Dünən ordaydım

Dünən ordaydım
3 avqust 2015
# 15:48

Hər şey eynən qoyub getdiyiniz kimiydi. Hündür tavanla boy tutuşduran, keçən əsrin dəbinə uyğun ağ rənglənmiş bənd qapısı, köhnə pəncərə taxtaları, taxçalar, üzü soyulmuş qədim servant, ayaq lingi ilə hərəkətə gətirilən “Zinger” (Singer) tikiş maşını, küncdə sanki incik dayanmış, insan barmaqlarının təmasına həsrət “Petrof” pianosu, onun böyrünə söykədilmiş nar ağacından olan nazik yunçırpan çubuq, şüşəsinin kirindən içindəki bilinməyən kitab rəfləri, aralanmış döşəmə taxtaları, hətta taxtabitilər də həmənki idi. Bir tək pişik təzəydi burda, bu əsrin pişiyi idi, kompüter əsrinin, kompüterdən xəbəri olmasa da.

Hərdən pəncərənin deşik torundan içəri keçib laxlayan, sınıq qıçlı stolun üstündə durar, boğazını uzadıb havanı iylər, iylər, dönüb elə həmən cırıq yerdən də sivişib gedərdi. Yerə atılıb xatirələri tapdalamaq istəməzdi pişik. Havaya çıxardı, müasirliklə bu boyağı tökülmüş köhnəliyi müqayisə etmək üçün çıxardı. Yaşadığına inanmaq üçün. O da qorxardı, bu toz damında çox qalmazdı. Qorxardı toz onu da basar, ilişib qalar burda, bu piano kimi, masa kimi, kitablar kimi, külqabı kimi.

Burdakı ölü sükutu pozmaq hüququ yalnız pişiyin idi. Onun nəfəsindən ehtizaza gələn durğun hava otağı oyatmaq istəyirdi sanki illər yuxusundan. Amma “zamana ancaq yuxu ilə qalib gəlmək olar” şüarına sadiq qalan otaq ayılmırdı ki, ayılmırdı və bu titrək tərpənişi çöldəki müasirliyin pişik cildli elçisində təzahür tapan qısqanclıq paroksizmi sanırdı.

Burda elə qatı toz dumanı vardı ki, söyləyəcəyin sözlər asılı qala bilərdi otağın ortasından, sonra da hörümçək torlarında ekvilibrist ləngəri vura-vura çökərdi evin künclərinə. Xatirələr hücum çəkərdi adamın üstünə, gözünə girər, ordan yaş çıxarmayınca əl çəkməzdi. Fikirləşməyə qoymazdılar, fikirlərini elə beyin qabığının qırışlarında doğulduğu andaca boğub basdırardılar. Burda ancaq xatırlamaq olardı, keçmiş adlı dalınca uzanan relsləri də artıq çoxdan çürümüş qatarı, fikir yürütmək olmazdı.

Bu məkanın təmizliyə ehtiyacı yox idi. Köhnəlik qoxusu və nəmiş yuyub silirdi divarları hər gün. İndi buranın daimi sakinləri otağın künclərini torlarıyla nişanlayıb öz şəxsi mülkiyyəti elan etmiş hörümçəklər və döşəmənin aralanmış taxtaları üzərindən süvari qoşununu çəkən, insan qanına susamış taxtabitilər idi.

Qəribə pəncərələri vardı otağın. Nə evdən baxanda bayır, nə bayırdan evin içi görünərdi. Çünki nə bu tərəfin, nə o tərəfin bir-birində maraqları yox idi. Keçmiş adlı muzeyin eksponatıydı bu mənzil və dışarı üçün o qədər mənasızdı ki, pəncərələri şüşəsiz olsaydı belə külək sirayət etməzdi içəri, eləcə pəncərə taxtalarını yalayıb gedərdi.

Zamana üç parodiya gözə dəyirdi burda. Biri dəhlizdəki, üstündə yorğan-döşək məfrəşi olan köhnə dolabdan asılmış, gözətçi rolunu oynayan şinel idi. Dolab giriş qapısı ilə üzbəüz yerləşdiyindən və bir neçə lay taxtası sınıb düşdüyündən otağa qədəm basan birinci şineli görər, xoflanardı. O qədər köhnə idi ki, elə bil əl vursan, param-parça olub töküləcəkdi. Digəri – mənzilin ən görkəmli yerinə, kitab rəfinin üstünə qoyulmuş saxsı xoruz idi. Saxsı və yaralı xoruz. Əvvəllər, bu evin dəcəl uşaqlarla dolu vaxtında dəfələrlə yerə salıb sındırmışdılar onu və hər dəfə də qəlpələrini yapışqanla bənd edib ehmalca əvvəlki yerinə qoymuşdular ki, böyüklər duyuq düşməsin. Ta üçüncüsü - ədəb-ərkanla pianonun üstündə əyləşib, qısa, dama-dama şalvarından çıxmış ayaqlarını qabağına uzadıb cütləmiş təlxək idi. Bəlkə də zəhləsini tökmüşdü artıq orda oturmaq, ya bəlkə də razıydı halından – bunu demək çətin idi, hər halda ətrafına yığılmış 3-5 xırda suvenirin və nəfis, qırıq şamdanın fonunda çox iri və yöndəmsiz görünürdü. Əski-üsküdən qayrılmışdı, muncuqdan olan gözlərinin birini vurub çıxartsalar da çox şey görürdü. Təlxək estafetlə atadan övlada ötürüldüyündən, yaşını bilən yox idi.

Hər şey eynən elə idi, qoyub getdiyiniz kimi. Sınıq çərçivələrdəki saralmış fotolar da, divardan asılmış, bir-birinə qətiyyən uyğun gəlməyən şəkillər, çekanka həmənki idi, eynən keçən əsrin ortalarındakı kimi. Vaxt rəngi uyuşmayan əşyaların rəngini soldura-soldura uyuşdurmuşdu bir-birinə, indi burda hər şey bir rəngdə idi – solğun.

Sonuncu sahibəsini çoxdan yola salmışdı bu ev və özünə söz vermişdi: ondan sonra daha qurban verməyəcək. Və içindəkiləri uyutmuşdu. Hər şey yuxu pərdəsi altında idi. Vaxt sağollaşıb köçmüşdü burdan.

Burda bir vaxtlar kişilər nərd atardılar. O nərdin səsini divarlar yadında saxlamışdı. İndi o nərd atanların biri rəfdə dayanmışdı, bir qırıq kağız parçasının üzərində. O da saralmışdı ki, ətrafdakılardan seçilməsin. Sağ vaxtlarındakı diqqət çəkməmək şakəri indi də tərk etməmişdi onu. Bir nənə də ayaqlarını altına yığıb küncdə oturar, yerə atdığı palazın üstünə yuxayayanını qoyub xəmir yayar, düşbərə bükərdi o vaxtlar. Qonşu qadınlar başına yığışıb ona kömək edərdi, nəvələri də bir-birini qova-qova otaq boyu qaçar, xörəyin bişməyini gözləyərdilər. Palaz dururdu və deyəsən keçən əsrin düşbərəsinin iyi hələ də canındaydı palazın. Dəhlizdə, sınıq nənni ilə yanaşı qoyulmuş oxlov, fiqurlu dəstəkləri olan qədimi, dəmkeşli Tula samovarı və həvəngdəstə də keçmişlərə şahidlik etməkdə idi. İstisi çoxdan alınmış soba da o günləri, o soyuq qış gecələrində bütöv bir külfəti ətrafına yığıb qızındığını çox yaxşı xatırlayırdı. Əşyalar insanlar kimi huşsuz və vəfasız deyil ki...

Köhnə Bakı məhəlləsindəki köhnə həyət-baca, suvağı tökülmüş dam-daş. Hər şey eynən o cürdür. Heç nə dəyişməmişdi. Burdakı cazibə qüvvəsinə bəlkə Yerin qravitasiyası həsəd aparardı, çünki burda heç kəs və heç nə unudulmamışdı, sadəcə xatirələrə köçmüşdü.

Burası bir vaxtlar kiminsə fəxrlə “ata mülkü” adlandırdığı yer, indi xatirə dəftəriydi, nəyi ki, mələklər qanadlarıyla vərəqləyirdi. Vərəqləyə-vərəqləyə də uğunub gedirdilər. O qədər şad-xürrəmlik vardı ki o səhifələrdə.

Bu otaq nisgil də, həsrət də, naxoşluq, qəm-kədər, göz yaşları da görmüşdü. Amma insanların həyat sevgisi, nikbinlik və xeyirxahlığı əritmişdi o pis günləri. Əritmişdi və ondandır ki, o pisliklər “xatirə dəftərində” əks olunmamışdı.

Burda hər şey susmağı sükunətdən öyrənmişdi. Sükunətsə susurdu ona görə ki, qorxurdu danışsa köhnə divarlar uçub dağılar, bir ev xatirə qalar uçqunun altında. Elə tavan da çökərdi çoxdan, o da xatirələri öz altına qərq etməyi qıymadığından zamana duruş gətirib dayanmışdı.

Hər şey eynən sizin qoyduğunuz kimiydi, illər-aylar. Vallah, elə bil heç siz keçməmisiz o məkanın üstündən, adlamamısız, əsməmisiz. Bir tək sarı solğunluqda vardız. O əşyalar da köhnəlikdən saralmamışdı, həsrətdən saralmışdı. O insanların, o təmizliyin, o kasıb dəbdəbənin, o xeyirxah saflığın həsrətindən. Süpürgə görməyən, təmir bilməyən, sonuncu sahibəsindən sonra insan ayağı dəyməyən otaqların tozlu tutqun nəfəsi pıçıldadı mənə ki, inanma heç şeyə, vaxt deyilən bir şey yoxdur, bir yaşamaq var, bir də yorulmaq. Yorulmadınsa yaşayırsan.

# 902 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #