Tacir Şahmalıoğluna aktyor döydürənlər

Tacir Şahmalıoğluna aktyor döydürənlər
15 aprel 2015
# 11:30

Bir zamanlar Lider TV-də yayımlanan “Just for laugh” kamera zarafatlarından ibarət yumoristik verilişə çoxumuz baxıb gülmüşük, əminəm.

Heç nədən xəbərsiz insanlara zarafatlaşmaların gizli kamera ilə çəkilməsindən bəhs edən bu qısa metrajlı serial bütün dünyada məşhurdur.

Bu və bu formatda olan digər verilişləri populyar edən, heç nədən xəbərsiz olan insanların zarafatlara verdiyi səmimi reaksiyalarıdır.

Çəkilişlər təbii ki, Avropa ölkələrində olurdu. İnsanlar çox sərbəst, səmimi və mehriban görünürdülər. Hər dəfə bu verilişə baxanda o insanların səbrinə, əzminə, özlərinə hakim olmaqlarına heyrət edirdim.

Düşünürdüm ki, görəsən bizim insanlar belə zarafatlara necə reaksiya verərdilər? Ağlıma gələn versiyalar heç də ürəkaçan olmurdu.

Çox keçmədi ki, bu formatda verilişləri bizim televiya və prodakşnlar da hazırladılar. Ancaq nə etsələr də şit, kobud, bayağı alınır.

Şit ona görə ki, zarafat üçün hazırlanan ssenari bizim mentalitetə uyğunlaşdırılır və bu zaman qol-qanadı qırılır.

Kobud ona görə ki, zarafat obyekti olan insanlar kobud reaksiya verirlər, hətta onlarla zarafat edildiyinə görə özlərini alçaldılmış hesab edirlər.

Bayağı ona görə ki, yeni heç nə yoxdur, doğru sosial mesaj verilmir.

Bu yaxınlarda müğənni Tacir Şahmalıoğlu ilə gizli kamera zarafatı etdilər və necə deyərlər, ağızlarının payını aldılar.

Səbəb isə aydın idi: şit-mənasız ssenari və o qədər də mənasız aktyor oyunu.

Gizli kamera zarafatlarının məqsədi insanların gözlənilməz durumlarda düşdüyü gülməli (!) vəziyyəti tamaşaçıya göstərmək, onu güldürməkdi.

Yoxsa ki, bir insanı bezdirib, əsəbiləşdirib özünü döydürmək və söydürmək yox.

Bəhs etdiyim “zarafatda” çox qıcıqlandırıcı vəziyyət alındı.

Bu çarxa baxanda əvvəlcə Tacir Şahmalıoğlunu qınadım, amma sonradan bir az düşünəndə qınaq obyektim dəyişdi.

Sərxoş rolunda gəlib Tacir bəyi dəfələrlə və sırtıqcasına bezdirən, özündən çıxardan aktyor sonda Tacir bəy tərəfdən döyülür.

Tacir bəy bu verilişin tək qurbanı deyil, ondan öncə də “Sevimli şou”nun aparıcısı Mikayılın başına eyni oyun gətirilmişdi. Yenə dava-dalaş və söyüşlər.

Dava edən, söyüş söyən insanlara tamaşa etmək sizə gülməli gəlirmi? Bir necə dəfə çarxa baxıb gülməyə bir səbəb axtardım, amma boşuna.

Bu veriliş necə bir sosial mesaj verir?

O verilişə baxanların yolda dava edən iki əyyaşın davasına yığılıb baxan bir dəstə boş-bekar insanlardan nə fərqi var?

Halbuki, gizli kamera ilə çəkilişlər edib insanlara, cəmiyyətə səhvlərini göstərib və o səhvləri düzəltməyə dəvət etmək olar.

Belə verilişlərin köməyi ilə doğru sosial mesajlar da vermək olar.

Məsələn, Türkiyənin dövlət kanalı TRT1-də hər bazar günü, axşam 8:00-da yayımlanan “Sen olsan ne yapardın?” (Sən olsan nə edərdin?) verilişi kimi.

Verilişdə aktyorlar kafe, market, aptek, mağaza və sair ictimai yerlərdə hər hansı problemli situasiya canlandırır və gizli kameralar xəbərsiz insanların reaksiyasını qeydə alırlar. Baxdıqda istər-istəməz öz-özümə “Mən olsam nə edərdim?” sualını verirəm.

Məsələn, mənə ən çox təsir edən situasiyalardan biri marketdə cərəyan edir. Görmə qüsurlu bir alıcıya kassadakı qız pulu əskik qaytarır və bunu görən digər alıcılar kassirə etiraz edirlər.

Amma bu etirazı da çox ehtiyatla və mədəni şəkildə edirlər. Siz olsanız nə edərdiniz? Kömək edərdiniz, yoxsa özünüzü görməzliyə vurardınız?

Bu veriliş mənə çox təsir etdi. İstərdim ki, bizim kanallarda da bu cür, insanların vicdanına səslənən, cəmiyyətin səhvlərini cəsarətlə göstərən verilişlər hazırlansın.

Vaxtilə teleməkanda işləmiş bir tanışıma bu verilişin linki yolladım ki, fikrini bildirsin. “Bizdə də belə bir veriliş hazırlamaq olarmi?” deyə soruşdum.

Cavabında dedi ki, yaxşı layihədi, amma bizdə heç bir telekanal buna girişməz. Bizim telekanallar ucuz başa gələn və reytinq toplayan verilişlərə üstünlük verirlər. Teleməkan da belə verilişlərlə doludur.

Uzağa getmirəm, Türkiyə və Rusiya televiziyaları tamaşaçısı üçün hazırlanan verilişlərə baxanda, öz tamaşaçılarına verdiyi qiyməti görəndə pis olmursuz?

Niyə bizim diqqətimizi çəkmək üçün belə layihələr hazırlamırlar?

Niyə diqqətimizi manıslarla, onların qalmaqalları ilə, barışıb küsməkləri ilə cəlb edirlər?

Niyə təranə-musaları, nadirləri, əlikramları bizə layiq görürlər?

Niyə biz onların səviyyəsinə enirik?

Niyə onları diqqətimizi qazanmaq üçün bizim səviyyəmizə qalxmağa məcbur etmirik?

Biz televiziya kanallarının hazırlayıb qarşımıza sanki “it payı” kimi atdıqları mənasız verilişlərə baxmaq məcburiyyətində deyilik.

Onlar bizə məcburdurlar!

P.S. Mən bu yazını yazdıqdan sonra Aşıq Ədalətin Aşıq Namiqi söyməsi “Şok, Şok, Şok!” manşetiylə yayıldı. Aşıq Ədalətin söyməsi və Namiqin söyülməsi sizi niyə belə təəccübləndirir ki? Burda nə var ki? Niyə şişirdilir ki? Kanalın belə ucuz qalmaqallarla tamaşaçı cəlb etməsi qədər, tamaşaçıların belə ucuz yemlərə aldanmaları da acınacaqlıdır.

# 907 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #