Bakıda zərgərlik əsərləri sərgisi açılıb

Bakıda zərgərlik əsərləri sərgisi açılıb
23 may 2018
# 10:01

Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstanın Milli Muzeyi ilə birgə “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgilər layihəsi çərçivəsində “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisinin açılışı olub.

APA-nın məlumatına görə, tədbirin açılışından əvvəl Qazaxıstan Milli Muzeyinin direktor müavini Abay Satubaldin, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, akademik Şahin Mustafayev sərgi haqqında məlumat veriblər.

Çıxış edənlər sərginin Bakıda keçirilməsinin Qazaxıstanın mədəni mirasının təbliği, Azərbaycanla mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırıblar.

Sərgidə İssıq kurqanında tapılan saka döyüşçüsü “Qızıl adam”, Qazaxıstan Milli Muzeyinin fondlarında qorunan, e.ə VIII əsrə aid olan qızıl məmulatları kolleksiyası təqdim edilir.

Sərginin baş eksponatı 1969-cu ildə Almatı şəhərindən 50 kilometr aralı İssıq kurqanında aşkarlanan “Qızıl adam”dır. Tayfa başçısının əynində və baş örtüyündə olan bəzəklər geyimində tikildiyi ardıcıllıqla sağ-salamat qalıb.

Sərgi iyulun 1-dək nümayiş etdiriləcək.

# 1354 dəfə oxunub

Müəllifin son yazıları

# # #