Qorxmaz Şıxəlioğlunun xatirə şeirləri Dərvişə oxşayan o kişi

Qorxmaz Şıxəlioğlunun xatirə şeirləri <span style="color:red;">Dərvişə oxşayan o kişi
28 aprel 2015
# 11:30

Kulis Qorxmaz Şıxalıoğlunun xatirə şeirlərini təqdim edir.

Aleksandr Bloka

Bu qadın köçmüşdü bizim binaya,

Təkcə yaşayardı, təkcə gəzərdi.

Bir qonum-qonşunu salmazdı saya,

Baxmazdı kim ona dodaq büzərdi.

Sevib yaşayardı öz həyatını,

Səhər evdən çıxıb, axşam gələrdi.

Tək-tənha ömrünün hər saatını,

Bir səadət dolu dünya bilərdi.

Külək yelləyərdi boş zivəsini,

Kimsə orda paltar görməzdi heç vaxt.

Eşitmək istərdi hamı səsini,

Ancaq o danışmaz, gülməzdi heç vaxt.

Əyni şux, baxışı inam saçardı,

Baharda sökülən dan yeri kimi.

Ona yaraşardı bütün paltarı,

Təzəcə dən düşən telləri kimi.

Nə yasa gedərdi, nə də bir toya,

Nə də bilnməzdi sevinci, dərdi.

Elə gəzərdi ki, sanki dünyaya,

Yüz dəfə, min dəfə gəlib-gedibdi.

Yayda həyətdəki tənha söyüdə,

Səhər tezdən durub, su verərdi o.

Qəlbində közərən dərdini bəlkə,

Elə o söyüdlə söndürərdi o.

Qonşular gizlində pıçıldaşardı:

“Söyüdün açılıb bəxtinin gözü”.

Hamı bir-birinə ürək açardı:

“Söyüdün söyüdlə düz tutar sözü”.

O qadın gələndən boz binamızın,

Tamam dəyişmişdi köhnə gərdişi.

Burda nə kasıbın, nə keçəl qızın?-

Sanki düzəlmişdi hamının işi…

Bir payız gecəsi silkələndi yer,

Töküldü həyətə bütün qonşular.

Hamı düşündü ki, o, indi gələr,

Yoxsa ölümlə də oynamaq olar?

O gecə çoxunun baxışı dondu,

O qadının tənha pəncərəsində.

İşığı gəlsə də, özü gəlmədi,

Hamının istəyi qaldı gözündə…

Bir axşam eşitdim, köçüb gedib o,

Çoxunun xəbəri olmayıb bundan.

Deyirlər, bir qoca görübdü onu,

Evdən çıxıbdı o, dan qızaranda.

İlk günlər qonşular gen gəzərdilər,

Sanki utanardı çoxu söyüddən.

Sonra elə, bil ki, dəyişdi aləm,

Söyüd doğmalaşdı hamıya birdən.

İndi, su verməyə söyüdə, hərdən,

Az qala, qonşular növbəyə durur.

Hamı düşünür ki, qayıdacaq o,

Yenə şux geyimdə, üzündə qürur.

Əli Kərimə

Dörd-beş dost idilər...

Gecə düşəndə,

gəlib çatdılar yol ayrıcına.

Biri ayrılıb dəstədən

üz tutdu başqa yola.

Dostlardan birinin dilinə

gəlmədi adı-

arxadan bir kimsə onu çağırmadı.

Demədilər: bu zülmət gecə

hara gedirsən təkcə?

Aydın Səlimzadəyə

Ömrünü çox cavan, cavan bitirdin,

Dərdini gizlində daşıyırıq biz.

Ölümü dostlara görə götürdün,

Sənin hesabına yaşayırıq biz.

Ömrün yaz çağında, yoluna nagah,

Hardan gəlib düşdü bu qapqara daş?

Dostların içində, bəlkə də,ən çox

Sənə yaraşırdı yaşamaq, qardaş!

O yerdə ki, sənin nəfəsin vardı,

Yeri dar olardı qəmin, kədərin.

Adama dərdini unutdurardı,

Yaşamaq eşqiylə yanan gözlərin.

Nərgiz ləçəyinə düşən şeh kimi,

Ürək qızdırardın təmizlərə sən.

Yayın ortasında əsən meh kimi,

Necə yaraşırdın bu şəhərə sən!

Adın dostlarının dil-dodağından,

Bir toyda, məclisdə silinən deyil.

Uzaqdan görünən Babadağında,

İşaran bir əlçim qarsan,elə bil.

Ürəyində qalan sözün əzabı,

Qönçə arzuların yandırır bizi.

Yaza bilmədiyin neçə kitabın,

Rəfdəki boş yeri sındırır bizi.

Yenə kəndimizin yamaclarında,

Çobanalladanlar bizi aldadır.

Bir vaxt çox sevdiyin kənd qızlarının,

Yanağı yenə də çiyələk dadır.

Sənsiz doğma yerlər dumanda,çəndə,

Səni yada salıb,ağlayır, Aydın!

Hardasa atadan bir söz düşəndə,

Aygünün qəlbini dərd oyur,Aydın!

Qayıdıb gələrlər baharda yenə,

Payızda köç edib gedən durnalar.

Niyə harayımız yetişmir sənə?

Adamı nə qədər gözləmək olar?

Bir gözəl,işıqlı may səhərində,

Metrodan çıxanda görəydim səni!

Niyə oturmadın bu gün yerində,

Məclisə baxanda görəydim səni?

Nigaran ruhunun üfüqlərini,

Aydın,qoy heç zaman bulud almasın!

Səni biz o zaman unudarıq ki,

Başımız üstündə səma olmasın.

Barış Mançoya

Qəribə səsi vardı

Barış Mançonun.

Elə bu səsinə görə,

sevirdim onu.

Neçə il əvvəl,

dünyadan köçsə də,

elə bilirəm, ölməyib o;

qəbrinin qırağında oturub,

ayaqlarını da aşağı sallayıb,

yenə qəribə səsiylə oxuyur

dərvişə oxşayan o kişi.

Kəlbəcərli Sücaətə

Könüllər açardı sözü yaz kimi,

Coşub-çağlayardı Kür, Araz kimi,

Gündə yüzü ölsün Qorxmaz kimi,

Dağlar niyə qoydu Sücaət ölsün?

Ümid bağlamışdı bal sularına,

Yazda dumanına, yayda qarına

Daha deməyəcək “... dağ verin mana”,

Dağlar niyə qoydu Sücaət ölsün?

Özü də, sözü də mərd idi axı,

Qaya kimi məğrur, sərt idi axı,

Namərdə dağ boyda dərd idi axı,

Dağlar niyə qoydu Sücaət ölsün?

Söz onun dilində olardı aram,

Çünki qələminə qatmazdı haram,

O yazan qoşmadan daha tapmıram,

Dağlar niyə qoydu Sücaət ölsün?

O gün ki, yurdundan düşdü dərbədər,

Gözündən yaş olub axdı Kəlbəcər.

“Qoşqar”, “Murov” dedi ölənə qədər,

Dağlar niyə qoydu Sücaət ölsün?

Xanəndə Sabir Mirzəyevə

Dayandı ürəyi bu gün Sabirin,

İndi qoy oxusun, oxusun hamı!

Çayçı Ağakərim, alverçi Şirin,

Oxuyun, ağladın indi muğamı.

Narahat olmayın heç səsdən yana,

Muğamın, təsnifin belini qırın!

Salın “Çahargah”ı ayaq altına,

Minin kürəyinə “Bəstənigar”ın!

Oxumaq adına çıxıb səhnəyə,

Zarıyın, əl çalın – alqış dilənin.

Çürüdün “ Qubanın ağ alması”nı,

Girin yatağına “Qaragilə”nin.

Şəhər, kənd deməyin, çöllük deməyin,

Bürüsün səsiniz dərəni, düzü...

Fəqət, əlli sürü ömrünə dəyər,

Göyləri titrədən şir nəriltisi.

Zirvəyə zirvələr qonşuluq eylər,

İldırım dağlarla gələr döş- döşə.

Hərdən üfüqlərə boylanın, baxın,

Orda təkcə qartal süzər həmişə.

Elə bil, şimşəkdir Sabirin zili,

İşığı zülmətin bağrını yarır.

Bu səs sonunuza çıxacaq, bilin:

İşıq qənimidir yarasaların.

“Çahargah” səslənir, Sabir oxuyur,

Uzaqlar yaxına qarışır yenə.

“Çahargah” səslənir, Sabir oxuyur,

Yer- göy dilə gəlib danışır yenə.

Oxuyun çiçəkdən, otdan, alağdan

Qatın bir- birinə qaranı, ağı.

Durub sizə baxır Sabir uzaqdan,

Ayıbdır, səhnədən düşün aşağı!

Zakir Sadatlıya

Dumanlı, çiskinli bir gecə,

heç vaxt görmədiyi bir çöldə,

sahilləri yovşandolu bir gölə

bir durna dəstəsi tökülüşər.

Durna səsi qarışar suyun səsinə

Çat düşər nəhayətsiz çölü örtən

sükutun sinəsinə.

Yavaş-yavaş yovşan ətri hopar

Durnaların şeh düşmüş belinə...

Zakir, indi necədir, tək oturmuşam.

İstəyirəm sənə bir şeir yazam.

Otağımda gecənin nəfəsi,

yovşan ətri, durna səsi,

bir də, qaranlıqdakı suyun işartısı...

Nurəngiz Günə

Bəzən elə bilirəm,

bir çay qırağında,

ağappaq çiçək açmış

bir şümal alça ağacının

budaqları arasından

baxırsan bizə.

Əynində uzun bir don-

ağ yerliyi xırda-xırda

bənövşəyi zəngçiçəyi...

Sanki alça ilə

bir yerdə bitən

iki ağacsınız.

Hərdən uzaqdan, bilmirəm,

bizlərə əl edən sənsən,

yoxsa, meh tərpədir

çiçək açmış

alça budaqlarını…

# 1399 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #