Badının yurdu – Ramilə Qurbanlıdan Hekayə

Badının yurdu – Ramilə Qurbanlıdan Hekayə
3 iyun 2019
# 12:36

Kulis.az Ramilə Qurbanlının “Badının yurdu” adlı hekayəsini təqdim edir.

Uşaqlıqda çox eşitmişdim bu adı. Heç ağlıma da gəlməzdi ki, Badı qadın adıdır. Hələ xəyalımda Badı adında ahıl, nurani bir kişi obrazı da yaratmışdım. Bir gün öyrənəndə ki, Badı qadın olub, xəyalımdakı o nurani kişini silib onu qadınla əvəz etmək yaman çətin oldu.

Badının əri Cümhuriyyət əsgəri imiş. 1920-ci ildə Sovet imperiyası yenicə ayaq tutub yeriyən Cümhuriyyətimizi beşiyində boğanda Badının adını da bilmədiyim əri Yalamada imperiya ordusunun qarşısına çıxan 350 Cümhuriyyət əsgərindən biri olub. Nənəm anama danışıb ki, Badının əri Bakıda dövlət qururdu. 28 apreldə qırmızı ordu gəlib o dövləti dağıdıb öz dövlətlərini qurandan sonra ondan bir xəbər çıxmadı. Nə ölüsünü görən oldu, nə dirisini. Ağızdan-ağıza Badıya gəlib çatmışdı ki, Yalamada onu ruslar öldürüblər.

Badı Qara dərədə yaşayırdı. Qara dərə o yerlərin ən hündür məkanıdır. Güllü-çiçəkli yamyaşıl böyük bir ərazi, hansı tərəfinə baxsan bir bulaq qaynayır. Hər cür ağac bitirdi orda. Bütün meyvə ağacları bollu boluna bar verərdi. Cənnətin özü. Uşaqlıqda atamla çox getmişdim oralara. Qoz yığmağa, qarpız qopartmağa, böyürtkən dənləməyə, tənək əvdirməyə. Kolxoz orda nə desən əkirdi, bol məhsul götürürdü. Oğrudan oğruya halaldı deyiblər, camaat da ürəyi istədiyi qədər kolxoz malından oğurlayıb evinə, uşağına daşıyıb gətirirdi.

Oralar tarixən camaatın özünün olmuşdu. İnsanların orda ev-eşiyi bağ-bağatı varmış. Meyvə ağacları, bostan hamısı elə camaatın əkdiyi idi, kolxoz əllərindən alıb əhalini də arana köçürmüşdü. Bu gündən buralar kolxozundu demişdilər. Sizə torpaq veririk, gedin oralarda yaşayın. Əhali aranı da cənnət eləmişdi, söz yox, amma hamının bir gözü Qara dərədə idi. Hər kəsin orda payı vardı, gedib götürüb gətirirdi, gizlin, ya aşkar, fərq etməzdi.

Hamı köçmüşdü aşağılara – Araz kənarına. Yavaş-yavaş təzə hökuməti də qəbul edib yaşayırdılar, bircə Badıdan başqa. Badı zirvəsindən enməmişdi. Nə verilən yeni yurd yeri, nə şirin vədlər onu öz yurdundan çıxmağa şirnikləndirə bilmişdi. Ərim məni öz yurdunda, burda qoyub gedib demişdi - gəlib axtarar tapmaz - nə karəyəm, onu burda gözləyəcəm.

Görünür, təzə hökumət daha əşi, qoca arvaddır, dünyanı tutub getməyəcək ki - deyə zora əl atmayıb.

Təzə, onun ərinin qatili olan hökumətdən heç nə istəmədən, öz yurdunda meyvə, tərəvəz əkib becərər, enib onu aşağıda hələ torpağı diriltməyə çalışan həmkəndlilərinə satar, onunla dolanarmış.

Ay Badı, sən Allah, gələndə o qızıl güllərdən də gətir, qoxusu burnumuzda durur-deyən arvadların xahişi ilə hər gələndə Qara dərənin yabanı qızıl güllərindən də dərib camaata gətirərmiş. Nənəm danışırmış ki, Badı kəndə yenəndə hamı onun gəldiyini özündən əvvəl kəndə yayılan Qızıl gül ətrindən bilərmiş. O güllərdən sonradan hamı gətirib həyətində əkmişdi, ətri Qara dərədəki kimi gözəl deyildi. Ordan gətirib əkdikləri ağacların da hamısı bar vermirdi. Qoz ağacı o kəndlərdə heç vaxt bar vermədi. Hamı qoz azuqəsini Qara dərənin özündən tədarük edərdi.

İllər sonra Qara dərədə bircə koma və o komanın içində Badı qarı qaldığından o yerlər aşağıda el arasında “Badı yurdu” kimi dillərə düşüb. Aşağıdan yuxarı Qara dərəyə gedənlər Badı yurduna gedirəm dəyərmişlər. Kolxoz yerindən heç nə dərə bilməyəndə, Badının yurdundan əliboş qayıtmaq yox idi. Qozdan, almadan, qarpızdan yığıb gətirərmişlər.

Badının ölümü də qəribə olmuşdu. Nənəm danışırmış ki, qış vaxtıydı. Badı daha yaşlanmışdı, qışda aşağı düşə bilməzdi. Biz özümüz gedib ona baş çəkərdik, çox qocalmışdı, uşaqlar gedib odununu da yarıb qoyardılar. Hamı bunu özünə borc bilirdi, heç kim mən yox, filankəs getsin deməzdi, Badı hamının nənəsi hesab olunurdu. Bir müddət heç kim getməyib, bir də duyuq düşdük ki, Badıya xeyli vaxt baş çəkən olmayıb. Gedib görüblər ki, Badı öz yerində üzünə də ərinin bayrağını çəkib dünyasını dəyişib. Ərinin bayrağı dediyi üç rəngli, ay ulduzlu Cümhuriyyət bayrağı idi. Əri gedəndə o bayrağı Badıya verib - qayıdanda özümə verərsən, kənddə idarəmiz olacaq, bu bayrağı idarənin üstündən asmaq üçün veriblər mənə, sənə əmanət - deyib.

El yığılıb Badını elə heç vaxt ayrılmadığı yurdda torpağa tapşırır. Yurdun adı o vaxtdan Badı yurdu qalır.

İndi Qara dərə də, Badı yurdu da erməni işğalı altındadır.

# 2450 dəfə oxunub

Müəllifin son yazıları

# # #