Anar Tofiq Abdindən yazdı

Anar Tofiq Abdindən yazdı
27 fevral 2014
# 16:24

Deyirlər, həyatının son anlarında insanın gözləri qarşısından bütün ömrü ani olaraq keçib gedir. Bilmirəm, bəlkə də belədir. Amma uzun illər boyu yaxından tanıdığın, ünsiyyətdə olduğun adamın qəfil ölüm xəbərini eşidəndə gözlərin qarşısında ortaq keçmişinizin çeşidli epizodları, saatları, anları bir-bir canlanır. Acıdan acı bir xəbər – Tofiq Abdinin ölüm xəbərini eşidəndə əlliillik tanışlığımızın, yaradıcılıq ünsiyyətimizin, ədəbi əlaqələrimizin, “Qobustan”da birgə çalışmağımızın müxtəlif səhnələri bir-bir yaddaşıma qayıtdı. 1967-ci ildə "Qobustan" incəsənət toplusunun baş redaktoru təyin olunanda mətbuatda yazılarını maraqla izlədiyim Tofiq Məhərrəmoğlunu dəvət edib, teatr və kino şöbəsinin müdiri təyin etdim. “Qobustan”ı mərhum Vidadi Paşayevlə, mərhum Yusif Əliyevlə və bu gün ağrıya-ağrıya rəhmətlik dediyim Tofiqlə birlikdə yaratdıq, məfkurəsini, amalını, dilini, üslubunu birgə əməkdaşlıq şəraitində müəyyənləşdirdik. Bu gün “Qobustan” redaksiyasının ilk tərkibindən bir mən qalmışam, bir də Azər Abdulla.

Tofiq istedadlı şair idi və eyni zamanda çox iti və kəskin qələmi, orijinal üslubu olan, cəsarətli publisist yazılarıyla, maraqlı müsahibələriylə mətbuatımızda geniş tanınmış və hörmət qazanmış müəllif idi.

“Qobustan”dan başqa radioda da çalışırdı. Yadımdadır, radioda Qara Qarayev haqqında bir söhbətindən sonra bu verilişi dinləmiş Cəfər Cəfərov məndən onun müəllifi haqqında soruşdu. Tofiqin çıxışı, üslubu, məsələyə yanaşma tərzi Cəfər müəllimin diqqətini cəlb etmişdi. - Həm də çox cəsur oğlandır - dedi, - başqaları ehtiyat etdikləri məsələlərdən tam açıqlıqla danışa bilir.

Mən "Qobustan"dan gedəndən sonra yollarımız bir müddət ayrıldı. İstanbulda o vaxtkı baş konsulumuz Abbas Abdullanın timsalında qəzavü - qədər Tofiqi Türkiyəyə gətirdi. Burda da qısa müddətdən sonra türk basının məhsuldar yazarlarından oldu. “Qobustan”dan başlanan işi - irəliçi Azərbaycan sənətinin təbliğini türk qəzetlərində davam etdirdi.

Bir müddət sonra mən də İstanbulda dərs dediyim zaman tez- tez görüşərdik, Tofiqgilin evində qonaq da olmuşdum. Vətənə qayıdandan sonra yenə həmişə doğma bildiyi ocağa – Yazıçılar Birliyinə gəldi. Son illər daha çox "525-ci qəzet"də yazırdı və bu yazıları, söhbətləri, müsahibələri, layihələri də orijinallığı ilə seçilirdi. Müxtəlif qüvvələr onu öz təsiri altına almaq istəsələr də, Tofiq gəncliyinin dostluq münasibətlərinə heç vaxt xilaf çıxmadı. Axı xırda bir inciklik üstündə bütün olub - keçənlərin, yaxşılıqların, xoş münasibətin üstündən qələm çəkən nankorlardan deyildi.

Yaşlansa da görkəmi ilə də, ruhu ilə də, döyüşkənliyi və bənzərsizliyi ilə də əlli il qabaq tanıdığım həmin Tofiq idi. Odur ki, yazmaq həvəsiylə, yaradıcılıq şövqüylə döyünən qəlbinin susmasına heç cür inana bilmirəm. Sədaqətli, etibarlı, məhrəm bir adamımı itirməkdən çox üzgünəm. Gördüyü işləriylə, yazılarıyla, yaddaşlarda yaşayacaq xatirəsiylə Tofiq həmişə onu tanıyanların qəlbində qalacaq. Allah rəhmət eləsin. Qəbri nurla dolsun.

ANAR

25 fevral 2014

525.az

# 1997 dəfə oxunub

Müəllifin son yazıları

# # #