İynəyə çoxlu sevinc doldurun

İynəyə çoxlu sevinc doldurun
24 fevral 2014
# 13:58

.Kulis.az Vilayət Hacıyevin tərcüməsində Haynrix Böllün “Loenqrinin ölümü” hekayəsini təqdim edir.

Xərəyi pilləkənlə qaldıranda bir az yavaşıdılar. Sanitarların ikisi də acıqlı idi, çünki bir saat bundan əvvəl növbəyə başlasalar da, hələ onlara siqaret, çaypulu verən olmamışdı. Biri sürücü idi və əslində, xərək daşımamalı idi. Ancaq xəstəxanadan kömək göndərməmişdilər, uşağı da maşında qoymaq olmazdı. Hələ təcili bir sətəlcəmli xəstənin, sonra da özünü öldürmək istəmiş bir kişinin - son anda kəndiri kəsmişdilər - dalınca getməli idilər. İkisi də acıqlı idi və qəflətən pilləkəndə sürəti bir az artırdılar. Dəhlizin işığı zəif idi və əlbəttə, hər tərəfdən xəstəxana qoxusu gəlirdi.

- Kəndiri niyə kəsirdilər ki? – onlardan biri donquldandı. Arxada gələn sanitar idi və intihar etmək istəyəni nəzərdə tuturdu.

- Düz deyirsən, niyə kəsirdilər? – irəlidə gedən də mızıldandı. Bu sözləri deyərkən o geri çevrildiyi üçün görmədi, qapıya dəydi və xərəkdəkindən dəhşətli bir qışqırtı qopdu. Uşaq qışqırtısı idi...

- Sakit ol, sakit ol, - deyə sütül, üz-gözündən əsəbilik yağan sarışın saçlı həkim saata baxdı. Səkkiz idi. Çoxdan əvəz olunmalı idi. Artıq bir saat idi ki, əbəs yerə doktor Lomayeri gözləyirdi. Bəlkə də onu həbs etmişdilər. Axı istədikləri adamı istədikləri vaxt tutub basırdılar. Gənc həkim qeyri-ixtiyari stetoskopunu götürdü. Bütün vaxtı xərəkdə uzanan uşağa baxmışdı və yalnız indi gözləri qapının ağzında dayanıb gözləyən sanitarlara sataşdı, acıqlı-acıqlı soruşdu:

- Nə olub? İndi nə istəyirsiniz?

- Xərəyi... – sürücü dilləndi, - uşağı götürüb başqa yerə qoymaq olmaz?

- Ah, oldu, oldu... - deyə həkim dəri örtüklü taxtı göstərdi. Həmin anda növbətçi tibb bacısı da gəldi: laqeyd, ancaq ciddi görkəmi vardı. O, oğlanın çiyinlərindən, sanitarlardan biri də - sürücü deyildi – ayaqlarından tutdu.

Uşaq yenə də dəli kimi qışqırdı və həkim tez dilləndi:

- Sakit ol, sakit ol, indi keçib gedəcək...

Sanitarlar hələ də gözləyirdilər. Həkimin hirsli baxışlarına baxan bayaqkı sanitar sakitcə cavab verdi:

- Adyal!

Əslində, adyal onunku deyildi, hadisə olan yerdə bir qadın vermişdi, çünki ayaqları sınmış uşağı heç nəyə bükmədən xəstəxanaya göndərmək olmazdı! Sanitar əvvəlcə fikirləşdi ki, adyalı ona verməzlər, ancaq xəstəxanada da adyal çox idi və onu sahibinə qaytaran da olmayacaqdı. Deməli, o nə xəstəxananınkı, nə də uşağınkı idi. Halbuki arvadı onu yuyub-təmizləyərdi, sonra da yaxşı qiymətə satmaq olardı.

Uşaq hələ də qışqırırdı! Adyalı ayağının üstündən götürüb sürücüyə vermişdilər. Həkimlə tibb bacısı bir-birinə baxdılar. Uşağın görkəmi çox acınacaqlı idi. Qurşaqdan aşağı qanın içində üzürdü, qısa kətan şalvarı cırıq-cırıq olmuşdu və onun qana bələnmiş cırıqlarına baxanda adam qorxurdu. Ayaqları yalın idi və elə hey qışqırırdı, heç ara vermirdi.

- Tez iynə hazırlayın, - həkim pıçıldadı, - tez, tez!

Tibb bacısı nə qədər cəld, çevik tərpənsə də, həkim elə hey pıçıldayırdı:

- Tez, tez!

Üz-gözündən əsəbilik yağan həkim dayanmaq bilmir, uşaq da arası kəsilmədən qışqırırdı, ancaq tibb bacısı iynəni bundan tez hazırlaya bilməzdi.

Həkim oğlanın nəbzini yoxladı, avazımış sifəti yorğunluqdan titrədi.

- Sakit, sakit! – deyə dəli kimi bir neçə dəfə pıçıltı ilə təkrarladı, - dedim ki, sakit ol!

Amma uşaq qışqırırdı, sanki bu dünyaya elə qışqırmaq üçün gəlmişdi. Nəhayət, tibb bacısı əlində iynə gəldi və həkim cəld hərəkətlə ona iynə vurdu.

Köksünü ötürərək iynəni zərif dəriyə sancdığı anda qapı açıldı və bir rahibə həyəcanla içəri girdi, uşağı, həkimi görəndə, nəsə deməyə hazırlaşan ağzı yumuldu, sakitcə asta addımlarla onlara yaxınlaşdı. Başı ilə həkimi, rəngi avazımış tibb bacısını salamladı, əlini uşağın alnına qoydu. Uşaq isə gözlərini geniş açaraq heyrətlə başı üzərindəki kölgələrə baxdı. Görən deyərdi ki, alnına qoyulmuş soyuq əl onu sakitləşdirdi, ancaq, əslində, iynə təsir eləmişdi. İynə hələ də həkimin əlindəydi və o, yenə də dərindən köksünü ötürdü. Sonra sükut oldu. Elə bir sükut ki, hərə öz nəfəsinin səsini aydınca eşidə bilirdi. Heç biri də dinmirdi... Deyəsən, uşaq daha ağrı hiss etmirdi, sakitcə, həm də maraqla yan-yörəsinə baxırdı.

- Neçə oldu? – Həkim yavaşca tibb bacısından soruşdu.

- On, - deyə o da eyni tərzdə cavab verdi.

Həkim çiyinlərini çəkdi:

- Bir az çoxdur, ancaq baxarıq... Bizə kömək edərsiniz, Lioba bacı?

- Əlbəttə! – Rahibə tez cavab verdi və sanki diksinərək dərin yuxudan ayıldı.

Çox sakitlik idi. Rahibə uşağın başından, çiynindən, tibb bacısı isə ayaqlarından yapışıb, qan içində olan cır-cındırı onun əynindən çıxardılar. İndi gördülər ki, qan nəsə qara bir şeylə qarışıb. Hər yeri qapqara idi. Uşağın ayaqları da, əlləri də kömür tozuna bələnmişdi. Hər yeri qan, kömür tozu! Qalın, az qala palçığa dönmüş kömür tozu...

- Aydındır... - həkim mızıldandı. – Yol gedən qatardan kömür oğurlayarkən yıxılıbsan, eləmi?

- Bəli! – oğlan titrək səslə cavab verdi. – Elədir...

Gözləri açıq idi və onlarda qəribə bir sevinc parıldayırdı. Deyəsən, iynə yaxşı təsir eləmişdi. Rahibə onun köynəyini lap yuxarı – boğazına qədər çəkib orda bürmələdi. Bədəni arıq idi. Elə arıq idi ki, deyərdin bir dəridir, bir də sümük. Körpücük sümüyündəki yalaqlar qapqara və həm də elə dərin idi ki, rahibə dümağ iri əllərini orada gizlədə bilərdi. Sonra onlar oğlanın ayağında sağ qalan yerlərə baxdılar. Qıçları napnazik, zərif, uzun idi. Həkim qadınlara başı ilə razılıq edib dedi:

- Güman ki, hər iki qıçının sümükləri sınıb. Rentgen etmək lazımdır.

Tibb bacısı spirtli əski ilə onun qıçlarını silib təmizlədi. Onlar indi o qədər də pis görünmürdülər. Uşaq dəhşətli dərəcədə arıq idi. Yaralarını sarıyanda həkim başını buladı. Yenə də Lomayerdən nigaran qalmağa başladı, bəlkə də onu artıq yaxalamışdılar. Hətta ağzından söz qaçırmasaydı da, onu strofantinə (Ürək çatışmazlığına qarşı otlardan hazırlanan və müharibədən sonrakı dövrlərdə ən çox istifadə olunan dərman. Daha çox qara bazarda satlırdı - V.H.) görə orda qoymaq olmazdı. Bir də ki, qazancda payı ola-ola özü necə azadlıqda gəzə bilərdi?! Lənət şeytana, yəqin saat doqquzun yarısı olardı. Çox sakitlik idi, hətta küçədən də səs eşidilmirdi. Sarğını qurtardı və rahibə onun köynəyini ombasına qədər aşağı çəkdi. Sonra dolaba tərəf gedib oradan ağ rəngli bir adyal götürdü, onu oğlanın üstünə saldı. Əlini yenə də uşağın alnına qoyaraq yuyunan həkimə dedi:

- Cənab doktor, mən əslində o balaca Şrantsa görə gəlmişdim, ancaq uşaqla məşğul olduğunuza görə narahat etmək istəmədim...

Əlini qurulayan həkim dayandı, yanaqları azacıq səyridi və alt dodağına yapışıb qalmış siqaret də titrədi.

- Necə? Balaca Şrantsa nə olub ki? – Onun avazımış sifəti indi, demək olar ki, sarı rəngə çalırdı.

- Ah, ürəyi daha döyünmək istəmir. Sadəcə olaraq, istəmir... Deyəsən, sonu çatıb...

Həkim siqareti damağından götürdü və dəsmalı əlüzyuyanın böyründə divara vurulmuş mismardan asdı.

- Lənət şeytana... – sonra da yazıq-yazıq əlavə etdi, - neyləyə bilərəm?! Daha əlimdən heç nə gəlmir...

Rahibənin əli hələ də oğlanın alnında idi. Tibb bacısı qana bulaşmış əskini zibil vedrəsinə atdı və onun nikelli qapağı yuxarı qalxarkən divarda titrək parıltılar oynaşdı.

Həkim fikirli halda döşəməyə baxdı, qəflətən başını qaldırıb oğlana nəzər saldı, sonra qapıya tərəf cumdu:

- İndi baxaram, - dedi.

- Mən lazım olacam? – növbətçi tibb bacısı arxadan səsləndi.

Həkim qayıdıb, başını qapıdan içəri saldı:

- Xeyr, siz qalın, oğlanı rentgenə hazırlayın. Xəstəlik tarixi açın, onu doldurmağa başlayın.

Uşaq hələ də sakit idi və tibb bacısı da gəlib dəri örtüklü taxtın yanında dayanmışdı.

- Anan bilir? – deyə rahibə soruşdu.

- O ölüb...

Rahibə daha atası barədə soruşmağa ürək eləmədi.

- Bəs kimə xəbər verək?

- Böyük qardaşıma... Ancaq indi evdə deyil... Balacalar da bilməlidir, evdə tək qalıblar...

- Hansı balacalar?

- Hans ilə Adolf. Gözləyirlər ki, qayıdıb onlara yemək hazırlayacam...

- Bəs böyük qardaşın harda işləyir?

Oğlan susdu, rahibə də daha heç nə soruşmadı.

- Nəsə yazmaq istəyirsiniz? – oğlan soruşdu

Tibb bacısı başını tərpədərək üstü dərman, sınaq şüşələri ilə dolu balaca ağ stola yaxınlaşdı, mürəkkəbqabını yaxına çəkdi, qələm götürdü, sol əli ilə ağ kağızları sığallayıb düzəltdi.

- Soyadın necədir? – Rahibə oğlandan soruşdu.

- Beker...

- Hansı dinə qulluq edirsən?

- Heç birinə... Xaç suyuna salınmamışam...

Rahibə diksindi, tibb bacısı isə buna fikir vermədi.

- Nə vaxt anadan olubsan?

- 33- də. Sentyabrın onunda...

- Deməli, məktəbdə oxuyursan, eləmi?

- Bəli.

- Adını da soruş, - tibb bacısı rahibəyə pıçıldadı.

- Yaxşı... Bəs adın nədir?

- Qrini.

- Necə? – Qadınlar təbəssümlə bir-birilərinə baxdılar.

- Qrini! – Oğlan bunu yavaş-yavaş, adları qeyri-adi səslənən adamlar kimi hirslə dedi.

- “İ” ilə yazılır? – Bu dəfə tibb bacısı soruşdu.

- Bəli, iki “i” var, - deyə oğlan bir də təkrarladı, - Qrini.

Əslində, adı Loenqrin (Əfsanəvi cəngavər, dahi alman bəstəkarı R. Vaqnerin operasının baş qəhrəmanı-V.H.) idi, çünki 1933-cü ildə, Bayrot (Bayrot Bavariyada şəhərdir. R.Vaqner 1871-ci ildən burada yaşamağa başlamış və onun təşəbbüsü ilə yaradılan Opera teatrında bəstəkarın əsərləri tamaşaya qoyulmuşdur. 1882-ci ildən bəri onun şərəfinə ənənəvi Bayrot festivalları keçirilir-V.H.) festivallarında göstərilən həftəlik xronikalarda Hitlerin şəkillərinin yenicə göründüyü vaxtlarda dünyaya gəlmişdi. Ancaq anası ona həmişə Qrini demişdi.

Qəflətən həkim içəri girdi. Gözləri yorğunluqdan çuxura düşmüşdü, zərif sarışın saçları gənc, ancaq qırışmış sifətinə dağılmışdı.

- Gəlin gedək! Tez olun! Yenə də qan köçürmək istəyirəm...

Rahibə oğlana baxdı.

- Bəli, bəli, onu bir neçə dəqiqəliyə tək buraxmaq olar...

Tibb bacısı artıq qapının ağzında idi.

- Qrini, burda bir az sakitcə uzana bilərsən?

- Bəli.

Ancaq onlar çıxan kimi gözlərindən yaş axmağa başladı. Elə bil rahibənin əli hələ də alnında qalmışdı. Ağrıdan ağlamırdı, sevincdən ağlayırdı. Ancaq həm də ağrıdan və qorxudan... Yalnız balacalar barədə düşünəndə ağrıdan ağlayırdı və çalışırdı ki, onlar barədə fikirləşməsin, çünki yalnız sevincdən ağlamaq istəyirdi. Ömründə heç vaxt özünü belə xoşbəxt hiss eləməmişdi. İynədən sonra sanki nəsə gözəl, bir az da ilıq südə oxşar bir şey canına yayılır, onu xoşhallandırır, həm də ayıq saxlayırdı. Ağzında da xoş bir dad vardı, ömründə belə dad hiss eləməmişdi, ancaq bununla belə, yenə də balacalar barədə düşünməli olurdu. Hubert sabah tezdən əvvəl gəlməyəcəkdi, atası isə üç həftədən sonra qayıdacaqdı. Anası isə... İndi balaclar tək-tənha qalmışdılar və dəqiq bilirdi ki, hər bir addım səsinə, pilləkəndən gələn hər hənirtiyə qulaq kəsilirlər. İndi pilləkənlə qalxıb-enənlərin sayı lap çox idi və bu da o demək idi ki, onlar hər dəfə məyus qalırdılar. Frau Qrosmanın gəlib onları aparmasına da ümid az idi. Axı indiyəcən bunu eləməmişdi, yəqin bu gün də eləməzdi. Axı hardan bilərdi ki, onun başına bədbəxt hadisə gəlib... Bəlkə Hans indi Adolfu ovundurur, ancaq onun özü də kövrək idi, heç nədən ağlamağa başlayırdı. Bəlkə də elə Adolfun özü Hansa təsəlli verirdi, ancaq onun beşcə yaşı vardı, Hans isə artıq səkkizin içində idi, ona görə də bu inandırıcı deyildi. Hans dəhşətli dərəcədə zəif idi, Adolf isə ona nisbətən qıvraq görünürdü. İndi yəqin ikisi də ağlaşırdılar, saat yeddi olan kimi oynamağa həvəsləri qalmırdı, çünki acırdılar və bilirdilər ki, o, səkkizin yarısında gəlib onlara yemək verəcək. Özləri ürək eləyib çörəyə əl vurmazdılar. Yox, buna heç vaxt cəsarət etməzdilər, uki-üç dəfə həftəlik çörəyin hamısını bir oturuma yedikləri üçün onlara çörəyə yaxın getməyi qəti qadağan etmişdi. Arxayınca gedib kartof götürə bilərdilər, ancaq bundan xəbərləri yox idi. Gərək onlara demiş olaydı ki, kartof götürə bilərlər. Hans kartof bişirməyi bacarardı, ancaq buna ürək eləməzdi, çünki onları ciddi cəzalandırmışdı, hətta döyməli olmuşdu. Axı çörəyin hamısını bir dəfəyə yemək olmazdı! Belə yaramazdı! Ancaq kaş cəzalandırmamış olaydı, yoxsa indi gedib çörək götürərdilər, ən azı ac qalmazdılar... Yəqin indi ağlaşa-ağlaşa oturub onu gözləyirlər, pilləkəndən səs gəldikcə həyəcan içində dik atılırlar, avazımış sifətlərini qapıya söykəyib onun arasından baxırlar... Onların belə elədiyini çox, lap çox, bəlkə də min dəfə görmüşdü. Ah, həmişə içəri girən kimi əvvəlcə onların üzünə baxırdı. Necə də sevinirdilər! Hətta döyüləndən sonra da onun gəlişinə sevinirdilər... Axı, artıq hər şeyi başa düşürdülər... Amma indi eşitdikləri hər addım səsindən sonra ümidləri puça çıxırdı, qorxurdular. Hans polis görəndə qorxudan əsirdi. Bəlkə də elə ucadan ağlayırdılar ki, Frau Qrosman deyinirdi, çünki axşamlar səs-küydən heç xoşu gəlmirdi. Bəlkə də ağlamağa ara verməyiblər, Frau Qrosman da aşağı düşüb, onlara yazığı gəlib. Axı Frau Qrosman da pis adam deyildi. Ancaq Hans heç vaxt özü Frau Qrosmanın yanına getməzdi, çünki ondan yaman qorxurdu. Hans hamıdan qorxurdu...

Kaş, ən azı, kartof götürmüş olaydılar...

Uşaqlar barədə düşünməyə başlayandan bəri ağrıdan ağlayırdı. Onları görməmək üçün əlləri ilə gözlərini tutdu, ancaq hiss etdi ki, yaş oldular, daha da kövrəldi. Saat neçə olduğunu bilmək istədi. Yəqin doqquz, bəlkə də on olardı... Dəhşət idi! Evə heç vaxt səkkizin yarısından gec qayıtmazdı, amma qatarı bu gün çox bərk qoruyurdular. Ona görə də diqqətli olmaq lazım idi, çünki lüksemburqlular atəş açmağı çox xoşlayırdılar. Bəlkə də müharibədə çox atəş aça bilməmişdilər, əvəzini indi çıxırdılar. Ancaq onu tuta bilməzdilər! İndiyəcən tuta bilməmişdilər, həmişə aradan çıxmışdı... İlahi, antrasit idi, onu əldən buraxmaq olmazdı! Belə kömürə, ən azı, yetmiş-səksən mark verirdilər, onu əldən buraxmaq olardı?! Yox, lüksemburqlular onu tuta bilməzdilər...

Həmişə rusların, amerikalıların, belçikalıların əlindən qaça bilmişdi, indi bu gülünc lüksemburqlular onu tutacaqdılar?! Onların arasından sivişib keçdi, dolu qutuların üstünə çıxdı, torbasını doldurub elə yerə tulladı ki, sonra qayıdıb götürə bilsin. Ancaq birdən... xırç... qatar qəflətən dayandı... və huşunu itirənə qədər bircə onu bildi ki, dəhşətli ağrılar oldu... Bu dəhşətli ağrıları bir də qapıya çatıb dümağ otağı görəndə hiss elədi. Sonra ona iynə vurdular. İndi yenə də sevincdən ağladı. Uşaqlar yaddan çıxdı... Sevinc nə gözəl şey imiş, indiyəcən onu dadmayıbmış... Sanki göz yaşlarının özü elə sevinc idi, sevinc onlardan süzülürdü... Balaca sinəsindəki o qəribə, şirin çeşmə isə qurtarmaq bilmir, parıldayan göz yaşlarına dönüb elə hey axır, axırdı...

Qəflətən atəş səsləri eşidildi. Lüksemburqlular idi, avtomatdan atırdılar. Bu güllə səsləri tərtəmiz bahar axşamında çox qorxunc idi və ondan çöllərin, parovoz tüstüsünün, kömürün qoxusu gəlirdi. Bir az da bahar qoxusu... İki güllə səsi tutqun səmada vıyıldadı və onların əks-sədası təkrar-təkrar qayıdıb onun sinəsinə səpələndi, iynə kimi batdı. Yox, lənətə gəlmiş lüksemburqlular onu diri tuta bilməzdilər, güllə ilə vurub öldürə bilməzdilər... İndi sinə-sinə üstündə uzandığı kömürlər çox sərt, biz kimi idilər... Onun hər sentnerinə yetmiş-səksən mark verirdilər... Bəlkə bu dəfə balacalara şokolad alsın? Yox, ona pul çatmazdı, şokoladın birini qırx-qırx beş marka verirdilər! Yox, buna gedə bilməzdi! İlahi, bir sentnerə ikicə şokolad! Bu lüksemburqlular da lap qudurmuş itə dönmüşdülər, hələ də atırdılar. Yalın ayaqları üşüyürdü, buza dönmüşdü. Güllələr səmanı deşik-deşik eləyirdi, ancaq onu güllə ilə vurub öldürə bilməzdilər... Yoxsa bu lüksemburqlular səmanı da güllə ilə vurub öldürə bilərdilər?

Bəlkə tibb bacısına atasının harada olduğunu, Hubertin gecələr hara getdiyini deməli idi? Axı onlar soruşmadılar və soruşmayanda da demək olmazdı... Məktəbdə belə öyrətmişdilər... Lənət şeytana, yenə lüksemburqlular... Və bir də balacalar... Yox, lüksemburqlular atəşi dayandırmalı idilər... Axı o, uşaqların yanına qayıtmalı idi... Yox, bu lüksemburqlular dəli olublar, lap ağıllarını itiriblər... Lənət şeytana, yox... tibb bacısına atasının harda olduğunu, qardaşının gecələr hara getdiyini deməyəcək... Bəlkə də balacalar çörək götürüblər... ya da kartof... Bəlkə də Frau Qrosman hiss edib ki, nəsə olub... çünki həmişə nəsə olurdu... Qəribə idi, həmişə nəsə olurdu! Cənab direktor da deyinəcək. İynə yaxşı idi, əvvəlcə ətinə nəyinsə batdığını hiss elədi, sonra o sevinc gəldi... Solğun bənizli tibb bacısı iynəyə sevinc qatmışdı. Axı lap yaxşı eşitdi ki, iynəyə doldurduğu sevinc çox olub... Lap çox... Yaxşı eləmişdi... Qrinidə iki “i” var... Yox, ölüb... Yox, itkin düşüb... Sevinc gözəl idi... Bəlkə bir dəfə bu sevinc iynəsindən alıb uşaqlara da vurdursun?! Axı pula nə desən eləmək olar... Çörək... Dağ kimi qalanmış çörəklər...

Lənət şeytana, iki “i” var... Məgər burda ən yaxşı alman adından xəbərləri yoxdur?!

- Heç birinə... – qəflətən qışqırdı, - xaç suyuna salınmamışam...

Bəlkə bu dünyada heç anası olmayıb? Yox, lüksemburqlular onu öldürdülər... Yox, ruslar... Yox... Kim bilir, bəlkə nasistlər güllələdilər? Axı onları yaman söyürdü... Yox, amerikalılar... Ah, uşaqlar çörək istəyirdilər... Çörək... Dağ kimi qalanmış çörəklər... Bir vaqon çörək... Bir vaqon antrasit... Sevinc iynəsi... Lənət şeytana, iki “i”...

Rahibə ona tərəf qaçdı, tez nəbzini tutdu, nigarançılıqla ətrafına boylandı. İlahi, bəlkə gedib həkimi çağırsın? Yox, sayıqlayan uşağı tək qoymaq olmazdı. Balaca Şrants ölmüşdü...

Üzdən rusa oxşayan bu balaca qızcığaz, Allaha şükür ki, bu dünyadan canını qurtarmışdı. Bəs həkim harda qaldı? Taxtın başına dolanmağa başladı...

- Heç birinə... – uşaq qışqırdı, - xaç suyuna salınmamışam...

Uşağın nəbzi az qalırdı partlasın. Rahibəni tər basdı.

- Cənab doktor, cənab doktor ! – deyə ucadan qışqırdı, ancaq dəqiq bildi ki, səsi müşəmbəli qapıdan o tərəfə keçmədi.

Uşaq elə titrəyirdi ki, adamın yazığı gəlirdi...

“Çörək... Uşaqlara dağ boyda çörək... Şokolad... Antrasit... Lüksemburqlular... O donuzlar... Gərək güllə atmayaydılar... Lənət şeytana, kartof... Arxayınca kartof götürə bilərsiniz... Gedin kartof götürün... Frau Qrosman... Ata... Ana... Hubert... Qapının arasından... Qapının arasından...”

Rahibə qorxusundan ağlamağa başladı, uşağı da tək qoymağa ürək eləmədi. Oğlan çabalamağa başladı, rahibə onun çiyinlərindən bərk-bərk yapışdı. Bu taxt da nə yaman sürüşkən imiş! Balaca Şrants ölmüşdü, balaca ruhu artıq göylərdə idi. Allah özü ona rəhm eləsin... Ah, bu da rəhm... Axı, günahsız balaca bir məlaikə idi... Balaca, çirkin rus məlaikəsi... Yox, indi gözəl oldu...

- Heç birinə... – uşaq qışqıraraq əl-qol atmağa başladı, - xaç suyuna salınmamışam...

Rahibə dik atıldı. Oğlana baxa-baxa əlüzyuyana tərəf yüyürdü, stəkan tapmadı, geri qaçdı, uşağın alışıb-yanan alnını sığalladı. Sonra balaca ağ stola tərəf getdi, ordan bir sınaq şüşəsi götürdü. Şüşə lap tez doldu. Aman Allah, bu boyda şüşə niyə belə az su tuturmuş!

- Sevinc... – uşaq pıçıldadı, - iynəyə çoxlu sevinc doldurun... Nə qədər varınızdır, hamısını doldurun... Uşaqlara da...

Rahibə yavaş-yavaş, təntənə ilə xaç çəkdi, sonra şüşədəki suyu oğlanın alnına çilədi, ağlaya-ağlaya dedi:

- Səni xaç suyuna çəkirəm...

Ancaq soyuq sudan ayılan uşaq qəflətən başını elə dik qaldırdı ki, şüşəyə dəydi. Şüşə rahibənin əlindən yerə düşüb çilik-çilik oldu. Oğlan ani bir təbəssümlə qorxmuş rahibəyə baxdı və güclə eşidilən bir səslə:

- Hə... Xaç suyu... – dedi.

Sonra geri yıxıldı. Elə yıxıldı ki, başı şappıltı ilə taxta dəydi. İndi sifəti yığılmışdı, sanki qocalmışdı, sapsarı olmuşdu. Əlləri də bir az qatlanmışdı, elə bil kimisə, nəyisə tutmaq istəyirdi...

- Rentgenə saldınız? - deyə gülə-gülə doktor Lomayerlə içəri girən həkim soruşdu. Rahibə başını buladı. Həkim oğlana yaxınlaşdı, qeyri-ixtiyari stetoskopunu götürdü və onu təzədən qaytarıb yerinə qoydu, Lomayerə baxdı. Lomayer şlyapasını çıxardı. Loenqrin ölmüşdü...

(2) Əfsanəvi cəngavər, dahi alman bəstəkarı R. Vaqnerin operasının baş qəhrəmanı.

(3) Bayrot Bavariyada şəhərdir. R.Vaqner 1871-ci ildən burada yaşamağa başlamış və onun təşəbbüsü ilə yaradılan Opera teatrında bəstəkarın əsərləri tamaşaya qoyulmuşdur. 1882-ci ildən bəri onun şərəfinə ənənəvi Bayrot festivalları keçirilir.

# 1905 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #