Qoca Fikrət - Elçin yazır

Qoca Fikrət - <span style="color:red;">Elçin yazır
6 oktyabr 2015
# 14:47

Kulis Elçinin "Qoca Fikrət - Fikrət Qocanın 80 illiyinə" yazısını təqdim edir.

“Qoca” Fikrətin təxəllüsü deyil, sadəcə, “ov”u atılmış familidir, ancaq ilk şeirlərindən etibarən, xüsusən indi ün yetməz, səs çatmaz bir keçmişdə qalmış 60-cı illərin başlanğıcında - o zaman ki, oxucular poeziyamızın Sovet dönəmində Fikrət şeirlərinin yeniliyini, estetik orijinallığını və mövzu müstəqilliyini duydular və bu poeziyanı qəbul etdilər - onun gəncliyi ilə “Qoca”lığı təbii şəkildə üst-üstə düşdü, çünki bu gənc şairin şeirlərində gənclik sadəlövhlüyü, gənclik utopiyası yox idi, onun yaşı ilə o “Qoca”lıq arasında təzad yox, vəhdət var di.

Düzdür, o zaman - həmin 60-cı illərdə - yaşca Fikrət Qocadan böyük olan Fikrət Sadıq: “Qoca” gərək mən olaydım!” deyirdi, ancaq bu o vaxtın zarafatlarından biri idi və Fikrət Qocanın poetik “qoca”lığı artıq poeziyamızın faktına çevrilmişdi.

Bu günlərdə mən Fikrətin Rəşad Məcidə ithaf etdiyi şeirini oxudum və o şeirdə belə bir misra var: “Zaman piyada, o, atlı” və bu misra öz məxsusi bədii sözünü deyə bilmiş bütün sənətkarlar kimi, Fikrətin özü üçün də səciyyəvidir - o, ədəbiyyata gəldiyi dövrdə öz zamanını qabaqlamışdı, buna görə də onun poeziyasında pioner qalstukuna, Kremlin ulduzuna, rusların özlərinin “Qırmızı meydan” dedikləri, bizim poeziyamızda isə məstəli şah kimyagərlərin “qızıla” çevirdikləri o meydana, ideologiyanın rəhbər təyin etdiyi kommunizm liderlərinin vəsfinə, pambıq planını 150 faiz (!) yerinə yetirən həmin ideologiya qəhrəmanlarına, yalançı kolxoz, yaxud istehsalat idilliyasına və s., və i.a. rast gəlmək mümkün deyil, çünki bu poeziya ideologiyanın tərkib hissəsi yox, sənətin nümunəsi idi, ideologiyanın doqmalarını yox, ədəbiyyatın missiyasını yerinə yetirirdi.

Bir çox şairlər, hətta istedadlı şairlər belə, istedadlarını zorlayaraq yalançı “Lenin məsləkinə” poetik sədaqətlərini nümayiş etdirdikləri və bunun həm ictimai, həm də maddi bəhrəsini gördükləri bir dövrdə Fikrət Qoca yazırdı:

Gözümdəki işıqdır, sinəmdəki ürəkdir,
Başım üstə günəşdir, süfrəm üstə çörəkdir
Mənim məsləkim.
Dodağımdakı nəğmə, damarımdakı qandır,
Hələ mən doğulmamış taleyimi doğandır
Mənim məsləkim...

Onun məsləki körpəsinin gələcəyi, anasının sevincidir, onun məsləki “qılınc kimi kəsəri, könül kimi incədir”, ömrünün yol yoldaşı və arzusunun silahıdır.

Fikrət Çe Geveradan, Kubadan, Vyetnamdan, ərəb ölkələrindən də yazırdı, ancaq bu yazılar da ideoloji mübarizəni yox, bəşəri qəhrəmanlığı, bəşəri arzu və istəkləri ifadə edirdi və bu şeirlər, poemalar Fikrətin milli olduğu qədər də bəşəri düşüncəli bir şair olduğunu təsdiq edirdi.

Milli ilə bəşərinin vəhdəti, bir-birini tamamlaması Fikrətin poeziyası üçün səciyyəvi bir cəhətdir və bu sözləri yazarkən, onun 50-55 il bundan əvvəl qələmə aldığı “Vals” şeiri mənim yadıma düşür. “Vals” bizim milli rəqsimiz deyil, ancaq vals ritmləri üzərində yazılmış o şeir elə bir milli şair qələminin nümunəsi idi ki, yaxşı xatirimdədir, rayonlardan, kəndlərdən təhsil almaq üçün Bakıya gəlmiş və hələ şəhər mühitini o qədər də doğma hiss etməyən tələbə oğlan və qızlar belə, təhtəlşüur olaraq, “Vals”ı əzbərdən az qala elə o vals ritmlərində söyləyirdilər.

Fikrət Qocanın poeziyası doğulduğu əsrin əvvəllərindəki böyük vətəndaş sənətkarların - Mirzə Cəlilin, Sabirin, Hadinin yanğısı ilə:

Əlimdə lüğət,
Dilimi çevirirəm
O yan-bu yana.
Risk - bu bir sözdü -
İki başlı
Bir üzlü, iki tirə,
Dilimizdə yoxdu;
Varsa, hanı?
Yox, var buna bənzər -
Deyirlər bəzən
Ya apara,
Ya gətirə.
Görünür ki, bunu da deyib
İlk dəfə
Əlləri əsə-əsə kəşf eləyib
Qumarbazın biri.

- deyirdi və onun bu məşhur “Risk” şeiri qısa bir müddətdə yalnız ona görə populyar olmamışdı ki, bədiiyyatı yüksək idi - bu, öz yerində, həm də ona görə ki, 60-cı illərin ortalarında, hakim Sovet ideologiyasının, KQB-nin qılıncının dalı da, qabağı da kəsdiyi bir zamanda Azərbaycan xalqının lüğətində “riskin” olmadığını qüsur hesab edib, onu mühüm bir ictimai problemə çevirirdi, əslində xalqı riskə səsləyirdi və bu, açıq-aşkar ideoloji bir çağırış idi:

Risk, o hər nədirsə
Biz hələ onu eyləməmişik.
Biz hələ zamanı əyləməmişik.
Tutmamışıq sorğu-suala:
Hara gedirsən, bala?
Hara sürüyürsən ipləyib başımı?
Dəqiqələrin ağacdələn kimi didir,
Ömrümü, yaşımı.
Bəlkə boynu kəndirsiz olmaq olar?
Bəlkə yana burulmaq olar?

Elə həmin 60-cı illərdə gənc şair Fikrət Qoca hər şeydən şübhələnən, hər bir yazını - xüsusən ədəbiyyata yeni gələnlərin - yazılarını ideoloji zərrəbinlə oxuyan hakim ideologiya ilə bu cür ikibaşlı danışırdı:

Qanundan kənar iki addım atırıq dünyada
Biri dünyaya gələndə, o biri də,
hə də...

Olsun ki, bu günün oxucusuna belə bir ikibaşlılıq çox sadə, hətta bəsit görünsün, ancaq bu misralar yaxın keçmişdə Cavidi, yaxud da Müşfiqi, ya da başqa bir qələm sahibini “ifşa” edən əzəli və əbədi konyukturaçı demaqoqlara - nəsillər bir-birini əvəz etdikcə, onlar da formalarını dəyişə-dəyişə eləcə bir ardıcıllıqla bir-birlərini əvəz edirlər - xitabət kürsülərinə qalxıb: “Yoldaşlar, müəllif bu misralarla nə demək istəyir? Nəyə eyham edir? Məqsədi nədir? Bu nə qanundur belə? Kim qəbul edib, kim yazıb o qanunu? “ - və i.a. deyə şeytani bir ehtirasla suallar vermək üçün münbit zəmin yaradırdı.

Fikrətin şəxsiyyəti və sənəti haqqında düşünmək, son 60 ildə yaxşısı və pisi ilə bərabər Azərbaycan ədəbiyyatının və ictimai fikrinin, Azərbaycan ədəbi mühitinin heç vəchlə bu 60 ilin zaman çərçivələrinə sığışmayan bədii və ictimai hadisələri haqqında düşünmək deməkdir, çünki onun sənəti də, yaradıcılığı da biləvasitə bu hadisələrlə bağlıdır.

Ədəbiyyatımız hansı yollardan keçdi (və keçir!) və bu yollarda hansı itkilərə məruz qaldı, hansı uğurları əldə etdi, məruz qaldığı itkilərin özündə xeyrimiz nə oldu, ziyanımız nə oldu, ədəbi mühitimizdə pis-yaxşı nələr baş verdi, necə danoslar yazıldı və o danosların nəticələri nə oldu? - bütün bunlar əlbəttə, gələcək ədəbiyyat tarixlərində öz elmi təsvirini və təhlilini tapacaq, ancaq bu hadisələri biləvasitə yaşamış sənətkarların hiss və həyəcanları, daxili sarsıntı və fəxarətləri acısı və şirini ilə bərabər o ədəbiyyat tarixlərində, təbii ki, əks olunmayacaq. Mən buna çox təəssüf edirəm və şübhəm yoxdur ki, Fikrət də buna çox təəssüf edir, ancaq indiki halda bizim təəssüfümüzdən heç nə asılı deyil, çünki tarix faktları atıb, hisslərlə məşğul olası deyil.

Bu 60 il həm insani-əxlaqi, həm də siyasi-ictimai baxımdan ziddiyyətlərlə, dediyim həmin ağrı-acılarla, yalançı və həqiqi sevinc və fərəhlərlə, məğlubiyyət və qələbələrlə, mərdlik və satqınlıqla, düzlük və ikiüzlülüklə zəngin olan bir zaman vahididir və şəxsən mənim üçün bu zaman vahidinin ən mühüm xüsusiyyəti sınaqdır - şəxsiyyətin və yaradıcılığın olduqca çətin və mürəkkəb olan bu sınaqdan çıxıb-çıxmaması.

Bu zaman vahidi daxilində çox əsərlərin həyatı öz müəlliflərinin həyatından uzun olmadı, bütöv yaradıcılıqlar Sovet sistemi ilə birlikdə yox oldu, hətta biz elə tragik hadisələrin şahidi olduq ki, müəlliflər - yalnız Azərbaycanda yox, bütün keçmiş SSRİ məkanında - öz əsərlərindən imtina etdi, şəxsiyyətlər sındırıldı, danos yazan da, o danosdan istifadə edən də oldu, ədəbiyyata yox, konyukturaya xidmət edərək, ad-san qazanan ədəbi generallar və onlara xidmət edən ədəbi lakeylər də oldu, sınmayanlar, açıq alınla yaşaya-yaşaya öz yaradıcılığı ilə məşğul olanlar da oldu.

Bu 60 ildə Fikrət Qocanın poeziyasında - SSRİ-nin çökməsindən sonra elə bir şeir, poema tapmaq mümkün deyil ki, bu gün o, bundan imtina etsin, bunun xəcalətini çəksin, bu günün oxucusundan utansın və Fikrətin şeirləri arasında zəifini tapmaq mümkündür, ancaq onlarda bədii saxtakarlıq tapmaq mümkün deyil.

Fikrət o şairlərdəndir ki, onun şeirlərinin poetikası ilə mövzusu arasında zəncirvari bir bağlılıq var və bu şeirlərin formasını da onların məzmunu müəyyənləşdirir, buna görə də o, sərbəstdə də təbiidir, hecada da, destruktiv şeir formasında da. Fikrət o şairlərdən deyil ki, hecada yaza bilmədiyi üçün, sərbəstdə yazır, yaxud da əksinə, sərbəstdə yaza-yaza hərdən hecada da nəsə quraşdırmağa çalışır, onda “zorən-təbib”lik, formaların doğmalığı-yadlığı yoxdur və bu təbiiliyin sayəsindədir ki, onun şeirlərinə yüzlərlə mahnılar bəstələnib.

Həm məzmun, həm də forma baxımından Fikrətin başqa bir məşhur və səciyyəvi lirik şeirini bütünlüklə misal çəkmək istəyirəm:

Gözümün işığına
hər kiprik bir yük olur,
Gecə yaman uzundur.
Bəzən bir ömürdən də
bir gecə böyük olur.
Gecə yaman uzundur.
Xəyallar şirin-şirin,
xəyallar acı-acı,
Gecə yaman uzundur.
Qəlb vüsalın möhtacı,
göz yuxunun möhtacı,
Gecə yaman uzundur.
İndi yəqin yuxuda
xumar-xumar gülürsən.
Eh... sən hardan bilirsən
Gecə yaman uzundur.

Artıq neçə onilliklərdir ki, Firəngiz Babayevanın bəstələdiyi gözəl bir mahnının bu sözləri dinləyiciləri gözəl də bir estetik aləmə aparır, o aləmə ki, orada hər şey incə, zərif və həzindir; orada hər şey tərtəmizdir, pakdır.

Bütün əsl sənətkarlar kimi Fikrətin də poeziyasında insan birmənalı məxluq deyil, nə “mənfi qəhrəmandır”, nə də “müsbət qəhrəman”, eyni adamın içində - birində az, o birində çox dərəcədə - yaxşı da, pis də müştərək ola bilər, çünki “daxili aləm” dediyimiz məfhum çox mürəkkəbdir və bu aləmdəki ziddiyyətlər bəzən insana olmazın əziyyətini də verir - elə bütün bunlara görə də o, qrafoman ədəbiyyatında “müsbət”, yaxud da “mənfi” müqəvva, həqiqi ədəbiyyatda isə canlıdır, ətli-qanlıdır:

İnsan özündən kiçiyə acıqlanmaz.
İnsan özündən böyüyə arxalanmaz.
İnsan buz kimi soyuq olmaz,
İnsan hədər yerə yanmaz.
İnsan döyməz,
İnsan döyülməz.
İnsan neylər bəs?
Bunların heç birini eləməsə,
İnsana insan deyilməz.

Bu 60 ildə Fikrət Qocanın şəxsiyyəti də dediyim o ziddiyyətlərin, o təhrik və şirnikləndirmələrin, o insani dəyərlərin, cəlbedici flyuger ab-havasının, o dostluq, xeyirxahlıq və sədaqət meyarlarının sınağından şərəflə çıxdı və onun kiminsə xoşuna gələn, kiminsə xoşuna gəlməyən tənqidi də, tərifi də həqiqi hisslərinin ifadəsidir, burada yalançı bir şey yoxdur, vicdanı ilə üz-üzə dayanıb necə düşünürsə, necə hesab edirsə, o cür də deyir və yazır. Və Fikrət yazanda ki:

Dəyanətdə, etibarda mən dağlardan möhkəməm,

- onun şəxsiyyəti və həyatı bir çox şairlərin dediyi, ancaq eləcə də göydən asılı qalan və istehzalı bir təbəssümə səbəb olan bu fərdi iddianı doğruldur, çünki həqiqətdir.

İki sözü var dünyanın,
Biri doğru, biri yalan.
...İki yolu var dünyanın
Biri əyri, biri də düz.

Bu sözü və bu yolu seçməkdə Fikrət üçün heç vaxt - nə dünən, nə bu gün, nə də sabah heç bir problem olmayıb və olmayacaq: Fikrət həyatda da, poeziyada da doğrunun yanında olub və onun həyat və sənət yolu da doğru yol olub.

Fikrətin daxilində böyük mənəvi güc var və başqa dostlar kimi, mən də bunun şahidiyəm ki, səksəninci illərin ortalarında o, hansı bir mənəvi gücün mübarizəsi ilə ağır bir xəstəliyi məğlub etdi, lap bu yaxınlarda ikinci dəfə onun həyatına hücum etmiş fələyi həmin mənəvi güclə necə yerində oturtdu. Bu da mənim biləvasitə şahidi olduğum və sənətkara insani münasibət baxımından yüksək qiymətləndirdiyim bir faktdır ki, səksəninci illərdə Heydər Əliyev - o zaman nəhəng SSRİ-nin ən nüfuzlu rəhbərlərindən biri idi, - bu yaxınlarda isə şəxsən İlham Əliyev Fikrətin səhhətində ciddi problem yaranarkən, onun müalicəsi ilə bağlı necə təcili müdaxilə etdilər, şərait yaratdılar və o mənəvi güc də ki, Fikrətdə var idi, bu şəraitdən qəhrəmanlıqla istifadə etdi.

O mənəvi gücün miqyası elədir ki, hələ uzun zaman bu gün səksən yaşını təbrik etdiyimiz Fikrət Qoca ilə birlikdə olacaq, onun həyatını da, yaradıcılığını da qoruyacaq və mən buna tamam əminəm, çünki Fikrətin şeirlərindən birinin lirik qəhrəmanı öz istəklisinə deyəndə ki:

Əgər çatılsaydı qaşın kamanı,
Kainat xətrinə dəysəydi əgər,
Elə silkələrdim mən asimanı,
Ulduzlar tut kimi tökülərdilər.

- mənim üçün bu misralar Fikrətin daxilindəki həmin mənəvi qüvvənin ifadəsidir. Qocaman bir ağac gələcəyə aparan yollara toxum səpdiyi, nəsil artırdığı kimi, Fikrət Qocanın mənəvi qüvvəsi də həmin yollara ömür səpir:

Mən hara, ölüm hara,
Ömür səpdim yollara...

Və nəhayət, 55 illik dostluğumuzun mənə verdiyi səlahiyyətdən istifadə edərək, bu qeydlərin sonunda Fikrətin bir şeirindəki misralarla heç vəchlə razılaşmadığımı demək istəyirəm:

Yaxşı ki, dünyada yaşayıram mən,
Bir insan adını geyib əynimə,
Bir insan ömrünü alıb çiynimə,
Günlərdən-günlərə daşıyıram mən.
... Heç mən olmasam da, boş qalmaz yerim,
Min Fikrət tapılar tanışa, yada...

Əzizim Fikrət!

Deyəsən, burada bir az hissə qapılmısan. Bir insandan nəinki minini, heç birini də tapmaq olmaz.

Xüsusən də, bu insan şair ola.

Və xüsusən də, bu şair Fikrət Qoca ola.

27 sentyabr 2015
Zuğulba

# 1159 dəfə oxunub

Müəllifin son yazıları

# # #