Vampirlə sevişmə

Vampirlə sevişmə
11 may 2017
# 12:58

Kulis.Az Ləman Azərin “Vapmirlə sevişmə” romanından bir hissəni təqdim edir.

I hissə

Bəzən hər şey iki butulka südün dağılması ilə də başlaya bilir. Sonra bizi nə gözləyirsə bunu inananlar üçün Allah, inanmayanlar üçünsə falçılar bilir və qısacası bu taledir.

Bir də mən onu da demək istəyirəm ki, əgər hardasa susmaq istəyən biri varsa qoyun sussun..

Parfüm de Paris: Hər şeyi unudarsan, qoxusunu əsla!

Üzbəüz mənzilə bir adam köçüb. Açığı çox yaraşıqlıdır. Üstəlik, mənim sevdiyim buğda sortundan, sarışın xarizmatiklərdəndir. 1.80 boyunda, yanlarda azacıq bakenbard, parlaq gözlər, uzun incə barmaqlar və bir də, hə bir də heyrətamiz qoxu... Nəsə, sözüm onda deyil. O ev bizim binada uğursuz mənzil kimi bilinir. Heç kim adətən orda qalmaq istəməz, heç liftpulu yığan da mənzilin qapısını döyməz ki pul verin. Adamın adı nə olsa yaxşıdı: Emin. Hə, Emin. Halbuki Pyer olmasını o qədər çox istərdim ki, amma deyil. Soyuq adı var, siması kimi. Donmuş, heç də üzünə baxmaqçün iştah açmayan cizgiləri, vəhşi, kəsici baxışları. Soyuq, simasız üz, amma özünəməxsus qoxusu olan orta yaşlı bir kişi. Düzü, necə izah edim bilmirəm. Ondakı qoxu insan qoxusu kimi deyil, bir az daha fərqlidir sanki. Bu qoxunun necəliyinin sözlərlə ifadəsi çox çətindir mənimçün. Yəni insan qoxusu kimi ilıq, adamı özünə çəkən, mülayim qoxu deyil, hansısa vəhşi bir heyvanın, məsələn, elə götürək canavarın qoxusu kimi, amma açığı bunu məndən başqa hiss edənin olduğunu da düşünmürəm. Bəs ən qəribəsi bilirsiniz nədir? Bu vəhşi, soyuq qoxu məni dəli edir, az qala, onun hər yanından keçəndə ağlımı başımdan alır, nəfəsimi kəsir, ayaqlarım dayanır, getmir, ürəyim qorxudan guppagup atır yerində, qorxudan rəngim ağarır, dilim tutulur az qala, şalvarı isladacaq qədər nəfəsim kəsilir, amma ona cəzb olunuram, bu qoxu beynimə işləyir və mən onu dəlicəsinə öpməyi hər şeydən çox arzulayıram. Hər şey elə qəribədir ki. Baxışları, səsi, yerişi hətta. Ən çox da qəribəliyi ondadır ki, liftə heç vaxt adamla minməz. Əgər o birinci minmişsə və sən liftə tərəf qaçırsansa tez-tez düyməni basacaq ki, çata bilməyəsən. Hər səhər qaçır, ya da sadəcə bu mənə elə gəlir ki, o, qaçır, əslində isə o, bütün gecəni çöldə olur və biz hər səhər onunla bizim stadionun yanında üz-üzə gəlirik. Bir də hə, o, yaşayan mənzildən tez-tez qəribə səslər gəlir. Onu isə mən çox vaxt marketdən böyük zibil sellofanları alan görürəm. Və iki gün əvvəl məhəlləmizdəki zibil yeşiklərindən birində böyük qara sellofana bükülmüş bir qız cəsədi tapılıb. Qısacası, deyəsən, mənim qonşum normal deyil. Çünki ilk dəfə dünən qaça-qaça qapısı örtülməkdə olan liftə tələsən mənə onunla qalxmağa icazə verdi, sonra da gözlərimin içinə baxaraq "Məni izləyirsən?" dedi. Cavab vermədim, qapı açılan kimi təngnəfəs, ağarmış halda özümü çölə atdım. Qaçdığımı duyub cəld tərpəndi, "məni niyə izləyirsən" dedi, biləyimdən yapışmaq istədi, mənsə buna imkan verməyəcək qədər cəld tərpəndim, yayındım və sonra da arxamca bağıra-bağıra qaldı. Mənsə dayanmadım. Qapımıza tərəf qaçdım. Etdiyim hərəkət tam bir məntiqsizlikdi, halbuki üzbəüz mənzillərdə yaşayırıq və əgər istəsəydi arxadan mənə çatıb saxlamağı, sözünü deməyi, yaxud da elə yerimdəcə boğub öldürməyi an məsələsi olardı. Amma bu qəribə adam nəsə başqa bir şey istəyirdi və mən də bunu duyurdum.

Düzünü deyim, o hələ qırmızı qapılı, bir otaqlı bu lənətə gəlmiş üzbəüz mənzilə köçməmişdən qabaq mənim özümün bir xeyli psixoloji problemlərim var idi. Açığı mən onu izləmirdim. Belə bir fikrim də yox idi. Bir də ki o evə illərcə kimsə nə kirayələmək üçün gəlməz, nə də birdəfəlik köçməzdi. Evin adı bədnam idi. Hər barədə. Nə bilim əvvəllər, Sovet dövründə, hələ mənim anadan olmadığım vaxtlarda bir rus vətəndaşı evin içində diri-diri yanmışdı və üstündən illər keçməsinə baxmayaraq yanğının çıxma səbəbini heç kim dəqiq göstərə bilmirdi. Nəhayət, qonum-qonşudan eşitdiyimə görə, bu evə dadanan cinlər yazıq kişinin axırına çıxmışdılar. Vaxt tez keçir, hadisələr az-çox unudulur. Çünki unudulmamaq deyə bir şey yoxdur, hər hadisə, hər ad, hər adam tarixdə az-az, asta-asta unudulur, əriyir və yoxa çıxır. Nə isə, uzun sözün qısası, cinli mənzil söhbəti, bu cinlərin gəlişinin-gedişinin səbəbləri, kişinin cinlərlə təması və s. beş-üç ilə unuduldu və hələ mənim valideynlərim ailə qurmamış mənzildə azərbaycanlı bir ailə məskunlaşdı. Ailə, özü də nə ailə. Kişi maymaq, arvad fahişə və bir maymaqla bir fahişənin yatağının qırıntıları – fahişəcik və daha bir maymaq. Sonrasını da təxmin edirsiniz. Mənim atamla anam ailə quraraq gələcəkdə qızlarının bütün həyatını dəyişəcək olan bu doqquz mərtəbəli binanın altıncı mərtəbəsində həmən bu qırmızı qapılı mənzillə üzbəüz evdə məskunlaşır və sonra “buuummm” və mən dünyaya gəlirəm. Mənim valideynlərim həmişə çox sakit və başıaşağı olub. Bir əxlaqsızın üzünə sən q...-sən deyəcək qədər cəsarətləri olmayıb. Bax beləcə həmən lənətə gəlmiş mənzildə düz 20 ilə yaxın bir fahişənin həyat macəralarını görə-görə böyümüşəm mən. O qapıya gələn türlü kişiləri, qapımızı döyüb “bir yumurta, bir kartof ver də, evdə heç nə yoxdur uşaqlara yeməyə verməyə” deyən əxlaqsızın birdən-birə varlanıb adam olub ortalığa çıxmasını, bir şeylərin hesabına əvvəl ərini, sonra isə özü kimi sırtıq böyütdüyü qızını, sonra da heç bir ali təhsili olmayan oğlunu adam eləməsini və daha nələri görərək böyümüşəm mən. Səriyyəgil varlanıb daha geniş, daha bahalı evə köçəndən sonra o evə demək olar ki, hər ay bir adam gəlirdi yaşamağa. Biri infarktdan öldü, sonra birinin evli arvadı başqasının ərinə qoşulub qaçdı, biri arvadını o qədər döymüşdü ki ölümcül. Harayına çatıb təcili yardım çağırmasaydıq o gecə yerində keçinəcəkdi. Hə, ən pisi düşdü yadıma. Birinin 12 yaşlı uşağının əlini həyətdə oynayanda balaca bir it dişləmişdi və uşağı həkimə aparıb quduzluğa qarşı iynələri vaxtlı-vaxtında vurdurmadıqlarına görə çox dəhşətli nəticələnmişdi o hadisə. Hamı, bütün qəsəbəmiz bundan danışırdı. Mənsə həmən gecəni o gün görməmiş uşağın halına o qədər acıyıb səhərəcən ağlamışdım ki, səhərə yaxın səsim qısılıb xırıldaya-xırıldaya birtəhər yuxuya getmişdim. Danışırdılar ki, guya uşaq həkimin masasında birdən-birə dikəlib oturmuş və ağzından köpük tökülə-tökülə hürməyə başlamışdı. Düzdür, sonradan uşağın qohum - əqrəbası həkimi ölüncəyə qədər döysələr də, hətta o həkim işdən azad edilsə də, bütün nüfuzunu itirib məhkəmə qapılarına düşsə də bu gözünün qabağında balasına iynə vurulub diri-diri öldürülən ananın acısını yatıra bilməmişdi. Çünki qadın uşağın ölümündən üç gün keçməmiş sinir sisteminin ağır dərəcədə pozuntusu aktı ilə birbaşa dəlixanaya yerləşdirilmişdi. Hə, nə uzadım, uzatdığım qədər uzatdım, o uşağın və ailəsinin başına gələnlərdən sonra bu evə bir möhür vuruldu ki, gəl görəsən. Dedilər orda yaşayan q... olur, biri dedi infarkt olur, biri dedi quduz olur, biri dedi dəli olur və s. Heç unutmaram bütün bu dedi-qodulardan, çıxan rəngli söhbətlərdən sonra evin kirayə qiyməti də xeyli aşağı düşmüşdü, heç alıcısı da çıxmırdı. Axırıncı dəfə xatirimdədir ki, o evə öz ailəsini atıb xaxol bir qadınla evlənmiş azərbaycanlı yerləşmişdi kirayənişin kimi. Kişinin həmən arvaddan bir uşağı da olmuşdu, bapbalaca, lap əl boyda bir oğlan uşağı idi. O evə gələnlər telefona da, kartofa da , soğana da , yumurtaya da bizim qapıya gələrdi həmişə və bu səfər də ənənə pozulmayacaqdı. Həqiqəti bilincəyə qədər, onlara hətta döşəküzündən tutmuş pərdəyəcən, ayaqqabıdan tutmuş qaşıq-çəngələcən vermişdik. Həmişəki kimi nə biləydik axı ki yenə ilişmişik. Həqiqət isə bu idi ki, sən demə bu dəfəki qonşularımız da fırıldaqçı imiş, şəhərdə atmadıqları adam, yazıqlanıb, qılığına girib əlində-ovcunda olanını çəkib aradan çıxmadıqları kəs qalmayıbmış. Kişi gəmidə işləyirdi. Nə işləyirdisə bilmirəm, amma özünü öyə-öyə okeanın ortasında heyətdən olan bir-iki nəfərlə batan gəmini seyr etməsindən və sonra həyatla çarpışaraq kombinzonuna dolub boğazınacan gələn sidiyini içib sağ qalmasından danışardı. Adı Vaqif idi. Elə ki pul lazım olurdu, qılığa girib özünə acıtmaq istəyirdi, onda o boyda kişi atamın qabağında diz çöküb ağlayırdı, lap elə “ mən ölüm də vururdu”ki pulunu vaxtında çatdırmayan kişi deyil. Əgər atam borcun xirtdəyəcən yığıldığını görüb zənlə dolu dik baxışlarını, üstəgəl qaşlarını da bir cüt başmaq kimi cütləyirdisə onun üzünə onda o da keçirdi başqa üsula. Məsələn, üç uşağını və qadınını atıb bu xaxol qadınla evlənəndən sonra valideynlərinin ondan üz döndərməsi ilə bağlı əhvalatlar danışardı. Ən çox da üç yaşı tamam olmuş oğlunu atasının minik maşınının üstünə çırpıb mənə köpəkoğlunun gavurundan olan nəvə lazım deyil, deməsindən və s. Zalım oğlu elə də qəşəng nağıl edərdi ki, harda hıçqırmaq, harda ağlamaq lazımdırı da qəşəng bilirdi, yazıq atamın aşkarda, anamın da xəlvətdə ürəyi dözmürdü. Nənəm demiş, açırdılar cibiştanı. Əsas məsələ bu əhvalatın axırıdır. Axırı da o oldu ki, bir xeyli pulumuz, xırda-mırda əşyalarımız və nə vaxtsa onun burnundan gildir-gildir gələsi çörəyimiz havaya sovruldu. Sonralar nə izi qaldı, nə də sorağı.

Beləcə, təxminən 4 ilə yaxın idi ki, ev boş idi, kimsəsizlikdən divarları da uçub tökülürdü. Bir də böyümüşəm deyə, indi anamın əvəzinə mərtəbəmizi mən süpürürəm. Yük maşınından düşürülüb bu evə daşınan əşyaları görəndə sevinmişdim ki, axır ki, süpürmək işini növbələşəcəyim bir adam olacaq. İndi deyəssiz ki, bəs orta mənzildə adam yaşamırdı bəyəm?! Yaşayırdı, amma necə deyərlər, asosial bir ailə idi, heç qonşu kimi adama salam verməkləri də yox idi, o ki qalmışdı əllərinə süpürgə alıb ayaq altını süpürsünlər...

Hardan gəldiyini, hara gedəcəyini, niyyət və arzularının nə olduğunu bilmədiyim bu qəribə adama qarşı bu yaşımacan heç vaxt hiss etmədiyim yad, amma şirin, doyulmaz hisslər baş qaldırmışdı qəlbimdə. Necə deyim, sanki, o səsi, baxışları, qoxusu, ağ hamar dərisi, uzun sarı kirpikləri, böyük mənalı baxan gözləri, bir də adamı ondan həmişə bir addım geridə durmağa məcbur edən sükutu ilə beynimə, ürəyimə, bütünlüklə mənə dolmuşdu və sanki mən illərdir onu gözləyirmiş kimi idim, ona, onun həyatıma gətirdiyi hisslərə ac idim və sonu ölüm belə olsa bir anlıq hər şeyi atıb özümü ona təslim edəcək kimi idim. Çox rahat danışıram hə, guya mən bütün bu sadaladıqlarımı bacaracaq qədər cəsarətliyəm. Yox, elə deyil. Ağürəyin biriyəm və bu heç də birinci deyil. Ona qədər də belə hisslərim olub, amma mən həmişə qaçmışam, atmışam, aradan çıxmışam, bəzənsə də atılmışam və düzünə qalsa mən indi də qorxuram. Nədən? Ondan və özü ilə gətirdiyi bu qəribə hisslərdən. Amma yenə də, o hər nə qədər qəribə olsa da, mən hər nə qədər qorxsam da bu tale idi, biz bu nöqtədə qarşılaşmalıydıq və əgər adam hiss edirsə bu ağrını hər şeyə rəğmən yaşamaq məcburiyyətindir, çünki labüddür, bax onda qorxu yox olur. Hə, qorxu yox olur. Gözləmə başlayır. Sonra dirilmə və sonra yaşamaq. Qısacası həyat budur. Məcbur olanlardan qaçmaq olmur.

Onunla ilk dəfə qarşılaşanda ürküdücü dincliyi olan bir gecə idi. Həmişəki kimi gecənin bir yarısı işdən gəlirdim. Maşınlarsız boş bir yolda avtobusdan düşüb evə tərəf qaçmağa başladım ki, vaxt itirməyim, onsuz da çox gecikmişəm evə. Həmin vaxt yolun kənarında qaranlığa qısılıb gözümdən qaçan bir topa it küçənin sakitliyində mənim varlığımın fərqinə varıb arxamca hürərək qaçmağa başladı. İstəməyərək öz qaçışımla onların diqqətini cəlb etmişdim. Həmin an küçədə məni qoruyacaq bir nəfər belə yox idi. Gecə işıq lampaları da doğru-dürüst yanmadığından qaranlıqda koranə bir şəkildə önümə baxmadan şütüyürdüm və birdən çox möhkəm şəkildə birinə çırpıldım. O an keyimişdim, nə baş verdiyini dərk edə bilmirdim. Sifətim sinəsinə necə bərkdən dəymişdisə köynəyinin yaxasındakı dəmir düyməsi üzümü xəfifcə cızmışdı. Mən danışa bilmirdim, gecənin vahiməli basqısı üstümdə idi, heç ondan üzr də istəyə bilmirdim, ümumiyyətlə qorxudan danışa bilmək kimi bir qabiliyyətim olduğunu unutmuşdum. Bəs o? O niyə susmuşdu? Nə bəzi oğlanlar kimi kobud şəkildə “yavaş ol da”, ya da “sizə nə olub” belə demədi. İtlər yox olmuşdu. Heç səsləri də gəlmirdi. O an hələ də onun sinəsinə doğru azacıq sıxılmış kimi idim və bir anı yaşaya bildim, onun boğazından qopub burnuma dolan ətrin burnumdan yapışıb beyniməcən, hətta nəinki beynimdə bütün bədənimdə nöqtəbənöqtə dolaşmasını və mən çərçivədəydim, hərəkət edə bilmirdim. Bu çox çəkmədi, üst-üstə cəmi beş dəqiqə və birdən o sanki belə lazımmış kimi məni kənara itələyib heç nə olmamış kimi qaranlıqda yox oldu. Bu qədər. Mən sağ-salamat evə çatdım və çarpayıma uzanıb səhərəcən o qoxunun toxunduğu burnuma onu buraxmaması üçün dua etdim. Niyə səhv başa düşürsüz axı? Burda anlaşılmayacaq heç nə yoxdu, qoxu bizim yalnız təmas nöqtəmiz idi və yeganə təmas nöqtəmiz idi. O qədər. Düzünə qalsa heç mən özüm də pis qoxumuram, amma necə izah edim onunku ət qoxulu adi bir insan qoxusu kimi deyildi. Bu daha başqa idi. Eh, nə isə. Hə, bir də üzüm azacıq cızılmışdı, necə sərt dəymişdimsə düymə üzümü cızmışdı və mən bundan məmnun idim, çünki məhz həmən an ağrıya olan reaksiyam səbəbindən başımı qaldırmış, onun böyük, lap böyük gözlərinə diqqətlə baxa bilmişdim. Beləcə, mən onun qapımızın ağzını süpürməyəcəyindən əmin olmuşdum. Yox, zarafat edirəm, hələ ki onun üzbəüz mənzilə yenicə köçmüş qonşumuz olduğunu bilmirdim, onu bir də görəcəyimi də ağlımın ucundan belə keçirmirdim.

Səhəri gün biz işıqlıqda qarşılaşdıq. Yağış yağırdı. Bir az təmiz hava almaq, payızın ilk yağışının dadını çıxartmaqçün səhər-səhər, təxminən saat yeddidə evimizdən bir qədər aralıdakı stadionda qaçmaq qərarına gəldim. Elə bil dünən heç nə olmamışdı. İtlərə qorxum da yox olmuşdu. Bəlkə də yeni bir gün başlamışdı ondan idi, bəlkə də sadəcə belə olmalıydı, vəssalam. Heç kimi oyatmamaq qərarına gəlmişdim. Yazıqların səhər yuxusuna mane olmayacaqdım. Bu səbəbdən də tozqaldıran idman ayaqqabılarımın iplərini sıx-sıx bağlayandan sonra, qapını da arxadan açarla kilidləyib, pillələri beş-beş enməyə başladım. Zamanı qabaqlamaq istəyi gəlirdi içimdən. Günəşi ilk mən görməli, ilk yağış damlası mənim burnumun üstünə düşməli, buludlar ilk mənim başımın üstündə oynamalıydı. Bu qədər həvəsliykən, unutqan və rahatkən birdən içimdən endiyim pilləkənlərə cəld dırmaşıb qapımızın bağlı olub-olmadığından əmin olmaq istəyi gəldi. Tətikdə durmuş narahatlıq hissimə qarşı bu qədər etinasız olmaq istəmədim. Ağlıma gələn kimi də etdim. Başqa bir alternativim də yox idi, çünki mən bu xəstəlikdən əziyyət çəkirdim. Qalxdım, əlimi qapının dəstəyinə atdım, bir xeyli özümə tərəf çəkdim, qapı bağlıydı, narahatçılığa heç bir əsas yox idi, hər şey qaydasındaydı. Ufff, yenə tutmam tutmuşdu, yayınğan idim, diqqətimi heç cürə cəmləyə bilmirdim, qapının bağlı olduğundan dəstəyi çıxardacaq dərəcədə sağa-sola dartsam da əmin ola bilmirdim, çünki məndə çatmırdı, çünki mən öz xaosumdaydım, psixozdum, nevrozdum, bilmirəm hər nə idim, amma bu an ağzımın üstünə bir şillə çəkməliydim, ya da əlimi dişləməliydim ki, ayılım və sonuncu dəfə qapıya baxıb gedim.

(Hə bir az psixoloji problemlərim var idi. Həkim dili ilə desək, məndəki sayrışan hallar nevrozudur. Bir az da açıqlamalı olsam bu beyində obsessiv-kompulsiv pozuntunun baş verməsidir, yəni, tibbi dildə nevrozun məhz bu növündə pasiyentdə onda təşviş yaradan sayrışan fikirlər (obsessiyalar) meydana çıxır və həmin fikirlərin təsiri ilə də pasiyent sayrışan hərəkətlər etməyə başlayır (kompulsiyalar). Məsələn, eyni ilə mənim kimi, evdən çıxarkən qapını bağlamadığı, yaxud qazı açıq qoymağı, işıqları söndürmədiyi kimi fikirlər və edilmiş hərəkətin təkrar-təkrar yoxlanması, yaxud adi “çirkli” bir əşyadan xəstəliyə tutulmaq qorxusu, yaxud durmadan cürbəcür hallüsinasiyalar görmək və daim kiminsə onu izlədiyi düşünmək və s.) Əcəb xəstəyəm, beləsini heç görməmişəm ki, xəstəliyi və xəstə olduğunu dərk etsin, nə bilim anam demiş, bəlkə də mən özümü doğurdan gicliyə vururam, amma yox, bunu o da bilir ki doğruçu xəstəyəm, axı məni həkimə o özü aparmışdı. Nə isə. Çox uzatmayım, yoxsa özümə yazığım gələr. Gərək gəlməsin, istəmirəm bunu. Mən qanı isti olan biriyəm, amma başqalarına. Donoram, amma başqalarına. Özümə gəlincə isə istənilən bir səxavətdə özümə qarşı qısır olmalıyam, çünki mən beləyəm, çünki özünə yazığı gələnlər zəif adamlardır.

Mən nevrozun bir növü idim və etdiklərimin mənim dilimdən yalnız bir məntiqi açıqlaması var idi. Mən qapını bağlayırdım və hadisələri həmən andan əvvəlki və sonrakı ardıcıllığında xatırlayırdım yalnız. Bu isə ölüm təhlükəsi baxımından qorxulu idi, amma özüm üçün yox, çünki daha çox ailəm üçün narahat idim. Hirsim soyumurdu, çünki beynimdəki boşluğa görə qapı açıq qalmışdı və mən baş barmağımı dişlərimin arasına alıb sıxmağa başladım, ta ki canıma ağrı gəlincəyə qədər. Qudurmuşdum, barmaqsa yerindən qopası kimi idi az qala, qıpqırmızı olmuşdu, amma yenə əl çəkmirdim, çünki o boşluq dolmamışdı; Bilmirəm, mən yanılmaqda mahir ustayam, amma artıq yavaş-yavaş o boşluğu dolduracaq kəsimin yaxınımda olduğuna inanmağa başlamışdım. Hətta o qədər yaxınımda ki, iç-içə nəfəs alacaq, burnumu saçlarının arasına salacaq, gəzdirəcək, arxadan boynunu qucaqlayıb gözlərini əllərimlə bağlayacaq, kirpiklərini öpəcək qədər. Mən onunçün darıxırdım. Onunla ancaq yuxuda eyni yatağın fərqli tərəflərində yatırdıq. Bəzən baş-ayaq, bəzən yanaşı. Yuxu bitincə, mən gözlərimi açınca əfsun təsirini itirirdi, onun xəyalı, ətri, barmaq uclarımızı birləşdirməyi sevdiyim əlləri, hər şey, lənətə gəlsin hər şey yoxa çıxırdı. Təxminən 12 yaşımdan yastıqsız yatıram. Hamıya təəccüblü gəlsə də bəzən utandığım, bəzənsə də xoşuma gələn bu özəlliyimi yapon alimi Nişşinin sayəsində qazanmışam. Bu doğurdan maraqlıdır. Tabutda yatırmış kimi sərt yatacaq, sinədə çarpazlanmış və ya düz şəkildə yandan bədənə doğru sıxılmış qollar, bir də mənim anormallığımı göstərən vəziyyət, yastığın başımın üstündə olmağı, halbuki başım yastığın üstündə olmalıdır, çox vaxt isə sadəcə hara gəldi tullayıram onu. Bu səbəbdən də yatağın yastıqsız tərəfi hər zaman mənə aiddir, çünki nə qədər qəbul etməsələr də, çirklilərimizi yumaqdan analar da bir gün bezir. Həmən yan ucumda isə onun üçün bir yastıq var hər zaman, əksərən gecələr başımın üstünə kip-kip sıxıb, yaxud da sinəmə basıb möhkəmcə qucaqladığım yastıq. Hə, bir də, onunla bağlı bütün ümidlərimi itirincə, yatağa nəzərən üfüqi vəziyyətdə yatıram, bəzən bir ay çimmirəm, lirikaya səbrim çatmır, kökəlirəm, imtinaçılıq canıma hopur, azarım həyata etinasızlıq olur.

Bir xeyli gərginlikdən sonra əllərimi qapının dəstəyindən çəkdim, ağ elədiyimi bilirdim, özümü ələ almaq məcburiyyətində idim. Onu da bilirdim. Əlimi zamoklu gödəkçəmin cibinə atdım, sakitləşdiriciləri tezcə qamarlayıb boğazıma tökdüm, sayını belə bilmədən. Mənim yaşama qanunlarıma görə ən ağır vəziyyətdə belə dərmansız problemin öhdəsindən gəlinməliydi, bacardıqca qatışıqlara, həblərə yox. Amma artıq elə bir dərəcəyə gəlib çatmışdım ki, bunu kiməsə tövsiyə edəcək, ya da yazılmamış qanunlarımdan fəxrlə danışacaq üzüm yox idi. Belə də ki cəhənnəmə qınasınlar. Tüpürüm onların mənasız, eyni, çeynənmiş vərdişlərlə dolu, quru həyatlarına, qanunlarına.

Dərmanları udub, elə qapının ağzındaca divara söykənib ən sevdiyim parçanı qoşdum mobilimdə. Evgeny Grinko “Vals”. Bizimkilərin dediyi kimi, çəkmiş, içmiş, nə bilim e uçmuş kimi olurdum onu dinləyincə. Bir də dərmanların təsiri. Bütün ağrılarım getmişdi, şübhələrim, qeyzlərim “püfff” olmuşdu, keyimişdim, bir sözlə zərərsizləşdirilmişdim. Xoşbəxt idim. Anlıq olsa da xoşbəxt olmuşdum. Açığı mənim də naxışım belədir, xoşum gələn heç bir anı tam həzzi ilə sonacan yaşaya bilmirəm. Mütləq bir səbəb çıxır. Bu dəfəki səbəbim müasir xoruzlardan erkən qalxıb çörəyinin ardınca bizim icra başçısı, şəhər meri, deputat ayağı dəyməyən qəsəbəmizə qədər gəlib səsi qısılıncaya qədər “Süd var, südddd” deyə bağıran lopabığ dayının açılan liftdən guppagup enib qırmızı qapılı evin yeni köçmüş sakinləri üçün iki butulka südü qapılarının ağzına qoyması, sonra da gəldiyi kimi guppagupla pillələrin tozunu qaldıraraq liftə tərəf getməsi oldu. Qeyri-iradi bu axmaq vəziyyətə gülmək tutmuşdu məni. Öz qapımıza söykənmiş halda, qarnımı tutub nəyi var uğunurdum, lap ürəkdən gülürdüm. Məsələ nə guppultuda, nə kişinin çəkisində, nə lopa bığlarında, nə də iki butulka süddə deyildi. Gülməyə səbəb yaranmışdı. Səbəbsizlik. Romantik abu-havam təlx olunsa da, bu səhnə məni bir xeyli güldürə bilmişdi. Amma yenə də həmən saatın ən diqqətçəkən məqamı bu deyildi. Tam gülüşüm yavaşıyan an qırmızı qapı aralandı. Qapının cırıltısına başımı qaldırdım. Kimisə görəcəm, hələ bəlkə bir salam da verəcəm deyə azcıq aralı qalmış yerə ha boylandımsa da xeyri olmadı, heç kimi görə bilmədim. Gördüyüm o oldu ki, aradan bir əl butulkalara tərəf uzandı, onları usanmadan, ərinmədən bir-bir götürdü, sonra isə qapını bağladı. Vəssalam.

Mən kiməm? Çox vaxt mənə elə gəlir ki, mən insan deyiləm. Hansısa başqa bir planetdən gəlmişəm və yerli olmadığımçün onlar kimi olmaq məcburiyyətində də deyiləm. İnsanlardan iyrənmiş kimiyəm. O qədər çirkindirlər ki ruhən. Onlara baxınca dərhal içlərini görürəm, görməməyə çalışıram, amma görürəm. Yorğun biriyəm, hər tərəfim, ürəyimdən telimə kimi sızıltı içindədir. Dinlədiyim mahnılar da elədir. Məsələn, son bir ildə heç sözlü bir mahnı dinləməmişəm, ancaq simfonik musiqilər, məcburiyyətdən Şopen, Şubert, Bethoven, Motsart, Vivaldinin sönük bəstələriylə günlərimi sayıram. Sözlər, onlar beynimi yorur, o qədər boşdurlar, mənasızdırlar ki, ha mahnıda, ha insanların dilində, ha kitabda. Onlara yalnız film, məktub, ismarış və kitab şəklində həyatıma buraxılış vərəqəsi vermişəm. Fikirlərim də mənə daxil olmaq şərtilə heç vaxt qəbul olunmamışam, ümidimi də üzmüşəm, olunmayacağımı da bilirəm. Niyə də etsinlər ki?! Mən axı yazıq bir nihilistəm, bəkarət axtarışındayam.

Dünyada heç bakirə qalmadı. Nə güldən, nə səmadakı buludlardan, nə də torpaqdan, hətta okeanın dibindəkilərə belə əl uzatdılar, toxundular. Mən istədim, çox istədim bir dəfə çeynənməmiş, deyilməmiş, damaqla dil arasında oynayıb-dolaşmamış bir söz deyim, heç olmasa yazım. Sonra baxdım ki, bu dünyada artıq hər şey, inandığınız Tanrı bağışlasın məni, o belə çoxlarının yatağına (beyninə) girən bir fahişədən daha çox işlənmişdir. Sırf bu səbəbdən bəzən ömrümün sonuna qədər bakirə qalmaq istəyirəm, heç olmasa güzgüyə baxıb həzz ala bilim deyə. Toxunulmamış, baxılmamış, haqqında heç təkrar sözlər xərclənməmiş bir qadın bədəninin ətri, dərisinin parlaqlığı, ovsunu. Onu heç vaxt heç kimlə bölüşmək istəmirəm. Filip Hofmanın rejissorluğu ilə çəkilmiş, Cefri Raşın baş rolu ifa etdiyi “Arzuların hökmdarı” filmində mənə görə dünyada yaşamış ən dahi bir insanın, Markiz de Sadın dilindən deyildiyi kimi, hətta Məryəm belə Tanrının kiçik fahişəsi olub, yox da bir, bakirə olub, uşaq doğub. Gəl də bir anlat ki, mən kapitalizmə necə nifrət edirəm. Eyniliklər içərisində dümdüz, rahat bir yol və mahiyyətinin içində gizlədildiyini iddia edərək başımızı tovlayıb bizə sırıdıqları əxlaqsız həyat. Halbuki, onun bakirə olmasını o qədər çox istərdim ki.

Həkimlərin qadağasına baxmayaraq vəhşət, ölüm, sadizmin olduğu filmlərdən heç keçə bilmirəm. Horror, qorxu, qan ... Günlərlə evin eyni bir otağını zəbt etmiş kimi qapını arxadan bağlı saxlayıram, anam çox qorxur, atam, düzü o elə də evdə çox tapılmır, tapılanda da ancaq başını atıb yatır. Güman ki, o da bizə və həyatına görə peşimandır. Yoxsa, sevdikləri üçün işləmək niyə yorsun ki onu bu qədər. Son günlər mən, ailəm və bütün insanlar sevməyi tərgitdiyimizi düşünürəm. Markes, çox haqlıydı. Sevməyi tərgidincə qocalmağa başlayırıq. Bəlkə cismən yox, amma ruhən. Qocalmaq deyincə, sümüklərin sərtliyi, dərinin solğun və bürüşüklüyü, qamətin əyriliyi, saçların və dişlərin tökülməsi başa düşülür dərhal. Əsla, qocalıq həyat əlamətlərinin bitməsi deyil, yavaşımasıdır. Sevginin, sevilmənin, sevməyin yavaşıması kimi. Və mən çox qocalmışam. Ürək yerinə bir daş gəzdirirəmmiş kimiyəm solumda, saatlarla eyni nöqtəyə baxa-baxa dururam, səbəbsiz ağlayıram, saçlarımı qayçılayıram, sifətimi didişdirirəm, əzələlərim sümükləşmiş kimi bədənimi yerindən tərpədə bilmirəm, ya da bilirəm amma nə qolumu qaldırmaq istəmirəm, nə də hansısa başqa bir hərəkət eləmək. Bir qabın dibinə çökmüş qırıntılar kimiyəm, əvvəlki məndən geriyə qalan budur. Qısacası bezgin, həvəssiz, ölühal və yorğunam. Çox yorğunam. Tolstoyun Anna Kareninası kimi, Floberin Madam Bovarisi qədər yorğun. Hətta pozğun və yorğun. Əslində çox bakirə, amma sizin üçün pozğun. Ona görə pozğun ki, axı siz doqmaları rədd edən, sevməyi, birləşməyi sizin kimi etməyən birisinə belə deyirsiniz. Ya da çoxbilmiş q.... Çoxbilmişəm bunu qəbul edirəm, amma o birləşmənin ikinci tərəfindəki əsla deyiləm. Bunu sizə sübut edəcəm. Elə indi. Mikelancelo, “Adəmin yaradılışı” əsəri. Bu əsərlə bağlı o qədər məqamlar var ki, amma mənim çox sevdiyim, dindarların isə heç sevmədiyi birini deyəcəm. Bütün dini kitablarda deyilənlərdən fərqli olaraq Mikelancelo insanı Tanrının deyil, Tanrını insanın simasında yaradıb bu əsərində və gücsüzlükdən əlini doğru-dürüst uzatmağa taqəti olmayan çılpaq Adəmə barmağının ucu ilə toxunmağa çalışan Tanrının ehtiraslı mələkləri ilə içində təsvir olunduğu fiqur eynilə insan beyninə bənzəyir. Demək ki, Tanrının beyində yaradıldığını və ya yarandığını düşünən tək mən deyiləm. Məgərsə, bizim içində olduğumuz və həqiqət sandığımız hər şey böyük bir yalanmış. Beyində yaratdığımız yalnız Tanrıdırmı ki? Bir vaxtlar onu heç başa düşmədilər, dilini dibindən çıxardıb, 30 il dəlixana divarlarının çürütdüyü bir həyata məhkum etdilər. Yenə çoxlarının sevmədiyi biridir amma, Markiz de Sadı mən çox sevirəm. Onun əsərlərini oxuyunca, heç iyrənmədim, heç diksinmədim, tüklərim heç ürpəşmədi pornoqrafik səhnələrdən. Halbuki mən başqalarına aid adi bir öpüşmə səhnəsinə sonacan baxa bilməyən, orta məktəb çağlarımda bütün qızların baş-başa verib kişi-qadın birləşməsindən danışdığı vaxtlarda qulaqlarımı tutub, “qızlar, danışmayın ürəyim bulanır” deyən oyam. Onu anlamaq çətin olmadı mənə. Asanlıqla seksin beyində yaradıla bildiyini anladım, sevişmənin, toxunuşun, şəhvətə aid bütün günahların qaynağının beyin olduğunu da. Bunun, kişi qadın birləşməsinin təbii bir proses olmaqla yanaşı o qədər bəsit, eynilə yatmaq, ayılmaq, qarnımızı boşaltmaq, yemək kimi adi ehtiyaclarımızdan biri olduğunu və məgərsə hamının o iki nəsnənin birləşməsini çox ciddi, fövqəl hadisə kimi qəbul etdiyini də anladım. Markiz de Sad kimi ağıllı adamların isə kitaba marağın heç olmadığı bir dövrdə kütləyə böyük aclıqla kitab oxudacaq nömrələrdən biri kimi ondan öz ironiyasını, təkliyini, fəlsəfəsini ifadə etmək üçün istifadə etdiyini də həmçinin. Və bir də sən demə seks və Tanrı ikisi də insanın zəif anlarının məhsuludur. Beyində heç vaxt yaradıla bilinməyəcək, yaradılıb oradan çıxarıla bilinməyəcək yalnız bir hiss var. O da həqiqi olandır. Onun adı sevgidir. Belə ki mən anlaşılmamasını arzulayacağım qədər yorğunam. Və deyəsən ölürəm. Heç bilmirəm bu hardan qaynaqlandı. Nə? İntihara maraq. İyirmi gün ərzində ona yaxın kitab oxumuşam və bu təsadüf deyil ki, hamısının adı “İntihar” dır. Eduard Leve “İntihar”, Cek London “İntihar” və bu kimi. Amma yox, hərdən ölü bir hüceyrənin qəfil tərpənişi kimi həyat eşqi cücərir içimdə. Məsələn, evimizdəki köhnə albomlara baxanda, xüsusilə də, atamın 80-ci illərdə ailə albomuna sevgisindən yapışdırdığı hind aktyorlarının şəkillərinə. Ya da anamın bişirdiyi cənnətlik yeməklərin ətri qapının altından otağımacan sızanda heç özümü ələ ala bilmirəm, iyirmi dörd yaşım olmasına rəğmən dəcəlləşirəm, kiçilirəm, cupcuppulu qızcığaz olub tullana-tullana qaçıram anamın qabağına, sonra isə təşəkkür əlaməti olaraq yanağına bir öpüş, bir az zarafat və nəhayət bir boşqab dadlı ana xörəyi. Dəliyəm, nəyəm, bir də elə nəşəli biriyəm ki. Düzdür, çox vaxt bir ev heyvanı olduğumu düşünmürəm deyil. Hətta mərc gələrəm ki, elə eyni cür də ailəm düşünür. Bunu ən çox, mən olan otağın qapısının ağzına bir boşqab yemək qoyub qapını bir-iki dəfə taqqıldatmaqlarından bilirəm. Mən dağılmışam, fikir-fikir yığacaq birini gözləyirəm. Sevgini gözləyirəm. Ən çox da o qəribə adamı görəndən sonra anladım bunu. O kimdir? Bunu bilmək istədiyimdən və onu bir daha görəcəyimdən o qədər də əmin deyiləm. Və o da məni izləyir.

Sonra bizi nə gözləyirsə bunu inananlar üçün Allah, inanmayanlar üçünsə falçılar bilir və qısacası bu taledir.

# 2721 dəfə oxunub

Müəllifin son yazıları

# # #