Asfalta tökülmüş qanıma baxıram...

Asfalta tökülmüş qanıma baxıram...
28 iyul 2014
# 14:57

Kulis.Az tanınmış şairə Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

Xoşuma gələn geyimlər

yaşıma uyğun deyil,

Yaşıma uyğun olanlar

xoşuma gəlmir.

Ürəyimdən keçən günlər

başıma uyğun deyil.

Onunçün istədiklərim

başıma gəlmir.

Nə ola, alınan mallar

geri verilə.

Geri qaytaram bu canı,

xoşuma gəlmir.

Cansız bir maneken olam,

heç dəyişməyən.

Baxam donuq bir vitrinin

boz şüşəsindən.

***

Hər dəfə yol keçəndə

səbirlə gözləyirəm.

İçimdəki səbirsiz mən

dayana bilməyib yolu keçir.

Maşın vurur onu,

yolun ortasında,

gözümün qabağında.

Yanından başını bulayıb

keçən adamlar

Hardan bilsinlər,

Niyə tələsirdi bu qadın.

Gedəcək nə qədər yeri vardı,

görüləcək nə qədər işi...

Mən özümün

asfalta tökülmüş qanıma baxıram,

bədənimdən ayrılmış başıma,

qolumdan ayrılmış çantama.

Başımdakı son fikri xatırlayıram,

bir də çantamdakı

qızımın üzünə bağladığım qapının

yeganə açarını.

İçimdəki səbirsiz mən

hər dəfə belə eləyir.

Gah Anna Karenina kimi

qatarın altına atır özünü,

Gah Marqarita kimi

pəncərədən göyə.

Və hər dəfə səbirli mən

sağ olduğuma sevinirəm.

Evdə tək qalan qızımın,

Bağçada gözləyən oğlumun,

xəstəxanada darıxan anamın

gözü yolda qalmayacaq deyə.

# 1896 dəfə oxunub

Müəllifin son yazıları

# # #