O qız ölübmü, yoxsa hələ sağdır?

O qız ölübmü, yoxsa hələ sağdır?
13 iyun 2014
# 16:17

Kulis.Az Varisin yeni çap olunacaq “Yaşıl üzlü gündəlik” romanından bir parçanı təqdim edir.

VARİS

Braziliyada qanadlarını çırpan kəpənəyin qanadçırpma yelinin Texasda tornado törədə biləcəyi ehtimalı nə qədərdir?

(Edvard Lorensin Xaos nəzəriyyəsindən)

Yalnız filmlərdə və romanlarda sevgi ilk baxışdan olmur ki... Real həyatda da buna ara-sıra rast gəlinir. İki şəxs qarşılaşır, baxışırlar, dərhal da bu dünyaya məhz bir-biri üçün gəldiklərini anlayırlar.

İlk baxışdan qarşılıqlı sevginin mövcudluğunu elm də sübut edib: bu işıqlı, müqəddəs hisslər cəmi bircə anda yaranır. Dərhal orqanizmdə dəyişikliklər baş verir. Baxış kontaktından sonra saniyənin beşdə bir hissəsi ərzində beynin on iki şöbəsi güclü oyanışa məruz qalır. Qana bir neçə müxtəlif hormon atılır ki, bu da sinir sisteminin adi fəaliyyətini dəyişir, gərginləşdirir. Sevgi qığılcımı beləcə yaranır.

Alimlərin fikrincə, insan orqanizminin sevgiyə düçar olması zamanındakı halı xəstəliyə düçar olması zamanındakına bənzər olur.

Əksəriyyətimiz «xaos» sözünü qayda-qanunsuzluğun, dərəbəyliyin sinonimi hesab edirik. Xaossa ümumiyyətlə qeyri-sabitliyi bildirir. Xaotiklik hər yerdə və hər şeydə mümkündür. Hətta ən sabit olan belə qeyri-sabitlikdən sığortalanmayıb...

Yaxşısı budur, siz xəbərləri izləyin. Görün bu gün Texasda tornado baş veribmi?

0.

Nəyə desəniz and içərəm, həmin anda o qadını gördüm. Bəlkə bu, yuxu idi, bəlkə təsəvvürün gücü idi, bilmirəm. Ancaq bu günə qədər adını belə eşitmədiyim o qadın həmin o taleyüklü, həmin o həlledici məqamda gözlərimin qarşısında nimdaş xatirələrinə bürünərək dimdik dayanmışdı. Hətta bəyaz saçlarında, qırışmış sifətində, işığı öləzimiş gözlərində donub qalmış əzab ifadəsini, bir də nə olduğu heç cür anlaşılmayan qarışıq digər ifadəni aydınca sezmişdim.

Yalnız sonra - həmin o taleyüklü, həmin o həlledici məqam fırtına kimi gəlib keçərkən bu ifadənin nə olduğunu anlamış oldum.

Əslində isə daha buna bir ehtiyac da qalmamışdı...

***

Qara qarğalar dəstələnib çığırışa-çığırışa bu dəfə lap alçaqdan uçdular. Dövrə vurur, gözdən itir, az keçmiş yenidən qayıdıb gəlir, rəqslərini davam etdirirdilər. Səma qaramtıl rəngdəydi, ara-sıra qapqara buludlar gözə dəyirdi. Amma bu qaralıqda nəsə qırmızımtıl bir çalar sezilirdi.

Şər hələ tamam qarışmamışdı.

Artırmada dayanıb bu cansıxıcı, üzücü mənzərəni seyr edən qadın köks ötürdü, «qarğalar bu cür alçaqdan uçursa, demək, çovğun olacaq» düşüncəsiylə çiynindəki yun şala daha bərk büründü.

Evləri təpənin üstündəydi deyə buradan - artırmadan bütün kənd ovuc içi kimi görünürdü. Bəzi evlərdə artıq işıqlar yandırılmışdı. Adətən yazda, yayda yamyaşıl libasa bürünən ətraf indi qışın bozluğundan əziyyət çəkirdi.

Qadın üçgözlü birmərtəbəli evin ev işlərini - təmizliyi, biş-düşü görüb qurtardıqdan, çöl işlərini - on-on beş toyuq-cücəni tezdən damdan çıxarıb, axşam da dama saldıqdan, gedib quyudan su gətirdikdən, kənd dükanından ayın-oyun aldıqdan sonra bütün gününü bu artırmada keçirər, gözünü rayon mərkəzinə uzanan ilan kimi qıvrılmış yola dikib hərəkətsiz halda susardı. Axşamdan ta gecəyədək isə televizorun qarşısından durmaz, bütün xəbər proqramlarını ardıcıllıqla izləyərdi.

Gözləri yolda qalmışdı. Böyük ümidlərlə Bakıya oxumağa yola saldığı qızı dörd ilə yaxın idi ki, itkin düşmüşdü. Nə öldüsü bilinirdi, nə qaldısı.

Həyat yoldaşını da bu dərd iki il öncə dünyadan vaxtsız aparmışdı. Yenə ikilikdə ağır yükü çəkmək nisbətən yüngül idi. Di gəl, təklikdə çox çətinləşmişdi dişinə kimi silahlanmış dərdin həmlələrinə duruş gətirmək.

Hətta mən həmin həmlələri bağlı qapını açmaq üçün öncə yumruqladığın, sonra təpiklədiyin, daha sonra da geriyə çəkilərək irəli şığıyıb var gücünlə çiyninlə itələdiyin qapının petlə və cəftəsinin boşalması halına necə gətirilməsi şəklində əyani hiss də edirdim...

Saatın neçə olmasını yenə də havadan duydu. Barmaqlarını dibçəkdəki ətirşah gülünə sürtüb dərindən ah çəkdi, otağa keçdi. Maşayla sobanın odunlarını qarışdırıb televizoru açdı, qarşısında əyləşdi. Kanaldəyişənlə kanalları gəzib saat altı xəbərlərini tapdı.

... Dizə kimi qar, buz bağlamış yollar, bir-birinə dəyən avtomobillər... Diktor xanım Türkiyədə həyatı iflic vəziyyətinə salmış anomal soyuqlardan, qar yağışından danışırdı.

Qadın lap üşüdü. İçindən titrətmə keçdi. Durub sobanın üstündəki dəmir çaynikdən fincanına kəklikotu dəmləməsi süzüb qəndqabıdan da şəkər parçası götürdü, yerinə qayıtdı, gözünü ekrana zilləyib çayını qurtumlamağa başladı.

Olsun ki, həmin müddətdə bir başqa süjet də getmişdi. Ancaq bu an telejurnalist oğlan əlində mikrofon yarıqaranlıq Bakı zirzəmilərindən birində üç uşağın arasında dayanmışdı. Uşaqlar səfil idilər, burada yaşayırdılar. Oğlan onları sorğu-suala tutur, ailələri, bura necə düşmələri, güzəranları barədə bilgilər almaq istəyirdi.

Kamera üz-gözü kirdən qaralmış irigöz, hündür uşağın üzərində dayandı, əlləri ilə üzünü tutmuş nisbətən bəstəboyuna keçid etdi. Sonra döşəmədəki dəmir dolçalara, qara çörəyə, yerə döşənmiş əsgər şinellərinə tuş gəldi. Ardınca siqaret qutusu, alışqan, daha sonra rəngi boza çalan qalın bir dəftər gözə dəydi. Kamera dəftəri lap yaxına gətirdi.

Üstündəki «Z+T» yazısını və azacıq pozulmuş gül rəsmini görəndə sanki qadını ildırım vurdu. Yox, gözləri onu aldatmırdı. Aydınca görünürdü iki yarpaqlı saplağın üstündə qızılgül rəsmi və «Z+T» yazısı.

Elə bircə kəlmə «Zeynəbin gündəliyi» söyləyərək bayıldı, tappıltıyla yerə gəldi...

Hətta o küt tappıltı səsinin divarları yalayaraq dışarı çıxmaqçün necə dəlik-deşik axtarması da hafizəmə yazılıb.

1.

- Stop! Yenə sözü düzgün tələffüz etmədin. «Çələng». Başa düşürsən, «çələng». Musiqi çələngi.

- Bəs mən necə deyirəm?

- Sən «çələnc» deyirsən.

- Tural müəllim, vallah, mən də siz deyən kimi deyirəm.

- Leyla, bura bax, dolayırsan məni?! Məgər uşaq-zadam?!

«Çələng»lə «çələnc»i seçə bilmirəm?! Başım ağrıdı, Allah haqqı. Nə qədər olar e?! Bezmişəm əlinizdən. Bir verilişi ortaya normal qoya bilmirəm. Hey başağrısı, əsəb gərginliyi. Bu nə komandadır mən işləyirəm?!

- Tural müəllim...

- Get, Leyla, get! Çəkiliş olmayacaq bu gün.

- Tural müəllim...

- Dedim get!..

Burnunu sallaya-sallaya gedir. Mən bu qızın telejurnalist kimi gələcəyinə inanmıram. Tələffüzü normal deyil, «ç», «c», «g» hərflərini fərqləndirə bilmir, üstəlik də dialektlə danışır.

Sual dolu baxışlarla baxan operatoru - Mirzəni də acılayıram. O da suyu süzülmüş halda çəkiliş pavilyonunu tərk edir.

Sabah saat 4-də verilişi təhvil verməliyəm. Hələ heç nə hazır deyil. Bu, nə vaxt çəkiləcək, nə vaxt montaj olunacaq, nə vaxt bədii şuraya baxış üçün göndəriləcək?! Hələ bir pavilyonun gününə bax! Bu nə tərtibatdır, bu nə dekorasiyadır? Belə səriştəsizlik, zövqsüzlük olar?

Ürəyimdən tərtibatçı rəssamı tapıb narazılığımı bildirmək keçincə mobil telefonum zəng çalır. Bunun zəngini mütləq dəyişməliyəm, çox diksindiricidir. İcraçı direktorun referenti Ayşən xanımdır. Deyir, təcili direktorun kabinetinə gəl. Görəsən, yenə nə məsələdir? Özümlə gəzdirdiyim iş dəftərimi qoltuğuma vurub qəbul otağına tələsirəm. Mərmər döşəmədən və pillələrdən par-par parıldatmaqdan zövq aldığım tuflilərimin taqqıltısı gəlir. Daha bir taqqıltı bu taqqıltıya qarışır. Bu, dikdabanların taqqıltısıdır. Özü də istənilən şəxslə mərc də gələrəm, gümüşü rəngli dikdabanların. Bu səsi min səsin arasından seçərəm...

