Sosial şəbəkələrdə oğurlanan silah

Sosial şəbəkələrdə oğurlanan silah
6 avqust 2014
# 12:32

Yazıçı Şəmil Sadiqin “Odərlər” romanından aşağıdakı parçanı gündəmlə səsləşdiyi üçün oxuculara təqdim edirik.

Sosial şəbəkə

Dünya yaranandan insan sözün əsiridir. Söz formasını dəyişməsə də, zaman – zaman məna yükünü, təqdimat formasını dəyişib. Sözü təqdim edənlər onun alt şüuruna gizlin sirləri ya bilərəkdən, ya da fərqinə varmadan yerləşdirib. Onu oxuyanlar isə öz istədikləri formada yozub, sübut etməyə çalışıb. Söz Tanrının sirri olduğu üçün insan hələ də onun sehrindən çıxa bilmir, ifadə etdiyi mənanın çoxluğu arasında başını itirir. Qətran Təbrizi sözün həqiqətə, varlığa münasibətindən danışarkən yazır: “Söz varlığı olmayan, həqiqi aləmdən kənar bir anlayışdır.” Həqiqi aləmdən kənar, bizim dərk edə bilməyəcəyimiz yeganə varlıq isə Tanrıdır. Füzuli fəlsəfəsində deyildiyi kimi, sözün qüdrəti, gücü əli qılınclı böyük ordulardan daha böyükdür. Tanrı haqq və ədalətin bərpası üçün insana iki böyük silah vermişdi: Söz və qılınc. Amma insanlar sözün dəstəyindən tutub onu yüksəklərə qaldırıb, şərin başını kəsə bilmədiyi təqdirdə daha asanını – silahı əlinə alıb və qan töküb. Min illərdir ki, Tanrının sirrinin sözdə olduğunu dərk edənlər onun yarandığı mücərrəd elementləri araşdırıb, bunu əldə etmək üçün institutlar, akademiyalar yaradıb. Həqiqətin başının zorla kəsilə bilməyəcəyini müəyyənləşdirən əsilsizlər qılıncı kənara qoyub, söz oyununa girişmiş, onun sehri ilə bükülməyən dizləri büküb, qırılmayan iradələri qırıb, kəsilməyən başları kəsib. Artıq dünyanın idarəçiliyinin sözün əlində olduğunu çoxları dərk edir, amma ona qarşı dura bilmirlər. Uçuruma aparan sehirli sözlərin ardınca gedirlər. Uçuruma düşdükləri zaman bunu dərk etsələr də, artıq gec olur.

...Bu gün dilimizdə tez – tez səslənən bir ifadə var: informasiya əsridir. Əslində, həmişə informasiya əsri olub. Amma bu gün informasiyanın təhlilinin əsridir. Bunu dərk edə bilməyən bəşəriyyət artıq aldığı informasiya dəryasında boğulur. Halbuki hər damlasında böyük mətləblər gizlənən su kimi, sözün də hər hecasında gizlin mətləblər gah xoruldayır, gah da mışıl-mışıl yatır. Susuzluqdan yandığın zaman sənə yetəcək bir damla su əvəzinə, özünü dəryaya vurub acgözlüklə, birnəfəsə informasiyaları içirsən və beləcə boğulursan. Deməli, sözün təhlili və anlamını başa düşmək daha əhəmiyyətlidir.

Ver sözə ehya ki, tutduqca səni xabi – əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

(M.Füzuli)

Bəli, zaman sözün qılıncdan güclü olduğu bir zaman idi. Sözlə silahlanmış sosial şəbəkələri insan kainatı idarə edirdi. İnternet əsri dünyanın işini asanlaşdırdığı qədər də çətinləşdirirdi. Artıq camaat qəzet, televiziya və jurnallardan daha çox sosial şəbəkələrdə olan şəxsi səhifələrdəki məlumatlarla idarə edilirdi. İnsanlarda belə bir fikir formalaşmışdı ki, böyük mətbuat qurumları sifarişlə işləyir, təqdimatlarını sifarişlə qururlar. Sifarişlərin kökü isə həmişə hansısa gizli təşkilatlara, qüvvələrə bağlanırdı.

...Yay səhərlərinin birində sosial şəbəkələrdə yeni bir xəbər yayıldı. Bu xəbərdə deyilirdi ki, Azərbaycanın Ermənistanla təmas xəttində yerləşən hərbi hissələrindən birində bir qrup hərbçi silah – sursat və pul oğurlayaraq qaçmışdır. Müxalifət qəzetlərində də bu xəbər dərc edildi. Amma qəzetlərin hərəsi bir ehtimal irəli sürürdü. Aparıcı qəzetlərindən biri yazırdı: “Azərbaycanlı əsgərlər hərbi hissədən külli miqdarda pul və xeyli silah-sursat götürərək Gürcüstana qaçmış, oradan da Avropaya keçmişdilər.” Xarici qrantlar hesabına yaşayan digər bir qəzet isə yazırdı ki, həmin hərbçilər hərbi hissənin xəzinədarını öldürərək pulları əldə etmiş, Ermənistan tərəfə sığınmışlar. Hərbi hissədəki özbaşınalıq bütün əsgərləri cana gətirmiş, çıxış yolunu Ermənistana, ordan da neytral ölkəyə keçməkdə görüblər.

Bir qəzet də yazırdı ki, bu əsgərləri erməni kəşfiyyatı əsir götürmüşdür. Ona görə də dövlət bu rəzalətə görə heç bir açıqlama verə bilmir.

Xeyli versiyalar meydana atıldı... Hər kəs bu mövzuda danışır, televiziyaların xəbərlərini gözləyir, amma bu barədə dolğun və inandırıcı bir məlumat eşitmədiyində başını aşağı salıb güzəranını keçirirdi. Müxalifət televiziyaların bu hadisəni səssiz qarşılamasından istifadə edib sosial şəbəkə tribunalarından xalqın aldadıldığını söyləyir, siyasi məqsəd üçün çox yaxşı istifadə edirdi. Elə bil, doğrudan da iqtidar qəzetlərinə və televiziyalarına bu haqda xüsusi tapşırıq verilmişdi. Hər hansı bir metronun girişindəki daşın üstündə “Allah” yazıldığını iddia edən mövhumatçı gəncləri ekranlara çıxaran, hər hansı bir kölgənin ruh olduğunu söyləyən xəstə təxəyyülləri işıqlandıran, əqidəsi və şəxsiyyəti olmayan bəzi mütrüf tayfasının bir-biri haqqında dediyi iyrənc fikirləri Azərbaycan auditoriyasına sırıyan müstəqil televiziyalar bu qədər həngaməyə heç nə olmamış kimi münasibət göstərdi. Hətta bunun şayiə, yanlış olduğunu da səsləndirmədilər. Bunu, sadəcə sosial şəbəkələrdə fəal olan gənclər azdan – çoxdan təhrif olunmuş formada duyur, rəylər bildirirdilər. Bu xəbərin altında verilən rəylərdən birində yazılmışdı ki, kim nə bilir, bəlkə, bu gənclər də Mübariz İbrahimov kimi düşməndən qisas almağa gediblər. Yəqin bunun da səsi sonra çıxardı.

Əhalinin böyük əksəriyyəti isə heç nədən xəbər tutmadı. Bu hadisə təzəcə yaddan çıxmağa başlamışdı ki, Amerikanın “Vaşinqton Post” qəzeti böyük bir yazı yayımladı. Azərbaycan ordusunun səfil vəziyyətdə olduğundan bəhs edirdi. Bu hadisəyə üstüörtülü şəkildə eyham vurularaq deyilirdi ki, demək olar, hər ay Azərbaycan ordusunda əsgərlər ya intihar edir, ya zabitlər tərəfindən öldürülür, ya da digər ölkələrə qaçırlar.

Əslində isə, hadisə tamam başqa cür olmuşdu. Çünki bu gün mətbuatda gördüklərimiz başqa, həqiqət isə tamamilə başqadır. Bəzən bəzi həvəskar mətbuat nümayəndələri bilmədən həqiqətləri yazır. Amma inanılmış digər televiziya, qəzet və saytlar həqiqəti yolundan sapdıraraq yanlış informasiyanı xalqa sırıyırlar. Bəzən də hazırlanmış gizli bir planı bilmədən söz azadlığı altında darmadağın edirlər.

# 1694 dəfə oxunub

Müəllifin son yazıları

# # #