Mənəm min illərin dirisi

Mənəm min illərin dirisi
21 yanvar 2014
# 12:03

Bu gün Xalq Şairi Zəlimxan Yaqubun 64-cü doğum günüdür. Kulis.az Zəlimxan Yaqubun şeirlərini təqdim edir.

BU YAŞIL AĞACIN ALTI BİZİMDİ

Kök üstə budağı neçədi, bildim,

Budaqda yarpağı neçədi, bildim,

Salxımı, saçağı neçədi, bildim, –

Bu yaşıl ağacın altı bizimdi.

Saçağı tərpənir tellərin kimi,

Yarpağı oynaşır əllərin kimi,

Düyməsi açılıb tüllərin kimi, –

Bu yaşıl ağacın altı bizimdi.

Bu sevgi, bu layla, bu beşik bizim,

Çəkər növbəmizi bu keşik bizim,

Nəyimizə lazım ev-eşik bizim, –

Bu yaşıl ağacın altı bizimdi.

Su içər sevginin kökü ömürdən,

Sevgi əl üzməsin təki ömürdən,

Xoş bir xatirədi iki ömürdən, –

Bu yaşıl ağacın altı bizimdi.

Könlümüz havalı, gözümüz də ac,

Gəncliyin havası başımızda tac,

Bir sənsən, bir mənəm, bir yaşıl ağac, –

Bu yaşıl ağacın altı bizimdi.

Atəş Allahındı, isti Allahın,

Ocaq Allahındı, tüstü Allahın,

Bu yaşıl ağacın üstü Allahın, –

Bu yaşıl ağacın altı bizimdi.

Dən kimi səpələ, toxum kimi ək,

Zəlimxan, bu anın ləzzətini çək,

Hələ bizdən sonra çoxu deyəcək:

Bu yaşıl ağacın altı bizimdi.

NAHAQ ENDİK O DAĞLARIN BAŞINDAN

Nahaq endik o dağların başından,

Gərək orda qal oğlu qal olaydıq.

Ömrümüzü gül ömrünə döndərib

Zirvədə qar, pətəkdə bal olaydıq.

Allaha tən, Haqqa yardı zirvələr,

Yaranışdan dümağ qardı zirvələr,

Ömrümüzü uzadardı zirvələr,

Nahaq endik o dağların başından.

Üfüqlərdə quş olmaq da gözəldi,

Şimşəklərə tuş olmaq da gözəldi,

Lap o yerdə daş olmaq da gözəldi,

Nahaq endik o dağların başından.

Ucalığı ölüm-itim haqlamır,

Peyğəmbərdi, qəlbində kin saxlamır,

Min il keçir, bir qayası laxlamır,

Nahaq endik o dağların başından.

Haqq evidi hər daş otaq, hər kaha,

Salam verir dan yerinə, sabaha,

Təzə-təzə qovuşurduq Allaha,

Nahaq endik o dağların başından.

Ruh paklaşır, yağan qardan ağ olur,

Can bərkiyir, saf poladdan sağ olur,

Dağ başında, vallah, adam dağ olur,

Nahaq endik o dağların başından.

KÖNLÜMÜ

Bircə diləyim var, ey qoca dünya,

Qırma bu incədən incə könlümü.

Yandır ömrü boyu, yandır şam kimi,

Qocaya, cavana, gəncə könlümü.

Durmasa əməlim zirvələrlə tən,

Canıma dərd olar saçımdakı dən.

Ömür nə vermisən – özün bilərsən,

Salma istəyindən gencə könlümü.

Məni Vətən adlı butaya tapşır,

Bir tay tapılarmı bu taya, tapşır.

Öləndə o taya, bu taya tapşır,

Bu Təbriz könlümü, Gəncə könlümü!

BU QIZ NİYƏ HAVALANIB GÖRƏSƏN?!

Görünməmiş bir sənətmi yaradıb,

Bu qız niyə havalanıb görəsən?

Cəhənnəmdə bir cənnətmi yaradıb,

Bu qız niyə havalanıb görəsən?

Oda düşmüş odu almır eyninə,

Odmu düşüb ürəyinə, beyninə?

Yer üzünü alıb gedir çiyninə,

Bu qız niyə havalanıb görəsən?

Göynən gedir, yerə dəymir ayağı,

Asimanda uçur mələksayağı.

Elə bil ki budu ərşin dayağı,

Bu qız niyə havalanıb görəsən?

Dodaq qaçır, göz gülür, üz oxuyur,

Seyrə çıxıb, bir susur, yüz oxuyur.

Zalım qızı gecə-gündüz oxuyur,

Bu qız niyə havalanıb görəsən?

Gül koludu, budağını əymirəm,

“Dəymə” deyir, toxunmuram, dəymirəm.

Havalıdı, havasından doymuram,

Bu qız niyə havalanıb görəsən?

Harda qurub dəyəsini, – bilmədim,

Sahibini, yiyəsini bilmədim.

Neylədimsə niyəsini bilmədim,

Bu qız niyə havalanıb görəsən?

Nə amana fikir verir, nə aha,

Mən qul oldum, o çevrilib bir şaha.

Bəlkə təzə qohum olub Allaha,

Bu qız niyə havalanıb görəsən?

Məni gördü gah gündə, gah kölgədə,

Ucbatından rüsvay oldum ölkədə.

Günahkarı Zəlimxandı bəlkə də,

Bu qız niyə havalanıb görəsən?

QAYIDAQ ƏVVƏLKİ XATİRƏLƏRƏ

Bu gündən sabaha uzanmasın əl,

Hələ sabahlara baş vurmayaq gəl.

Necə yaşamışıq milyon il əvvəl,

Güllər şehə batsın, çiçəklər zərə, –

Qayıdaq əvvəlki xatirələrə.

İlk sevgi çiçəyi harda açılıb,

Kiminçün göyərib çəmən birinci?

Sevda yollarına can atan gözəl,

Nə sən birincisən, nə mən birinci.

Analar nə qədər oğullar doğub,

Məcnunlar doğulub bəlkə min kərə, –

Qayıdaq əvvəlki xatirələrə.

Eşqin saralmayan çöhrəsi sən ol,

Toxumu mən olum, pöhrəsi sən ol.

Aşıq bir həftəlik dastan başlasa,

Tahiri mən olum, Zöhrəsi sən ol.

Şehli çəmənlərdən gül dərə-dərə

Qayıdaq əvvəlki xatirələrə.

Aldadan, aldanan, satdıran, satan

Dünyanın işləri məzədi hələ.

İnsanın insana münasibəti

Tikandı, qandaldı, nizədi hələ.

Köhnə xatirələr dinsin, danışsın,

Təzə xatirələr təzədi hələ, –

Qayıdaq əvvəlki xatirələrə.

Bugünkü sevgilər xatirələşmir,

Bu gün xatirəyə dönmək çətindi.

Soyuq ürəklərdə ölür duyğular,

İsti ürəklərə enmək çətindi.

Ağrıdan, əzabdan, yasdan, qayğıdan

Danışmaq çətindi, dinmək çətindi.

Öz sevgi payını götürsün hərə, –

Qayıdaq əvvəlki xatirələrə,

Qayıdaq əvvəlki xatirələrə...

BİRCƏ MƏNİ XATIRLA

Ömrü-günü uzun olsa həsrətin,

Göz yaşında bir çəməni xatırla.

Çiçəkləri şeh görməmiş saralan,

Solub gedən bir çəməni xatırla.

Dağlarıma gün yerinə çən düşüb,

Xınalı daş kəkliyindən gen düşüb,

Kimi görsən saçlarına dən düşüb, –

Bircə məni, bircə məni xatırla.

Sevən də çox, sevilən də, atan da,

Bu dünyada üzən də çox, batan da.

Səksəkəli quş yuxusu yatanda

Bircə məni, bircə məni xatırla.

Mənim gözüm işarədə, himdədi,

Eşqim, ruhum sən çaldığın simdədi.

Desələr ki, “Fıl dözümü kimdədi?”, –

Bircə məni, bircə məni xatırla.

Həm çörəyin, həm duzunam mən sənin,

Həm qismətin, həm ruzunam mən sənin.

Baharınam, Novruzunam mən sənin, –

Yaşıllaşan bir səməni xatırla,

Bircə məni, bircə məni xatırla.

Can üşüdən sükut görsən, ağlama,

Ağlar qalmış bulud görsən, ağlama.

Ciyinlərdə tabut görsən, ağlama, –

Bircə məni, bircə məni xatırla.

Ey Allahın göydən gələn pərisi,

Soyulsa da şairlərin dərisi,

Bil ki, mənəm min illərin dirisi, –

Bircə məni, bircə məni xatırla.

# 2699 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #