"Atan şair olmadı, qızım"

"Atan şair olmadı, qızım"
18 oktyabr 2013
# 07:30

Kulis.az şair Qəşəm Nəcəfzadənin yeni şeirlərini təqdim edir.

Qızım, qələmim hanı?

Atan şair olmadı...

Qızım, sən tapıb gətirən qələmim hanı?

Sən də sevirdin qələmi, mən də

Sən oyuncaq kimi, mən şair kimi

İkimiz bir qələm işlədirdik...

Atan şair olmadı....

Mən qələm axtaranda tez evciyini uçurdub qələmi gətirərdin...

O qələm sənin yıxılmağına dəyməzmiş...

Mən sənin evciyini nahaq uçurtdum, qızım

Qələmin oyuncaq olmağı daha gözəlmiş.

Bir əlində eynək, birində qələm

Yüyürüb üstünə gələndə, ata, al deyərək

Sonra məni izləyərək

Görən mən necə oynadıram eynəyi, qələmi baxardın

Mən də küçədən gətirdiyim bir yöndəmsiz misranın hayındaydım.

Baxıb görərdin ki üzümdəki qırışları yonuram...

Bir dəfə demişdim yəhudi şairi olacam

Eynəkli şair...

Sən deyirdin bizim şair ol, ata!

Atan şair olmadı...

İndi mən

Sənin evciyini uçurmağıma it kimi peşmanam, qızım.

Bu bağ evimizdən yaxşıdı...

Bu bağ evimizdən yaxşıdı,

Arvaddan irəlidi bu ağac.

Min oğula dəyər quşlar

Min gəlindən yaxşıdır çiçəklərin ağır-ağır tərpənməyi

Sular televizordu, damcılar rəqqasələr .

Bu bağ evimizdən yaxşıdı

Yarpaqlar nəlbəki, güllər stəkan.

Gecə göy üzünə çəkilmiş pərdə

Aysa pəncərədən gileylənən şam.

Bu bağ evimizdən yaxşıdı

Ayağını yerə vur yadında qalsın yerin.

Əllərini yaylıq kimi sal çiynimə

Bəlkə hardasa çəkilir şəklin.

Bu bağ evimizdən yaxşıdı.

Yuxu tül yastıqdı başımız altda.

Quşlar yuvasında yuxuya batıb

Biz də islanırıq yuvanın altda

Bu bağ evimizdən yaxşıdı

Bu bağda oğlumuz qızımız olsun.

Kirpiyin toxunsun üzümə mənim,

Bu duyğu ən gözəl yazımız olsun.

Qırış fikirləri səslə ütülə

Boş saatlarında, dəqiqələrində

Çəkil pəncərəyə, aç pəncərəni.

Üç ay bundan qabaq sənə yazdığım

Məktubun sonuncu sətrində dayan:

Görsən ki, dayanıb fikirli uşaq,

Çağır

Qırış fikirləri

Səslə ütülə.

Saçını qarışdır,

Adını soruş...

Bağla köynəyinin

Kimsəsizlik yeganəsi

Açıq qalan düyməsini...

Köynəyin nəmini, tərini hürküt,

Orda donub qalan soyuğu kirit.

Aç gündəliyini

Özünə oxşayan ikisinə bax,

Atası məktəbə gələn deyil,

Keçirt o uşağı , küçədən keçirt...

# 2143 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #