Asif Ata İsa Muğanna haqqında

Asif Ata İsa Muğanna haqqında
7 aprel 2014
# 10:17

İnam Ata (Asif Ata) mərhum yazıçı İsa Hüseynovun (Muğannanın) yaradıcılığı haqqında dəfələrlə yazıb, görüşlərində münasibətini bildirib. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatına Asif Atanın tamam fərqli yanaşması oxuculara aydındır. Hələ gəncliyindən onun üslubu, hadisələrə filosof olaraq yanaşması hamını heyrətləndirib. Onun duyumu o çağların (elə indiki çağların da) istedad ölçülərinə kəsinliklə sığmırdı. Asif Atanın fəlsəfi-bədii tənqidçiliyinin ilk çağından İsa Hüseynovun yaradıcılığına yanaşması ciddi olub. Bir neçə tənqidi əsərində İsa Hüseynovdan ayrıca danışıb. Onun ayrı-ayrı əsərləri bir neçə yazıda təhlil edilib: «Sənət və Şəxsiyyət» əsərinin «Mühit və Şəxsiyyət» bölümündə «Yanar ürək» romanı, «Tütək səsi» povestini, «Sənət və özünüdərketmə» əsərinin «Müqəddəslik» bölümündə «Quru budaq» povestini təhlil edib. (Hər iki əsər «Müdriklik səlahiyyəti» kitabında çap olunub. Bakı, Gənclik, 1976). «İnsan Haqqı» əsərinin «Burulğan» bölümündə yazıçının «İdeal» romanını təhlil edib (“Azərbaycan” jurnalı, 2008, noyabr), «Tarixə Çatmaq» əsərinin əvvəlində “Məşhər” romanından, sonunda isə «İdeal»dan danışıb (“Uluyurd Aqibəti – Bütöv Azərbaycan”, “Adiloğlu”, 2007). Yazıçının əsərləri haqqında Atanın müxtəlif fəlsəfi-tənqidi əsərlərindən uyğun bölümlərdən oxuculara ixtisarla təqdim edirəm.


İşıqlı Atalı,

Mütləqə İnam Ocağının Yükümlüsü

***

“Saz” povestinin qəhrəmanı Qılınc Qurban kənd camaatının namusunu qorumaq kimi nəcib niyyətə qulluq edir. Lakin bu niyyət şübhəçiliyə çevrilərkən eybəcərləşir. İnsanlara arxa olmaq məqsədi ilə fəaliyyət göstərən bir şəxs labüd şəkildə camaata yad və zidd qüvvəyə çevrilir. Qurbanın insanlara münasibəti İsfəndiyar kişi ilə aşağıdakı söhbətində aşkar olur:

“...Kimin üzünə baxıram, şeytan görürəm”. Bu əhvali-ruhiyyə Qılınc Qurbanı camaatdan ayırır. Camaat ilə Qurban arasında keçilməz uçurum yaranır. Müəllif inandırıcı surətdə göstərə bilmişdir ki, insana inam hissi xalqın (povestdə - kənd camaatının) ən ümdə, ən dərin hisslərindən biridir. Xalq müdrikliyinin ilkin əlamətlərindəndir. Bu baxımdan əsərin digər qəhrəmanı İsfəndiyar kişi çox səciyyəvidir. Əsərdə o, Qılınc Qurban fəlsəfəsinə zidd olan xalq fəlsəfəsinin ifadəçisi kimi çıxış edir. Onun fəaliyyətinin qayəsini insanlara inam təşkil edir. Bu inam davamlı və sarsılmaz olduğundan İsfəndiyar kişinin qollarına güc, ürəyinə mətanət gətirir. O, Qılınc Qurban kimi bir adamla toqquşmaqdan belə çəkinmir, zavallı Hacını onun caynağından qopardır, insana inamın böyük hikmətini təsdiq edir. Əsərin sonunda İsfəndiyar kişinin haqlılığı, Qılınc Qurbanın haqsızlığı üzə çıxarkən biz insana inam fəlsəfəsinin insana şübhə fəlsəfəsi üzərində qələbəsinin şahidi oluruq. Qılınc Qurban da, İsfəndiyar kişi də öz fəaliyyətlərinin düzgünlüyünə sonsuz dərəcədə inanan adamlardır. Mübarizədə İsfəndiyar kişinin əqidəsi qələbə çalır. Qılınc məğlub olursa, bu, o deməkdir ki, İsfəndiyar kişi bir şəxsiyyət kimi ucalır, Qılınc Qurban isə kiçilir.

***

İnsan haqqı (Əsərdən bir hissə). Burulğan İnsanın İdeal tapmaq, İdeala tapınmaq haqqı var. Bu haqq – Əzəli, Zəruri, Daxili haqdır, xəyalda yaranan. İnsan həyatda arayır İdealı və sarsıntılı həyəcanlar, düşüncələr, tərəddüdlər, ümidlər burulğanına düşür. Xəyalda görünən İdeala bənzəmir həyatdakı İdeal, mürəkkəb, ziddiyyətli bilinir. Uzun, çətin yol keçir İnsan İdeala yetməkçün və özü yetkinləşir, ideallaşır bu yolda. İsa Hüseynovun «İdeal» romanının qəhrəmanı Səməd İdealını gah tapır, gah itirir, keşməkeşli, düyünlü daxili münaqişələrdə İdealını tanıyır. Kimdir Sultan Əmirli, Səmədin İdeal saydığı insan: polad iradli əqidə fədaisimi, yoxsa səadət qatilimi, xalqsevərmi-mənsəbpərəstmi, xeyirxahmı- bədxahmı? İkiləşir Səmədin gözündə ideal saydığı: ikiləşdikcə toranlaşır, kölgələşir, heyrət miskinləşir, qürur məyus olur: «Çox gərgin yaşayırdı… Yataq otağında «adam kimi» yatdığı gecələrdə rahatlanmayıb, yuxunun içində elə ah-nalə çəkər, elə inildəyər, zarıyardı, deyərdin, ətindən ət çəkiblər.»

«Səməd cınqırını da çıxarmayıb, əmisinin qara qalın qaşlarının o gecələrdə necə çallaşıb pırpızlaşdığına, boz-ala gözlərinin necə heybətli qan çanağına döndüyünə tamaşa edərdi və təkcə Mirqəzəb kəlməsindən körüyə dönən köksü atlana - atlana əmisinin canındakı alovu öz canında duyardı…»

«Qapıları, pəncərələri taybatay açıq yataq otağında stolüstü lampanın işığında arxası üstə uzanıqlı Gülgəzin elə bil son nəfəsdə iqamətə tikilmiş işgəncəylə dolu gözləri parıldayardı. Balıncın üstündə dağılmış qara hörüklər arasında Sultanın çal tükləri işıldayırdı. Kişi töyşüyürdü.» Xalqını inildəyə-inildəyə dəhşətdən qoruyan, əsilli-nəsilli, o taylı-bu taylı fədai özündən 30 yaş kiçik qızı yatağına gətirməyə necə qıyır, gözü gördüyündən necə qəddarcasına göz kirəsi istəyir, vəhşi dərəbəyliyi insafına necə sığışdırır?

«Qurğudur!»-deyirlər, «keflənmişdi» - deyirlər, «ani haldır» - deyirlər, ancaq Gülgəzlər fəlakəti göz önündən çəkilmir, tapdalanmış İnsan haqqı, sevmək, sevilmək, nişanlısına qismət olmaq haqqı göz önündən çəkilmir və Sultan Əmirli – sultanlaşır, qəddarlaşır, qatilləşir, fədailiyilə qatil yanaşı dayanır və fədailik qətl olunur. «O balıncının üstündə dəbərə qalan, işgəncəylə dolu gözləri, o qara saçların arasında işıldayan çal tükləri xəyalından uzaqlaşdırmağa, eşitdiyi tövşüyü və o sözləri qulağından çıxartmağa çalışdı, mümkün olmadı. O gözlər daha da böyüdü, dəhşət dünyanı tutdu və Səmədin «qaraçı gözəli», Gülgəz adında qara tikanlı, gur tikanlı, qara ağaclı, gur ağaclı dünyası ilə birgə Sultan Əmirli adında möhtəşəm dünyası da yoxa çıxdı.» Yoxa çıxan möhtəşəmlik Səmədin daxilində təzədən var olur, xalqın başının üstünü almış fəlakəti duyduqca, xalqın fəlakətinə qarşı Sultan Əmirli duruşunu duyduqca, böyük əməllər sultanını tanıdıqca Gülgəz fəlakəti kölgələşir, yoxa çıxır. Xalq fəlakətinin yanında bir Gülgəz fəlakəti nəymiş ki? Xalqa qıyanlarla ölüm-dirim döyüşünə çıxmışın bir Gülgəzə qıyması nəymiş ki? Sultan Səmədin qəlbində ideallığını saxlayır, Sultan Səməd və yazıçı hökmündə tam bəraət qazanır, alqışlanır, ülviləşir.

«Əlləz oğlunun qızı da qurban olsun Sultan Əmirliyə, mənim eşqim də qurban olsun Sultan Əmirliyə, özüm də qurban olum Sultan Əmirliyə!» -deyir Səməd. «Atam, Mədədim; o tayım, bu tayım, parçalanmış vətənim. Qurbanın olum, qurbanın olum!» - deyib göz yaşı tökür tabutunun üstündə, «İdealımsan!» - deyir dəfələrlə… Gülgəz fəlakətini unutmaq istəyirlər. Unutmaq omaz Gülgəz fəlakətini, bir insanın fəlakətindən başlayır xalq fəlakəti, bir insanın qətlindən başlayır xalq qətli; çünki bir insan miniatürdə xalqdır, hər bir fərd xüsusi, əvəzsiz, xəlqi bir dünyadır; «milyonları səadətə çıxarıram, ona görə yüzlərini qətl eləyirəm!»-fəlsəfəsi görünməmiş fəlakətlər yaratdı, sağalmaz yaralar vurdu bəşərin sinəsinə, Gülgəzə qıyan – xalqına da qıyar, bir dəfə zorakılıq eləyən yüz dəfə də eləyər, İnsan haqqından kənarda Xalq haqqı da yoxdur. Gülgəz adlı bir dünyanı məhv etdi Sultan və bunu heç bir ülvi niyyətlə doğrultmaq olmaz. Elə buna görə də təbiiliyilə seçilən yazıçı bu romanında hadisələri öz arxasında «sürüyür», istəyinə uyğunlaşdırır, yazıçı niyyəti bu əsərdə çox qabarıq aşkara çıxır, hadisə axını «fikir sxeminə» tabeləşdirilir.

Romanın gücü – xalq aqibətinə qatil kəsilən amansız, qəddar və pozğun Zorun təsvirində və xalq həyatının Ruhani mənasının təsdiqindədir. Əsərdə xalqın ömrünə-gününə daraşmış canavar xislətli Zor bütün mənfur möhtəşəmliyiylə, fitnə-fəsad məharətiylə, qəddar qatilliyilə, zülmətiylə, qanlı özünəinamıyla və zəhərli şübhəsiylə, yağılıq həvəsiylə, dağıtmaq eşqiylə, yas nəfəsiylə canlandırılır… Zorun xalqa gətirdiyi müsibətin sayı-hesabı, həddi-hüdudu varmı? Vaqona basılıb sürgün edilən yetim - yesir yiyələri. Başları xurcunda gətirilən fəlakətlilər. Venasını kəsən qeyrətkeşlər. Yandırılan binalar, söndürülən ocaqlar. Pozulan tarix. Qırılan talelər. «Ayna bacı yox, Qarışqa qarıdan da quru, ömrü - günü qurtarmış, ağsaçlı bir qarı cəhrə ilə paltar maşınının arasında divara söykənib, oturduğu yerdəcə keçinmiş kimi, heç nəfəs də almırdı…» «O zərif durna boğazı yoxdur; o zərif çənə, zərif dodaqları da yoxdur, əriyib, itib-batıb, o zərifliklərə bir az xətər gətirən qabarıq alnının altında dərindən baxan gözlər isə elə quyuya düşüb ki, o bir cüt quyudakı qarayanıq dərinin altında göz olduğu da bilinmir.» «Fəlakət, fəlakət» -deyə ölür Nəcəfoğlu.

««Boğulurlar» xalislər, təmizlər. Parçalanır, paralanır, qərib düşür müqəddəsatımız. Məşhər ayağına çəkilir yurdumuz! Xain üsüllarla: Axtarılan, tapılan, ixtira edilən, iftira günahlar («Şah tərəfdarlarından töhfə alırsınız».) Axtarılan, tapılan, ixtira edilən, iftira «dəlillər» (o taydakı əmirlilərin mülklərini, öz şəkillərini çəkmək!). Öldürmək məqsədilə «diriltmək», alçaltmaq məqsədilə «ucaltmaq», ayağa salmaq məqsədilə «başa çıxarmaq…» «Məhv etmək istədiyi adamı əvvəlcə qaldırır. Bir tərəfdən ulduz taxır döşünə Sultan əmiyin, yastıq qoyur başının altına, o biri tərəfdən də podpolkovnik Xudiyevi çağırıb zağ-zağ əsdirib hüzurunda: «Dövlət təhlükəsizliyiylə yox, əmir törəmələrinin, şeyx qardaşlarının himayədarlığıyla məşğulsan!» - deyirdi. «Dişli» İşlər: («çax-çuxun köməyiylə beş ildə Pers yekə bir «delo» hazırlayıb»). «Gözlənilməz» Qəzalar: («Dümdüz yerdəcə maşın aşmışdı») «Xəlqi» cəsuslar: «Nəcəf oğlunun bağbanı». Gizli canilik: Quyuya tullanmış meyid. Çapılan ruhaniyyat: Kitab qətli. Nəslə, kökə qəsd: «Ot bitdi fədai ocağında, ot bitdi!»

Nəyə yağıdır Zor, kimə yağıdır Zor? İnsan haqqına və xalq haqqına. Hər bir insana və xalqa… İnsanın xalqlaşma haqqına… İnsanı kiçik görmək istəyir Zor, xalqı kiçik görmək istəyir Zor. Bu səbəbdən də insanın başını kəsir, xalqın dilini kəsmək istəyir. Baqdayı soldurmaq istəyir. Ərlərsiz qoymaq istəyir Yurdu, itirmək istəyir Qədimliyimizi, özümüzdən ayırmaq istəyir bizi. Əzəli ruhani mahiyyətimizdən ayrı salmaq istəyir sabahımızı. Alabaydaq eləmək istəyir Baydaqlarımızı! Özü böyük görünmək üçün kiçik görür böyük olanları. Yerə - göyə sığmayan əzəli mənanı danır! Baydaqlıq, ərodluq, oddaşlıq siqlətinə yağı kəsilib Zor! Parçalanan, paralanan qüdrətin təzədən bütövləşmək imkanından qorxur Zor. Onun böyüklüyü üçün Baydaqlıqdan, Oddaşlıqdan möhtəşəm təhlükə yoxdur. Zor özündən başqa böyüklük tanımır, görmür, istəmir; tanısa, görsə, istəsə o, Zor olmaz. Ona görə Nəcəfoğulları Qana qəltan eləyirlər, dünyamızı üzümüzə qapıyırlar, Midilərdən yapışırlar, yazılarımızı pozurlar. Bu səbəbdən də romanda hərarətlə səslənən: «Müqəddəsatımız uğrunda döyüş ideyası», «Bağday haqqında ruhani bədiyyat» - əsil sözdür, xalis sözdür, gərəkli, idraklı, sabahlı sözdür! Ancaq düşmən kimidir, Zor kimidir, müsibətlərin səbəbi nədədir, kimdədir? Yazıçı iki tip cinayətkar, baiskar qrupu tanıyır: Mirqəzəb, Pers, Xudiyev güruhu və Qudalılar tayfası. Birincinin məqsədi - Pəhləvi hökmranlığına xidmət, ikincinin məqsədi - xalqı çapıb - talamaqdır. Hər iki məqsəd antixəlqilik yönündə birləşir və bu səbəbdən də yağılar əl –ələ verirlər, fəaliyyətləri bir olur canilərin. Zənnimcə, romanda Zor nümayəndələrinin tarixi ünvanı düzgün göstərilsə də, Zor fəlakəti bütöv izah olunmur. Təbiidir ki, dövr, zaman Zora öz hökmünü verəcək və bu hökm, hərtərəfli izah vaxt tələb eləyir. Bizcə Zorun arxasında tək Pəhləvilik niyyəti yox, ümumən şovinizm deyilən – «böyük xalqların» «kiçik xalqlar» üzərində hökmranlıq meyli durur.

Zənnimcə, Mirqəzəblər tək Pəhləvizmə yox, həm də ümumən şovnizmə xidmət edirdilər və bu xidmətdə canfəşanlıq edirdilər, əldən gedirdilər, özlərinin bugününü və sabahını həmin xidmətdə görürdülər. Mirqəzəblərdə xəlqi şüur anadangəlmə yox idi, sonradan onun yaranması üçün də mənəvi və maddi zəmin olmamışdı, onlar beynəlmiləlçiliyi antimilliik kimi duymuşdular, bu səbəbdən də millətin ölümünü bəşər üçün itki saymamışdılar, bəşərin gələcəyini şovinizmin qələbəsində görmüşdülər. Persizm – Mirqəzəblərin çərəziydi, xörək şovnizim idi. Mirqəzəblərin baxtlarından ölkədə vahimə iqlimi yaranmışdı, xalqı qorxutmaq - prinsip səviyyəsinə qaldırılmışdı və bu prinsip Mirqəzəblər üçün geniş imkan açmışdı, belə bir iqlimdə Mirqəzəblərin cinayətləri mükafatlandırılırdı; Mirqəzəblər yüksəlirdilər bu iqlimdə. Onu da qeyd edək ki, İsa Hüseynovun əvvəlki əsərlərində bütün dolğunluğuyla təsvir olunan və «İdeal»da gözəlləşdirilən Qılınc Qurbanlar, Sultan Əmirlilər bu iqlimin yaradıcıları idilər və bu səbəbdən də insan haqqını tapdalamaqda onların şəksiz xidmətləri var; «Yanar ürək» romanından imtina etmək mümkün deyil, o, həyatımızın müəyyən dövrü haqqında həqiqi bədii hekayətdir, həmin dövrü ömrümüzdən silə bilmədiyimiz kimi, həmin əsəri də duyğularımızdan, təsəvvürlərimizdən silə bilməyəcəyik. Əsərin də insan kimi yaşamaq haqqı var və bu haqqı sənətkar özü belə onun əlindən ala bilməz!

…Səmədin qəlbində tüğyan edən burulğan kəsmir. İnsan haqqı göyündən buludlar əskik olmur. İnsanın başının üstünü alan təhlükə sovuşmur...

# 2977 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #