Sözə ömür verən şair

Sözə ömür verən şair
27 dekabr 2016
# 11:25

Kulis.az Hikmət Məlikzadənin “Sözə ömür verən şair” yazısını təqdim edir.

Fərid Hüseynin “Bir də heç vaxt” kitabı barədə

Zamana baxışları ilə ruh verən istedadlı şair Fərid Hüseyn ədəbi gerçəyində də tənqid özünü poetik simvol kimi xarakterizə edir və fəlsəfi hiss və duyğuları əvvəl zaman meyllərindən keçir, dürüst ədəbi ovqat yaradır.

Zahiri-bədii əlamətlərinə görə poetik zəmini iki müstəviyə ayırmaq olar: Birincisi, fikrə meyletmədə fəlsəfi zərurət tapmaq; ikincisi, bədii zərurətdə məqsədə məntiq və məna verə bilmək. Səmimi deyək, Fərid Hüseyn poeziyası hər iki yönə səmt verə bilir. Bu gerçəyi onun şeirlərindən parçalarla isbat edək:

Qulaqlarınız tutulub öz səsinizdən,
gözləriniz kor olub cibimin qaranlığından,
dişləriniz əyilib sərxoş gecələrdə
qürbət dəlikləri çeynəməkdən...

...Biz doğulandan "kəmərimizə"
bir topa gözəgörünməz açar asılır,
bir qapı bağlanır üzümüzə həmişə,
bir qapı açılır...

(“Açarlar” şeiri)

Bu sətirlərdə parlaq istedadlı şair fikir gücünü tam ortaya qoya bilib. Və eləcə də sözə bədii məntiq və məna verə bilmək qənaətini ustalıqla sərgiləyib. Diqqət yetirək: “...Qulaqlarınız tutulub öz səsinizdən, gözləriniz kor olub cibimin qaranlığından...” poetik məqamı fəlsəfi ovqatla cızılıb. Yaxud, “...Biz doğulandan "kəmərimizə" bir topa gözəgörünməz açar asılır, bir qapı bağlanır üzümüzə həmişə, bir qapı açılır..” və “...dişləriniz əyilib sərxoş gecələrdə qürbət dəlikləri çeynəməkdən...” bədii gerçəyində şair hissi zərurətə məntiq və məna verməklə, həm də oxucunu zahiri əlamətlərinə görə fərqlənən fərqli sözə inandıra bilib.

“...dişləriniz əyilib sərxoş gecələrdə qürbət dəlikləri çeynəməkdən” fəlsəfi aspekti dərin düşüncələrə nüfuz edir.

Səndən qaçmaq mümkünsüzdü,
fərari olmaq olmur.
Sən göstərdin ki,
qadın kişiyə bir cüt qabırğa əvəzində
bütün canını verə bilər.

(“Sənsizlik” şeiri)


***

İnsan hərdən “sevirəm” deməyə vaxt tapmır - ölür.

Əslində, sevmək də, ölmək də

zamansızlığın içində gizlənir.

Saat, dəqiqə, saniyə şərti zaman ölçüləridi,

sevmək də, ölmək də bir anda olur,

bir anda...

(“Bir anda” şeiri)

Bədii hissinin astanasında Fərid Hüseyn bir çox fikirlərin həyat və tale bağlılığını qabardır. Məsələn, “Sən göstərdin ki, qadın kişiyə bir cüt qabırğa əvəzində bütün canını verə bilər” fəlsəfəsi özündə şeirin ovqatını gerçək ruha bükə bilmək gücü tapır. Elə “İnsan hərdən “sevirəm” deməyə vaxt tapmır – ölür” gerçəyinin içindən də bu hiss qırmızı xətt kimi keçir. Belə demək mümkünsə, Fərid Hüseyn ümumi ampluada təzahür edən zəruri-vacib şərtləri mənalandırır, adi fikirdə mürəkkəb gedişlər etməklə sözə ömür verir.

Real müstəvidə zahiri paralellər tapmaq, həyatı zamanın miqyaslarına görə müstəvilərə ayırmaq Fərid Hüseyn istedadının qavradığı çalarlardır.

O, şeir yazarkən qələmə aldığı hisslərdə səmt tapmaq, sözün miqyasını təyin etmək şansını itirmir. Buna görə oxucu onun fikirlərinin sanbalını duya bilir.

Ölüm deyil bir qadının yoxluğu.
Ən uzağı soyuq yemək deməkdi.
Ən ötəsi həvəssizcə əyninə,
Təzə, amma qırış köynək geyməkdi.

Gedən getsin, qapım Novruz qapısı -
gedənə də, gələnə də açıqdı.
Bir cüt gözdü onu burda gözləyən.
Onsuz axı yatmaq olar? - Ayıbdı.

(“Ölüm deyil bir qadının yoxluğu” şeiri)

***

Başını qoysan - sevda balıncıdı,
qoymasan, tabut yeridi çiynim.
Səni görsəm, muştuluğa uzanmış ələm,
görməsəm, papağına zillənmiş dilənçi.

(“Sənsizlik” şeiri)

Bu parçalarda sistemli-ciddi yanaşma var. Fərid Hüseyn iti şair fikirlərindəki dürüst mənalara ötürməklə ilk olaraq oxucu qavramasına nail olur, sonra da zaman xarakterləri üzrə spesifik əlamətlər aşkarlayır - məsələn, “Ölüm deyil bir qadının yoxluğu, Ən uzağı soyuq yemək deməkdi”. Yaxud, “Başını qoysan - sevda balıncıdı, qoymasan, tabut yeridi çiynim. Səni görsəm, muştuluğa uzanmış ələm, görməsəm, papağına zillənmiş dilənçi...” Bu fikirlərdəki spesifika həqiqi ədəbi silkələnmələr yaradır. Şair, öz mənbəyini fəlsəfi dərinlikdən götürən bu fikirlərdə oxucunu poetik sözə inandıra bilir: “Ölüm deyil bir qadının yoxluğu...” poetik misrasının sonucu ilə realizə etmək heç də çətin deyil. Yəni yoxluqdan sonra başlanan yaşam, ya da ölümə üstün gəlmək gücü olan yoxluq təcəlla tapır.

Məcnun Leylinin

ordusu tərəfə keçdi deyə

uduzdu həmişə.

Sənin gözlərin tərəfə keçmişəm -
bir ordu adama uduzuram indi.

(“Qatarda şeiri)


***

Daha məni insanlarla bərabər

əşyaların taleyi düşündürür:
Məsələn, sənin aldığın qol saatı

vaxtı göstərməkçün yox,
sənsizliyi hesablamaqçündü...

(“Bir də heç vaxt” şeiri)


***

Ömrə ad qoymaq olmur;
bəlkə geyindiyin bədəni
dəyişəksiz paltar kimi
sapı süzülənəcən -
yıxılıb ölənəcən
əynində daşımaqdı?
Vüsal - eyni tavanın,
həsrət - eyni göylərin

altında yaşamaqdı.

(Təsbeh” şeiri)

Hər üç şeir parçasında poetik cəzbetmə ruha cazibələr verir. “...gözlərin tərəfə keçmişəm - bir ordu adama uduzuram indi”, “Ömrə ad qoymaq olmur; bəlkə geyindiyin bədəni dəyişəksiz paltar kimi sapı süzülənəcən - yıxılıb ölənəcən əynində daşımaqdı?” israrının açdığı qənaətlər fərqli bədii tapıntılardır. Belə halda Fərid Hüseyn fikrinin oxucu yaddaşına təsiri daha artır. Və istedadlı şairin yaradıcı-ədəbi münasibəti bizi razı salır. Əgər o, adi bir fikri özünün poetik nisbəti kimi xarakterizə edib, onun əsas yönəlmə səmtini tapa bilirsə, deməli, ruha təsir edən mənaları da poeziyasının bütün səmtlərinə ötürə bilir.

Dayanmısan şəkildə - o uzaq keçmişimdə,
qoşa şəkillərdə mən əvvəl özümə baxardım,
indi sənin yanımda durub-durmadığına.
Elə bil şəkillərdən də qaçaraqdır ayağın,
bir gün alboma baxıb görəcəm sən yoxsan ta.

(“Şəklin arxasına yazdığım şeir”)

***

Məni öldürsən, qanlı köynəyimi
verəcəyin adam yoxdu.
Mən ölməkdən yox,

köynəyimin yiyəsiz
qalmasından qorxuram.

(“Tək qalmış əlin səsi” şeiri)

Sadə hisslərində mürəkkəblik əks olunan şairin öz salvarı, məna və məzmunu ilə fərqlənən “...qoşa şəkillərdə mən əvvəl özümə baxardım, indi sənin yanımda durub-durmadığına” və ya “Məni öldürsən, qanlı köynəyimi verəcəyin adam yoxdu. Mən ölməkdən yox, köynəyimin yiyəsiz qalmasından qorxuram” kimi fəlsəfi eyhamlarında bir şair dürüstlüyü, əsl poeziya səciyyəsi var. Bəlkə də o, fikir ifadə edərkən hisslərini cilalamaq məqsədi güdmür, lakin tərzlər xüsusunda fərqli səmt tapa bildiyinə görə şeirləri oxucu tərəfindən sevilir.

# 931 dəfə oxunub

Müəllifin son yazıları

# # #