, yağışın altında ağır-ağır tövşüyərək kədərlə səhərlər sakitliyi cingiltili insan səsləri ilə pozulan isti tövləsini xatırladı.

Ən xoş xatirələri bu yaşadığı az vaxtda tanıdığı insanlarla bağlı idi - qoca sahibi, bir neçə ay ərzində qoca pinəçini daxmasından emalatxanasına və geriyə apararkən yolüstü rastlaşdığı adamlar yadıma düşürdü, onu azadlığın və yalqızlığın acısını daddığı bu lənətə gəlmiş, eyni zamanda füsunkar adaya atmış gəncləri xatırlayırdı, burada bir neçə saat qonaq olmuş dörd gənci, onu qayıqdan qovmuş kişiləri yada salırdı. Bu insanları mehribanlıqla, bir az da qüssə ilə xatırlayırdı. Uzunqulaq inanırdı ki, bu insanlar onun dostlarıdı, hərçənd insanlar bunun fərqində deyildilər.

Sonra qış gəldi.

# 2919 dəfə oxunub

Müəllifin son yazıları

# # #