Bir yaz günü

 Bir yaz günü
19 mart 2014
# 14:43

Kulis.Az Saday Budaqlının "Bir yaz günü" hekayəsini təqdim edir.

Yaz havasına həmişə aldanıram. Aldandığımı xəstələnəndən sonra hiss eləyirəm, onda da daha iş-işdən keçmiş olur. İndi də nə qədər isti olsa belə paltonu təzədən əynimə taxmışam. Ancaq nə xeyri, bir var xəstələnməmək üçün geyinəsən, bir də var sağalmaq üçün.

Bu gün özümü lap pis hiss eliyirəm. Elə hey titrədirəm. Ona görə işdən icazə alıb qayıtdım yataqxanaya. İş saatı qurtarmadığından yataqxanada kimsəsizlikdi. Belə vaxtlar nəsə narahat oluram, elə bil qatar hamını götürüb gedib, mənsə perronda tək-tənha qalmışam.

Gözləməyə heç vaxt hövsələm çatmır. İşdə desələr, bax bu iki maşın dəmir-dümürü boşalt – razı olaram. Amma desələr, hər on dəqiqədən bir bayıra çıxıb bir ağız qışqır – bacarmaram. Gözləmək dərdidi ki, mətbəxlə heç aram yoxdu. İndi də dəqiqədən bir çaydanın ağzını açıram, görüm qaynadımı, o da elə bil tərsliyə düşüb.

Mətbəxin pəncərəsi metroya baxır. Evlərlə metronun arası çöllükdü, dərə-təpədi. Burdan dəmir yolu keçir. Vaxtsız, vədəsiz ötən elektrik qatarlarının gurultusu məndən xəbərsiz keçib gedən nələrinsə sirli səsinə oxşayır.

Salam, qardaş!

Bu mərtəbəyə təzəlikcə köçdüyümüzdən hamının adını bilmirəm. Əvvəl yuxarıda qalırdıq, pəncərəmiz də elə bu mətbəx kimi çöllüyə baxırdı. Külək tutduğundan otağımız qışda sopsoyuq olurdu. Çox işıq yazdığından qızdırıcı işlətməyə də icazə vermirdilər. Yaxşı ki, axır güc-bəlaynan otağımızı dəyişdirə bildik – bir mərtəbə dükdük aşağı, özü də əks tərəfə. Bura küləyin əli gəlib çatmır. Otaqda üç nəfər qalırıq. Üçümüz də zavoda eyni vaxtda gəlmişik. Bu yaşıd olmaq kimi bir şeydi, yəni aramızda böyük-kiçik söhbəti yoxdu, kim nə bacarır onu da eliyir. İllər bizi o qədər yaxınlaşdırıb ki, bir-birimizdən inciməyə haqqımız çatır, amma bir-birimizi yaxşı tanıdığımızdan hər şeydən incimirik də.

Zavodda işləyəndən mənim üçün dünyada ən çətin şey səhər yuxudan durmaqdı. Yayda yenə hava tez işıqlanır, ertədən durub təmiz hava udmağa özümün də həvəsim gəlir. Amma qışda saatın ki, zənginə gözümü açıram, bayır, zülmət, soyuq, külək – hamısı birdəncə yadıma düşür, həmin dəqiqə yuxu o qədər şirin olur ki, daha yüz adam da yığılsa, məni dünyanın hansı gözəl yalanıylasa aldada bilməz.

Uşaqlar yuxu azarımı bildiyindən hərdən saatın zəngini eşitməzliyə vururlar. Gözləyirlər, heç olmasa, bircə dəfəsə insafa gəlib onlardan qabaq mən duram, işığı yandıram, çay qoyam, çayı dəmləyəm, hər şeyi hazır eləyəm – sonra duralar. Bütün bu işləri görmək on dəqiqə vaxt aparır, amma həmin on dəqiqəni isti yorğan-döşəkdə xumarlanmaq nəyə desən dəyər. Həm də on dəqiqəyə adamın yuxusu da öz-özünə dağılır, stəkan-nəlbəkinin cingiltisini eşidəndəsə pürrəngi çay artıq yuxudan ləzzətli olur, göz qırpımında hoppanıb durursan.

Həmişə uşaqların gözləməyi özlərinə qalır, mən arsızlığıma salıb durmuram, di gəl işə gecikmək qorxusundan yata da bilmirəm. Onlarsa pıqqıldaşa-pıqqıldaşa yerlərinin içində tərpənməyib məni gözləyirlər. Axır ki, yenə hansısa bezib durur. Çay hazır olanda mən qəfil gözümü açıram, güya indicə ayılmışam, kal-kal böyür-başıma baxıram. Onlar bu vaxt özlərini saxlaya bilməyib gülüşürlər. Mən də onların cavabında yuxulu-yuxulu gülümsəyirəm. Daha başqa söhbət olmur, güya onların da mənim bicliyimdən xəbəri yoxdu.

Təzə otağa, təzə mərtəbəyə nə qədər öyrəşsəm də, hər dəfə yerimdən durub tez-tələsik yuyunmağa qaçanda əvvəllər başqa mərtəbədə yaşadığım yadıma düşür. Köhnə yerdə heç vaxt xidmətçini görməmişdim. Biz yuxudan duranda artıq dəhliz də, ayaqyolu da, yuyunma otağı da tər-təmiz olurdu. Ancaq bura köçəndən hər səhər qara xalat geyinmiş xidmətçi qadınla rastlaşıram. Həmişə də tərs kimi ya yuyunma otağını təmizləyir, ya da ayaqyolunu.

Mərtəbənin köhnə sakinlərinin yan-yörəmizdə qurdalanan bu balaca qadını sezməmələrinə, onun yanında özlərini sərbəst aparmalarına, bir-biriləri ilə şit-şit zarafat eləmələrinə, söyüş söymələrinə ilk günlər öyrəşə bilmirdim. Qadın yataqxananın oyandığı vaxtı yaxşı bilir, istəsə bu işi bir az gec, ya bir az tez görər. Amma təəccüblü odur ki, qadın da uşaqlara fikir vermir, elə bil kardı, kordu, heç nə görmür, heç nə eşitmir, başını aşağı salıb dinməz-söyləməz öz işini görür.

Daha mən də uşaqlar kimi heç kəsin sezmədiyi, salam verib, salam almadığı bu qadını görməməyə çalışıram. Di gəl yenə səhər onunla rastlaşanda əvvəl çaşıb qalıram, sonra acığım tutur, sonra da utanıram.

İşdən çıxanda uşaqlarla zavodun ağzında bir-birimizi gözləmirik. Hərdən havalar xoş olanda görüşürük ki, bir yerdə gedib bazara, dükana dəyək. Qışdasa çıxan qaçır yataqxanaya, çünki hamımız zavoddan çimib çıxırıq, soyuqda dayanmağa qorxuruq. Onda otaqda görüşürük, yenə kim birinci gəlir, o, heç olmasa, çay qoyur. Çay içib canımızı qızdırandan sonra yemək haqqında fikirləşirik. Ancaq yorulduğumuzdan bazara, dükana dəyməyə ərinirik. Çox söz-söhbətdən sonra başlayırıq domino oynamağa. Hamını udan qalır bəy kimi evdə, əlini ağdan qaraya vurmur, ən tez uduzub çıxan işin ən çətinini görür, o biri qalanını. Bəzən dominomuz o qədər çəkir ki, artıq bazar bağlanmış olur, axırdan-axıra uduzan durub götürülür dükana, kolbasadan, konservdən, ürəyimiz istəyəndə də araqdan-çaxırdan tapıb gətirir. Yeyib içəndən sonra yorğun bədənimiz daha da süstləşir, özümüzü yıxırıq çarpayıya, başlayırıq laqqırtıya. Həmişə söhbətimiz oxuduğumuz bir kitabın davamına oxşayır. Hərə öz həyatından indiyə qədər danışmadığı şeyləri danışır, ya da bir vaxt üstündən elə-belə keçdiyi əhvalatı bu dəfə lap yerli-yataqlı xatırlayır. Söhbətlərdən sonra bizə elə gəlir ki, heç vaxt bir-birimizə xəyanət eləyə bilmərik, bir-birimizdən uzaqlaşa bilmərik, uzaqlaşmağı bacarmarıq. Söhbətimiz get-gedə qırılır, bir də gözümüzü açanda görürük səhərdi, işə tələsmək lazımdı...

Əvvəl fikrim varıydı çay içib girəm yerimə, bəlkə tərlədim. Amma çay içəndən sonra hiss elədim ki, elə tərləməmiş də babatam.

Uşaqların gəlməyinə hələ bir az qalır. Təzədən çay qoymaq lazımdı, onlar gələnə hazır olsun. Deyirəm, bəlkə elə yemək bişirim? Amma ləzzət eləyər ha uşaqlara! Necə də eləməsin. Ac, yorğun gəl işdən, gör ki, stolun üstündə yemək buğlanır.

Uşaqların necə sevindiyini təsəvvürümə gətirə-gətirə şkafın gözünü qurdaladım, yemək hazırlamağa bir şey yoxdu. Tor zənbili götürdüm ki, gedim bazara. Onsuz da ilıq yaz havasında otaqda qalmağa səbrim çatmır.

Bazara aparan yol həmişəki kimi sakitlikdi. Ağaclar hələ yarpaqlamadığından bir-birinə oxşayan taxta evlərin həyət-bacası açıqda qalıb. Bazar uzaqda deyil, amma göz oxşayan bir şey olmadığından yol adamı bezdirir. Ona görə bazar adı gələndə qulağımızı tuturuq. Şəhərdə on bu qədər yolu gedirsən, adam heç bezmir. Cürbəcür binalar, küçələrdə ardı-arası kəsilməyən insan axını, qarşılaşdıqlarının geyimi, yerişi, hərəkəti adamı əyləndirir.

Bu da bazar.

Yazınkı göy-göyərtidi, ye, canına təpər gəlsin. Zənbili göyərti ilə, kartof-soğanla doldurub bazardan çıxdım. Nə qədər gəzmək istəsəm də, otağa qoltuğu dolu qayıtmaq mənə lap ləzzətli görünür.

Qarşıdakı həyətdən qaça-qaça bir uşaq çıxdı, onun da arxasınca bir qadın. Qadın daha uşağın arxasınca qaçmayıb elə qapının ağzından onu səslədi:

- Arif, Arif, ədə, dayan, bura gəl görüm.

Uşaq bir ayağını qaçaraq qoyub bic-bic uzaqdan baxırdı. Deyəsən, gəlməyə ürək eləmirdi.

Sonra çəkinə-çəkinə yaxınlaşıb qadının iki-üç addımlığında dayandı.

O nə sözüydü, ə, dedin, adam da anasına elə sözmü deyər?

Uşaq nə sözüydüsə onu birinci dəfə deyənə oxşamırdı. Yəqin ki, bunun üstündə tənbeh olunduğu da birinci dəfə deyildi. Öyrəşdiyi onun hər an gülməyə hazır olan dodaqlarından, qaynayan gözlərindən oxunurdu. Ayağını beş addım o yana qoyan kimi yenə yəqin ki, o sözü təkrar eləyəcəkdi. Qadın da bunu bilirdi. Çünki onun da gözlərində uşaqdan gizlətməyə çalışdığı təbəssüm varıydı.

Qadının cizgiləri nədənsə mənə çox əziz, çox tanış göründü. Hansı xatirəyləsə bağlı kövrək bir hiss gözümü ondan çəkməyə qoymurdu. Yaddaşımı ələk-vələk eləyib qadını necə, hardan tanıdığımı xatırlamağa çalışırdım. Birdən-birə öz uşaqlığım, anam, həyətimiz, yelpik kimi evimizin üstünə əyilən tut ağacı, ömrümün hansı çağındasa dünyanın hiss olunmadan mənə verdiyi, sonra da hiss olunmadan aldığı adamlar yadıma düşdü. O, nəyləsə anama oxşayırdı. Bu vaxt qadın başını qaldırıb mənə baxdı. Baxışlarımız rastlaşanda özümü saxlaya bilməyib salam verdim. Qəribə idi ki, qadın salamımı aldı və ancaq onda bildim ki, doğrudan da, qadını tanıyıram. Səhərin yuxulu toranlığı, qara xalatda tualeti yuyan qadın gözümün qabağına gəldi. Həmin qadın idi. Yerişimi yavaşıdıb indi lap zənlə qadına baxdıqca, rezin boru ilə tualeti yuyan, yanında hər cür söz danışdığımız, saymadığımız qadınla uşağa acıqlanan yaşıl donlu qadın arasında heç bir oxşarlıq görmürdüm. İndi qadın anama da oxşamırdı. Elə bil bircə anda sifəti dəyişmişdi.

Yolla gedə-gedə verdiyim salama görə özümü söyürdüm, özümdən zəhləm gedirdi. Hər gün rastlaşsam da, ilk dəfə idi ona salam vermişdim. Sabah isə qadını yenə qara xalatda, şit zarafatlarımızı eşidə-eşidə parketi yuduğu yerdə görəcəkdim. Ancaq daha salam verib-verməyəcəyimi bilmirdim.

Döngəyə çatmış geri boylandım. Qadın uşağın əlindən tutub evə aparırdı. Mən indi onların nə üzünü seçirdim, nə səsini eşidirdim. Yenə uzaq bir xatirə kimi anamı xatırladım. Birdəncə mənə elə gəldi ki, rastlaşdığım adamlara diqqətlə baxsam, onların anama, atama, qardaşıma, bacıma oxşadığını görərəm, bu oxşarlığı taparam, onda mən həmin adamlara pis olmağı bacarmaram. Əsas məsələ necə baxmaqdadı.

Özüm də hiss eləmədən addımlarımı yeyinlətmişdim. Elə bil səhranın ortasında əlimdə buz tutmuşam. Onu kiməsə çatdırana qədər əridəcəyimdən qorxuram.

# 1731 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #