Füzuliyə həsr olunmuş ən gözəl şeir

Füzuliyə həsr olunmuş ən gözəl şeir
19 may 2019
# 11:12

Kulis.az “Bazar oxusu” layihəsindən Füzuli haqqında yazılmış ən gözəl şeirlərdən biri olan Əli Kərimin “Füzuli” şeirini təqdim edir.

Dünya səni qocaltdı yaşıdın olsun deyə

Gömüldü dərdin yerə, ucaldı ahın göyə.

Dərdə şərik - dərd özü, sükut - suala cavab.

Qranit dağlar belə, gətirməzdi buna tab.

Füzuli, o nə dövran!..

Görsələr yanır insan

Yanana od verdilər.

Füzuli, o nə kədər!

Görsələr donur insan,

Donana buz verdilər...

Füzuli, o nə qədər? –

Görsələr batır insan,

Batana dəryaları

birdən bəxş elədilər,

Dünya səni qocaltdı,

Qocaldın dünya kimi,

Könlün kədərlə dolu -

çalxanan dərya kimi.

Gəldi kəsdi qapının ağzını şöhrətlə ad.

Ey böyük ustad,

heyhat,

Ürəyində o ada, şöhrətə yer vardımı?

Min bir kədər əlindən

orda yer qalardımı?

Gəldi cavan bir qızın

vədəsiz məhəbbəti,

Könlündə dərd əlindən

bu eşqə yer vardımı?

Bəzən də xanəndənin

cilvələndi sənəti,

Qəzəllərindən ayrı

qəzəl oxunardımı?

Doğma sözlərinə də

qəlbində yer vardımı?

Dünya səni qocaltdı -

cavan görünsün deyə,

Yanğınlar tüstüsütək

ahın ucaldı göyə.

Sən od tutub alışdın.

Bu odu qoca Şərqin

hər yerindən gördülər -

gördü bu doğma yerin.

Bütün bu gen dünyanın

gözləri göydə qaldı.

Göy də şəfəqlər saçan

ahına baxdı, daldı.

Dedilər ki, fələklər

yaratmışdır bu odu,

Fəqət bu oda yanan

fələklər özü oldu.

Baxıram ucalardan

gəlir Füzuli səsi.

Görünür ucalarda

onun nurlu izləri.

O ulduzlar

Füzuli yanğısının közləri,

O Günəşdə Füzuli odunun nişanəsi.

# 18752 dəfə oxunub

Müəllifin son yazıları

# # #