Əlisəmid Kür "Qan-tər içində" VİDEO

Əlisəmid Kür "Qan-tər içində" VİDEO
7 fevral 2014
# 14:29

Bu gün şair Əlisəmid Kürün 60 yaşı tamam olur. Kulis.Az Əlisəmid Kürün "Qan-tər içində" şeirini şairin öz dilindən təqdim edir.

Əqrəbləri itmiş saat kimiyəm,
Vaxt ölür, çökür içimdə.
Cin çapmış at kimiyəm, -
Qan-tər içindəyəm, anam,
qan-tər içində.

Zaman dolaşıq nər qovğasında,

Şeytan-mələk davasında
Ürəyim əlimdən gedir,
Çırpınır qollarım qoynumda, -
Gecəm qan-tər içində, anam,
Günüm qan-tər içində.

Bu əlim, bu da lal dilim,
Sözü xəmir kimi yoğuran dilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib becərən dilim, -
Sözüm qan-tər içində, anam,
Dilim qan-tər içində.

Alnımın qırış yerindən
Taleyin çaparı keçir.
Bu yurdun süyər yerindən
Bir ölüm qatarı keçir, -
Elim qan-tər içində, anam,
Obam qan-tər içində.

Toxtayıb, səbrimdən asıldım,
Buğlanıb, ruhumdan asıldım,
Can hanı, qəbrimə qısıldım -
Söndüm qan-tər içində, anam,
Öldüm qan-tər içində.

# 3066 dəfə oxunub

Müəllifin son yazıları

# # #