Gözü yolda qalan nənəm

Gözü yolda qalan nənəm
27 oktyabr 2015
# 10:29

Saqif Zeynal

ŞEİRLƏR

Gözü yolda qalan nənəm

Gözü yolda qalan nənəm,

Göz oynatdı nəvələrin.

Yolları da yığıb getdi

Ömür yüklü dəvələrin...

Yurd-yuvası talan nənəm,

Qürbət səni isitmədi.

Gözlədiyin gün doğmadı,

Əkdiyin ağac bitmədi.

Ömrü, günü yalan nənəm,

Nə qaldı yalan olmadı?!

Gözün yol çəkən yollarla

Gözlədin gələn olmadı...

Gözü yolda qalan nənəm,

Yollar bunu bilən deyil.

Min illərdi gəlməyənin,

Bircə günə gələn deyil...

... getmək üçündü

Sonsuzluğun o üzündən

Məni çağırır uzaqlar.

Bilirsənmi, gedənlər yox,

Qalanlar uduzacaqlar...

Gedəcəyəm buralardan,

Ax, bu necə xeyir-şərdi?!

Buralar ki, Allahın da

Gözündən düşdüyü yerdi...

Buralarda hər şey, hər şey...

Sonuncu nəğmələr kimi

Oxunub bitmək üçündü.

Bir doğma da gətirməyən

Bu yollar getmək üçündür...

# 1085 dəfə oxunub

Müəllifin son yazıları

# # #