Detektivi necə yazmalı?

Detektivi necə yazmalı?
7 aprel 2014
# 10:36

Willard Huntington Wright (1888-1939) Amerikanın dünya ədəbiyyatında S.S.Van Dine imzası ilə tanınmış ən məşhur detektiv roman yazarlarındandır. Dövrünün potensiallı ədəbi tənqidçilərindən olan S.S.Van Dine 1920-ci illərdə kitabları ən çox satılan müəlliflərdən biri olub. O həm də detektiv janrla bağlı elmi məqalələrin də müəllifidir.


Detektiv roman intellektual bir oyundur. Bir az da dəqiqləşdirsək, bir idman yarışıdır və bir detektiv roman yazmağın çox sərt qaydaları var. Yazılı olmasa da, bu qaydalar bağlayıcıdır, özünə hörmət edən hər detektiv roman müəllifi bu qaydalara əməl edir. Bu qaydalar nələrdir? Bir hissəsi şəxsi müşahidələrimə, bir hissəsi isə tanınmış yazarların təcrübələrinə əsaslanan qaydalarla sizi tanış etmək istəyirəm.

- Oxucu məchulu həll etməkdə detektiv ilə eyni şərtlərə sahib olmalıdır. Hər ipucu açıqca göstərilməli və izah olunmalıdır.

- Günahkarın detektivi yanıltmağa çalışan cəhdləri xaricində yazıçı oxucunu yanıltmağa çalışmamalıdır.

- Romanın mövzusu eşq olmamalıdır. Hədəf aşiq bir cütlüyü nikah masasına əyləşdirmək yox, günahkarları hakim qarşısına çıxarmaqdır.

- Detektivin özü və ya rəsmi sorğu-sual aparan məsul şəxslərdən kimsə axtarılan günahkar olmamalıdır. Əgər belə bir şey varsa, müəllif açıq-aşkar saxtakarlıq edir.

- Günahkar məntiqi üsullarla təyin edilməlidir, səhvən, təsadüfən və ya öz-özlüyündən etiraf nəticəsində ortaya çıxmamalıdır. Bu, oxucunu içindən çıxılmaz bir labirintə sürükləyib, uğursuz olanda da axtardığı şeyi paltarınızın cibindən çıxarmağa bənzəyir, bunu edən yazıçı bir oyunbazdan başqa bir şey deyil.

- Bir detektiv romanda mütləq bir detektiv olmalıdır. Detektiv detektivlik etmirsə, detektiv sayılmaz. Vəzifəsi ipuclarını toplamaq və ilk hissədə hadisə işləmiş günahkara çatmaqdır. Əgər bu məqsədə ipuclarını analiz edərək çatmayıbsa, riyaziyyat tapşırığının cavabını kitabın arxasından köçürən uşaqdan fərqi qalmaz.

- Detektiv romanında bir cəsəd olması şərtdir və cəsəd nə qədər ölüdürsə, bir o qədər yaxşıdır. Cinayətdən daha yüngül bir günah kifayətsiz qala bilər. 300 səhifə bir roman cinayətdən başqa bir iş üçün çoxdur. Oxucunun səbri və xərclədiyi enerji mükafatlandırılmalıdır.

- Cinayətin açılması tamamilə real üsullara əsaslanmalıdır. Xüsusi ayinlər, düşüncə oxumaq, ruh çağırmaq, şüşə kürələr və s. Mistik üsullar tabudur. Oxucu real üsullardan yararlanan bir detektiv ilə rəqabətə giər bilər, amma ruhlar aləminə keçid və metafizikanın dördüncü tərəfini tapmaq kimi bir cəhdə girişərsə, başdan itirmiş olacaq.

- Əsərdə yalnız bir detektiv olmalıdır. Baş-başa verib, qrup kimi çalışan iki, üç və ya daha çox detektivin olması həm məntiqi mühakimə yürütməyi çətinləşdirər, həm də oxucu qarşısında haqsız bir rəqabət üstünlüyü yaradır. Bu isə bir nəfərin bir komanda ilə yarışdırmağa bənzəyir.

- Günahkar hekayənin hansısa bir hissəsində yer almış bir surət olmalıdır, yəni oxucunun daha əvvəl tanıdığı, marağına səbəb olmuş bir obraz.

- Cinayətkar əsla azyaşlı olmamalıdır. Bu çox bəsit bir hekayə olar. Adi halda cinayət törədəcəyi ağıla belə gəlməyəcək bir obraz olmalıdır ki, oxucunun əziyyətinə və vaxtına dəysin.

- Neçə cinayət işlənirsə, işlənsin, yalnız bir qatil olmalıdır. Qatilə xırda kömək edənlərin olması olar, amma nəticədə günahların hamısının bir məsul şəxsi olmalıdır. Oxucunun qəzəbi yalnız bir insana yönəlməlidir.

- Gizli təşkilatların, mafiyanın, cinayətkar qrupların detektiv romanda yeri yoxdur. Bu cür təşkilati qurumlar cinayətin sehirli təsirini, özünəməxsusluğunu korlayar. Qatilə peşəkarcasına özünümüdafiə şansı verilməlidir, ancaq onu bir təşkilat və ya qruplaşma qorumamalıdır. Heç bir mükəmməl cinayətkar bu cür bir imtiyazı qəbul etməz.

- Cinayətin işlənmə forması, istintaq mexanizmi rasional və elmi olmalıdır. Təxəyyül məhsullarına göz yummaq olmaz. Yazıçı bircə dəfə Jül Vern kimi bir fantaziya aləminə girsə, detektiv standartını əzmiş olur.

- Gizli olanın açılması üçün hər zaman yol olmalıdır, ən azından ağıllı oxucu üçün. Yəni, oxucu romana hələ başında bir-iki səhifəsinə göz gəzdirəndə artıq problemin həllinin harada və kimdə olduğunu öz-özlüyündə müəyyənləşdirməlidir.

- Detektiv roman uzun-uzadı təsvirlər, kənar mövzulara həsr edilmiş ədəbi hissələr, ciddi cəhdlə işlənmiş surətlərin analizlərinə meydan olmamalıdır. Bu cür detal və əlavələrin cinayət və detektivlik qurğusuna heç bir təsiri yoxdur. Əksinə süjeti maraqsız tərəflərə apara bilər.

- Bir detektiv romanda qatilin professional bir cinayətkar çıxmaması təqdirəlayiqdir. Oğru və qatillərin işlədikləri əməllər, polis təşkilatının məşğulluq sahəsinə aiddir, ağıllı, lakin həvəskar detektivlərimizin yox. Ən təəccübləndirici, uğurlu qəhrəman bir kilsə rahibi və ya xeyriyyəçi bir qızcığaz ola bilər.

- Detektiv romanda cinayət hesab olunan ölümün intihar və ya qəza olması əsla qəbul edilməz. Bu qədər əziyyətin nəticəsində belə bir sonluq oxucunun inamını zədələyər.

- Detektiv romanlardakı bütün hadisələrin səbəbi şəxsi olmalıdır. Beynəlxalq cinayət və ya müharibə mexanizmləri başqa janrın əhatə dairəsindədir.

- Nəhayət, özünə hörmət edən heç bir detektiv roman müəllifinin artıq yararlanmaq istəmədiyi bir neçə üsulu burada sadalayaq. Bu üsullar o qədər istifadə edildilər ki, artıq oxucu üçün tanış üsullar oldular. Bunların istifadəsi müəllifin istedadsız və orijinallıqdan uzaq biri olduğunu etiraf etməsi kimidir.

a. Cinayətkarı hadisə yerində unudulmuş bir siqaret markasının köməyi ilə təyin etmək

b. Cinayətkarı etirafa məcbur edəcək uydurulmuş bir ruh çağırma seremoniyası təşkil etmək

c. Barmaq izləri

d. Əqli geriliyi olan bir şahid

e. Hürməməklə qatilin tanış adam olduğunu göstərən it

f. Cinayətkarın olduqca məsum və cinayətkar olması heç kimin ağlına gəlməyəcək birinin əkizi olması

g. Detektiv tərəfindən açılan şifrəli bir mətn

h. Yuxu dərmanı

i. Söz uyğunluğu testləri.

Bu yazı ilk dəfə 1928-ci ildə “American Magazine” jurnalında yayımlanıb.

"Kaspi" qəzeti

# 2162 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #