Çünki sən gözəldin

Çünki sən gözəldin
21 noyabr 2013
# 13:59

Kulis.Az Kamal Abdullanın “Büllur qab” şeirini təqdim edir.


Sən büllur qab idin – soyuq, bəzəkli,
Sənə nə oldu ki, canlandın belə?!
İçi susuz qabdın – süni çiçəkli,
Səni kim aldatdı inandın belə.

Kim dedi arzusan, ümidgahsan,
Arzunu şüşədən yaratmazdılar.
Hansı naəlacın son pənahısan,
Uşağı da belə aldatmazdılar.

Hamını mat qoydun bircə anda sən,
Bəlkə də baş verdi bunlar yuxuda.
Birdən silkələnib canlananda sən
Mən susdum qorxudan…

Susdum heykəl tək.
Elə bil heç zaman danışmamışdım.
Çünki sən gözəldin, gözəl görünmək
Heç kimə bu qədər yaraşmamışdı.

Arzular şüşədən yaradılmayır,
Arzular, ümidlər niyə qırılsın?
Bizim alnımıza o yazılmayıb,
Necə büllur qabdı – elə də qalsın.

Qayıtsın əvvəlki donuqluğuna,
Canlanan arzuyla neyləmək olar?
Qayıtsın işıqlı soyuqluğuna,
Dünyanın əbədi qanunları var.

# 3035 dəfə oxunub

Müəllifin son yazıları

# # #