Qaradinməz, mülayim şəhid bacısı - Hikmət Sabiroğlu

Qaradinməz, mülayim şəhid bacısı - Hikmət Sabiroğlu
1 fevral 2024
# 17:49

Kulis.az Hikmət Sabiroğlunun "Yeni ayrılıq" adlı yazısını təqdim edir.


Yanvarın son bazarı. Uşaqlıq dostlarımlayam – sinif yoldaşlarım, paralel oxuyanlar.

Çox görüş olub bu günəcən. İndi başqa aləmə düşmüşəm. Orta məktəbi bitirəndən gözləmişəm bu günü. Şuşalı-Şuşasız bütün illərdə. Qırx il sonra qismət olub qızlarımızı görmək.

…Sakit, təmkinli qız. Vacib işi var, tez gedəsi olur, yola salanda görürəm heç ayrılmaq istəmir.

Zabitəli, qüdrətli qız. İllər onu yumşaldıb deyərsən, amma ürəyi əvvəldən yuxadır.

Gözmuncuğu qız. Heç bir oğlan ona güldən ağır söz deməzdi sinifdə. Hamıdan çox sevinir.

Bir partada oturduğum qız. Dirəşmişdi ki, görüş yanvardan o yana qalmasın… Yoldaşı da var məclisdə. Bəxti çox gətirib o oğlanın.

Qayğılı qız. Yenə gözü yol çəkir.

Bənövşə və nərgizin siftəsini məktəbə gətirən qız. Mən bunu xatırladanda kövrəlir.

Məclisə gecikən qız. Taksidən düşüb üstümüzə yüyürür. Heç kim süfrə başına keçmir o gəlməmiş.

Gülərüz, şən qız.

Məktəb məclislərinin yaraşığı qız. Zəng vuranda deyib tortsuz gəlmərəm. Şəhid bacısı.

İşıq saçan qız. Yenə diridir, söz növbəsi gözləməyə səbri çatmır, dava salmaq istəyir.

Qaradinməz, mülayim qız. Şəhid bacısı.

Çox dəyişən, amma səsindən həmin qız.

Sinifdə “qadan alım”ı əskik olmayan qız. Bir-bir dağılışır qızlar, axıra o qalır…

…Qızlardan birini yarım il dilə tutmuşam, demişəm sənsiz məclis olmaz, amma evdən çıxara bilməmişəm. Yoldaşı 2020-ci il savaşında şəhid olub.

Əri 1990-cı ildə şəhid olmuş qız da gəlməyib.

***

Bəxtiyar var məclisdə. Abdullayev. Əzəldən müdrik Bəxtiyar.

Elçin Rzayev var. Bir yol çimərlikdə qəfil rastlaşıb sarılmışdıq bir-birimizə, hamı tamaşamıza durmuşdu.

Elçin Sadıqov var. Şuşa əldən gedən gün son patronuna qədər döyüşüb. Ömür-gün yoldaşlarından söz düşəndə gözünü yaş tutur. Evin dirəyini itirib Elçin.

Elxan var. Komandir ləqəbli Elxan. Qazi. Qazi atası. Darıxanda birinci o yadıma düşər hər zaman.

Fəxri var. Həmin nurlu oğlan.

Xaqani var. Qədim dostumuz. Qızları tapmaqda körpü olub.

İslam var. Qazi İslam. Zəng vurub məclis xəbərini verəndə hər vaxt dilində olanı deyib: “Elə bil ki, hay candır”.

Məzahir var. Demişdim üzünü qırx gəl, öz bildiyi kimi gəlib yenə.

Nazim var. Atasını təzəlikcə itirib, dəvətə “xeyirlə şər qardaşdır” deyib. Bir dostun da xətrinə dəyməz Nazim.

Nəbi var. Məclisin kövrək yerində ondan bir əhvalat danışıram, ovqat tamam dəyişir.

Oqtay var. Şəhid qardaşı. Cibindəki pulun 5 manatını bir dostuna, 5 manatını da o biri dostuna verib evə 1 manatla gedər Oqtay.

Sadiq var. Qazi atası Sadiq. Hər danışanda belə deyər: “Uşaqları yığ, ömür gedir”.

Səbuhi var. Yunusov. Süfrə daşır, amma qayğanaq və şirin çay da sifariş eləyir. Deyir şəkərəm.

Sulduz var. Ona acığın tutur, amma səsini də ucalda bilmirsən. Əlli ildir tilsimləyib hamını.

Şahid var. Yaşa dolduqca rəhmətlik atasına çəkir. Çox nurani bir kişinin oğludur Şahid.

Vidadi var. Səsi çıxmır. Yerə-göyə sığmaz əslində.

Yadigar var. Yoldaşı ilə gəlib. O qız 25 il evin çırağını təkbaşına yandırıb. Hər zindan görənin elə vəfalısı olmaz.

***

Hamıdan tez getmişdim məclisə. Lap axırda çıxırıq Elxanla.

Yolda deyir: Yaman fikirlisən.

Boynuma almıram.

Razılaşmır: Yox, fikirlisən.

***

Hərdən saata baxırdım məclisdə. Görürdüm hər şey yenə ayrılığa gedir. Yeni ayrılığa.

# 1142 dəfə oxunub

Müəllifin son yazıları

# # #