Ana

Ana
3 noyabr 2014
# 13:19

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola

Ürək süqut eyləməz aldığı mətanətdən.

Ricavü xəvfə məkan vermərəm, gər alimlər

Min il də vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,

Və ya ki, vəd edələr dövləti-cahanı mənə

Ki, bir kəsə baş əyib iczimi bəyan eləyim,

Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

Yanımda gər dura cəllad əlində şəmşiri,

Ölüm gücüylə mənə hökm edə-olum təslim,

Əyilmərəm yenə haşa. Ölüm nədir ki, onun

Gücüylə xalqa həqiranə eyləyim tə`zim?!

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,

Fəqət nə güclü, zəif bir vücud var, yahu,

Ki, hazıram yıxılıb xaki-payinə hər gün

Öpüm ayağını icz ilə.

Kimdir o? Nədir o? Ana!

Ana!.. O adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir;

Onun əliylə bəla bəhrinə yuvarlansam

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək. Bağır ,ey bəhri-biaman, ləpələn!

Atıl cahana sən, ey ildırım, alış, parla!

Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!

Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

Bunlar mənə əsər eylərmi? Mütləqa yox, Yox!

Fəqət ana! O müqəddəs adın qabağında-

O pak bağrına bassın məni, desin lay-lay,

Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,

Uçar səmalara o aləmi-xəyalətdə.

Yatar, ölər bədənim, nitqdən düşər bir söz:

- Ana...Ana...Sənə mən rahibəm itaətdə!

# 1349 dəfə oxunub

Müəllifin son yazıları

# # #