Sıfırın altında qalan “Əli və Nino”

Sıfırın altında qalan “Əli və Nino”
3 iyun 2015
# 15:48

Neçə gündür mətbuatda kitab cək-çevir var. Qan Turalı və Nigar Köçərli arasındakı mübahisəni nəzərdə tuturam. Nə imiş əfəndim, Nigar Köçərli Qan Turalının kitablarını mağazasında satdırmır. Anbardamı yer yoxdu, yoxsa onların istədikləri nəşriyyatda çap etdirmədiyi üçünmü bilmirəm, doğrusunu özləri bilir. Əslində, Allah bilir deyəcəkdim, amma sonradan yadıma düşdü ki, Nigar xanımın da, Turalın da bu inancı yoxdu. Dəqiq olmaya da bilər, amma mən belə xatırlayıram. Qul ilə Allah arasına girmədən, iki bəndə arasında baş verən mübahisəyə qayıdım. Bu mübahisənin əhatə dairəsi böyüdü və münasibət bildirən bəndələrin sayı çoxaldı, hərə bir söz dedi. Bir sözlə ağzı olan danışdı. Nigar Köçərlinin son müsahibəsindən sonra bəndəniz də bir iki söz yazsın istədi.

Ordan başlayım ki, mən sözügedən hər iki şəxsi tanıyıram. Doğrudur, Turalı daha yaxşı tanıyıram. Bəzi məqamlarda fərqli düşünsək də bəzi fikirləri ilə xoşuma gəlir. İstedad sahibidir. Nigar BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. Məndə olan məlumata görə məşhur bir idman geyimi mağazasında da işləyib. Sonradan kitab mağazası açıb. Mən də onu kitab mağazasının müdirəsi kimi tanıyırdım. Niyə tanıyırdım dedim, çünki əvvəllər kitab mağazasının müdirəsi kimi danışırdı. Sonradan populyarlaşdıqca iddiaları da çoxaldı, özünə güvəni də artdı. Özgüvən yaxşı şeydi, amma altı dolu olanda.

Müsahibəsini oxuyanda ağlıma Hüseyn Cavidin əsərindən bəzi fikirlər gəldi. Bu seçmə fikirlər atalar sözü kimi olub mənə. Deyir ki: Kəndi əxlaqi sönükkən həpsi / Yeltənir verməyə əxlaq dərsi. / Rəqsi təlim ediyor axsaqlar, / Bir yığın kor qılavuzluq yaparaq / Göstərir zülməti aydın, parlaq.

Bu eyni dram əsərinin fərqli yerlərindən sevdiyim gerçəklikdir. Cəmiyyətdə sizin də gördüyünüz kimi, kimdə nə yoxdursa ən çox ondan danışır. Məsələyə nə dəxli var deyirsinizsə izah edim.

Elə bil bir qaynaqçını gətirib qoyursan yaradıcı adamın başının üstünə və deyirsən ki, bu adam sənə tabedir. Onda da verilən səlahiyyətlərə görə özündə güvən və çoxbilmişlik hissi yaranır. Başlayır öz peşəsi ilə yaradıcı adamın peşəsində bir bağlılıq axtarmağa. Deyir, mən də yaradıcıyam, dəmirdən əşya düzəldirəm, heç nədən bir şey ortaya qoyuram. Sonra bir az da həddini aşaraq özünün işini daha üstün tutur və bir gün də utanmadan deyir ki: “Bəs siz neynirsiniz? Boş-boş işlərlə məşğulsunuz.” Çox təəssüf ki, bu yaradıcı sahədə bəzi insanlar öz yerində deyil. Bir misalımızda olduğu kimi, Atın yerinə eşşək, eşşəyin də yerimə at bağlanır.

Nigar xanım son müsahibəsində boyundan hündürə tullanıb. Yazarlar və yazıçılarla bağlı həddini aşan fikirlər səsləndirib. Sosioloji sorğular keçirmədən, araşdırma aparmadan statistik rəqəmlər açıqlayır. Anlayıram, riyaziyyatçısınız, hər şeyi rəqəmlərlə göstərmək istəyirsiniz, amma “Əli və Nino” hələ bütün Azərbaycan demək deyil.

Nigar xanım unudubsa, ona xatırladım. “Əli və Nino” mağazasını elə o bəyənmədiyin yazarlar populyar etdi. Bütün yazar dostlarım öz oxucuları ilə orada görüşürdü, kitab satırdılar, imza günləri təşkil edirdilər, aksiyalar keçirirdilər. Sizin özünüzü də dəfələrlə verilişlərimə dəvət etmişəm. Düşünürdüm ki, ziyalıların kitablarının satışını təşkil edir, biz də dəstək verək. O bəyənmədiyiniz Azərbaycanlı yazarlar və onların oxucuları olmasaydı, indi “Əli və Nino” da olmazdı. Əslində bu gün o səviyyəsini bəyənmədiyiniz yazarların çörəyini yeyirsiniz. İstedad rəqəmlərlə ölçülmür, siz və sizin mağazanız da göstərici deyildir. Hər şeyi rəqəmlərlə qiymətləndirmək həvəsinə düşdüyünüz üçün yazıçıların əqli təfəkkürünün məhsuluna, istedad və əməyinə riyazi prizmadan yanaşırsınız. İstedadlı olsaydınız başqa istedad sahiblərinə hörmət edərdiniz. Kimliyindən, keyfiyyətindən asılı olmayaraq aylarını, illərini bir yazıya sərf edən insanın kitabını zibil qabına atmazdınız.

Mağazanızdakı kitabların satılmamasından şikayətlənirsiniz. Kitab sahəsində alver geyim mağazasındakı kimi olmayacaq, əlbəttə. Çünki, kitab satışı ilə məşğul olmaq paltar satışı ilə məşğul olmağa bənzəmir.

Hər bir yazarın mütləq bir oxucusu var. Necə ki, bu gün Üzeyir Hacıbəyovun dinləyici kütləsi olduğü kimi Üzeyir Mehdizadənin də dinləyicisi var. Bu hadisə ədəbiyyat üçün də keçərlidir. Hər kəs öz səviyyəsinə uyğun olanı tapıb oxuyacaq.

Müsahibəsində Azərbaycanlı yazarların oxunmaması, Azərbaycan oxucusunun kitabı sevməməsi ilə bağlı asıb-kəsib. Kitab mağazası müdirəsi kimi, ya Milli Kitab Mükafatının təsisçisi kimi? Hansı statusla? Təsisçi olmaq hələ peşəkar və ya ədəbi tənqidçi demək deyil. Bu hüquqi şəxs statusu sizə ədəbiyyat sahəsində inhisarçılıq yaratmaq, ədəbi proseslərə müdaxilə etmək səlahiyyəti vermir.

Bunu indiyə qədər bütün ziyalılar deyib və bu sadəcə Azərbaycanda olan problem deyil. Dünyanın hər yerində bu problem var. Səbəblər çoxdur. Amma ən böyük səbəb internetdir… Əvvəllər insanların sevdikləri yazıçılarla ünsiyyət vasitələri sadəcə onların yazdıqları kitablar idi. Oxucular şair və yazıçılara ən uzağı məktub yaza bilirdi. Yazıçıdan məktub alanda isə sevinclərinin həddi-hüdudu olmurdu. İnternet bütün məsafələri və o sehri qırdı. Oxucu kütləsi indi öz yazıçı və şairinə daha yaxındı. Sosial şəbəkələrdə izləyirlər, istədikləri zaman yazıb, istədikləri zaman görüşürlər.

Sizin dediyiniz yerli yazarlara marağın azalmasını hansı rəsmi və genişmiqyaslı sorğulara əsaslanıb deyirsiniz? Sizin mağazanız hələ təyin edici mərkəz deyil. Yeni media deyilən bir anlayış var ki, o, bütün qaydaları alt-üst etdi. Yeknəsəkliyi, çərçivələri qırdı. Yeni media fərqli insanların fərqli tələblərini nəzərə alıb bu tələblərə cavab verməyə başladı. Çünki elm adamları da çox kitab və qəzet oxunan 20-ci əsr insanları ilə 21-ci əsr insanlarının beyinlərinin fərqli çalışdığını sübut edib.

Bir əsrdən digər əsrə keçiddə əski media öləcək, amma yerinə yeni media doğulacaqdı. Bunu qəbul etmək çətin idi, amma oldu. Qəzetlər öldü, amma jurnalistika ölmədi. Yenidən doğuldu. Bizim nəsil sadəcə bu doğuşun sancısını yaşadıq. Bu yeni formanı da o təcrübəli və ağıllı insanlar böyüdəcəkdi. Bu ölüm-qalım dönəmində ölən sadəcə forma oldu, məzmun yenə qaldı.

Ədəbiyyat da belə. Forma dəyişə bilər, amma nə ədəbiyyat, nə də yazıçı ölməyib.

Sizsə, Nigar xanım, deyirsiniz ki, yerli yazarlarımızın kitabları oxunmur, insanlar kitab almır, amma səbəbini bilmirsiz. Deyirsiz, səbəbini ədəbiyyatçılar desin. Bilmirsiniz, çünki siz də bu barədə kitablar oxumursunuz, araşdırmırsınız. Hər kəsin dediyini demək də sizin məsələyə nə qədər dayaz yanaşdığınızı göstərir. Deyirsiniz, mağazamdan kitab alanların hamısını, demək olar ki, tanıyırsınız. Siz bütün Azərbaycanı tanısaydınız və bu tanışlıqdan istifadə edərək yazıçı-oxucu problem ilə bağlı ciddi elimi hesabatlar hazırlasaydınız o zaman deyərdim ki, ciddi danışırsınız. Amma, inciməyin, indiki müsahibəniz bir satıcı müsahibəsi kimi görünür. Əgər sizin kimi bu müsahibəyə rəqəmlə qiymət versək sıfırın altında qalır.

# 1159 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #