Furqan Sadiq: “Sümük”-Ən qısa hekayə

Furqan Sadiq: “Sümük”-Ən qısa hekayə
25 dekabr 2013
# 11:00

Kulis.az Furqan Sadiqin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sümük” (470 işarə) hekayəsini təqdim edir.

Qonşu həyətdə qışqıran Rəşid, ağlayan isə Zöhrə arvaddı.

Həmişə belə olurdu: pulu qurtaran narkoman oğul yapışırdı anasının boğazından. Çox vaxt Zöhrə arvadda da pul olmurdu və o döyülürdü. Bu dəfə də...

Yelləncəkdə nəvəsini yelləyən İsmayıl kişi qonşu həyətdən gələn bu qışqırıq səsini eşitcək:

- Sümük olub qalıb anasının boğazında namussuz!-dedi qəzəblə...

Keçən il kobud şəhadət barmağıyla boğazında qalmış sümüyü çıxaran çöpçü qarını xatırladı uşaq. Ağladığını da xatırladı.

Və fikirləşdi ki, adam öz anasının boğazında necə qalır, görəsən?!

# 1594 dəfə oxunub

Müəllifin son yazıları

# # #