Elçinin pyesi Koreya səhnəsində

Elçinin pyesi Koreya səhnəsində
2 iyun 2017
# 15:36

Son illərdə Xalq Yazıçısı Elçinin dramaturgiyası xarici ölkələrdə geniş yayılmağa başlayıb. Onun “Şekspir”, “Qatil”, “Teleskop”, “Mənim sevimli dəlim”, “Ah, Paris, Paris” və digər pyesləri Nyu-York, İstanbul, Moskva, London, Sankt-Peterburq, Ankara kimi şəhərlərin teatr səhnələrində, İtaliya, Ukrayna, Gürcüstan və başqa ölkə teatrlarında uğurla tamaşaya qoyulur.

AZƏRTAC xəbər verir ki, bu tamaşalar mətbuatda ətraflı işıqlandırılır, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Nüfuzlu sənətşünaslar Elçin dramaturgiyasındakı novatorluğu, səhnə estetikasının yeniliyini, ciddi bəşəri problemlərin bədii ifadəsini, eyni zamanda, milli koloritini, təsvir vasitələrinin orijinallığını xüsusi qeyd edirlər.

Bu yaxınlarda yeni bir tamaşanın xoş sorağı gəlib. Koreya Respublikasının paytaxtı Seulun ən məşhur və böyük teatrlarından biri olan “Daehangno ART One Theatre” Elçinin “Cəhənnəm sakinləri” pyesi əsasında tragik müzikl tamaşaya qoyub. “Midnight (Gecəyarısı) müzikl” adlı müziklın musiqisini ingilis bəstəkarı Laurense Mark Vhyte bəstələyib.

Premyerası böyük uğur qazanmış bu tamaşanı Koreya Respublikasının görkəmli sənətkarları hazırlayıblar. Quruluşçu rejissorları Kim Ji-ho və Kim Ji-rae olan tamaşada əsas rolları tanınmış aktyorlar JungVonq Jounq (Qonaq), Ko Sang Ho (Kişi) və Yun Sing Min (Qadın) ifa edirlər. Seul tamaşaçılarının rəğbətini qazanmış tamaşa neçə müddətdir ki, hər gün anşlaqla göstərilir.

Tamaşa ilə bağlı buraxılmış xüsusi bukletdə Elçinin yaradıcılığı barədə məlumat verilir.

Artıq bu müzikl başqa teatrların da diqqətini cəlb edib. Belə ki, Londonda fəaliyyət göstərən məşhur “Vaults Theatre” bu əsər əsasında tamaşanın məşqlərinə başlayıb.

# 1715 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #