Sevməyin bizi gözləyən qadınları...

Sevməyin bizi gözləyən qadınları...
4 avqust 2014
# 09:48

Kulis.Az tanınmış şair Zahir Əzəmətin “Cəbhə Şeirləri”ni təqdim edir.

Əsgər məktubu / arxa cəbhəyə!

Sizə zəfər gətirəcəyik

bizə məktub yazın heç olmasa

sətirlərdən ürəyiniz boy versin

səbrlə dinləyin şikəst qayıdan

əsgər yoldaşlarımızın gecə sayıqlamalarını

üz çevirib getməyin uşaqlarımız dilənəndə

su verin

çörək verin!

atalarımıza siqaret

analarımıza ürək-dirək verin…

Sizə zəfər gətirəcəyik

bizə barıt qoxusu dadmayan

səhər saxlayın

bir az günəş

bir az dəniz…

bir az da soyuq xırdalan pivəsi

şəxsən mənim üçün

və sevməyin ay əclaflar

bizi gözləyən qadınları

Təşviqat vərəqəsi / ön cəbhəyə!

Endirilmiş bayraqları güllələməyin

öldürülmüş əsgərləri tapdalamayın

yaralılara su verin

əsirlərə təbəssüm

daha bir döyüş bitdi deyə gülümsəyin

işğal etdiyiniz torpaqlarda ev tikməyin

ev uçurtmayın

qıcıqlandırmayın yiyəsiz evlərin itlərini

həmişə üstünüzdə uşaq şəkli gəzdirin

və unutmayın

müharibələr yalnız

bayağı marşları çeynəmək üçün deyil

P.S. insanları öldürüb də

sonra qulaqlarınızı dayamayın ürəklərinə…

Cəbhə lətifəsi

Döyüş arası fasilələrdə

bəzən daha dadlı görünərdi bizə

mülki lətifələr hərbi

yeməklərdən

Və biz üç nəfər

yenə yaman daraşmışdıq

köhnə adətimizə

Belədi də

bəzən min dəfə eşitdiyin lətifə də

gülməli çıxır…

Al bu da sənə təzə lətifə -

bir mərminin ucunda

saplandı aramıza

ölüm də lətifədir!

Bu

ağdamlı əli

bu da havada üzülmüş başını axtaran

bir cüt əli

Bu

ləzgi səməd

azca aralıda hoppanıb düşən ayaqlarına

- eyy məni də aparın! - deyə

son dəfə gülümsəyir

Bu da mən…

üç gün sonra ayıldım hospitalda

buraxın məni deyə qışqırdım

diksindi pəncərəyə qonan sərçələr…

Sonra tanıdım həkimi -

dağlı vahabın üçüncü oğlu

uşaqlıq dostum

Əl verib görüşmək

bağrıma basmaq istədim

bilirsənmi nələr oldu deyə…

Və daha bir yol qışqırdım…

Pəncərəni bahar örtmüşdü

həkimin üzünü payız…

Bahar da lətifədir

həyat da

Küfr

Bu ocağın odunda yetimlik
çörəyinin dadında yetimlik
uşağında qadınında yetimlik

yoxsullar vətənsizmiş

Vurulub azərbaycan xəritəsi
pəncərəyə şüşə əvəzi…
sızlayır divarın boz çatlarında
unudulmuş kişi nəfəsi

qadınlar bədənsizmiş

Ölü işıqlar yağır
bu evin umud təknəsinə…
sığınıb bir yetim uşaq
müharibədə ölən atasının
uzunboğaz çəkməsinə

çəkmələr xəbərsizmiş

# 3003 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #