Qırmızı Papaqla Canavarın nağılı

Qırmızı Papaqla Canavarın nağılı
28 oktyabr 2015
# 12:23

“İnsani olan heç bir şey mənə yad deyil”

(Canavar)

Bu sözlər meşənin girəcəyindəki qollu-budaqlı ağacın gövdəsinə qazılmışdı.

***

Qocaman bir meşəydi. O qədər qocaman ki, günəş hər çıxdığında birinci onu salamlar, hər qüruba getdiyində birinci ona təzim edərdi. Külək əsməzdi bu meşənin üstündən, buludlar ötməzdi. Ağaclar o qədər hündür idi ki, budaqlarıyla qovalayardı küləyi də, buludu da. Daim kölgəlikdi meşə. Rütubət qoxulu səssizlik hökm sürürdü burda. Öz yaşıl sehrinə bürünmüş ağaclar krallığı. Təbiətin istirahət guşəsiydi, ruhlar dincəlirdi burda. Səssizliyi pozmaq şansı ancaq meşə pərilərinin idi. İndi də nimfalar budaqlarda oturub arfalarını çalırdılar ki, bu məstedici melodiyaya şən bir zümzümə qatıldı. Pərilər aşağı boylanıb cığırla atıla-atıla irəliləyən hündürboy, enlikürək, cüssəli bir “qızcığaz” gördülər. Çiyinlərində qıvrılan açıq-şabalıdı saçı çöhrəsinə xüsusi yaraşıq verirdi. Əynində bordo rəngli don, ağappaq önlük, ayağında samanı çarıqlar vardı. Başına basdığı qırmızı papaq və qolundan asılmış iri zənbil atılıb-düşməsinə mane olsa da, qızcığaz öz işində idi.

Birdən ona sanki “dur, dayan” dedilər. Nə gözü ilə gördüyü oldu, nə qulağı ilə eşitdiyi, nə qoxu duydu. İnstinktiv bir şey idi. Sadəcə dayandı və ətrafa qulaq kəsildi. Heç bir təhlükə olmadığını zənn edib, getmək istəyirdi ki, ayaqları sözünə baxmadı, onlar yerə pərçimlənib qalmışdı. Hirslə dizlərini yumruqlamağa başladı ki, niyə ona tabe olmurlar. Bu vaxt lap qulağının dibindən yoğun bir səs eşitdi:

- Xanım qızın deyəsən köməyə ehtiyacı var.

Başını qaldırdıqda irəlidəki ağacın arxasından boylanan boz bir baş gördü. Bir-birinə yaxın yerləşmiş sarı-yaşıl gözlər, uzun burun, qara ağız, şək qulaqlar... bir an sonra qurd bütün əzəməti ilə qarşısında peyda oldu.

- Əs-Səlamu-əleyküm.

- Əleykum əs-Səlam.

- Kiçik xanım hara gedir belə?

- Çərə gedir, çürə gedir.

- Bunca gözəlliyə böylə kobudluq hiç yaraşmadı...

- Nənəmçün gül dərməyə çıxmışdım.

- Bizim meşəyə ilk gəlişinizmi?

- Yox.

- Elə isə niyə böylə gözəlliyi qabaqlar hiç yakalamadım burda?

- Eee, sən nə danışırsan, mən səni başa düşmürəm. Çəkil, məni yolumdan saxlama – Qırmızı Papaq hiss etdi ki, daxilində qəribə hisslər baş qaldırır. Bu, qorxu qarışıq hiddət, heyrət və maraqdan ibarət anlaşılmaz bir duyğu idi.

- Peki, xanım qız, narahat etdimsə üzürlü sayın. Sadəcə, mənim də yolum elə siz gedən səmtədir, dedim yol yoldaşlığından imtina etməzdiz..

- Olar – dedi Qırmızı Papaq və elə o an da fikirləşdi: bunu necə itirim indi başımdan?..

Birgə addımlayır və susurdular. Şən ovqatına soğan doğramış canavarla yolçuluqdan Qırmızı Papaq yaman dilxor idi. Canavarsa “bu günümü kiçik xanım rövnəqləndirəcək” fikriylə göyün yeddinci qatındaydı.

Meşə pəriləri nədənsə susmuşdular. Ola bilsin budaqlar arxasında səssizcə gizlənib baş verənləri izləyirdilər. Onlar təklikdə qurdu da, Qırmızı Papağı da görmüşdülər meşədə, amma bu ikisinin görüşünün nə ilə sonuclanacağı maraqlı gəlirdi onlara. Elə meşə də baxınıqlı bir şou seyr edirmiş kimi nəfəsini udub olanları izləyirdi.

Onlar meşənin dərinliyinə doğru irəliləyirdilər. Rütubət qoxusu və soyuq alaqaranlıq anturaj aralarındakı gərginliyi bir az da artırırdı. Bəzən cığıra yıxılmış ağaclar yollarını kəsirdi. Onda canavar lütfkarlıq göstərib gövdənin üstündən adlamaqçun əlini Qırmızı Papağa uzadırdı. Qız isə hər dəfə onun köməyini rədd edib ağac maneələrini özü dəf edirdi.

Söhbətə nədən başlayacağını bilməyən canavar ənənəvi üsuldan istifadə etdi:

- Bəlkə əvvəlcə bir-birimiz haqda məlumat verək?

- Nəyimə gərəkdir ki?

- Deyəsən qurdlardan kiçik xanımın xoşu gəlmir.

- Kişik xanımın ümumiyyətlə erkək cinslilərdən, ələlxüsus ac olanda 10 kq ət ötürən, insan qanına susamış qurd xislətlilərdən xoşu gəlmir, bəli – bunu qurdun sivil biri olduğunu yəqin etdikdən sonra, üstünə şığıyıb onu parçalamayacağına əmin olduğuna görə dedi. Ümumiyyətlə, Qırmızı Papaq (QP) vaxtından qabaq qərar çıxarmağı sevirdi və bəzən qənaəti onu aldatsa da özünü itirməyib, sudan quru çıxmağı bacarırdı.

- Hm... – özünü nə qədər cilovlasa da, mərdlik, azadlıq və qələbə rəmzi olan canavar statusunun belə ayaqlanması təsir etdi ona. Qızcığazın bu saldırqanlıkını reaksiyasız buraxmamağa qərar verdi – Bütün hörmət və izzətimə rəğmən, xanım, siz insanlar özünüzdən çox razısınız. Əslində isə buna elə bir əsas yoxdur.

- Oyy, boşla görək.

Canavar onun replikasına əhəmiyyət vermədən davam etdi:

- İnsan – qanadsız, iki ayaqlı məxluqdur, cəmi-cümlətani. Bunu sizin böyük filosof Platon demiş.

- “biliklərə açıq, güclü məntiqə sahib” də demiş.

- “enli dırnaqlı”... bunu da Diogen ütülmüş toyuğa Platon bəndəsi adı qoyandan sonra əlavə etmiş.

- Yaradılışın əşrəfi olan insana qurdun lağ etməsinin nə qədər gülünc təsir bağışladığının fərqində deyilsən, görünür.. – QP ikrahla dodaqlarını büzüb üzünü yana çevirdi.

- İndi isə, xanım qız, qulaq asın, görün biz kimik. Biz qurdlar bineyi-qədimdən mövcuduq. Mərdlik və sədaqət timsalıyıq. Sizlər qurd ağlına şübhə ilə yanaşar, amma bir hadisə danışım, özünüz qərar verin. Bir dəfə ovçular helikopterlə aşağıda, meşədə rast gəldikləri canavar sürüsünü ovlamağa çıxmışdılar. Onlar meşə üzərində nə qədər dövrə vurursa, bir dənə canavar gözə dəymir. Sonra məlum olir ki, qurdlar arxa ayaqları üzərində dikələrək ağacların gövdəsinə təkyələniblərmiş ki, yuxarıdan görünməsinlər. Bu, ağıl deyilmi?

- İnstinktdir...

- İnstinkt belə bir şey diktə etməz. Bu, mövcud vəziyyəti analiz edib, çıxış yolu tapmaq qabiliyyətidir – canavar davam etdi – Siz bizi əhliləşdirib itə çevirə bilməyəcəksiniz. Biz çox qürurluyuq bunun üçün və itdən çox fərqliyik, eksteryer oxşarlığına baxmayaraq. İtin sahibi var, canavarınsa allahı.

Bu yerdə QP pıqqıldayıb güldü:

- Allah canavarın nəyinə lazımdır? Siz də bəyəm dua edirsiz? Ya ondan bir gözləntiniz var, nələrçünsə əllərinizi göyə açırsız?

- Biz onu gözləntisiz-filansız yaşadırıq. O sadəcə var, vəssalam. Sizlər başa düşməz. İnsan hər zaman hər bir şeydə yarar, fayda gəzdiyi kimi tanrıya da məhz yararlılıq baxımından yanaşır. Görəndə ki, istəkləri yerinə yetmir, tezcə ateistə çevrilir. Mənə belə baxmayın, xanım qız, Volter deyib bunu, sizlərin sevə-sevə oxuduğu daha bir filosof. “Sosial-mənəvi tənzimləyici prinsip”dir sizin üçün tanrı. Lazımdırsa var, lazım deyilsə unudursuz gedir, hələ söyənlər də tapılır..

- Burda saxla. Mənə ilahiyyat dərsi keçmək istəyirsənsə, boş sevdadır. Çox-çox uzağam mən bu mövzudan – yalan deyirdi, kritik momentlərdə nənəsinin də, özünün də birinci yadına düşən tanrı olurdu.

- Peki, aralandıq bu konudan. Əslində məqsədim bu deyildi. Canavarı sizə tanıtmaq istəyirdim, o kadar. Yeganə heyvandır ki, özündən güclü rəqibin üstünə gedə bilir. Döyüşdə canavarla iki şey baş verir: ya qalib çıxır, ya məhv olur. Vikinqlər savaşdan qabaq güc və mətinlik üçün canavar qanı içərdilər. Bizdə erkək fərd “ailəsinə” çox sədaqətli olur, balalarını özü tərbiyə edir. Duyğu orqanlarımıza gəldikdə isə insanla müqayisə olunmayacaq dərəcədə güclüdür. İnsan 5 milyon iy tanıyır, biz 200 milyon. Çöldə, açıqlıq yerdə 16 km-dən istənilən qoxu çalarını duyuruq. Siz nə bilirsiz canavar haqda?

- Sizlərlə bağlı elə bir informasiyam yoxdur – söhbəti zarafata çevirməkçün dedi – bu deyimi çox bəyənirəm: Həyatın canavar cığırıdırsa, dişlərini qıcıt və get.

Qurd acı-acı gülüb fikrə getdi. Xəyallarından onu daşları yalaya-yalaya axan suyun şırıltısı ayırdı. Onlar gəlib bütün meşəni burulub-dolaşan Həyat çayının sahilinə çatmışdılar. Bu, upuzun bir çay idi, nə məxəzi bilinirdi, nə sonunu görən olmuşdu. Suyunda buz soyuqluğu varıydı, şüşə kimi kəsirdi. Meşə əhlinin bu çay barədə bilgisi çox az idi. Bir tək onu bilirdilər ki, yaman aparan çaydı. Bir də dibində həqiqət daşları vardı, sehrliydilər, kiminin gözünə görünərdilər, kiminin yox.

Qurd əyilib əlini çayın bumbuz suyuna saldı və gəlib yanında durmuş QP-ı aşağıdan yuxarı süzüb soruşdu:

- Təbiətə münasibətiniz?

- Sevirəm.

- Niyə? Nə səbəbə sevirsiz təbiəti?

- Gözəldir, ona görə. Guya sən sevmirsən? Səfeh suallar verməkdən deyəsən həzz alırsan.

QP-ın ötkəmliyinə artıq alışmış qurd heç incimədi də.

- Baxın, canavara meşə sanitarı deyirlər. Biz müxtəlif populyasiyaları zəif, xəstə, sağlam nəsil törədə bilməyən fərdlərdən təmizləyirik. Pis iş görürük bəyəm? Sizə ki, mane olmuruq. Amma siz qurdun qəsdinə durmusunuz. Bizi qırıb-çatmaqla meşə biosenozuna nacə böyük ziyan vurduğunuzu heç düşünürsünüzmü? Bizim çox mürəkkəb davranış diapazonumuz var, nəyi ki, siz tək bircə şərti reflekslərlə əlaqələndirirsiniz, əslində isə belə deyil.

Canavar qəmli nəzərlərini müsahibinə dikib əlavə etdi:

- Bu heç belə deyil, Qırmızı Papaq xanım...

Vaxtından tez böyümüş və yaşıdları hələ evcik-evcik oynayan vaxtlarda özünüdərkin müşkül problemləri ilə çarpışan QP qarşısındakının adi qurd yox, əlahiddə Canavar olduğunu artıq anladığından dərin mülahizə yürütmək qabiliyyətinə malik müsahibini daha maraqlı dialoqa təhrik etmək üçün alçaq səslə koketcəsinə səsləndi:

- Doğrudan? Yəni demək istəyirsən, sən çoxlarına məlum olmayan həqiqətlərdən agahsan? Mənimlə bölüşərmisən?

Qurd dərin xəyallara dalmışdı. Qızın sualını eşitmirmiş kimi görünürdü. Birdən üzünü ona sarı çevirdi, gözlərini qıyıb cavab verdi:

- Bilsəz sizlərə necə nifrət edirəm... siz insanlara... Ələlxüsus da sizin qövmün qadın cinsinə – dəqiq, qurdun yadından çıxmışdı centlmen ədaları.

- Ax sən qadınlara nifrət edirsən?! Eynən Şopenhauer və Nitşe kimi? Şopenhauer deyirdi ki, qadınlar əqli cəhətdən zəif, ədalət duyğusundan tam məhrum varlıqlardır. Absurd! Sən axı nəyə görə fəlsəfəyə bunca aludə olurdun ki..

QP-a sözünü bitirməyə aman verməyən qurd davam etdi:

- Düzdür, ovçular arasında qadına heç rast gəlmədim, amma insan tumunun Yer üzündə yayılmasının əsas səbəbkarı sizlərsiz. Qadın görəndə... istəyirəm... – yumruğunu düyünlədi, səsi büsbütün dəyişmişdi, sanki küpədən çıxırdı.

Əcdadlarının törətdiyi cinayətlər üçün məhşər ayağına çəkilən qızcığaz əsr-qərinələri arxasında buraxan cəmiyyət tarixinin bütün cavabsız suallarına cavab verirmişcəsinə qızarıb pörtdü, boğazını arıtlayıb nəsə demək istəyirdi ki, gözü qurdun gözünə sataşdı. O gözlərdə elə böyük nifrət, elə acı iztirab oxudu ki,... başını aşağı salıb susmaqdan qeyri bir əlacı qalmadı. Ürəyində bütün ulu əcdadlarını qarğıdı, çünki onların ucbatından indi burda, bu keçilməz meşənin ortasında alçaldılırdı və ən məşəqqətlisi də qurd lələnin sözlərinin həqiqət olması idi. Elə bu fikirdə idi ki, birdən qəribə bir fısıltı eşitdi. Səs mənbəyinin qurd olduğunu yəqin edib, “Allahım, deyəsən, yazıq nənəciyim öz sevimli nəvəsini bir daha görməyəcək” deyə düşündü. Özünü güclə məcbur edib uzun, qatlama kirpiklərini ağır-ağır qaldırdı. Ayy..., bayaqdan adam kimi 2 qıçı üzərində şaquli vəziyyətdə durub nitq yapan canavar indi 4 ətrafı üzərinə keçmiş, tüklərini qabardıb, irəli atılmağa hazır dayanmışdı, açıq cəhəngindən parlayan köpək dişlərinin yanından sapsarı nifrət suyu damırdı. Yaşıl gözlərindən ildırımlar çaxırdı.

QP-ın sıx kirpikləri dumanlanmış gözlərini nəmdən azad etmək üçün çevik-çevik qalxıb-enməyə başladı.”dedim axı, nənəm məni tay görəsi olmadı..”

Bu saat bu ağaclar krallığında vəhşi heyvanın tam ixtiyarında idi və sarı-yaşıl canavar gözlərinin hipnotik təsirinin nə ilə nəticələnəcəyini təxmin etmək çətin deyildi.... çətin olmazdı, di gəl qəribə bir hadisə baş verdi. Canavar atılıb QP-dan xeyli yuxarıda duran iri bir daşın üstünə çıxdı. Ağacdan qopartdığı balaca budağı çay aşağı buraxdı.

- Tut – deyə qıza əmr etdi.

QP qurdu cin atına mindirməməkçün deyilənə əməl etmək qərarına gəldi. Tez suya cumdu. Budaq sahildən bir az aralı su aşağı üzürdü. Qızcığaz çayın göz yaşı kimi büllur suyuna girib cəld budağı tutdu. Elə bunu etmişdi ki, qurdun qeyzli səsini eşitdi:

- Ax məlun nakəs törəməsi! Sən nə haqla çaya girib suyu bulandırırsan?! Görmürsən, mən burdan su içirəm?

Belə asanlıqla iti canavar dişlərindən canını qurtardığına sevinən QP özünü təbrik etdi. Yüngülləşmiş halda dərindən nəfəs alıb qurdun oyununa qoşulmaq, özünü şıltaqlığa vurub, quzu kimi naəlac mələmək və obrazı yerli-yataqlı yaratmaq istəyirdi ki, birdən şüuraltısı ona pıçıldadı: “Axmaq olma, o nağılın sonluğunu yadına sal”.

Yadına saldı. Nağıl sonluğu ilə bahəm nənəsinin illərdən bəri qulağına oxuduğu öyüd-nəsihət də yadına düşdü: “Sən sənsən! Sən hamıdan ağıllı, iradəli, bacarıqlı və üstünsən. Səndən yoxdu və bir daha olmayacaq. Heç vaxt heç kimin qabağında alçalma və heç kəsə də ümid bağlama. Heç kəs sənə borclu deyil. Sən özün-özünə dayaq olmalısan, bunu bacarmalısan!”

Nənəsinin nəsihət-proqramını unutduğuna görə özünə qeyzləndi. “Axı bu qurd qırışmal kimdi ki, mən ona görə bunca stress keçirirəm?! Dayan bir, mənə də Qırmızı Papaq deyərlər!”

Bu sözlərin beynindən keçməsi ilə biləklərinə aslan gücünün gəlməsi bir oldu. Çay yuxarı şığıyıb, daşın üstündə şöngüyüb oturmuş qurdun boynunun ardından elə bir şapalaq ilişdirdi ki, yazıq heyvanın gözləri zərbənin təsirindən az qaldı hədəqəsindən sıçrayıb çıxsın.

- Zırrama birisi! Sən o qurd deyilsən, mən də quzu deyiləm. Sən o qurd deyilsən! Mənsə quzu deyiləm!

Bu sözləri bəlkə on dəfə təkrarladı, hər dəfə də səsinin tonunu bir qədər yüksəldərək. Meşədəki bütün ağaclar, daşlar, göbələklər bu sözləri yaddaşlarına yazdılar. Getdikcə artan səs meşəni aşdı, çölləri dolaşdı, gölə yayılıb, uzaqdakı dağlarda əks-səda verdi.

- ... Mən quzu deyiləm!... Mən Qırmızı Papağam!! Bunu unutma! – yekunlaşdırdı.

Ağrının təsirindən və qulaq pərdəsinin rezonansından qurd artıq özünə gəlmiş, vəhşi təbiətini unudub, sivil bir görünüş almışdı yenə də.

Bu ani çevrilmə QP-ın nəzərindən yayınmadı və deyəsən ona bir az acıdı da. Vurduğu şapalağın təsirini yumşaltmaq üçün neytral mövzuya əl atdı:

- Mən meşəni çox sevirəm.

Qurddan səs çıxmadı.

- Meşə doğrudan da çox gözəldir. Əsrarəngiz bir yer.

Ehmalca sürüşüb daşın üstündən düşən qurd yoluna davam edib dedi:

- O qədər də gözəl deyil amma - əlini atıb ağacdan iri bir yarpaq qopartdı, ovcuna qoyub, diqqətlə nəzərdən keçirtdi, çevirib o biri səthinə də baxandan sonra əlavə etdi – Platon bilirsizmi nə deyib? Əşyalar və proyeksiyalar dünyasında əsl mahiyyət gizlindədir, materiya örtüyü ilə məharətlə pərdələnib. Gördüklərimiz şeylərin məğzi deyil ki... Yaradılan hər nə varsa, öz eydosuna (ideya) can atır, amma ona çata bilmir.

- Demək istəyirsən, sən heç də qurd deyilsən?

- Siz də Qırmızı Papaq.

- Hm... Bəlkə məni mən olmadığıma inandırasan? Platona rəgbətim hədsizdir, amma bəzi məqamlarda onunla heç cür razılaşa bilmirəm. Məsalən onun ailə konsepsiyası ilə.

- Cinslər arasında hər cür münasibəti (intim də daxil olmaqla) dövlətin bilavasitə müdaxiləsi ilə həll etməyimi deyirsiz?

- Aha. Uşaqların ailədə tərbiyə olunmasına qarşı çıxmasını da anlaya bilmirəm. Ailə guya gələcəkdə cəmiyyətdəki ayrı-seçkiliyə, qeyri-bərabər sərvət bölgüsünə, şəxsi mülkiyyətçiliyə zəmin yarada biləcək eqoizmin bünövrəsini qoyurmuş. Yəni insanların xoşbəxtliyi üçün cəmiyyətin birrəng monotonluğu lazımmış. Olarmı mən bu yerdə bir də qışqırım Absurd?

- Əlbəttə, istədiyiniz qədər qışqıra bilərsiniz - söhbəti zarafata çevirmək istəyən QP-ın məramını başa düşsə də özünü o yerə qoymadı – İstər ailədə tərbiyə alsın, istər ailədən kənar, insan təbiəti etibarilə quldur. Aristotel – sizin tərifini göylərə qaldırdığınız filosof hesab edirdi ki, əgər insan kimdənsə asılıdırsa, deməli, ona mənsubdur. Sizin cəmiyyətdə azadlır deyilən bir şey yoxdur. Nə qədər çığırsanız da ki, müstəqilik, yaradılışın tacıyıq, əslində belə deyil. Bir çox şeylərdən asılısınız və nəhayətdə qulsuz hamınız. Sizlərdə əsl azadlıq ola bilməz, çünki cəmiyyət adlandırdığınız zəncirin halqalarısız. Bir addım atmazdan öncə mütləq onun əks-sədasını fikirləşirsiz.

QP etiraz edərək dedi:

- Bir-birindən asılılıq münasibət əsirliyi demək deyil ki. Biz qurum halında yaşayırıq və cəmiyyətin qanunlarına tabe olmalıyıq. Bu köləlik deyil, sadəcə ümumi iş və prinsiplər uğrunda könüllü birləşmə və qarşılıqlı münasibətlərdir. Bizlərin tabe olduğu yeganə şey qanundur. Kantın sözləri ilə, insanın əgər tabe olduğu şey tək bircə qanunsa, o artıq azad sayıla bilər. Monteskye də belə hesab edirdi: Qanun çərçivəsində hər bir şey etmək hüququ elə azadlığın özü deməkdir.

- İnsan daim özünü aldatmaqla məşğuldur. Dediyiniz artıq tabeçilikdir. Siz bir tək qanuna tabe deyilsiniz, bir şox tabularla üzləşirsiniz. Elə qurdlar da meşə qanunları ilə hesablaşmağa məcburdur, amma bu böyük mənada azadlığımızı əlimizdən almır. Siz əşyalardan da asılısınız. Əşyalar dünyasının tərkib hissəsi, qarovulçusundan başqa bir şey deyilsiniz və fetiş sizə davranış qaydalarını diktə edir, boyun əyməyə məcbursuz. “Men” – şəxsiyyətsiz heçnələrsiz.

- Mən Haydeqqerin ekzistensiolizminə toxunmaq istəmirəm, çünki qəbul etmirəm bu nəzəriyyəni.

- ... və hər şeyi özününküləşdirmək, acgözlüyünüz nəticəsində artıq təhlükəli həddə yaxınlaşırsınız. Biz qurdlarsa qərinələrdir yaşayırıq. Biz təbiətə nəynən dönük çıxdıq? Heç nəynən.

QP artıq bilmirdi ki, qurdu necə susdursun.

- İnsan cəmiyyəti ilə heyvanlar aləmini bir araya qoymaq gülünc bir şey. İnsanın əldə etdiklərini nəylə müqayisə etmək olar ki? Qazandıqlarının müqabilində itirdiklərin məqbuldur.

- Siz insanlar öz qurub-yaratma işlərinizdə o qədər məntiqdən uzaq düşmüsüz ki, indi hər şeyi uçurub yenidən qurmaq perspektivi ilə üz-üzəsiniz. Sizin alimlər insanlığı düşdüyü bataqlıqdan çıxartmaq üçün dekonstruktivizmə əl atdıqları zaman (Derrida), biz canavarlar öz rəvan stabil həyat tərzimizi sürdürməkdəyik. Tarix boyu bu belədir və elə belə də davam edəcəyik, əgər siz bizi tam qırıb axırımıza çıxmasaz, əlbəttə ki..

- Bəsdir boş-boş danışdın, bəsdir. Sus! Yetər insanı aşağılamağın!

- Bir özünüz fikirləşin, Russonun “maariflənmə təhlükəlidir, mədəniyyət isə yalan və cinayətdir” qənaəti böyük rezonans doğurdu, o bu sözlərə görə mükafata da layiq görüldü. Niyə? Yenədəmi absurddur deyəcəksiz?.. filosof sayiqlamasıdır? Yox, gözəl xanım, bu sözlərdə hikmət var və sizin cəmiyyətin indiki durumunun tələb etdiyi şüar məhz budur.

- Bütövlükdə insan cəmiyyətinə aid etmək olmaz. 18-ci əsr Fransası üçün bu deyim aktual idi. Sadəcə epistema – konkret məkan və zamana bağlı bir şey. Mən onu məşəqqət filosofu adlandırıram və onun ieremiadası məndə yalnız gülüş doğurub həmişə, yoluxmamışam mən onun cəfəng fəlsəfəsinə – hövsələsi yavaş-yavaş QP-ı tərk edirdi. Amma sonra fikirləşdi ki, canavar ya filosofluq edir ya da psixoloji ikiləşməyə düçar olub, onu udmağa bəhanə axtarır, ona görə yaxşısı budur, canını dişinə tutub qurdun fəlsəfi mülahizələrinə qulaq assın.

Canavar öz alovlu çıxışı ilə qızın könlünə dəydiyini sezdi. Onun məramı əslində QP-ı hövsələdən çıxartmaq deyildi. Ona görə yaranmış soyuqluğu götürmək üçün söhbəti dəyişmək qərarına gəldi. İri ovcunu başına çəkib, həyəcandan pırpızlaşmış tüklərini yatırdaraq dedi:

- Peki, Qırmızı Papaq xanım, söhbətimizin əvvəlində etdiyim təklif qüvvəsindədir. Sizi tanımaq istərdim. Gəlin hərə öz barəsində məlumat versin, qısaca da olsa.

Özü haqda bilgi verməyi heç sevməyən QP könülsüz razı oldu.

- Mən meqa-star deyiləm ki, bioqrafiyam maraq doğursun. Meşədə doğulub böyümüşəm, Sufrajist talasında. Tanımamış olmazsan.

- Tanıyıram, sözsüz. O talanın girəcəyində ağacdan yonulmuş dəbilqəli qadın büstü qoyulub.

- Ağac deyil. Daşdan tökülüb o büst.

- Pardon...

- Daha nə deyim? Nənəmlə yaşayıram. Açıq fikirli qadındır. Modern olan heç nə yad deyil ona. Məni yüksək adaptasion qabiliyyətli biri kimi tərbiyə edib nənəm. Mən “Meşədən dünyaya çıxış yollarının axtarılması” mövzusunda dissertasiya işi yazıb müdafiə etmişəm. Opponentlərim - yarasa ilə köstəbək. Yeganə iradları mövzumda işığın ifrat dərəcədə olması idi. İşığı sevirəm mən. Doğulduğum tala çox işıqlıdır, yəqin ondandır.

- O tala gerçəkdən çox işıqlı. Gecələr uyumağıma mane olur oranın işığı. Əllərimi örtülü gözlərimin üstünə qoymasam, yuxuya gedə bilmirəm sizin işıqdan.

- Mənim barəmdə bu qədər bəsdir. İndi sən özün haqda məlumat ver görüm nəçisən, hardan gəlib hara gedirsən, bu dünyada yaşamaqda məqsədin nədir? – sonra göz vurub əlavə etdi – yoxsa sən də biz insanlar kimi məhz yaradıldığınçun yaşayırsan, yəni əlacsızlıqdan.

- Mən Meşələrarası Ali Palıd Qozası Darülfünununun məzunuyam. Magistr təhsilimi Sehrli Meşədə almışam. Ora siz insanların Parisi kimi bir yerdir. Siz insan duyğularının tərbiyəsi üçün Parisə getdiyiniz kimi bizlər də insan faktoru emanasiyasına duruş gətirə biləcək paranormal heyvani hisslərin aşılanmasından ötrü Sehrli Meşəyə üz tuturuq. Çünki sizin qarşınıza yalnız sehr və ovsunla çıxmaq mümkündür.

QP onun tikanlı sözlərinə əhəmiyyət verməyib soruşdu:

- Fəlsəfəyə maraq hardandır?

- Hələ məktəb illərindən fəhmimlə seçilirdim və müəllimim Qoca Bayquş məndə fəlsəfi duyum sezdiyindən, fakültətiv və elektivlərə qalmağımı israrla tələb edirdi. Mən də onun sözünü yerə salmırdım. Hörmətli müəllimimdən çox şey öyrənmişəm mən.

- Görürəm... – QP fikirli halda cavab verdi. Dönüb canavarı bir də başdan-ayağa süzdü, ürəyində öz-özünü məzəmmət etdi: “sevirsən 2 dəqiqənin içində xitam verməyi. Düşündüyün qədər də eybəcər deyilmiş. Heç gözləri də bir-birinə sandığın qədər yaxın deyil... belə, bir balaca... Day ağzında canavar deyirsən, dünya gözəli olmayacaqdı ki... eh, nəysə...” bu fikirlərlə yerə əyildi. Düz qənşərində bitmiş iri ləçəkli, indiqo rəngli gülü dərib zənbilinə atdı. Sonra üzünü qurda tutub dedi:

- İşə bir bax. Sənlə söhbətə başım qarışdı, tam unutdum bura gəlməyimin səbəbini.

- Niyə gəlmişdiz ki?

- Gül dərməyə. Nənəmçün çiçək toplamağa.

- Xatırladım, demişdiz bu barədə.

- Bir də evə bəzi ayın-oyun lazım idi.

- Məsələn nə?

QP tullanıb kökə ağacından asılmış kökələrdən iri birisini dərdi, dəsmala büküb zənbilə qoydu. Sonra irəli qaçıb yaxınlıqda bitən sabun kolundan iki ətirli sabun qopartdı, onları cibinə dürtüb dedi:

- Elə bunlar idi nənəmin tapşırdıqları.

- Bizim bu meşədə can dərmanı tapmaq olar. Gəlin sizə kömək edim gül toplamağa.

- Sən nə bilirsən mənim nənəmə nə lazımdır?

- Gülün də bəyəm lazımlısı-lazımsızı olur?

- Bəs necə, ay darülfünun tələbəsi. – qurdun gül-çiçəkdən başı çıxmadığını görən QP irəli yeridi, şəhadət barmağını ətrafındakı güllərə tuşlayaraq, onları həmsöhbətinə tanıtmağa başladı – bax bu gördüyün bəyaz ləçəkli – bakirəlik gülüdür, çəhrayı – məhəbbət, sarı – nifrət gülüdür.

Qurd al qırmızı məxməri ləçəkli gülü dərib QP-ın zənbilinə qoydu.

- Alın bu gülü, mənim adımdan hədiyyə edərsiz hörmətli nənənizə.

QP gülü zənbilindən çıxarıb yerə tulladı.

- Gör başıma oyun aça bilirsən?! Nənəmin 87 yaşı var, çılğınlıq gülü onun nəyinə lazımdır? Mənim nənəm yüksək əxlaqlı biri olduğu üçün ona mənəviyyat gülü hədiyyə etmək lazımdır. Mən ondan yığıram.

- Zənbilinizdəki odur? O ğöy ləçəkləri olan.

- Aha.

Qurd gülə bir də nəzər salmaq üçün zənbilə boylandı və... elə bu vaxt qısaqapanma baş verdi. Səbəti dartıb qızın əlindən aldı, məhzun bir görkəmlə oxumağa başladı:

- Zənbilimdə ot gətirmişəm, döşümdə süd gətirmişəm,

Şəngülüm, ay Şəngülüm, aç qapını, mən gəlim.

QP-a artıq tam əyan oldu ki, müsahibi canavar ikiləşməsindən əziyyət çəkir və onun bu tutması keçməsə, QP-ın işi fəna olacaq. Ağrının da müalıcəvi effektinə artıq bələd olmuş qız özünü itirmədən qurdun pəncəsini var gücü ilə dişlədi və bağırmağa başladı:

- Nə sən o qurdsan, nə mən Şəngülüm!

Ağrının təsirindən qurd o dəqiqə özünə gəldi, gözlərindən yaş sel kimi getdi. Dayanıb ağlayır, heç nə deyə bilmir, bir pəncəsinə, bir QP-a baxırdı.

Qız tutduğu işə peşman oldu. Qurdu orda qoyub, geri, çayın sahilinə döndü. Qayıdanda önlüyünün cibi bir yığın otla dolu idi. Onları əlində yaxşıca əzib qurdun pəncəsinə doladı.

- Ağlama, indi keçər. Belə şeylərdən ölmürlər – deyib yoluna davam etdi.

Yaraya qoyulan ot həqiqətən ağrını sakitləşdirdi. Bir qədər toxtamış qurd qaçıb qıza çatdı.

- Kant öz postulatları sırasına iradə azadlığı və seçim hüququnu daxil etsə də, sırf insan səviyyəsində heç bir iradə azadlığından söhbət gedə bilməz. Bu, əslində sizin xəyalı azadlığınızdan başqa bir şey deyil. Yenə siz özünüzü aldadırsınız. Bunu mən yox, panteizm tərəfdarı olan Spinoza deyib.

QP dərindən köks ötürdü: “baho, əcəb işə keçdik...”

Qurd bir az düşünüb əlavə etdi:

- Bilirsizmi niyə insan azadlığı mifdir? Çünki siz təsadüflərdən əl çəkmisiniz. Sizin fikrinizcə təsadüfi heç bir şey baş vermir. Bu da Spinozanın uydurmasıdır. Təsadüflər var.

Ona bir daha baş qoşmayacağına qərar versə də, QP dözmədi:

- Bu mübahisəli məsələdir. Ruhanilərin dediyinə görə təsadüf Allahın başqa adıdır. Mənsə ümumiyyətlə heç nəyə inanmıram, başa düşürsənmi?.. heç bir şeyə. Onların dediyinə görə təsadüflər o vaxt meydana çıxır ki, baş verənləri izolə olunmuş halda görəsən, digər nəsnələrlə əlaqəsiz. Əsrlər boyu düşüncə tərzini induktiv qavrama ilə yönləndirməyə yiyələnmiş insan təsadüflərə inana bilməz.

- Onda qul olaraq da qalacaqsız. Öz yaratdığınız qanunların, öz əyri görüş bucağınızdan doğan yalançı doqmaların, illyuziyalara uymuş beyninizin məhsulu olan gülünc aksiomların qulu.

QP istədi onu acılasın, sonra fikrindən vaz keşdi. Gözucu qurdun yaralı pəncəsinə baxıb dedi:

- Gecdir, mən qayıtmalıyam. Nənəm nigaran qalar yoxsa – gözlərini uzaq məchulluğa zilləyib əlavə etdi – İndi yəqin qoğal bişirib yolumu gözləyir.

- Qoğal?... – qurdun gözləri yenə sarı-yaşılı şölələndi. Yenə qısaqapanma, yenə ağlı çaşdı. Qp-ı belindən yapışıb qaldırdı – ay yağlı qoğal, ay dadlı qoğal, gəl otur tülkünün burnu üstə və oxu: undum, qoğal olmuşam...

Qurd indi ikiləşmə prosesində bir az da irəli gedib, özünü artıq həmcinsləri ilə deyil, tülkü ilə identikləşdirirdi. Bu eyniyyət QP-ı açmasa da (çün burda da yeyilmək qorxusu vardı), qurd ilə vəhşicəsinə davranmağa ürək etmədi artıq. “Belə getsə mən bu bədbəxti tam şikəst edəcəm” deyə fikirləşib daha humanist üsula əl atmağa qərar verdi.

Qurd isə əlləşib 1.89 sm boyu olan QP-ı burnunun üstündə oturtmağa çalışırdı.

- Ay yazıq, sənin trafaretin çıxar məni burnunda oturtsan – sonra ağzını qurdun qulağına dayayıb var gücü ilə bağırmağa başladı:

- Nə sən tülküsən, nə mən Qoğal! Kəndinə qayıt.

Sözlərinin təsirsiz qaldığını görüb, əl atıb qurdun boz başından bir çəngə tük qopartdı. Qurdun gözləri qaranlıq gətirdi, müvazinətini güclə saxladı. Onun səndirlədiyini görən QP əlini çiyninə qoyub möhkəmcə itələdi. Qurd yerə sərildi.

- “Yıxılanı itələ!” Nitsşe – bu sözlərlə qurddan uzaqlaşdı. Gedirdi və dodaqaltı mızıldanırdı: “meşə sanitarına bax, sən canın. Bunun özünü elə süpürləyib atan lazımdı..”

Bir qədər nəm meşə torpağında uzanıqlı qalan canavar özünə gələr-gəlməz qızın ardınca götürüldü. Addım səslərinə arxaya çevrilən QP qeyzlə dilləndi:

- Yenədəmi gəldin?

Qurd başından qoparılmış tükün yerini ovuşdura-ovuşdura dilləndi:

- Boş verin getsin. Mən sizdən incimirəm.

- Özünə yazığın gəlsin. Çıx get!

Qurd qəmli baxışlarını ona dikdi:

- Gedə bilsəydim gedərdim. Bacarmıram.

- Öyle mi? – QP qınaqla ona baxdı.

- Öyle.

Qızcığaz dərin bir ah çəkdi, üzünü inanmadığı tanrısına tutub umsundu: “ay allah, qurtar məni bu dəlinin əlindən, sağ-salamat gedim çıxım evə. Söz verirəm, düz bir həftə nənəmə ev işlərində kömək edəcəm. Vallah, daha incitməyəcəyəm onu. Şorba qazanına bal tökməyəcək, kətillərə yapışqan yaxmayacağam. Hələ desən, kəpənəkləri dar ağacından asmaq adətindən də əl çəkəcəyəm. Yaxşı qız olacam, görərsən. Amma qurtar məni bu bəladan, ilahi...”

Qızın ürəyinin yumşaldığını zənn edən qurd söylədi:

- Kiçik xanım, bir iltimasda bulunmak olurmu?

- Buyur – ağızucu cavab gəldi.

- Harıkasın, müthişsin – deyib qızın əlindən yapışdı – Bura buyurmanızı xahiş edəcəm.

Qızı hündür bir ağacın qənşərinə gətirdi.

- Bu meşədəki şeriyyəti görürsüzmü, duyursuzmu?

- Hmm... – nə deyəcəyini bilməyən QP düşüncələrə qərq oldu.

Mesahibinin qeyri-adekvat biri olduğunu bildiyi üçün neytral cavab axtarırdı.

Qurd pəncəsini ağac gövdəsindəki yazıya qoyub dedi:

- Oxuyun, lütfən.

QP gövdədə nəsə cızıldığını indi fərq etdi. Nəzərlərini ora dikib oxumağa başladı:

“Ver yuxularımın açarını, yatmaq istəyirəm”.

Qurd onun əlindən tutub başqa bir ağacın önünə çəkdi.

- Bunu da oxuyun.

“Sən mənim eynəyimsən, çıxartdığımda koram hər şeyə”.

- Bunu da.

“Tonqalımın alovusan, duzlu göz yaşlarımdan sönür kimi”.

Beləcə gedir və ağac gövdələrinə yazılmış sətirləri oxuyurdular.

“Əksini sil gözlərimdən, əvvəlki dünyamın rənglərini qaytar mənə”.

- Bura baxın, bura, sağa.

“Ayrılığın – sənsizlikdə mənsizlikdi”.

- İndi sola.

“Xoşbəxtlik - ...”

Sağa-sola baxmaqdan QP-ın başı gicəlləndi. Ağacların çoxunun qurdun şer dəftəri olduğunun indi fərqinə vardı.

Qurd sinəsini irəli verib qürurla səsləndi:

- Bu şer parçaları təhtəlşüurdan bəhrələnib. Haydeqqerin dərköncəsi ilə bağlı bir şeydir, ona görə mənası belə dərindir.

- ...

- Bəyəndinizmi, yavrum?

- Deməli, sən şairsən.. – QP qurda gözaltı bir nəzər salıb əlavə etdi – amma öz aramızdır, şairə heç bənzəmirsən.

- Siz mənim ürəyimə baxın, ürəyimə. Əsl şair ürəyidir.

- Yəni demək istəyirsən romantiksən?

- Romantik olmadan yazmaq mümkünmü, xanım?

- Hm... romantik, şair, filosof... bura bax, bəlkə evlənək səninlə? Sənin kimi xarizmatik birisini hardan tapacam? Düzdür mən özümü sözün əsl mənasında qadın hesab etməsəm də səninlə evlənməyə razı olardım.

- Necə yəni? Qadın deyilsiz bəs kimsiz? – Qurdun gözü onun şux sinəsindən ta ayaqlarının ucuna qədər sürüşdü. Nə biçimli qamət... Ah, daha gecələr yalqız uyumayacaqdı..

- Mən Qırmızı Papağam! – şəstlə cavab verdi.

- Qırmızı Papaq qadın deyil ki?

- Yox, mən cinsin fövqündəyəm., mən qadından daha böyük, daha yaxşı, yüksək, daha mənalı və maraqlıyam. Mən mənəm!

Fövqəladilik, Sufrajist talası, feminizm, dəbilqəli qadın büstü və s.və il. Qurdu elə bil qəflət yuxusundan ayıltdılar. Bütün bu eşitdikləri bir də təkrarlandı qulağında. Yaralı “barmağını” bir də dişləyib öz-özünə söylədi: ey dili-qafil, bunun yar-yaraşığına çox aludə olma, bu sənin gününü göy əskiyə düyüb səni vaxtından qabaq o dünyaya vasil edəcək. Vallah edəcək, dəbilqəli qadını yadına sal.

- Bütün bunlar xub. Amma əgər evlənmək istəyiriksə, gərək bir-birimizi yaxından tanıyaq axı. Gəlin mən də sizə dəhşətli bir sirr açım. Bilirsiz məsələ nə cürdür? Mən evlənməyə yararlı biri deyiləm əslində.

- Necə yəni?

- Siz qadınlığın fövqündə dayandığınız kimi mən də erkəkliyin fövqündəyəm. Yəni bekara, ala-bula bir nəsə. Anlata bilirmiyəm? Heyvanla fövqəlheyvan arasında barmaq boyda bir qeyri-determinasion boşluq vardı, oradayam mən. Çox əlverişli və yumşaq, demokratik mövqe olduğundan ondan əl çəkmək fikrim yoxdur. Bir də ki, bu mövqemdən dəyişən ətraf mühitə daha tez uyğunlaşa bilirəm. İki fövqəlin başı bir qazanda qaynamaz – yeri gəlmişkən, bunu da nəzəri-diqqətinizə çatdırım.

- Başa düşmədim e, Canavar bəy.

- Bakınız. Mənim babam sizin ulu nənənizi uddu. Onun qarnından çıxandan sonra necə ki sizinkilər (ulu nənə və nənəniz – əski Qırmızı Papaq) özlərində xızlı dəyişikliklər hiss etdi, öylə də mənim babamçun bu əməl izsiz ötüşmədi. Axı o nə biləydi ki, qadın yeməyin belə xətaları çıxacaq, həmçinin gələcək nəsillər də cavab verməli olacaq. Ulu nənəniz mənim babamın daxilində olarkən nə qələt qarışdırırsa, ondan üzü bəri bizim nəslin bütün erkəkləri cinsi gücsüzlüyə düçar olur və cinsin fövqünə çəkilməkdən ayrı əlacları qalmır biçarələrin. Əlqərəz, biz böyük çətinliklə artıb-törəyirik indi. Özünüz fikirləşin, mənim kimi problematik birisi sizin tək güclü, iradəli, ağıllı qadının nəyinə lazım?

- Sözsüz, lazım deyil. Səd heyf, istəyirdim sənin ilham pərin olum. Sənə kömək edim, sən də hüdudları aşasan, hər şeyin fövqünə düşəsən, nirvana tanıdacaqdım sənə. Sənsə artıq sərhədsizlikdəsən... mənsiz bacardın bunu – gözləri doldu.

Qurd maraqla onu dinləyir və qızdakı emosional dəyişiklikdən həzz alırdı. Birdən hiss etdi ki, xanımın papağının rəngi dəyişir.

- Kiçik xanım, papağınıza baxsanız! Göz önündə rəngi qaçdı.

QP dəhşət içində əlini papağına sürtüb təlaşla dedi:

- Aman! Mənə güclü emosiyalar duyumu olmaz, nənəm mənə emosiyalarsız yaşamağı öyrədib. Bu papaq indikatordur.

Qurd onun əllərini tutub dil-ağıza başladı:

- Ah yok, yapmayın, mən sizə pislik istəmədim ki...

Qıza onun ürəyiyumşaqlığı təsir etdi. Qolunu qurdun arıq boynuna salıb, özünə sarı çəkdi, burnunun ucundan marçıltıyla öpüb dedi:

- Hər şey yaxşıdır, fikir eləmə. Burda vidalaşaq. Get, şair. Şerlərini hər dəm arayacam bu meşədə. Məni unutma.

Qurd bu ehtiraslı vidalaşmadan vəcdə gəldi, elə bir ehtiras duydu ki.... yenidən gözləri alacalandı, beyni çöndü və sevincək atılıb QP-ın boynundan asıldı.

- Fitnəm, alıb beni götürür müsün? Kaldırır mısın pillələrlə?

QP az qaldı dəli olsun. Bir elə qurdu boynuna mindirməyi qalmışdı. Canavar ikiləşməsinin növbəti mərhələsi buzov idi, demək. Əslində Fitnə rolu quzu, Şəngülüm, qoğal kimi məsum və yeməli obrazlara baxanda o qədər də pis deyildi, heç olmasa yeyilmək qorxusu yox idi, amma canavarı qucağında gəzdirmək QP-ın qadın..., lap olsun fövqəlqadın heysiyyatına toxunurdu, özü də necə toxunurdu..

Canavarın əlindən zəncir çeynəyən QP bu dəfə məsələni biryolluq həll etmək qərarına gəldi. Qurdu bağrına basıb o qədər də uzaq olmayan yarğana doğru gedə-gedə söylədi:

- Mən, əlbəttə, identikliyin dissosiativ pozğunluğunun növbəti təzahürünü, yəni sənin yeni buzov rolunu qiymətləndirməyə bilmərəm, əziz qurd, amma... lənət şeytana, sən çox ağırsan! – bu sözlərlə qollarını açıb qurd lələni aşağı buraxdı – İyi səyahət, aşkım..

Qurd dad-fəryad qopararaq dərə aşağı yumbalandı.

QP əllərini bir-birinə çırpıb, “inanılası deyil, ama şükür, qurtulduq” dedi və yüksək əhvali-ruhiyyə ilə yoluna davam etdi. Əvvəlki qayda ilə atıla-atıla gedir, öz bəstəsini zümzümə edirdi ki, ürəkyaxan bir inilti eşitdi. Dönüb arxasına baxanda sürünə-sürünə gələn qurdu gördü, təşvişdən yenə ateistliyi yadından çıxdı.

- La ilahə... yo, bu qurd deyil, yerlər-göylər., bunun canı it canıdır ki var..

QP-ın dayanıb-durduğunu görən qurd ölüm-zülüm yerdən qalxıb, ona tərəf gəlməyə başladı. Bərk axsayırdı, bir əli ilə sınmış quyruğunu saxlayır, o biri əlini böyründəki yaranın üstünə basıb hövlnak özünü QP-a çatdırmağa tələsirdi. Başı şişib dəhşətli görkəm almış, qaşı neçə yerdən çapılmış, qulağı cırılmışdı.

Onu bu vəziyyətdə görən QP özünə nifrət etdi. Yox, əvvəlcə bu meşəyə nifrət etdi, sonra yerə-göyə, sonra taleyinə, nənəsinə, lap axırda da özünə.

- uyy... – bundan başqa bir şey deyə bilmədi, eləcə içini çəkib durdu.

Qurd onun bərabərinə yetişib dayandı, əlini parça-parça olmuş şalvarının cibinə salıb bir bıçaq çıxartdı.

QP bıçağı görüb istədi qəşş eləsin, amma işin sonunu gözləməyi qərar verib, səbrini basdı.

Qurd qənşərdəki ağaca yaxınlaşıb, gövdəsinə cızmağa başladı:

- Səni aləmdə gəzdim, gəzdim..., çox gəzdim.” – sonra dönüb kədərli baxışlarla QP-ı süzdü, bıçağı qatlayıb cibinə dürtdü.

QP bilmədi ağlasın, gülsün, heyrətlənsin, qəzəblənsin, tirtap yerə sərilsin, ya bunların hamısını birdən eləsin... nə isə, daşındı fikrindən, yadına düşdü ki, emosiyalara uymaq olmaz ona, yenə papağının rəngi dəyişəcək yoxsa. Amma məsələni belə də qoymaq olmazdı. Qurdun bu boyda fədakarlığının müqabilində nəsə etmək lazım idi.

- Unut getsin hər şeyi. Bağışla məni, bacarırsansa.. Sən sevilməyə layiq birisən – qollarını qurdun boynuna dolayıb, şişib görkəmdən düşmüş başını əlləri arasına aldı, sonra Sufrajist talasına lənətlər yağdırıb qucaqladı onu. Qurd doğrudan da sanki unutdu hər şeyi, qızın əlini ovcuna alıb sıxdı, sıxdı... QP-ın uzun şümşad barmaqları şaqqıldayana qədər.. və bu ağrı qarışıq həzzin dolğunluğunda boynuna işləyən iti qurd dişlərinin təmasını hiss etmədi qızcığaz..

- Sənə bir şey vermək istəyirəm – qurd artıq onu özünə məhrəm sanırdı.

- Nə, aşkım?

- Al bunu – cibindən çıxartdığı qolbağı QP-ın ovcuna basdı – Kantın qolbağıdır, məndən yadigar saxlarsan.

QP qolbağın iç tərəfindəki yazıya göz gəzdirib qoluna taxdı. Ayrıldılar. Qurd damağında o şirin qanın tamını apardı, qız qolbağında “Etmək məcburiyyətindəsənsə, deməli, bacaracaqsan” sözlərini.

Qurd gözləri torlu, beyni dönmüş halda gedir, başını qarşısına çıxan ağaclara vururdu. Neyləsin, neyləsin?..... Əlini cibinə atdı, bıçağın soyuq dəstəyini duyunca çəkib çıxartdı, məharətlə əlində fırlatdı, atıb-tutdu, ağacın gövdəsinə bu günlük son ürək sözlərini yazdı: “qurd qurdluğunda qalır”. Sonra əlindəki bıçağı tam dəstəyinə qədər yazdığının tən ortasına sapladı. Çıxartdı, bir də sapladı. Bir də...

Meşə boyu qaçmağa başladı. Beləcə qaçır və bir vaxtlar böyük məhəbbətlə gövdələrə cızdığı sətirləri bıçaqla qazırdı. Daxilindəki heyvanla fövqəlheyvan bəhsdə idilər. Yorulub heydən düşəndə kütləşmiş bıçağı bir tərəfə tullayıb düşkün, pərişan halda yeriməyə başladı. Nə fikirləşdisə, dayanıb durdu, dönüb arxasına baxdı, baxdı... dodaqaltı mızıltısını yaxındakı ağaclar eşitdi:

- Bir şeyə çox təəssüflənirəm. O vaxt qoymadılar babam ulu nənənə - öz hallıca-dulluca şikarına sahib dura. İdbar ovçular. Sivilizasiya milçəkləri. İllər boyu pozdular bizim meşənin müqəddəs qanunlarını. Eyb etməz. O yarımçıq qalmış işi tamamlama növbəsi indi səndə. Sənə isə maneçilik törədən olmayacaq. Bu meşədə ovçu adına bir kimsə qalmamış..

Azdan-çoxdan caduğərlik peşəsindən xəbərdar olan Canavar tərəfindən göndərilən Proqram idi və o, bütün təfsilatı ilə, nöqtə-vergülünə qədər QP-ın beynində səsləndirildi. Və elə həmən dəqiqə də biləyindəki qolbaq sanki daralıb azacıq sıxmağa başladı qolunu. Bunlara heç bir əhəmiyyət verməyən qızcığaz evlərinə yaxınlaşıb, üstündə ürək formalı kəsim açılmış taxta qapını tıqqıldatdı.

Qapını hündür boylu, yaraşıqlı bir xanım açdı. Sinninin çox olması təravətini tam silə bilməmişdi çöhrəsindən. Iri qonur gözləri, təmiz ağ-çəhrayı dərisi, gur, səliqə ilə arxaya daranmış saçları onu yaşının bu çağında da gözəgəlimli edirdi. Hiss olunurdu ki, nənə özünə fikir verməyi sevən qadınlardandır. Əynində saya gödək topik və meşədə son 10 ildə dəbdə olan əlvan leqqins vardı. Nənə nəvəsini görüncə kənara çəkilib ona yol verdi, başını məzəmmətlə yırğalayıb təmiz fransız dilində dedi:

- Qadasın alım, başına dönüm, hardaydın bu çağacan? Nənəni bunca nigaranmı qoyarlar??

QP nənənin başını bulamağından hərəkətə gələn zınqırovlu sırğaların cingiltisinin kəsilməsini gözləyib cavab verdi:

- Nənəciyim, danlama öz sevdiciyini. O qədər yoruldum ki... – bu sözlərlə QP otağa göz gəzdirdi. Nənəsi tək qaləb darıxdığından interyerdə yerdəyişmə aparmış, onu bunun, bunu onun yerinə qoymuşdu.

Ev elə nənənin özü kimi yaraşıqlı və səliqəli idi. Onlar sobanın olması üzündən adətən bu iri zalda oturardılar. Bura açılan iki qapı nənənin və nəvənin yataq otaqlarına aparırdı. İkinci qapıya üzərində “QaPa” yazılmış lövhə vurulmuşdu.

Qızcığaz əlindəki zənbili şabalıd ağacından qayrılmış dəyirmi masanın üstünə qoyub, qarşı divardakı şəkillərin önünə keçdi. Üç nəfərin şəkli asılmışdı burda. Biri özü idi, o birilər - nənənin və ulu nənənin gülümsəyən əksləri. Bu iki nənə qurdun qarnından çıxmış o məşhur personajlar idi, o vaxtki nənə ilə nəvəsi. O vaxtki nəvə indi böyüyüb nənə olmuş, qırmızıpapaqlıq estafetini öz şıltaq nəvəsinə ötürmüşdü.

- Nənəsi, mənə nəsil şəcərəmiz barədə məlumat verərsənmi?

Nənə təəccübünü gizlətmədən fransızca dilləndi:

- Gözəl balam, nədəndi səndə bu maraq? Əvvəl heç sormazdın belə şeyləri.

- Danış, nolar... mən hər şeyi bilmək istəyirəm.

Ərköyün, şıltaq nəvəsini heç zaman belə pərişan görməyən nənə naəlac qalıb sözə başladı:

- Yaxşı, nənə balası, mən deyim, sən qulaq as. Nənəmlə mən acgöz qurdun qarnından sağ-salamat qurtulandan sonra (allah ovçulardan razı olsun) həyatımızda bəzi dəyişikliklər baş verdi. Biz artıq əvvəlki adam deyildik. Qurdun qarnında nə hikmət vardısa, mən sanki vaxtından qabaq böyüməyə başladım, nənəmsə cavanlaşdı. Eynəyini atdı, əsanı tulladı, dişləri yenidən əmələ gəldi, nəsə nənənin çiçəyi çırtladı. Hə... yadımdadı, çox xoşbəxt görünürdü o ara..., öləndə də qurdun adı dilindən düşmədi – bu yerdə nənə fransızca qımışdı və susdu.

- Sonra?

- Məni də başqa cür tərbiyə etməyə başladı və mən emansipə aşiqi oldum və səni də eyni qayda ilə böyütdüm – dərin ah çəkib əlavə etdi – sənə bir söz deyim, balası, meşəni heç sevmədim mən. O hadisədən sonra meşə doğmalığını itirdi mənimçün..

- Başa düşürəm..

- İndi de mənə görüm hardaydın? Niyə belə gec döndün?

QP iri qədimi trimonun önünə keçib fikirli-fikirli papağını çıxartdı, darağını götürüb daranmağa başladı.

- Hardaydın axı, deməzmisən?

QP etinasızcasına cavab verdi:

- Qurdla tanış olmuşdum. Birlikdə gəzirdik meşəni, sənə gül dərirdik.

- Ah uca yaradan!! Bircəciyim, sən dəlimi olmusan?!! Nə qurd, nə gəzinti? Sən heç bilirsən nə boyda təhlükəyə atmısan özünü? – nənə dəhşət içində əlləri ilə üzünü qapayıb hönkürməyə başladı – sən heç məni fikirləşmirsən... axı mənim səndən başqa bir kimsəm yoxdu... – hönkürtüsünün nəvəsinə heç bir təsiri olmadığını görən nənə sakitləşib rəvan səslə davam etdi – mənim sənlə bağlı bir çox planlarım var. Sən hamıdan ağıllı, gözəl, güclü və iradəlisən. Unutma. Sən Qırmızı Papaqsan! Mən səni belə tədbirli və cəsarətli tərbiyə etməsəydim, sən dissertasiya işi yazıb, uğurla müdafiə edə bilməzdin. Mən tapmadım, nənəm rəhmətlik tapmadı, sənsə tapacaqsan. Tapacaqsan bu meşədən dünyaya çıxış yolunu. Tapmalısan! Çünki sən sənsən! Özünü qurd kimi xəbis xislətli şəxsiyyətsizdən qorumalısan. O bizim sinfi düşmənimizdir. Qurddan dost olmaz, bu bir. İkincisi, erkəklə ünsiyyətə sən necə cürət etdin?! Sən nəslimizin artıq formalaşmış feminist davranış qaydalarını yerə vurmaqla nə qazanmağı düşünürdün? Qurdla münasibət! İlahi, mən nələr eşidirəm?! Onun hiyləsinə inanma, maralım, sözünə uyma – nənənin nəsihəti qurtarmaq bilmir, get-gedə daha da vüsət alırdı.

Trimonun qarşısında durub saçını düzəldən QP birdən hiss etdi ki, daha nənəsinin fransız nitqini başa düşmür, sözlərini anlamır. Və hansısa vəhşi ehtiras onu geriyə, meşəyə çağırırdı. Boynundakı güclə sezilən dişləm yeri gicişir, qolbaq biləyini məngənə kimi sıxırdı.

Birdən nənə səsini kəsdi. Arxası ona tərəf durmuş nəvəsinə doğru bir-iki addım atıb, duruxub dayandı.

- Maralım, bu nədi belə?... uzun, tüklü... sallanıb donunun altından?...

QP onsuz da nənənin nitqini artıq anlamırdı və anlayası halda da deyildi. Dayanıb, heyrətqarışıq məmnunluqla güzgüdəki tanınmaz şəklə düşmüş əksini – tüklənmiş, yekəqulaq, vəhşi baxışlı çöhrəsini seyr etməkdə idi.

Şəhla Nihan

# 8783 dəfə oxunub

Müəllifin son yazıları

# # #