“Məhəmməd” adının mənası - Firidun Ağazadə

“Məhəmməd” adının mənası - Firidun Ağazadə
6 sentyabr 2023
# 10:50

Kulis.az Firidun Ağazadənin “Məhəmməd adının mənası" yazısını təqdim edir.

(Məmməd Arazın 90 illiyinə)

İyirminci əsrin son onillikləri və iyirmi birinci əsrin iki onilliyi üst-üstə təxminən 60-70 il eləyir, bu dövrdə yaranmış Azərbaycan poeziyasının ən parlaq milli faktı Məmməd Arazdır desək, yanılmarıq. Həm də necə milli! Həm də necə bəşəri!

Tərifdən qorxuram, qorxuram yaman...
...Tərifin şirindil müsahib kimi
Yolçunu yolundan saxlamağı var... – desə də, anadan olanda adını “Tərifəlayiq” qoyublar.
Mənbə deyir ki, “Məhəmməd” adı Quranda dörd dəfə keçir və “tərifli, tərifə layiq, seçilmiş” mənasına gəlir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarına görə, Azərbaycanda “Mamed” və “Məmməd” adlarının vahid forması kimi “Məhəmməd” adı müəyyən olunub. Deməli, Məhəmməd Araz.

Buradaca statistikaya diqqəti çəkməklə bir haşiyə eləyim.

Böyük Britaniyanın Milli Statistika Xidmətinin məlumatına görə, İngiltərədə və Uelsdə yeni doğulan uşaqlara ən çox “Məhəmməd” adı qoyurlar. Bu ad hətta ən çox qoyulan ənənəvi Cek və Harri kimi məşhur ingilis adlarını belə üstələyib. 2020-ci ildə İngiltərə və Uelsdə körpələrə verilən adlar siyahısında “Məhəmməd” adı ilk onluğa düşüb, bu ad siyahıda 8-ci yeri tutub.
Bir mənbə də deyir ki, Böyük Britaniyanın “İndependent” nəşrinə istinadən, hazırda planetdə 150 milyon oğlan uşağı və kişi “Məhəmməd” adını daşıyır.

Müsəlman kişi adı olan “Məhəmməd” Avstriyanın paytaxtı Vyanada da yeni doğulan uşaqlara verilən ən populyar adlar sırasına daxil olub. 2020-ci ildə Əhməd Kadırov adına Çeçen İctimai Fondu “Məhəmməd” adlı uşaqlar üçün xüsusi vəsait ayırmaq qərarına gəlib. Uşağına belə ad qoyan valideynlərə 100 min rubl (təxminən, 1400 dollar) veriləcək.

İndi dünyada populyar olan bu ad, nəhayət, ABŞ-da da uşaqlar arasında ən çox yayılmış adlardan birinə çevrilib. 2019-cu ildə “Məhəmməd” adı ABŞ-da yeni dünyaya gələn oğlanlara ən çox qoyulan adlar siyahısında ilk onluğa daxil olub.
ABŞ-ın “BabyCenter” saytı yazır ki, İslam Peyğəmbərinin (s) adı oğlanlar üçün ən populyar 10 ad arasında qiymətləndirilib.

Mənbə onu da deyir ki, ötən il Belçikada yeni doğulan körpələrə ən çox “Məhəmməd” adı verilib – 718 dəfə.

Və nəhayət, nə qədər ciddi səslənir, deyə bilmərəm, amma Əfqanıstanın yeni hökumətinə də Molla Məhəmməd (Baş Nazir) başçılıq edəcək (2021).

**
Məmməd Arazla bir neçə il yaxın ünsiyyətdə oldum, şair mənə “Gənc dostum” deyirdi, odur ki, tez-tez xatirəsini anır, poeziyası ilə baş-başa qalıram...

Müxtəlif vaxtlarda feysbukda yazdığım bir-iki statusla yazını tamamlamaq istəyirəm.
**
Sabah Məmməd Arazın doğum günüdür – 14 oktyabr.
Necə ki, hər dilin fonetikasının öz məxrəci var, Məmməd Araz poeziyasının da eynən o cür - öz məxrəci, öz artikulyasiyası var. Bu məxrəcdə şeir yazmaq hər kəsin işi deyil.
**
...Yeri, yeri, xışım, yeri, Yenir dağdan qışım, yeri. Yazmaqdan hey yorulmadım - Kağızımdı bu şum yeri – bu sözləri min yaşlı bir ixtiyar deyə bilərdi. 90 nədir ki?... Bu gün 1000 yaşı var Məmməd Arazın...
**
İnanın, müharibə bizi diriltdi, müharibə bizi dirçəltdi, müharibə bizi dikəltdi... 44 günlük Vətən müharibəsində əsgərlərimiz Məmməd Arazın misraları ilə döyüşlərə atılırdı:

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim!
**
Əgər belə demək mümkünsə, Məmməd Arazda bir səmədvurğunluq var. Gənc şairlərimizin ona həsr etdiyi şerləri bir yerə toplasaq, bir kitab alınır. Nədir bu bağlılığın sirri? Hər şeydən əvvəl, Məmməd Arazın Vətən məhəbbəti, “Ana yurdum, hər daşına üz qoyum” sevgisi, bir də “ürəyimsiz kəlmə yazan deyiləm” səmimiyyəti. Məmməd Arazın Vətən məhəbbəti özgə cür dinir, özgə cür danışır. Şairin epiqraf misraları neçə-neçə şer yazdırıb. Bütövlükdə Məmməd Araz poeziyası epiqraf poeziyadır, qanadlandıran, coşduran, çağıran poeziyadır. Məğrurluq və qürur poeziyasıdır. Mənəvi ucalığa çağırır bizi. “Keçmişinlə öyün, bu gününlə yaşa, sabahım yarat” deyir Məmməd Araz poeziyası
**
Sözün əsli ərəbcə “Muhammad”dir. “Tərif edilən, çox xoşa gələn, bəyənilmiş” deməkdir. Azərbaycanlılar bunu “Məmməd” eləyib. Demək, SƏN belə imişsən, MƏMMƏD ARAZ! Tərif edilən! Xoşa gələn! “Bəyənilmiş”, yəni, “Seçilmiş”! “Seçilmiş olmaq asandırmı?” (İradə Tuncayın “Seçilmiş” essesindən).

Bizim düşüncəmizdə “Məhəmməd” (Məmməd) adı “Seçilmiş” addır, “Bəyənilmiş” addır. Tarixə kiçik bir sorğu verdim: bütün Məhəmmədlər “Seçilmiş”lər, “Bəyənilmiş”lərdir. Bir baxın:

Məhəmməd Peyğəmbər (s)
Məhəmməd Füzuli
Sultan Məhəmməd
Məhəmməd Hadi
Məhəmməd Hüseyn Şəhriyar
Məhəmməd Naxçıvani
Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Xiyabanı
Ağa Məhəmməd şah Qacar
Keçəçioğlu Məhəmməd
Məmməd Arif (Məhəmməd Arif)
Məmməd Səid Ordubadi (Məhəmməd Səid Ordubadi)
Məmməd Cəfər (Məhəmməd Cəfər)
Məmməd Araz (Məhəmməd Araz)
Məmməd Aslan (Məhəmməd Aslan)
Məmməd İsmayıl (Məhəmməd İsmayıl)...

Tez-tez məğrur şairimiz Məmməd Arazın məzarını ziyarət edirik. Nə taleyin zərbəsinə, nə dövranın gərdişinə əyilməyən şairin. Bu il də gedəcəyik. “Məhəmməd” adını “Bəyənilmiş”lər, “Seçilmiş”lər daşıya bilərdi. Necə ki, Məmməd Araz daşıdı. Böyük Məhəmmədlərin adaşı kimi. Gələcəkdə doğulan bütün Məhəmmədlərin yaşıdı kimi.

# 5176 dəfə oxunub

Müəllifin son yazıları

# # #