Biz qız gözləyirdik, sən ölüm

Biz qız gözləyirdik, sən ölüm
28 iyun 2013
# 09:25

İstedadlı şairimiz Sərdar Əsəd 1975-ci ilin 30 iyununda intihar edərək öz həyatına son qoyub.

Kulis.Az şairin ölüm ərəfəsində Azər Abdullanın ona ithaf etdiyi “Günlü-günəşli bir gün” şeirini təqdim edir.

Günlərin biri uçub getdin.

Sümüyümüz üşüdü,

İliyimiz üşüdü

yayın cırhacırında.

O gün birimiz

qatar gözləyirdik,

birimiz məktub,

birimiz toy,

birimiz pay,

sevinc,

söyüd kölgəsində

birimiz qız gözləyirdik.

Sən ölüm gözləyirmişsən.

Ölümün adını eşitmişik,

ürpəşib ətimiz,

titrəyib dizimiz,

bircə gecədə

ağarıb saçımız.

Ölümün rəngi necə,

ölümün dadı necə,

görməmişik, bilməmişik.

Sən demə aramızda

ölümlə qolboyun gəzirmişsən...

Hər gün, hər ay

sən ölüm gözləyirmişsən.

Gülə-gülə çay içəndə,

oğlunun telinə sığal çəkəndə,

siqaret çəkəndə,

yazdığından əl çəkəndə

neçə yol çıxmısan ölümün qabağına.

Qışqırmısan

ayaqyalın başıaçıq,

ölümün qarşısına atılmısan.

Soyuyub qurğuşuntək əllərin,

dodağında gülüşün.

Bir də, bir də gülmüsən

ardınca kölgə kimi

sürünən ölümə.

Bəlkə əlimizi sıxanda,

Bizimlə danışanda, güləndə,

bəlkə sarı-sarı limona

dadlı-dadlı söz qoşanda

haqlayıbmış səni ölüm?..

Səssiz, küysüz, gileysiz

çiynində daşımısan ölümü

gecələrdən gündüzə.

Daşa toxunmusan,

divara, evlərə, ağaca toxunmusan,

aramızda gəzmisən,

bizlərə toxunmusan.

Xəbərimiz olmayıb

Ölümlə qolboyun gəzməyinnən.

Uçub getdin,

qayıtmazsan bir də geri.

Oktyabr 1975.

# 2110 dəfə oxunub

Müəllifin son yazıları

# # #