Keçən ilin son gecəsi

Keçən ilin son gecəsi
31 dekabr 2013
# 08:45

Həmişə olduğu kimi indi də Həmidə xala yeni ili öz evlərində qarşılayırdı. Onun yaşı əllini çoxdan ötmüşdü. Yeni ili qarşılamaq dəb düşəndən bəri o, yalnız bircə dəfə, dekabrın otuz birində öz evlərində olmamışdı. O da təsadüfən; Həmidə xala əri Qəzənfərlə Moskvadan qayıdırdı. İş elə gətirdi ki, Mahaçqaladan bir az bəri qatarı saxladılar. Yolu qar basmışdı. Başqa sərnişinlər kimi Qəzənfərlə Həmidə də qırx yeddinci ili qatarda qarşılamalı oldular. Əlli ikinci ildə isə Qəzənfər vəfat elədi. Həmidə xalagilin dörd uşağı vardı. İki yaşında vəfat eləmiş Sahib də dursaydı, beş olardı. Böyüyü qız idi – Gülarə. Ondan kiçiyi – Rüstəm. Sonra Dilarə, bir də sonbeşik – Tofiq. Gülarə ərdə idi. Əri Süleyman həkim idi. Gülarə ilə Süleymanın uşaqlarının adı Vaqif idi. O, yaşyarımında idi. Tofiqin on dörd, Dilarənin on yeddi, Rüstəmin iyirmi bir, Gülarənin iyirmi beş yaşı vardı. Gülarədən başqa bütün uşaqlar evdə Həmidə xala ilə bir yerdə yaşayırdılar. Keçən ilin son gecəsi idi. Saat doqquza on beş dəqiqə qalırdı. Həmidə xala mətbəxdə idi. Plov bişirirdi. Tofiq tez-tez telefonla danışır, hərdənbir mətbəxə, anasının yanına gəlirdi.

– Ana, Seyran da gələcək.

– Seyran kimdi, a bala?

– O sənin xoşuna gələn oğlan var ha. Deyirdin həmişə səliqəylə geyinir.

– Hə. Lap yaxşı.

Tofiq həyəcanlı idi. Həyatında ilk dəfə yeni ili öz 115 "kompaniyası" ilə qarşılayırdı. "Kompaniya" oxuduğu məktəbin səkkizinci sinif şagirdlərindən ibarətdi. Uşaqlar iki- üç ay əvvəldən söz qoymuşdular ki, yeni ili yığışıb bir yerdə qarşılasınlar.

Tofiq:

– Gəlin, bizdə yığışaq, – deyə təklif etmişdi. – Bizdə anamdan başqa heç kəs olmayacaq. O da bizə mane olmaz.

– Bəs böyük bacın, qardaşın?

– Onlar heç vaxt yeni ili evdə qarşılamırlar.

Tofiq böyük bir sirr açırmış kimi anasına xəbər verdi ki, siniflərinin qızları da öz valideynlərindən icazə alıblar, yeni ili Tofiqgildə qarşılayacaqlar. Tofiqin mərhum atasını – adlı–sanlı neft ustası Qəzənfəri hamı tanıyırdı. Ana, bəlkə Vasifin bacısı da gəldi. O, bizim sinifdə oxumur, amma qardaşıyla o da gəlmək istəyir.

– Nə olar, oğlum, qoy gəlsin, gözümüz üstündə yeri var.

–Bəs xörək çatar?

Həmidə xala gülür:

–Çatar, çatar, lap on beş nəfər də artıq olsa çatar.

Tofiq yenidən kiməsə zəng eləyir və nə barədəsə uzun-uzadı danışır. Dəstəyi asır, sonra başqasına zəng eləyir. Yenə uzunuzadı danışır, asır. Sonra onun özünə zəng eləyirlər. Danışır, danışır... Ona elə gəlir ki, bu "kompaniyanı" bir yerə yığmaq son dərəcə mürəkkəb və bəlkə heç baş tutmayan bir işdir: biri gec gəlmək istəyir, biri tez, biri uzaqda olur, biri Tofiqgilin evini tanımır, birinin telefonu yoxdur, biri də gəlməyə utanır. Elələri də var ki, birdən-birə, gözlənilmədən, görürsən gəlməkdən imtina edirlər. Ən çox naz edən, əlbəttə, qızlardır.

– Ana, görürsən, Firəngiz gəlmək istəmir.

– Niyə?

– Deyir mən elə bilirdim özümüz olaçağıq. Sənin böyük qardaşından, bacından utanıram.

– Yaxşı, neyləyək, a bala?

Tofiq acıqla otaqlara – Rüstəmlə Dilarə səmtinə baxır.

– Ayrı vaxt evdə oturmazlar. Bilmirəm bu gecə nə olub.

Hamısı yeni ili evdə qarşılamaq istəyir, – deyə Tofiq şikayətlənir.

Həmidə xala gülümsünür:

– Neyləyək, a bala, güclə evdən qova bilmərik ki.

Tofiq məyus–məyus mətbəxdən çıxır və yenidən zəng eləyir. Yeni danışıqlar, vədələşmələr... Dilarə Tofiqə acıqlanır:

– Bəsdi telefonu icarəyə götürdün. Bəlkə bura zəng eləyən var.

Qəribədir ki, Dilarə bu axşam evdədir. Axır dörd–beş ildə birinci dəfədir ki, Dilarə yeni il gecəsi evdə qalıb. Hətta Rüstəm də evdədir. O, yeni ili axırıncı dəfə evdə qarşılayanda hələ atası rəhmətə getməmişdi. Qəzənfər sağ olanda onların evlərində yeni il hay–küylə qarşılanardı. Çoxlu adam olardı. Qəzənfər öləndən sonra ailə iki il yeni ili qeyd eləmədi. Ailə deyəndə, Gülarə ilə Rüstəm dostları, yoldaşlarıgilə gedərdi. Həmidə xala, balaca Dilarə və Tofiq isə axşamdan yıxılıb yatardılar. Sonralar yeni il axşamları Dilarə də getməyə başladı. İndi də Tofiqin növbəsi çatmışdı. Lakin bu gecə hamı evdə idi. Gülarədən başqa. Gülarəgil yəqin ki, qaynatasıgildə olacaqdılar. Bir də Qəzənfər yox idi. O, yeddi ildi ki, vəfat eləmişdi... Gülarə evdə qalsaydı, ailənin bütün üzvləri bir yerə toplanmış olardı. Amma heç vaxt belə olmur. Həmişə kimsə çatışmır. Divar saatı doqquzu vurur. Tofiq son danışıqlardan sonra mətbəxə girir. O, bir qədər pərt və intizarlıdır.

– Nə olub, Tofiq, qonaqlarını yığa bilmirsən?

– Yox əşi...

Tofiq sözlü adama oxşayır.

– Axı, nə olub?

Nə qədər çətin olsa da, o kəsilə-kəsilə, utana-utana deyir:

– Bilirsən, ana... Rauf deyir ki, bizə gəlin. Onun atası, anası harasa gedirlər. Ta səhərə qədər. Biz özümüz olacağıq. Lap tək. 117

Bunu demək ona nə qədər çətin gəlirdi.

Həmidə xala onun başını sığallayır.

– Nə olar, oğlum, indi ki, istəyirsən, orda yığışın, nə olar?

Tofiqin gözləri işıldayır. Hiss edir ki, anası inciməmişdir.

– Amma orda yeməyiniz–zad olacaq?

– Hə, əşi, – deyə Tofiq şən cavab verir. – Bir şey taparıq. Konservdən-zaddan.

–Bıy, bıy, başıma xeyir! Konserv–zad nədi? Qoy bu aşdan bir az çəkim, apar.

–Yox, ana, əşi aşı neyləyirik ey. Qoltuğuma qazan vurub aparsam məni dolayarlar. Həmidə xala gülümsünür.

–Yaxşı, get.

Doğrudan da aşı neyləyirlər. Orda konserv yeyəcəklər və özlərini sərbəst, xoşbəxt hiss edəcəklər. Burda aş yeyəcək, amma özlərini sərbəst hiss eləməyəcəklər. Bir az yalandan gülüşüb erkən dağılışacaqlar. Bir az sonra Tofiq anasını bərk–bərk öpüb gedir. Rüstəm yatıb. Hər halda gözləri yumuludur. O, öz otağına çəkiləndə anasına: "Mən yatıram, məni oyatmayın", – demişdi. Həmidə xala bu yeni il "yatmağının" səbəbini çox gözəl bilirdi. Bir həftə idi ki, Rüstəm nişanlısı ilə küsmüşdü, hər ikisi acıqca bir–birinə zəng eləmirdilər. Dilarə özünə iş tapa bilmir, otaqdan otağa keçir, köhnə jurnalları varaqlayır, televizora baxır. O nigarandır. Tez–tez telefona yanaşır. Lakin telefon susur. Həmidə xala mətbəxdə əlləşir. Bir azdan zəng çalınır. Həmidə xala qapını açır. Qapıda Gülarə, bir də əri Süleyman dayanmışlar. Süleymanın qucağında Vaqif.

– Gəlin, gəlin, xoş gəlmisiniz.

– Xoş gördük.

– İçəri keçin, mən bu saat gəlirəm.

Onlar paltolarını soyunub içəri keçirlər. Həmidə xala düşünür: əgər Gülarəgil onca dəqiqə əvvəl gəlsəydi, o elə xəyal edə bilərdi ki, bu yeni il gecəsi bütün ailə evdə olacaqdır. Nə yaxşı olardı! Hətta, sonra Tofiq getsəydi də, onun gedəcəyi məlum olmamışdan bir neçə dəqiqə əvvəl, Həmidə xala nə sevinərdi! Hayıf ki, Gülarəgil Tofiq gedəndən sonra gəldi. Həmidə xala əlini yuyur, silir, otağa– qonaqların yanına keçir. Ordan–burdan söhbət eləyirlər.

– Sizdən nə əcəb belə?

– Niyə nə əcəb, gəldik sənin yeni ilini təbrik edək.

– Çox sağ olun.

Saat onun yarısını vurur. Birdən qapının zəngi çalınır. Gələn Dilarənin məktəb yoldaşı Leyladır. O töyşüyə–töyşüyə danışmağa başlayır:

– Dilarə bilirsən…

– Ay qız, bir nəfəsini dər görək, – deyə Həmidə xala onu sakit edir. – Nə olub?

– Əşi, qaça–qaça gəlmişəm. Direktor deyir ki, bu saat Dilarəni tap gətir. Heç onsuz müsamirə olar?

Dilarənin gözlərində gizlin sevinc oynayır. Lakin üzündə soyuq ifadə var.

– Xeyr, bağışlayasınız. İndi Dilarə matah olub. Lazım olsaydı əvvəldən proqrama salardılar. İndi görəsən kim gəlməyib, onu əvəz eləməyə də adam yoxdur.

–Yox, ayzə, – Leyla onun fikrini dəyişməyə çalışır. – Ayzə, direktor bilməyib ki, səni proqrama salmayıblar, biləndə

bilirsən necə acıqlandı.

Həmidə xala indi başa düşür ki, Dilarə niyə evdə imiş.

–Dur bu saat geyin, – deyə o qızına acıqlanır. – Naz vaxtı deyil. Çağırırlar, get.

O bilir ki, Dilarə onsuz da gedəcək. Doğrudan da, bir azdan Leyla ilə Dilarə vidalaşıb gedirlər. Həmidə xala qonaqlardan üzr istəyib mətbəxə gedir. Bir

qədər sonra Gülarə də onun yanına gəlir:

– Ana, bilirsən, bizi Süleymanın bir yoldaşı çağırıb, gərək ora gedək. Vaqif sizdə qalsın. Yaxşı?

– Nə deyirəm ki, qalsın.

– Mən özüm bu saat onu yatızdıracağam. Elə bərk yatır ki, səhərəcən oyanmayacaq. Amma hərdənbir bax, üstünü

açmasın.

– Arxayın ol. Amma indidən niyə yatızdırırsan? Qoy qalsın mənimlə, bir yerdə yeni ili qırşalayaq, sonra mən yatızdıraram.

– Əşi, o yeni il-zad nə qanır. Yuxusunun vaxtıdır, qoy yatsın.

– Yaxşı, neynək.

Gülarə otağa keçir. Onun və Süleymanın birgə səyi ilə Vaqif yuxulayır.

–Yaxşı, ana, daha biz gedək. Gözləyirlər, yaxşı deyil. Gətir bir üzündən öpüm, bax belə, hə, necə deyərlər, qarşıdan gələn

təzə ilin mübarək.

– Siznən belə, siznən belə.

– Xoşbəxt olun, Həmidə xala.

– Sağ ol, bala, sağ olun, çox sağ olun. İkiniz də xoşbəxt olun, qoşa qarıyın.

– Xudahafiz.

– Xudahafiz, xudahafiz.

Qapı çırpılır. Həmidə xala öz-özünə:

– Xudahafiz, xudahafiz, sağ olun, xoş gəldiniz, – deyə-deyə mətbəxə qayıdır.

O, on beş adamlıq aşı bişirməyə davam edir. Sonra birdən nəyisə xatırlayır. Hə, Rustəm... Həmidə xala Rüstəmin otağına girib onu silkələməyə başlayır.

– Rüstəm, ay Rüstəm!

– Hə.

– Oyan, yeni ildə yatmaq olmaz. Bütün ili yatarsan.

– Əşi, qoy görək sən allah.

– Bura bax, dur, tez deyirəm, dur!

– Nədir? Qoy yatım.

– Dur ey, sənnən işim var. Bura gəl.

– Nədi ki?

– Deyirəm işim var. Gəl mənə kömək elə.

Rüstəm həvəssiz yerindən qalxır. Həmidə xala onun qolundan tutub o biri otağa aparır. Onlar telefona yanaşırlar.

Həmidə xala deyir:

– Götür zəng elə.

– Hara?

– Özün bilirsən hara.

– Yox.

– Deyirəm zəng elə! Bax, uşaqlardan heç biri, elə içi sən qarışıqlı, heç vaxt mənim sözümdən çıxmayıb. Bu yeni il gecəsi sözümü yerə salsan, ömrüm boyu səninlə barışmaram.

– Ana, vallah... yox... axı...

– Deyirəm zəng elə, qurtardı.

– Axı...

– Əgər istəyirsən ki, bu axşam ürəyimi qırasan...

Rüstəm tərəddüd edir.

– Mən lap ciddi deyirəm. Səndən elə inciyərəm ki...

Rüstəm dəstəyi qalxızır. Anasına baxır:

– Bax, ancaq sənin xətrinə görə...

"Qurtardı. Zəng eləyəcək". Həmidə xala balaca Vaqif yatan otağa keçir. Telefonun fırlanan dairəsinin səsini eşidir. Balaca Vaqif mışıl-mışıl yatır. Həmidə xala onun yanında əyləşir. Rüstəmin səsi eşidilir.

– Hə... Salam...

Sükut. Buz kimi soyuq sükut.

– Görürsən ki, hə...

Sükut. Sonra istehza ilə:

– Yox əşi!

Həmidə xala düşünür. "Qız nə isə atmacalı söz dedi".

– Mən də həmçinin. Yüz faiz əmin ola bilərsən, – deyə Rüstəm soyuq səslə dillənir. Çox təəssüf...

"Onlar niyə belə quru, soyuq, yalançı nəzakətlə, acı istehzalarla danışırlar? Axı onlar bir–birini sevirlər". Birdən Rüstəm pıçıltıya keçir. Həmidə xala heç bir şey eşitmir. Bircə onu bilir ki, Rüstəm nə isə danışır, danışır. Özü də indi onun səsində nə soyuqluq var, nə də istehza. Sonra o, yenidən bərkdən danışmağa başlayır. İndi bu yenə həmişəki Rüstəmdir. Mehriban! Həssas!

– Hə. Mən də deyirəm axı...

O şaqqıldayıb gülür. Sükut. Lakin bu isti, mehriban bir sükutdur.

– Aha!..

Rüstəm əsnəyir. Onun əsnəməsində belə rahatlığı, arxayınlığı hiss olunur.

– Nə var ki, sizdə?

"Yəqin ki, qız Rüstəmi evlərinə dəvət edir".

– Yox, bilirsən, anama demişəm ki, evdə olacağam.

Həmidə xala durub demək istəyir ki, zərər yoxdur, get, amma nədənsə durmur.

– Nə bilim vallah. Sizdə kim olacaq?

Həmidə xala durmur. Çünki buna ehtiyac yoxdur. Rüstəm onsuz da gedəcək.

– Yox, mənimki onlarla tutmaz. Özünüz tək olsaydınız...

"Ya getməyəcək?"

– Vallah özümü naza qoymuram. Bilirsən ki... amma yox, onlardan mənim xoşum gəlmir.

"Getməyəcək".

– Sənin yeni ilini əvvəlcədən təbrik edirəm, sənə çoxlu...

"Getməyəcək. Lap yəqin getməyəcək".

Sükut. Uzun sükut.

– Deyirsən yəni gəlim?

"Ya gedəcək?"

– Yox, sabah səhər görüşərik...

"Getməyəcək".

– Yaxşı, yaxşı, yenə başlama. Görüm, bəlkə gəldim.

"Gedəcək".

– Hə, yaxşı, onda bir yarım saata.

"Lap yəqin gedəcək".

– Nə? Saat neçədir ki? On ikiyə iyirmi dəqiqə işləyib? Yaxşı,

gəlirəm!

Rüstəm dəstəyi asır və anasının yanına gəlir.

– Ana, bilirsən...

Rüstəmlə Tofiqin arasında yeddi yaş fərq var. Amma ikisi də eyni cür pərtləşir. Qəzənfər yazığa oxşayıblar. O da pərtləşəndə yanağı pörtərdi.

– Get, a bala, get... Məndən də çoxlu–çoxlu salam de.

Rüstəm kostyumunu geyib yenidən anasının yanına gəlir.

– Yaxşı, bəs colma–coçuq hardadır?

– Dilarə məktəblərinə getdi. Müsamirədə oxuyacaq, Tofiqgil də yoldaşıgildə yığışıblar.

– Tofiqə bax ey, sən allah. Qudurasan qurbağa.

– Nə olub ki, yekə oğlandır da.

– Yaxşı, sən lap təksən?

– Yox, niyə? Budey Vaqif də bizdədir.

Rüstəm gülümsünür:

–Yaman kavalerin var. – Sonra birdən ciddiləşir. – Bu olmadı da. Mən bilsəydim...

– Nə olacaq ki?

– Sən təksən də...

– Əşi, tək niyə oluram. O qıznan ikimiz oturub söhbət edəcəyik.

Rüstəm təəccüblə soruşur:

– Hansı qızla?!

Həmidə xala tam bir ciddiyyətlə deyir:

– O televizordakı qızla.

Rüstəm gülür.

– Bir də, Rüstəm, bilirsən ki, mən axşamdan yatanam. Bir azdan yerimə girib yuxulayacam. Siz gələndə qapını bərk döyün ki, oyanım.

– Hə, sən yeni ildə oturan deyilsən.

Əlbəttə, Rüstəm o vaxt uşaq idi. Yadına gəlməz. Qəzənfər sağ olanda onların evində yeni il məclisi səhər açılana qədər dağılmazdı. Rüstəm anası ilə görüşüb gedir. Qəribədir. Mizin üstündə on iki adamlıq qab-qacaq var. Tofiqgilin uşaqlarından bir neçəsi gəlib gündüzdən düzüblər. Ortada da iri bir bulud var. Ən qəribəsi odur ki, Həmidə xala da xörəyi bu iri buluda çəkir. On-on beş adamlıq. Sonra boşqabları düzəldib öz-özünə dodaqaltı danışmağa başlayır:

– Siz burda əyləşin. Rəhimlə Nəzifə qoy bu başa keçsinlər.

Usta, sən də burda otur. Teymur, sən bura keç. Arvadının yanına. Uşaqlar, siz aşağı keçin. Sultan, sən burda otur. Axı, tamada sən olacaqsan. Həmidə xala öz-özünə gülür:

– Mənim də deyəsən başım xarab olub. – O, eyvana çıxır.

Küçə bom-boşdur... Bu axşam hamı haradasa bir ocaq başına yığışmışdır. "Görəsən heç bu saat küçədə gəzişənlər də varmı?" Elə bu vaxt küçədə iki nəfər görünür. Onlar mağazadan çıxıblar. Hər ikisinin qoltuqları içki şüşələrilə doludur. Soyuqdan büzüşə–büzüşə və bərkdən danışıb gülə–gülə harasa, bir ocaq başına tələsirlər. Həmidə xala otağa qayıdır. Televizoru qurur. Diktor nə isə danışır.

– Bəs bu yazıq qız niyə burdadır? – deyə Həmidə xala öz-özündən soruşur. – Bu görəsən yeni ili qarşılamır?

Həmidə xala stulunu qabağa çəkib televizordakı qızla söhbət eləməyə başlayır:

– Bıy... qızım, sən burdasan? Yeni ili hamı öz evində qarşılayır, ancaq sən...

Qız Həmidə xalanın sözünü kəsir:

– Bu il mədəniyyətimizin nailiyyətləri sırasında gənc bəstəkar Yusifovun yeni baletini də qeyd etmək olar.

Həmidə xala düşünür: "Gənc bəstəkar Yusifov! Gənc bəstəkar Yusifov yəqin indi hardasa oturub dost-aşnasının, tay–tuşunun içində kef çəkir, heç bəlkə televizora da baxmır. Bu saat hamının başı qarışıqdır".

Həmidə xala yenə qıza müraciət edir:

– Qızım, sən də çıx get evinizə. Mədəniyyətimizin nailiyyətlərindən sabah danışarsan. Nə olacaq? Nailiyyətlər qaçmayacaq ki?

– Rəssamlıq sahəsində də bir çox görkəmli əsərlər yaranmışdır.

– Hələ on ikiyə iyirmi dəqiqə var. Maşına minsən çatarsan.

Get dostlarının, yoldaşlarının yanına. Yəqin səni də gözləyənlər var. Axı, cavansan, gözəlsən. Yəqin nişanlın var. Sənsiz darıxır. Axı o da belə gecədə səninlə bir yerdə olmaq istəyir. Elə deyil, qızım, hə?

– Fazilovun çobanlara həsr etdiyi tablosu orijinal və təbiidir.

– Neynək, qızım. Qoy təbii olsun, amma sən get, bilirsən, deyiklin necə sevinər. Yaxşı qız, bilirəm özünün də ürəyin tələsir. Bütün Bakı sənə baxsa da, sən özün bircə nəfərin yanında olmaq istəyərdin, eləmi?

– Yeni kino–filmlər sırasında...

– Elədir, qızım, qulluqdur, bilirəm qoyub gedə bilməzsən.

Amma bu gecə heç insafdır ki...

Birdən Həmidə xalanın ağlına gəldi ki, bu qızın "kompaniyası" yəqin ki, söz qoyublar yeni ili Moskva vaxtı ilə qarşılasınlar. Həmidə xala təsəvvürünə gətirdi ki, qızın nişanlısı indi bir maşın tutub yuxarı televiziya studiyasına gedəcək, veriliş qurtaranda istəklisini götürüb birbaş məclisə gətirəcəkdir. Qız heç paltarını da dəyişə bilməyəcəkdir. O həmin bu paltarda, Həmidə xalanın gördüyü paltarda, nişanlısı ilə, dostları ilə bir yerdə şadlıq, şənlik içində yeni ili qarşılayacaqdır. Lakin Həmidə xala artıq onu bu halda görməyəcək. Necə şadlandığını, adi həyatda necə davrandığını, necə danışdığını bilməyəcəkdir...Həmidə xala daha qızı düşünmürdü. İndi o, radio diktorlarını düşünürdü. Amma bəlkə indi radioda da heç kəs yoxdur, ancaq yazılı lentləri buraxırlar. O, bunu bilmirdi. Həmidə xala yenidən düşünməyə başladı: görəsən bu yeni il gecəsi daha kimlər evdə deyillər? Məlumat bürosunun işçiləri. Həmidə xala telefona yanaşdı və 09 yığdı. Uzun zaman düşə bilmədi. 09 məşğul idi. Təkrar yığdı. Qadın səsi eşidildi:

– Məlumat bürosu sizi dinləyir.

– Salam, qızım.

– Hara?

– Deyirəm, salam, qızım.

Qadın təəccüblə dedi:

– Əleyküm-salam.

– Sizin yeni ilinizi təbrik edirəm.

Qadın daha artıq təəccüblə dedi:

– Çox sağ olun. Danışan kimdir?

– Heç, bir nəfər... Bilirsinizmi, mən sizdən soruşmaq istəyirdim, necəsiniz, bu axşam...

– Axı, kimdir? – deyə qadın yenidən səbirsizliklə soruşdu.

– Heç, bir nəfər, siz tanımırsınız...

Qadın hirslə:

– Telefonu məşğul eləməyin, – dedi və əlavə etdi: – hələ yeni il gəlməyib, indidən içib sərxoş olublar, – və telefonu asdı.Həmidə xalanı gülmək tutdu.

O, dəstəyi asdı və öz yerinə qayıtdı. Televizordakı qız qeyb olmuşdu. Verilişlər qurtarmışdı. Bakı vaxtı ilə artıq yeni il idi. Həmidə xala televizordakı qızın yox olmasına bir qədər heyfsiləndi. İndi o, otaqda lap tək qalmışdı.

Telefonun zəngi çalındı.

Danışan Rüstəm idi.

– Ana?

– Hə.

– Yeni ilin mübarək olsun.

– Səninlə belə, can bala!

– Kimnən belə danışırdın? Bayaqdan zəng eləyirəm telefon məşğuldu.

Həmidə xala Rüstəmi necə başa salaydı ki, o kimlə və nə üçün danışırdı? Sonra Tofiq zəng elədi. Təbrik elədi. Sonra Gülarə təbrik elədi və soruşdu ki, Vaqif oyanıb ya yox? Dilarənin yəqin ki, zəng eləmək imkanı yox idi. Yoxsa o da eləyərdi. Həmidə xala reproduktoru qurdu. Radio musiqi verirdi. Həmidə xalanın xoşuna gələn musiqi deyildi, odur ki, radionu söndürdü. Onun sevdiyi musiqi Bülbülün nəğmələri idi. Onların maqnitofonlarında Bülbülün bir neçə nəğməsi yazılmışdı. Həmidə xala maqnitofona yaxınlaşdı.

"Görəsən niyə adama ömrünün axırında bircə bu cihazlar qalır?" – deyə düşündü və dərhal bu bədbin fikirləri başından qovdu: "Yox, mən haqlı deyiləm. Mənə yalnız tək bir cihazlar qalmayıb. Mənim gül kimi balalarım var. Hamısı da məni çox istəyir". Birdən Həmidə xalanın başına qəribə bir fikir gəldi. O, bu fikri nə qədər qovmaq istəyirdisə də, qova bilmirdi. O, bu işi etmək istəyirdi. Qorxurdu. Çünki evdə tək idi. Amma yenə də istəyirdi. O, Qəzənfərlə danışmaq: daha doğrusu, Qəzənfəri dinləmək istəyirdi. Qəzənfərin səsini eşitmək istəyirdi. Qəzənfər öz sağlığında səsini maqnitofona yazmışdı. O, öləndən bəri evdə heç kəs bir dəfə də olsun bu səsə qulaq asmağa ürək eləməmişdi. Birdən hardansa Həmidə xalanın başına gələn bu fikir, onun iradəsinə hakim kəsildi. O, axırda öz istəyinə tabe oldu. Balaca siyirməni açdı, lenti çıxartdı, maqnitofonu işə salıb dinləməyə başladı. Qəzənfərdən əvvəl uşaqların və onun özünün – Həmidənin səsi gəlirdi. Gülüşlər, qəhqəhələr, səs–küy. Sonra qəfil sakitlik və Qəzənfərin mülayim səsi:

"Qulaq as, Həmidə..."

Həmidə xalanın əti ürpəşdi. Elə bil Qəzənfər o dünyadan onunla danışırdı.

"Mən nə şairəm, nə filosof. Mən adi bir fəhlə babayam. Doğrudur, özümə görə adım–sanım var, beş kişinin içində hörmətim olub. Amma yenə deyirəm ki, mən adi bir adamam, elə bilmə ki, çox dərin qırıldatmaq ya filosofluq eləmək istəyirəm. Yox. İntəhası mənim həyatda təcrübəm çox olub. Həyatın, necə deyərlər, hər üzünü görmüşəm, sənə də bir–iki söz demək istəyirəm. Görürsən, nə ədəbi cümlələrlə qırıldadıram. Bir gün olacaq ki, mən olmayacağam".

Maqnitofondan Həmidə xalanın etiraz dolu səsi eşidildi:

– Bəsdi, yenə başlama, sən allah, sənsiz bizim bir günümüz də olmasın.

O vaxt bu sözlər nə qədər təbii idi və nə qədər inkaredilməz görünürdü.

Qəzənfərin gülüşü eşidildi;

"Yaxşı, ay arvad, qırx–əlli ildən sonra. Qulaq as. Bir gün olacaq mən olmayacağam. Bax sənə bircə əmanətim bu uşaqlardır. Ömür vəfa eləsə, hamısını özüm böyüdüb başa çatdıracağam. Yox, işdi... Onda bax, bunları sənə tapşırıram. Demirəm ki, hamısına ali təhsil ver. Demirəm ki, hamısını doktor elə, injiner elə, amma adam olsunlar. Yaxşı adam olsunlar. Sonra, Həmidə, bir gün gələcək, hamısı böyüyəcək, boya–başa çatacaq və yuvasından qanadlanan quşlar kimi bir–bir uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə ha! Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə düşsələr, səndən və məndən nə isə aparacaqlar, necə ki, biz də bir-birimizlə görüşəndə hərəmiz öz ata-babalarımızdan nə isə gətirmişdik. Deyəcəksən Qəzənfər yenə filosofluq eləyir. Amma bax, mən, vallah belə fikirləşirəm. Adamlar hamısı nəsil-nəsil bir-birlərinə bir şey verirlər. O işi ki, biri başlayır, amma qurtara bilmir, o iş itmir, batmır, sonrakı nəslə qalır, o işi sonra gələnlər tamamlayırlar. Dünyada heç nə itmir, batmır, heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsildən-nəslə keçir. Biz, Həmidə, mən biləni, yaxşı yaşamışıq, əlimizin zəhmətiylə çörək qazanmışıq. Qoy bizim həyatımızda yaxşı nə olubsa, uşaqlarımız özləriynən öz təzə həyatlarına, təzə nəsillərə aparsınlar. Həyat da elə budur da...Hə, yaxşı, görək necə yazıb. Lentin də lap axırıdır".

Burada yazı qurtarırdı. Qəzənfər də qurtarırdı. Doğrudur, bir də başdan qulaq asmaq olardı. Amma neçə kərə qulaq assan da, Qəzənfər bir kəlmə də artıq söz deməyəcəkdi. Lakin bu, Həmidə xalanı qüssələndirmirdi. Əksinə, onun qəmi–dərdi uçub getmişdi, qəlbinə sonsuz bir şəfqət, bir mülayimlik çökmüşdü. O təsəllisini tapmışdı, elə bil kimsə Həmidə xalaya onun həyatının mənasını açmışdı. Həmidə xalanın ürəyində xoş bir hiss vardı. O, mizin üstünü yığışdırmadı. "Qoy dursun. Uşaqlar da gəlib görsün", – deyə düşündü. Sonra kedib balaca Vaqifin yanına girdi, onun şəvə kimi qara saçlarını sığallayıb alnından öpdü və şirin, rahat, arxayın bir yuxuya getdi.

Yanvar 1960

# 45122 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #