Kulis.az "Hekayə müzakirəsi" layihəsi çərçivəsində Əsəd Qaraqaplanın "Üçüncü həyat" hekayəsi haqqında qələm adamlarının fikrini təqdim edir.
Mətanət Vahid:
"Bədii mətn əgər içində bir sirri sıxıb gizləyibsə və oxucuya sirrin çözümünü deyil, ona düşən açar(lar)ı təqdim edə bilirsə, demək, alınıb. “Üçüncü həyat” hekayəsi əvvəldən sona sirrə fürsət vermədən çözümünü, sual yaranar-yaranmaz cavabını verir. Hekayənin mövzu və ideyasına uyğun mesajlar, bunları əks etdirən simvolika kifayət qədər üzdədir. Nəyisə əlavə şərh etməyə ehtiyac qalmayıb. İndiki zamanda irihəcmli hekayəni, əgər müzakirədə iştirakına görə məcbur deyilsə, oxucuya yalnız bir xüsusiyyət oxutdura bilər: təhkiyənin cazibədarlığı. “Üçüncü həyat” nəsr təfəkkürünün deyil, sadəcə, bir ağrının, narahat düşüncənin “yazıb qurtulmaq” məqsədli nəticəsi kimi oxunur. Oxunur və elə oradaca unudulur..."
Şərif Ağayar
Əsəd Qaraqaplan ədəbiyyatın insana aşıladığı gerçək azadlığın adamıdır. Bunun üçün problemlə də üzləşir, əziyyət də çəkir, sarsıntılar da yaşayır. Ən qəribəsi, heç bir vəziyyətdə həmin o azadlıqdan vaz keçmək ağlının ucundan da keçmir. Əksinə, onun üçün özünü fəda etməkdən, qurban verməkdən çəkinmir. Əsəd qocalmamaq üçün böyümək də istəmir. Sözün müsbət və yaxşı mənasında uşaq qalmağı seçir. O mənə gürcü kişilərini xatırladır. Bizdə belə tiplər, demək olar ki, yoxdur. Biz çox rasional, çıxarına baxan, bir addım qabağa getməkdən ötrü dondan-dona, sifətdən-sifətə düşən adamlarıq. Əsəd belə yaşamağı nəinki seçmir, həm də onu başa düşmür. Bu səbəbdən yazıçılıqdan əvvəl ədəbiyyatın qəhrəmanı kimi görünür. Onun spesifik insani cəhətlərindən ona görə ətraflı yazmaq istəyirəm ki, müzakirə etdiyimiz “Üçüncü həyat” hekayəsi də məhz özü ilə bağlıdır. Melanxolik bir əhvalda öz həyatından, öz yaşantılarından, çətin günlərdə onun yanında sədaqətlə dayanan, bütün əziyyətlərinə qatlaşan, mənim də yaxşı tanıdığım bir xanımdan bəhs edir. Hekayədə zərrəcə yalan, riya, hoqqabazlıq, yersiz “yazıçılıq” yoxdur, hər sözün, hər cümlənin altında təmiz yaşantı, həyati-hissi gerçəklik var. Buna görə xeyli maraqla oxudum və qiymətləndirdim. Bu dünyada hər kəsin öz mətni var və hər kəs öz mətnini yazanda gözəl olur. “Üçüncü həyat” Əsədin öz mətnidir. Davamı gəlsin.
Orxan Həsəni:
"Hekayə birmənalı alınmayıb. Müəllifin fəlsəfi söhbətlər eləmək üçün dəridən qabıqdan çıxması, perspektiv dəyişmək cəhdləri uğursuzluqla nəticələnir. Hekayə heç nə demir. Halbuki mövzu aktualdır. Alkoqolizmdən, narkotikdən əziyyət çəkən insanlar Azərbaycan reallığının bir parçasıdır. Təbii ki, Əsəd Qaraqaplanın yazıçılıq təcrübəsi bu uğurlu mövzuya hazırlaşmaq, yüz ölçüb bir biçmək üçün imkan yaratmalıydı. Təəssüf ki, o, tələsib."
Narıngül Nadir:
"Mən Əsəd Qaraqaplanı maraqlı şeirlərin müəllifi kimi tanımışam. Onun “Üçüncü həyat” hekayəsi deyərdim ki, mətn etibarilə şeirlərindən o qədər də fərqlənmir, sanki şeirlərinin daha geniş həcmli formasıdır. Melanxolik poetika hekayəni bir an da olsa, tərk etmir. Hekayədə bir sıra maraqlı fikirlər və uğurlu psixoloji məqamlar var. Amma müəllif mətndə bütövlükdə hekayə atmosferi yarada bilməyib. Təhtəlşüurda yaşananların eyni stixiyada təkrarlanması monotonluq yaradıb.
“Üçüncü həyat” hekayəsinin əsas qayəsi darıxan, tənha, özüylə baş-başa qalan insanın daxili iztirablarını bədii dillə oxucuya çatdırmaqdır. Müəllifin yaratdığı, tez-tez qarşılaşdığı obraz (hekayənin əsas obrazı) onun ikinci “Mən”idir. Hekayə boyu o, bu “Mən”dən qurtulmağa çalışır, mübarizə aparır. İş burasındadır ki, oxucu bunu asanlıqla hiss edir. Hətta bir yerdə müəllif özü də buna işarə edir. “Hərdən mənə elə gəlir, onu mən özüm yaratmışam”. Halbuki peşəkar nasirlər əsərlərində bu “saflıq”dan ustalıqla qaçır, əsərin sehrini qaçırmamaq üçün kodu açmamağa çalışırlar.
Əsəd Qaraqaplan hekayənin sonunda, nəhayət ki, nəfəslik açmağı bacarıb. Üçüncü həyatın qarşısında gözlənilən yaşıl işıq artıq gələcəyə ümid və inamdan xəbər verir. Bu baxımdan hekayənin sonluğunu daha uğurlu hesab edirəm."
Rəvan Cavid:
"Əsəd şeir yazmaq istəyib, sonra nəsrin daha populyar olduğunu xatırlayıb belə bir əcaib hekayə yazıb. Bu, nəzm dili ilə yazılmış yaxşı bir hekayə deyil, Əsədin özü ilə söhbətidir. Hadisələr havadadır. Demək olar ki, heç nə həll olmayıb. Bunları bir kənara atıb (ki, belə bir şey mümkünsüzdür) axıcı bir dili izləyib hekayədən zövq də almaq olmur. Əsəd şairdir, o da çoxları kimi həm də hekayə yazmaq istəyib. Alınmayıb. Uğursuz mətndir. Şair əgər hekayə yazacaqsa, şair kimliyini, yalançı, şairanə filosof pencəyini çıxarıb masa arxasına keçməlidir. Bu, mənim şəxsi fikrimdir. Əgər belə davam edəcəksə, bu hekayəni uğursuz eksperiment hesab edib yola davam edə bilər. Bir də, hekayə, fikrimcə, redaktə olunmayıb. Elə birinci cümlədən sonuncu cümləyə qədər. Uğurlar."