Ülkər. Mənə hissləri olan və bunu gizləyə bilməyən Ülkər...

Addımlarını yeyinlədib çatır.

- Tural, salam.

Ayaq saxlamadan salamlaşıram.

- Gecə niyə mesajıma cavab yazmadın?

Qonur gözlərinə boylanıb: «Ülkər, direktor çağırıb, tələsirəm, bağışla», - söyləyirəm. Sürətimi artırıram, lap qaçaraq hala gəlib çatıram. Arxada qalır.

Ülkər pis qız deyil, simaca da, boy-buxunca da, xasiyyətcə də bəyənilməyə layiqdir. Mən «Sosial həyat» redaksiyasının baş redaktoruyam, o, «Gənclik» redaksiyasının. İşgüzardır, gözəl ailədəndir, haqqında mənfi bir şey eşitməmişəm. Amma hisslərinə cavab verə bilmirəm. Günaydan sonra sanki içimdə bir xof var. Elə bilirəm, kimə ürək versəm, yenə də aldanacağam...

Bu da qəbul otağı. İçəri keçirəm. Çox iri bir otaqdır. Mebeli də, döşəməsi də, divar kağızları da - hamısı tünd rəngdə, zəhmlidir. İcraçı direktorun və müavininin üzbəüz kabinet qapıları, lap başda referentin üstü telefonlarla dolu masası və kreslosu, divar boyunca düzülmüş stullar (iki nəfər oturub gözləyir), qara rəngli, əyləşərkən dərinlərə qərq olduğun çox yumşaq divan, bir də şüşə jurnal stolu.

Ayşən «İçəridə yoldaşlar var, otur gözlə» söyləyir. Nə vaxtdır diqqət etmirəm, deyəsən, bir az kilolarını atıb bu şirniyyat udan qız. Amma etiraf edim ki, ona doluluq yaraşır.

Divanda əyləşib jurnal stolunun üstündən «Bakı» jurnalını götürüb vərəqləyirəm.

Vinq Şuanın feşn-çəkilişləri...

Mixail Jvanetskinin Bakı təəssüratları...

«YARAT» Müasir İncəsənət Məkanının küçə incəsənəti sərgisi...

Leonid Qusmanla müsahibə...

- Saqqala salam vermirsən?!

Qulağımın dibindən gələn səsdən diksinirəm. Bu ki Fərəc müəllimdir! İçəridə əyləşmiş iki nəfərdən biri, «İdman» redaksiyasının baş rejissoru. Ağsaqqalımız. Sayı tək-tük qalmış «köhnə kişi»lərin nümayəndəsi. Necə diqqətsizəm. Ən azından, gərək şaqqıldatdığı təsbehinin səsindən burada olduğunu duyaydım. Və ümumiyyətlə, içəri girərkən necə olub içəridəkilərə salam verməmişəm?!

- Bağışlayın, Fərəc müəllim, diqqət etmədim.

Ayağa durub ədəb-ərkanla görüşürəm. Onunla da, yanında əyləşmiş baş mühasibimizlə də.

- Xeyirdir? - soruşur Fərəc müəllim.

Çiynimi çəkirəm, «Bilmirəm, çağırtdırıb», - söyləyirəm.

Telefonum yenə zəng çalır. Bu dəfə səsi lap cingildəyir, qəbul otağının adət etdiyimiz səssizlik libasını doğram-doğram edir. Üzrxahlıq bildirən baxışım Ayşənin tərs baxışıyla toqquşur. Qəbul otağına girərkən telefonun səsini almaq qaydasını niyə unutmuşam, görən?

Cəld səhvimi düzəldirəm, narahatlıq törətsə də «iPhone» cibimə basılır.

Ayşənin sağ böyründə iri dibçəkdə enliyarpaqlı bəzək ağacı qərarlaşıb, adını heç kəs bilmir. Yarpaqlarının rəngi tünd-yaşıldır, qaraya çalır. Hər dəfə bura girəndə mənə elə gəlir, bu ağac başqa yerdə olsaydı, belə qaramtıl olmazdı. Qəbul otaqlarında əşyalarla yanaşı, bitkilər də zəhmli görünür.

Direktorun kabinetinin qapısının səsi... İçəridən iki ortayaşlı kostyum-qalstuklu kişi çıxır. Ayşənə baxıram. Başının işarəsiylə «Keç» deyir.

Ayağa durmağımla Fərəc müəllimin dillənməsi eyni vaxta təsadüf edir:

- Təzə kəlamımdır. İstəsən, söhbətlərində istifadə edə bilərsən. Ac olanda yemək, üşüyəndə geyinmək, bir də evlənəndə deyinmək - ən zəruri tələbatlardır.

Yoxsa o da evlənməməyimə eyham vurur? Deyəsən, mənim evlənmək məsələm ümumailə miqyasından çıxıb Ümumbakı miqyasına keçib, xəbərim yoxdur.

Fərəc müəllimi harada gördün, fərq etməz, mütləq sənə yeni kəlamını söyləyəcək. Bu kəlamlar əksər halda elə bir məna da daşımır, bəzən açıqca adi söz yığını olur. Amma di gəl, ağsaqqalımız özünü Aristoteldən, Kantdan üstün tutur. Deyir, kaş o dövrlərdə yaşayaydım, sözə qiymət verilən dövrlərdə.

Bir xasiyyəti də var. Hansı məclisdə olursa-olsun ucadan danışaraq diqqəti cəlb etməklə məclisin ağsaqqalı statusuna yiyələnməyə çalışacaq.

Kabinetə keçib qapının ağzında dayanıram. Əlli yaşından xeyli gənc qalmış və bu gün həm də xüsusən gümrah, bol enerjili görünən direktorumuz telefonla kiməsə tapşırıq verir. Əlinin işarəsiylə mənə oturmağı təklif edir. Nəhayət, dəstəyi yerinə qoyur.

- Hə, Tural, necədir işlər?

- Çox sağ olun, cənab direktor. Yaxşıdır.

- Tok-şoularınızdan başqa nə hazırlayırsız, nə yenilik var?

- Bir musiqiçi tapmışıq, böyük istedad sahibidir. Müxtəlif janrlı musiqilərdən əsl çələng (dərhal yadıma Leyla düşür) hazırlayır. Ancaq sənətinin dalınca gedə bilməyib. Erkən ailə qurub, ehtiyac, maddi sıxıntı...

- Boş ver. Saxla onu. Al bu nömrəni.

Qarşıma üzərində mobil telefon nömrəsi yazılmış kağız parçası qoyur.

- Bayaq qəbuluma rayondan yaşlı qadın gəlmişdi bir cavan oğlanla. Təsəvvür edirsən, 2010-cu ilin aprelindən yazığın tələbə qızı itkin düşübmüş, öldüsü-qaldısı bilinmirmiş. Dünən bizim «Ana xəbər» buraxılışında zirzəmidə yaşayan səfil uşaqlardan süjet gedib, uşaqların əşyaları arasında qızının gündəliyini görüb.

Kağız parçasını götürüb rəqəmlərə diqqət edirəm.

- Əmindir ki, qızının gündəliyidir?

- Əmindir. Üstündəki rəsmdən, «Z+T» yazılmasından... Zəng et, onunla danış, süjeti çəkən jurnalistlərlə danış. Məncə, reytinqləri dağıdan bir proqram doğulur.

Duruxub qalıram. Əvvəla, gündəlik qızınkı olmaya da bilər. Lap tutalım, onunkudur, bəlkə uşaqlar haradansa tapıblar? Dörd ildir itkin düşən tələbə qızla səfil uşaqların nə əlaqəsi ola bilər axı? Heç gözüm su içmir bu məsələdən. Məncə, burada əlahəzrət şans çox azdır, iyirminin səksənədir.

Düşündüklərimi dilə gətirirəm:

- Bu, bir təsadüf də ola bilər.

Dərhal da təpki ilə üzləşirəm:

- Nə təsadüf?! İntuisiyam deyir ki, sensasion bir proqram yaranacaq. Siz indiki nəsil niyə belə inamsız, qətiyyətsizsiz?! Get və sabahdan əməli fəaliyyətə başla!

- Cənab direktor...

- Dedim ki, get və başla! Sabah gələndə birinci işin bu olsun!

Kabineti tərk edirəm. Ayşən də, Fərəc müəllim də nəsə soruşurlar. Amma suallarını cavabsız qoyuram. Əgər ortaya yaxşı material qoya bilməsəm, «bivec», «yarıtmaz», «əfəl» kimi epitetlərlə bəzədiləcəyəm. Obyektiv vəziyyət heç kəsi maraqlandırmayacaq. Əlbəttə, yalnız reytinq. Bizim məqsədimiz reytinqli verilişlər hazırlamaq, bolluca reklam əldə etmək, nəticədə rəqabətdə digər kanallardan üstün olub daha çox pul qazanmaqdır.

Amma bu məsələ məni bir sıravi insan kimi daha çox maraqlandırdı. Görəsən, o tələbə qız niyə itkin düşüb?

Kaş gündəlik, doğrudan da, onun tapılmasına yardımçı olaydı...

2.

Bilirsən, hərdən özümlə tənha qalmaq üçün məhz bura, Novxanıdakı kimsələr tərəfindən yad edilməyən unudulmuş dəniz sahilinə gəlirəm. Bizim sahilimizə.

İndiki kimi, burada iri bir daş parçasının üstündə oturub qış tənhalığının soyuq dəniz mehi ilə qovuşmasından ibarət sənsizlik badəsini başıma çəkirəm.

Soyuqda qızınmaq üçün özlərini ora-bura vuran qağayıların qıyıltısı ilə atılmış balıqçı qayığının hay-hayı getmiş çürük taxtalarının cırıltısı bir-birinə qarışır, sifətimi döyəcləyən küləyin səsini üstələyir. Ancaq bu üçlük ani olaraq səs-səsə verməyi yığışdırıb sakitləşəndə içimdəki kədərin, qüssənin vahiməli fəryadı eşidilir.

Bax məni ən çox qorxudan da elə bu səsdir. Hərdən olur, qabaqlayıcı tədbirlər görüb bu qorxunc səsi eşitməmək üçün ya zümzümə edir, ya uca səslə dənizlə danışıram. Amma çox vaxt bu səs elə qəfildən gəlir ki, sadəcə, aciz-aciz onu dinləmək məhkumluğunda quruyub qalıram...

Telefon kitabçamdan adını silmişəm, etiraf edirəm. Dönə-dönə oxumaqdan hər birini əzbər bildiyim mesajların da daha yoxdur. Birgə dinlədiyimiz musiqilərdən hansı biri qəflətən haradasa səsləndirilsə, ilan vurmuş kimi diksinir, olduğum yerin fərqinə varmadan, telefonumun qulaqcıqlarını taxıb FM dalğalarını dinləməklə ürəkdidici xatirə kabusundan qurtulmağa çalışıram.

Birgə keçdiyimiz yollar, bizim görüş yerlərimiz Bermud üçbucağı kimi arzuolunmaz məkandır mənimçün, ora yaxınlaşmağımla qərq olacağımı zənn edirəm. Amma yaxınlaşmaqdan vaz keçə də bilmirəm.

- Tural müəllim, siz sabah Muğam Mərkəzində çəkiliş etməyi planlaşdırmışdız, ancaq sabah orada tədbir olasıdır, biri günə keçiririk çəkilişi.

... Bəzən eynən sənin kimi saçını kürəyinə tökən, eynən sənin zövqündə geyinən, gülüşü, yerişi, baxışı səninkinə bənzəyən qızları görəndə tükürpədici səslə əyləcləri sıxıb yolumu belə dəyişməkdən usanmıram... İnanırsan, nə qədər əyləc izləri qoymuşam küçələrdə?

Ad günümdə mənə bağışladığın qızıl çərçivəli «Zippo» alışqanını, «Şanel. Egoiste» ətrinin aylarca qoruyub saxladığım şüşəsini, gümüş qolbağını və qəhvəyi at suvenirini bax elə bu ləpədöyəndə dayanaraq var gücümlə dənizin dərinliklərinə tullamışam... Onlar suyun üzüylə xeyli şütüyərək, nəhayət, qərq olub. Olsun ki, nəhəng dənizin suyunun səviyyəsinə bu dörd cisimciyin təsir etmək imkanı sıfırdan da betər sıfıra bərabərdir. Ancaq nəzərə alanda ki, bu dörd xırda cisimciyin hər biri özündə sənin - dünyanın ən sevimli, ən gözəl, ən hissiyyatlı və ən ehtiraslı sevgilisinin üç illik sevgi xatirələrini daşıyır, onda dənizin məcrasından çıxaraq daşacağından, düz sahilə qədər irəliləyib günahsız kənd evlərini qərq edəcəyindən qorxmağımı təbii saya bilərsən.

Hətta yazı yazmağı da tərgitmişəm desəm, inanarsanmı? Adını təşkil edən beş hərflə rastlaşmaqdan qorxuram. İndi təsəvvür et, küçələr boyu sıralanmış rəngbərəng reklam yazılarını görəndə nə hisslər keçirirəm...

Bilirsən, nə gizlədim səndən, ürəyim xaincəsinə məni sənə satır hər dəfə. Elə olur, yumruqla sinəmi döyəcləyir, səni özümdən qoparmağa söz verən, ancaq sözünə dönük çıxan ürəyimi cəzalandırmağa çalışıram... Amma sənin xatirənin ürəyimin divarlarına hopması reallığı əl-qolumu yana salır...

- Tural, anan qurban, gələndə un al, sizinçün düşbərə bişirəcəm...

... Obrazlı desəm, cismim, ruhum tam şəkildə birləşərək, hər bir əzamın, hər bir zərrəciyimin iştirakı ilə bir xor kapellası yaradıb «Mən heç vaxt səninlə olduğum qədər xoşbəxt olmamışam» adlı kantata oxuyur...

Nə olar, mənə unutmağı öyrət, Günay! Mənə öyrət ki, biganəlik, ürəksizlik, hissiyyatsızlıq necə olur. Öyrət ki, yenidən sevmək, ailə qurmaq, oğullu-uşaqlı olmaq tərkibindən ibarət xəyanəti necə, haradan əldə edə bilərəm...

Boşalmış siqaret qutularıma, şərab şüşələrimə dözüm öyrət.

Bir şeyi demədim, tək ürəyim yox, gözlərim də hər dəfə xaincəsinə məni sənə satır... Qabaq oturacaq - sənin sevimli yerin gözümə dəyməsin deyə, avtomobili baxışlarım solda idarə edirəm. Bu, təhlükəli olsa da, narahatlıq yaratsa da, məcbur qalıram. Amma bir də görürəm gözlərim oğrun-oğrun sağ tərəfə boylanır. Bir anda həyatın məni bürüyən reallığı ağlı-qaralı kino lenti ilə əvəzlənir. Qapı açılır, sən özünü oturacağa atıb öncə yanağımdan öpür, sonra yerini rahatlayırsan... «Bağışla, səni gözlətdim, Turalcıq. Necəsən, ürəyim?» söyləyirsən... Mən sol əlimlə sükanı tutaraq sağ əlimləsə sənin əllərinə toxunuram... Onları nəvazişlə sığallayıram... Və qəfildən də qeyb olur, məni xəyal şərbətindən qoparıb gerçəklik zəhərinə qaytarırsan.

Nə olar, mənə öyrət ki, bax belə anlarda avtomobili yolun kənarına verərək üzümü sənin qoxunu saxlayan oturacağa söykəyib hönkür-hönkür ağlamaqdan necə qurtulum...

- Alo, Tural müəllim, sizi narahat edən bir tamaşaçıdır. Verilişlərinizə ailəlikcə baxırıq, çox bəyənirik. Necə deyərlər, sükanı belə saxlayın!

... İndi yenə buradayam. Axşamın alatoranında həmin iri daş parçasının üstündə oturub qış tənhalığının soyuq dəniz mehi ilə qovuşmasından ibarət sənsizlik badəsini başıma çəkirəm.

... Hələ ki, buradayam.

... Qağayılar da buradadır, balıqçı qayığı da, küləyin vıyıltısı da.

Bir azdan içimdəki qüssənin ulaşması eşidiləcək...

Qorxuram, çox qorxuram...

3.

«Xəbərlər» xidmətinin otaqları birinci mərtəbədədir. Yanaşı altı qapıdır. İri Nyus-rum1-a daxil olub Elmiri axtarıram, səfil uşaqlar barədə süjeti o çəkib. Yerində yoxdur. Deyirlər, hələ gəlməyib, harada olsa, beş-on dəqiqəyə gələr.

İşə çatan kimi öz redaksiyamıza dəyməmiş bura gəlmişəm. Köməkçim Ayselə zəng vurub «Xəbərlər»də olduğumu söyləyir, dərhal boş kompyuterlərdən birinin arxasında əyləşirəm. İnternetə qoşuludur. «Facebook» sosial şəbəkəsindən çıxıb (illər öncə televiziyamızda necə ki kompyuter söyləniləndə əksəriyyət «Tetris» oynamağı nəzərdə tuturdu, indi də hamı ucdantutma «Facebook» aludəsidir) «Google» axtarış sisteminə daxil oluram.

«İtkin düşən şəxs - yerləşdiyi yer barədə səhih informasiya olmayan insanın vəziyyətini təyin edən hüquqi termindir. Silahlı konfliktlər və təbii fəlakətlər dövründə itkin düşənləri çıxmaq şərtiylə itkin düşənlər əsasən 6 qrupa bölünür: 1) psixi xəstələr; 2) yaşla bağlı bezginlər; 3) ailəsiylə əlaqəsi itmiş evsizlər və səfillər; 4) qeyri-normal ailələrdən çıxmış azyaşlılar; 5) insanların olmadığı yerlərdə ovçuluqla və balıqçılıqla məşğul olanlar; 6) cinayət qurbanları».

Bu halda bizim qəhrəman hansı qrupa uyğun gəlir? Təbii ki, ailəsindən uzaqda yaşadığı və gündəliyinin səfil uşaqlardan tapıldığı səbəbindən onu 3-cü qrupa aid etmək olar. Hərçənd, o gündəliyin ora necə düşməsi hələ bəlli deyil. Amma bütün hallarda olduğu kimi, burada da ən optimal variant 6-cıdır hələ ki: «Cinayət qurbanı».

Tələbə qız hansı cinayətin qurbanı ola bilərdi?

Elmir hələ gəlməyib.

«Statistikaya görə, hər il Yer kürəsində milyonlarla insan itkin düşür. 30 avqust günü dünya ölkələrində beynəlxalq itkin düşənlər günü kimi qeyd edilir. Amerikada il ərzində təqridən 800 000, Böyük Britaniyada 250 000, Rusiyada 120 000, Almaniyada 100 000 insan itkin düşür ki, bunların da mütləq əksəriyyəti azyaşlılardır...»

Bu heç. Aha, bax bu.

«Ötən 2013-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyi 940 itkin düşən şəxs barədə axtarış elan etmiş, onlardan 698 nəfəri (74,3%) tapılmışdır.

Ümumiyyətlə, itkin düşənlərin statistikasına baxanda, görünür ki, hər ikinci itkin düşən şəxs əmək qabiliyyətli kişi və ya qadın, hər dördüncü azyaşlı, hər onuncu təqaüdçüdür».

2013-də 940 nəfər itkin düşübsə, demək, 2010-da da təxminən bir elə adam itkin düşər. Adətən, bu sayaq statistikalarda nədənsə rəqəmlər çox yaxın olur. Əgər hər itən 10 nəfərdən cəmi 2-si tapılmırsa, onda bizim qəhrəman...

- Tural müəllim, eşitdim məni axtarırsız.

Nə yaxşı, Elmir gəldi.

Direktorun tapşırığını bəyan etdikdən sonra ondan gündəliyin tapılması təfsilatını öyrənirəm. Demək, Zeynəbin gündəliyi televiziyamızın «Ümid evi» adlı humanitar təşkilatla birgə reydi zamanı zirzəmidəki səfil uşaqları aşkarlayarkən üzə çıxıb. Uşaqların adlarını və ünvanı öyrənmək istəyirəm. Elmir deyir, uşaqların adlarını süjetə təkrar baxıb oradan götürmək olar, özü unudub. Ünvan Yasamaldadır, ancaq əhəmiyyətsizdir. Çünki təşkilatın nümayəndəsi uşaqları öz sığınacaqlarına aparıb. Uşaqlar bir müddət orada qalacaq, isti paltarla, qidayla, rahat yataqla təmin olunacaq, sonra da uşaq evlərinə təhvil veriləcəklər.

Bəs gündəlik necə olub?

Elmir söyləyir ki, uşaqlar əşyalarını da özləriylə aparıblar. Təkcə siqaretlərini təşkilat nümayəndəsi qırıb atıb.

«Ümid evi» təşkilatının reyddə iştirak edən nümayəndəsi Afaq Səidqızının telefonunu alaraq əlbəəl zəng edir, məqsədimi söyləyirəm. Məmnuniyyətlə kömək edir, ünvanı deyir, məni uşaqlarla görüşdürəcəyinə söz verir.

Yubandırmağa nə lüzum var? Dəmiri isti-isti döyərlər. Gündəliyi əldə etməkdə əlahəzrət şans çox yüksəkdir, haradasa doxsanın onadır. Dərhal operatoru da götürüb xidməti VAZ 2107 avtomobiliylə

«Nərimanov» metrosunun yaxınlığında yerləşən təşkilata yollanırıq...

... Bizi 23-25 yaşlarında gözəl, nərmənazik, hündürboy, zövqlə geyinmiş qarabuğdayı xanım qarşılayır. Hətta haradasa mənə ən son münasibət qurduğum qadını - Ləmanı xatırladır. Əl uzadır, əlini sıxıram. Cazibəsinə düşməmək olmur. Ümumi tanışlıqdan sonra dəhlizlə irəliləyib ikitaylı iri qapıdan içəri keçirik. Beş ədəd ikiyaruslu çarpayı, qarşılarında dolablar, iri stolun arxasında əyləşib kompyuterdə oynayan üç 12-13 yaşlı yeniyetmə oğlan...

Gəlişimizə heç bir reaksiya verməyərək uşaqlar oyunlarını davam etdirirlər.

Afaq xanım onlara səslənir:

- Səid, Azad, Rəhman, içəri böyük girəndə ayağa durmaq, salamlaşmaq lazımdır.

Dodaqaltı deyinə-deyinə könülsüz dururlar. İçlərindəki ən cüssəlisi dilucu «salam» söyləyir, o birilər susurlar.

Afaq xanım üzrxahlıqla mənə baxır. Sanki uşaqların bu köntöylüyünə görə məsuliyyət daşıyırmış.

- Uşaqlar, Tural müəllim televiziyadandır. Sizinlə söhbətləşmək istəyir.

Cüssəli oğlan yenə hamını qabaqlayır:

- Bizi hər gün çəkirlər ki... Ulduz olub getdik.

Onun söylədiklərindən Afaq xanımın da, mənim də dodaqlarımız qaçır.

Fikrim gündəlikdə olduğu və gözlərimin qeyri-ixtiyari otaq boyu onu gəzdiyi bu məqamda Afaq xanım asta səslə, hesabat verirmiş kimi, bu üç uşaqla bağlı gördükləri işləri sadalayır («Əyin-başları pis gündəydi, təzələdik»; «Normal qidalanmırdılar, indi gündə dörd dəfə yemək yeyirlər»; «Dərilərində, dişlərində problemlər var, tam həkim nəzarəti altındadırlar...»).

Uşaqlara yaxınlaşıb stul çəkib əyləşirəm.

- Hə, qoçaqlar, nə oynayırsız?

Cüssəli oğlan: «Poynt blank» söyləyəndə artıq tam əmin oluram ki, içlərində əsas fiqur, necə deyərlər, dəstəbaşı məhz odur.

Telefonumun zəngi. Hələ də bunun zəngini dəyişməmişəm.

Nömrə tanış gəlir. Titrək qadın səsi eşidilir:

- Tural müəllim, sizi Dilbər narahat edir. Mənə sizin nömrəni verdilər, dedilər qızımın işiylə siz məşğulsuz. O gündəliyi tapılan qızı deyirəm, mən onun anasıyam.

Udqunuram.

- Hə, Dilbər xanım, buyurun.

Səsindəki dərin kədər dərhal duyulur.

- Nə xəbər var qızımdan? Uşaqlarla görüşdüzmü? Düz dörd ildir, dəqiq, üç il səkkiz aydır balamdan xəbər-ətər yoxdur.

Hıçqırır. Və yarısı artırmada, yarısı televizor qarşısında keçən lal həyatında həmin o iki gün öncənin axşam saat altı xəbərlərindən gördüklərinin necə əks-səda verdiyini izah edir.

- Dilbər xanım, mən o işlə məşğulam. İndi elə həmin uşaqların yanındayam. Bir şey öyrənsəm sizə zəng vuracam, - söyləyib qadınla sağollaşıram.

Afaq xanım hadisənin sonluğundan maraqlı olmasını, bununla belə, işinin çoxluğunu bildirib üzrxahlıq edərək gedir.

Uşaqların hər üçünü xeyli nəzərdən keçirib cüssəli oğlana üz tuturam:

- Sənin adın nədir?

Dərhal cavab verir:

- Mən Səidəm. Bu, Azaddır, bu da Rəhman.

Çox kor-kobud oğlandır Səid. Başı keçəl qırxılıb, əlləri iridir (hətta əlinin üstündə tatuirovka da var, adını yazdırıb), sifətindən yaşlılara xas zəhm duyulur. Azad adlanan uşağın üz-gözündən cin yağır. Amma Rəhman fağırdır, özü də abırlıdır, utancaqdır.

İşimin Səiddən aşacağını nəzərə alıb qolumu boynuna keçirirəm:

- Dostum, bilirsən niyə gəlmişəm? Sizdəki o gündəlik var e, onun yiyəsi...

Sözümü ağzımda qoyur:

- Zeynəbi deyirsən? Demək, sən Talıbsan? Bəs Afaq müəllimə dedi

Tural müəllimsən?

Deyirəm: - Yox, Talıb deyiləm, məhz elə Tural müəlliməm.

Talıbın kim olduğunu soruşuram. Deyir, Talıb Zeynəbin sevgilisidir.

Anladım. «Z+T». Demək, Zeynəb plyus Talıb.

- Zeynəb hanı? - soruşuram. Zeynəbi tapacağıma, gözüyaşlı anasına qovuşduracağıma, televiziyamıza reytinq gətirəcəyimə az da olsa, ümidim var.

- Zeynəb çoxdandır yanımıza gəlmir, - söyləyərək Səid ümidlərimi qırır.

- Çoxdandır, yəni nə vaxtdan?

- 2010-un pervıy aprelindən2, aldatma günündən. Hələ onu aldatdıq da.

2010-cu il aprelin 1-i?! Məhz Dilbər xanımın dediyi tarix...

Öyrənirəm ki, Zeynəb də onlar kimi evsiz-eşiksiz imiş. Təsadüfən yanlarına gəlib, onlar da onu öz «ailələrinə» qəbul ediblər. Sonra da sağollaşmadan, əşyalarını götürmədən qeyb olub.

Səiddən Zeynəbin gündəlikdən başqa daha hansı əşyasının olmasını soruşuram. Deyir, balaca çamadandır, gündəliyin arasında məktubdur, Yana adlı qızdan gəlib, Praqadan. Bir də bir qıfıl.

Praqa? Bəlkə, yeni bir ipucudur bu? Bəs qıfıl niyə?

Səiddən gündəliyi istəyirəm, amma o, böyüklərə xas təmkinlə rədd cavabı verir:

- Müəllim, incimə, verə bilmərəm. Bizlərdə əmanətə xəyanət yoxdur. O vaxtdan iki-üç dəfə evimizi dəyişmişik, Zeynəbin əmanətini də özümüzlə daşımışıq.

Deyirəm, Zeynəb bacımdır.

Səid inamsız halda başını bulayır, sözündən dönməyəcəyində israrlıdır. Xırda bir biclik işlədirəm, ona pul vəd edirəm. Deyirəm, pul verərəm, gedərsən dostlarınla xərcləyərsən. Zəif reaksiyasını görüb (əks tərəfə çevirdiyi baxışları oğrun-oğrun səmtini dəyişir) «Nisyədənsə, nağd yaxşıdır» düşüncəsiylə onluq uzadıram, «Al bu pulu, özünə nəsə bir şeylər al, amma əşyaları mənə ver», - söyləyirəm.

- Səid, başa düş, o əşyalar mənə Zeynəbi tapmaqçün çox vacibdir. Mənim imkanlarım genişdir, aləmi bir-birinə qatıb onu tapacam. Sən əmanəti qorumaqla Zeynəbə yaxşılıq etmirsən ki! Yalnız tapılmasına yardım etməklə ona yaxşılıq edə bilərsən.

Duruxub qalıb. Tərəddüdünü hiss edirəm. Cibimdən daha bir onluq çıxarıb qarşısına qoyuram.

- Dostum, xahiş edirəm, o yazıq qıza və mənə kömək elə. Çox xahiş edirəm.

Nəhayət, gözlədiyim an. Yerindən duraraq dolablardan birinə yaxınlaşıb açır. Operatora işarə edirəm ki, bu epizodu çəksin. Oradan bozumtul rəngli dəftər, balaca asma qıfıl çıxarır, çarpayının altından da kiçik ölçülü qara çamadan. Gətirib hamısını qarşıma qoyanda mızıldanır:

- Nə gizlədim, bir dənə də ruçkası3 var idi. Onu işlətmişik.

Həyəcanla üzərində qızılgül rəsmli və «Z+T» yazılı toz basmış dəftəri açıram. Titul vərəqində iri hərflərlə həkk edilən «Qalsam səninəm, ölsəm torpağın» cümləsinə göz gəzdirirəm. Hərflər naxışlarla büsbütün bəzədilib. Amma lap aşağıdan xırdaca «Məhəbbət - mənim qatilim» yazılması da diqqətimdən yayınmır. Dəftərdən kəsif rütubət qoxusu gəlir.

İlk yazılma günü 2006-cı ilin 19 fevralına təsadüf edir. Sahibinin səylə, ətraflı, lap bədii əsər yazırmış kimi yazması başlanğıc cümlələrindəncə duyulur. Ömrümdə ilk dəfədir gündəlikdə dəqiqliklə dialoqların da verildiyinin şahidi oluram.

Dərhal itkin düşmə şəraitiylə bağlı nəsə ipucu tapmaq üçün son yazının tarixinə baxıram və yenə də məyus oluram. 2009-cu ilin 16 sentyabrı. 2009-cu ilin sentyabrından 2010-cu ilin aprelinəcən - yeddi ay müddətində Zeynəb hələ mövcud imiş və təfsilatını heç vaxt bilməyəcəyimiz həyat sürübmüş. Demək, gündəlik konkret olaraq köməkçi rolunu oynaya bilməyəcək.

Arasındakı məktubun zərfinə göz gəzdirirəm. Azərbaycan dilindədir. Praqadan Yana Novotilova adlı xanım göndərib Zeynəbə. Açıb baxıram. Demək olar ki, oxumağa tam yararsız vəziyyətdədir, hərflər gah pozulub, gah bir-birinə qarışıb.

Gündəliyin ortalarında qabarıq bir yer də duyuram. Qızılgül ləçəkləridir, qurumuş və ovxalanmış qızılgül ləçəkləri. Nakam sevgi rəmzi...

# 2367 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #