Kulis.Az Adil Şirinin “Rekviyem” poemasını təqdim edir.
Rekviyem
Simfonik poema
Ağrılardan yata bilmir bu torpaq...
Uyuya bilmir ağrılardan
bu torpaqda basdırılan ölülər,
uyuya bilmir bu yaralı torpaqda
basdırılan körpələr.
O körpələrin səsini,
harayını
eşitməməkçün gərək
gecələr kar olsun sinəmdə ürək...
***
Aman, Allah!
Aman, Allah!
Ağrılardan yata bilmir bu torpaq –
Göylərindən getməyib hələ barıt qoxusu...
... Bir səhər çin olacaq
bu torpağın yuxusu...
Hələ ki, ayrılıqlardan yata bilmir bu torpaq.
Oğulların gözlərində
güllələnib yuxusu...
Oğulları güllələnən torpaqların
Gözlərinə yuxu getməz.
Oğulları güllələnən yaralı torpaqların
oğulları ölər...
ümidi ölməz...
***
Qaçqınlar...
Qaçqınlar...
Qaç-qın-lar...
Hara, hara sürüyürlər, Allahım,
bu zavallı qaçqınları,
tər içində, qan içində,
ilğım kimi duman içində?...
Bir balaca,
arıq qadın
yorğunluqdan, susuzluqdan,
qızdırmadan,
aclıqdan,
dərddən-qəmdən,
acıqdan,
addım-addım
yaxınlaşan ac ölüm qorxusundan,
adamı heyrətə salacaq qədər
böyümüş gözlərilə
güclə sürüyür
dəyirman daşı kimi ağır ayaqlarını...
Güclə sürür ayaqlarını –
Bir addım dala qalır,
bir addım da,
bir addım da...
Tutur qulaqlarını...
Kalaşnikovun qundağı
dəyir başına –
isti qan gicgahından
axıb süzülür
alın tərinə,
axıb süzülür üzü aşağı –
Qarışır göz yaşına.
Kimisə çağırırmış kimi
qaldırır əllərini,
nədənsə yapışmaq istəyir –
heç nə gəlmir əlinə...
Süngü od basır belinə...
Qatil cin gözüylə baxır
tozlu yol üstündə ölən gəlinə...
Baxdı, baxdı...
Çürük dişləri arasından
tüpürüb yüyürdü,
tər içində yüyürüb çatdı
uzaqlaşan dəstəyə.
Bir siqaret istədi
başqa qatil əsgərdən...
Çəkən deyildi,
amma çəkirdi hərdən...
***
İlahi, bu nə sirdi –
kölgə kimi bir qarı
Ayı arxasınca çəkib gedirdi...
Ölülər, ölülər, ölülər, ölülər...
Gözləri oyulmuşlar,
əlləri kəsilmişlər, qolları kəsilmişlər,
boğazları üzülmüşlər,
qurşuna düzülmüşlər...
Kürəyindən vurulanlar,
ayağından,
gicgahından,
ürəyindən vurulanlar...
Qızıl dişlər
kəlbətinlə çıxarılıb,
barmaqlar kəsilib,
atılıb çantalar –
nişan üzükləriylə birgə...
Göyərçin tək boğulmuş körpələr,
süngüylə qarınları cırılmış
hamilə qadınlar...
İlahi, bu nə sirdi,
kölgə kimi bir qarı
dağları arxasınca çəkib gedirdi...
***
Bir adam sönürdü...
Adamı heyrətə salacaq qədər
böyümüş gözləriylə
heç nə görmədən baxırdı,
baxırdı göyə.
Gözləri görmürdü,
eşitmirdi qulaqları,
yalnız od tutub yanırdı
sinəsi,
dodaqları.
Birdən-birə xəyal kimi, röya kimi
bir ağac göründü gözlərinə -
ağacdan yuxarıda
qırmızı buludlar axırdı,
Qırmızı buludların içindən
qırmızı Ay baxırdı...
Od tutub yanırdı,
yanırdı sinəsi, dodaqları.
Könlündən bir yağmur keçirdi,
bir yağış...
Bir yağış yağaydı barı.
Ya da ölüm tez gələydi,
unutduraydı hər şeyi...
Kölgə kimi bir qarı
ölümünü arxasınca çəkib gedirdi.
Birdən dayandı qarı,
ölüm də qarıya baxıb dayandı...
Göy üzündə hələ indiyəcən
heç kəsin görmədiyi
bir qırmızı ulduz yandı...
Əlləri əsə-əsə
qarı boylandı səsə -
Ay əyilib işıqlandırdı yaralarının üzünü...
Qarı əyilib baxdı
yaralının üzünə,
qarı əyilib baxdı
yaralının gözünə -
Yaralı heç nə görmədən
qırmızı ağaca baxırdı.
Qırmızı ağacdan yuxarıda
qırmızı buludlar axırdı.
Ay bir də əyilib işıqlandırdı
yaralının üzünü.
Qarı bir də baxanda
bir cüt qırmızı bəxt ulduzu gördü
yaralının bəbəyində.
Nəsə isti bir şey
tərpənən kimi oldu
qarının ürəyində...
Köks ötürdü yaralı:
İlahi, yağış yağır,
yağış yağır, ay Allah!
Yağış yağmırdı ancaq –
kölgə kimi bir qarı
səssizcə ağlayırdı.
Göy üzündə qırmızı Ay
qırmızı sirr saxlayırdı...
***
Hələ uyuyur körpə
taxta beşiyində,
Günəşin içində.
Bir gün dünyaya doğulan körpə
qundaqda boğulmasa,
xəstəlikdən,
aclıqdan ölməsə,
sabah
bir insan doğulacaq həyata.
Bu gün
namərd güllələri açılır bu torpaqda,
güllələr açılır ta-ta-tata-ta...
Uyu körpəm, uyu hələ,
sən hələ yat beşikdə,
hardasa səngərlərdə ölümün lap yanında
dayanıblar keşikdə.
Körpələr doğulur bu torpaqda
ataları döyüşdə öləndən sonra...
Anaları körpələrə
şəhid atalarının adlarını qoyarlar.
Analar
şəhid ərlərinin
namusunu, qeyrətini yaşadarlar,
qoruyarlar.
Yaxşı ki, xatirələr var,
yaxşı ki, adamı tək qoymur xatirələr,
yaxşı ki, xatirələri ölmür adam öləndə...
***
Bu sərhəd dirəkləri
başdaşını xatırladır.
hər sərhəd dirəyinin altında
Bir naməlum əsgər yatır...
Uyu körpəm, uyu hələ
Sən hələ yat beşikdə -
Bəlkə sabah yerin səngər olacaq,
bu gün doğulan körpə
sabah əsgər olacaq...
***
Sabaha ümid var,
Oğul doğur analar.