On min voltluq sevgi

On min voltluq sevgi
14 fevral 2017
# 11:29

Tural Turan

esse

Dünyaya tərsdən baxmaq qorxusunu mənə Eddanın atası öyrətdi. “Əmi” oyuncaqları ilə böyüməsə də özgə atalardan öyrənmək bizimkilərin alın yazısıdır.

O zamanlar mənim atamdan, onun da məndən xəbəri yox idi. Sadəcə hər gün qapıdan çıxardığı qırx bir qoyunun sayını bilirdi, bir də evdəki külfətinin...

Səhər çıxıb, axşam gələrdi. Nə qabağındakıların sayı artıb-azalırdı, nə də daxmadakıların. Çox yorulmuşdu, say artırmaq həvəsində olduğu qətiyyən sezilmirdi.

Eddanın atasını ayağından asmışdılar. Bir kitabda görmüşdüm. Asıldıqdan sonra dünyaya, ya da ki, Tanrıya tərsdən baxırdı.

Benito Mussolininin həmin boz-bulanıq, qaçaraq, bəlkə də yarımgizli çəkilmiş fotosundan sonra faşist olmaq arzum pul-pul olub təpəmdən sovruldu. Yeri hələ də boşdur, yeni bir yük daşımaq üçün tiryakiləşmiş, quyurcuxan ana bətni kimi...

Oğluma nəsihət vermək əvəzinə, ovcuna uçurum uzadaraq tərbiyələndirməyi isə mənə Nizami Gəncəvi öyrətdi. Məndən 32 yaş böyük atama hələ də öyrədə bilmir. Öz aramızdı, Nizami də bilir kimə nə deyir. Statistika göstərir ki, nəsihət ya şeytan əməlidir, ya da ki, ağızla qulaq məsafəsindəki A və B parçası arasında istiqamət dəyişdirir.

Məsələn, anamın yük çarpayısının altında gizlətdiyi yarım kilo balı birnəfəsə yeyəndən sonra bildim ki, yarı bankə və ondan yuxarısı adamı qaşınma və göz odlanması xəstəliyinə mübtəla edir. Hələ bu harasıdır, adamı yekə məmə həkimlərin qucağına atır ki, sənin qismətindi, bitir işini. O vaxtlar bizim şenlik olub dağılmış tərəflərdə ağzına badam girməz həkimlər nə gəzərdi...

Adam gördükcə böyüyür düşüncəsi ilə razılaşmağa başlamışam. İntihar yaşına çatmış insanı yaşamaqla kəbinləyən mollanın (mirzənin) ehtiyatsızlıq edib özünə yalan saxlamaması üzündən öz kəlləsinin ipə keçməsindən sonra fikirdaşlarımın sayının artdığını görürəm.

Mirzədə, mollada ilişib qalmayın (intihar edən dəyanətli psixoloqunuzu nəzərdə tuturam). Belə yerdə demişəm ki, yüz molla bir keşişi ödəmir. Tanıdığım bütün keşişlər intihara yox, icrasına qarşıdır.

Sadalamanı çox uzatmıram. Gör-götürdən bir sevgi misalı da çəkim, vəssalam!

Yadınızdadırsa, bir neçə il əvvəl iki gənc sevgili el gözündən iraqda tutuşmalarını söndürmək üçün transformatora girmişdilər.

Birinin qolu qopmuşdu, o birinin sinəsi yanmışdı.

Həmin üçün-üçə yer sözün hər iki mənasındakı “yanıq” tərəf-müqabillərin yanğısını on min kilovoltla söndürmüşdü.

Fikriniz məndə olsun, tezcə qulaqlarını çəkib buxağınıza qədər uzatmayın. Portnyordan alınan elektrik bəs etməyib kənardan borc istəyəndə də axırı belə olur. Əlhəmdülillah, bunu da öyrəndim.

Nizamiliyim tutmuşkən deyim ki, siz də çalışın özünüzə böyük sevgi arzu edərkən sərhəd qoyun. Yoxsa qolunuzu və ayağınızı itirəcək on min voltluq sevgiyə düçar olarsınız.

Tərəf müqabilinizdən bir evin çırağını yandıracaq qədər elektrik almağınızı arzu edirəm. Sonradan transformatorların qaranlığına düşüb “əlavə xətt çəkmək” eşqiylə yüksək gərginliklərdə əl-ayağınızı itirməyəsiniz deyə...

# 950 dəfə oxunub

Müəllifin son yazıları

# # #