Bilik Fondundan ilk layihə

Bilik Fondundan ilk layihə
7 avqust 2014
# 15:02

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu layihələrə start verir. Fondun ilk layihəsi “Dini abidələrdə tarixin izləri” adlanır.

Bilik Fondunun informasiya təminatı sektorundan Kulis.az-az-a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, eləcə də Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri aparılacaq.

Layihənin həyata keçiriləcəyi ilk məkan Bərdə İmamzadəsi olacaq. Qeyd olunub ki, qədim abidələrdən olan Bərdə İmamzadəsi kompleksinin tarixinin dərindən öyrənilməsinə, daş kitabələrin oxunmasına, abidə üzərində bərpa işlərinin aparılmasına ehtiyac var.

Fondun “Dini abidələrdə tarixin izləri” layihəsinə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları da cəlb olunacaq. İlk mərhələdə tarixçi alimlər, din xadimləri, Bərdə ziyalılarının iştirakı ilə “Bərdə İmamzadəsi keçmişdə və bu gün” mövzusunda dəyirmi masa keçiriləcək, elmi praktik konfrans təşkil olunacaq.

Layihənin əsas məqsədi Azərbaycan və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirilməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-dini dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.

Bununla yanaşı, yaxın gələcəkdə Bilik Fondu müxtəlif istiqamətlərdə layihələr həyata keçirməyi planlaşdırır. Bu layihələr içərisində “Ustad və şəyird”, “Azərbaycan elmi bu gün xaricdə”, “Dünya elmi bu gün Azərbaycanda”, “Docendo discimus”, “Fondun xarici nümayəndəliklərinin yaradılması”, “Epizodlar”, “Auditoriya +”, “Qardaşlaşmış məktəblər” layihələrinə hazırlıq prosesi gedir.

# 2086 dəfə oxunub

Müəllifin son yazıları

# # #