Əlif Şəfəq qadağası doğrudurmu? – Türkiyədən yazırlar...

Əlif Şəfəq qadağası doğrudurmu? – Türkiyədən yazırlar...
15 oktyabr 2020
# 17:42

Türkiyədə yaşayan siyasi elmlər doktoru Orxan Vəliyev Əlif Şafakın kitablarının satışının dayandırılmasına münasibət bildirib. Kulis.az müəllifin Ə.Şafakın kitablarının satışının əleyhinə başladılan kampaniya ilə bağlı yazısını təqdim edir.

Orta əsr Avropası modern dünyagörüşün formalaşmasında xidməti olmuş elm xadimlərinin, filosofların kitablarının qadağan edildiyi dövr olub. Çünki yeni elm xadimlərinin, filosofların fikirləri Avqustinlə bərabər formalaşmağa başlayan min illik xristian/din hakimiyyətinə qarşı siyasi mövqenin formalaşmağının təməllərini atmaqda idi. Bu səbəblə orta əsr Avropası modern dövrün başlanğıcında bir çox elm xadiminin, filosofun fikirlərindən ötrü “səfil” həyatlarına şahidlik edib. Məsələn, modern fəlsəfənin qurucusu kimi qəbul edilən Dekart Hollandiyada yaşayıb, İsveçdə isə vəfat edib. Digər tərəfdən Volter düşüncələrindən ötrü məruz qaldığı təzyiqlər ucbatından bir müddət İngiltərədə yaşamaq məcburiyyətində qalıb. Yəni bildiyimiz mənada kitabların qadağan edilməyi və yandırılmağı ehtiva etdiyi bilgidən ötrü ortaya çıxıb. Şübhəsiz, ağlı başında normal insanlar ehtiva etdiyi bilginin hakim yanaşmanın əleyhinə olduğu üçün kitabların qadağan edilməsinin və ya yandırılmasının əleyhinə olacaqdır.

Sözü çox uzatmadan bu yazının əsas problemi üzərində durmaq istəyirəm. Bununla bərabər yenə öz üslubuma sadiq qalacağam. Ona görə səbir göstərib sona qədər oxumağınızı arzu edirəm.

Burada üzərində dayanmağın vacib olduğunu düşündüyüm əsas anlayışlar müharibə və sülhdür. Məlum olduğu kimi müharibə İskəndər (siyasət) və ustadı Aristoteli (fəlsəfə) də bir-birindən ayırıb. Müharibə dövlətin varlığını zəruri edən bir hadisədir. Çünki siyasi tarix boyu müharibələr dövlətlər (şəhər dövlətləri, imperiyalar, milli-dövlətlər) tərəfindən aparılıb. Müharibə çox müstəsna bir anlayışın hakim olduğu bir vaxt dilimidir. Belə ki antik dövr komediya yazarlarından Aristofan “Sülh” adlı komediyasında müharibə vaxtı musiqinin də hərbin təsirinə düşdüyünü yazıb. Yəni qarşı olmaq da, tərəf olmaq da son dərəcə məsuliyyətli və çətin bir seçimdir. Müharibədən tərəf və ya əleyhdə olmağınızdan asılı olmayaraq mövqeyinizi əsaslandıra (justification) bilməyiniz tələb ediləcəkdir. Yəni müharibəyə və ya sülhə dair bilginiz sorğulanacaqdır. Digər tərəfdən normal bir insanın anlaşmazlıqların, münaqişələrin qeyd şərtsiz müharibə yoluyla həll edilməyini tələb etməyəcəyini ifadə və iddia etmək də mümkündür.

Müharibə şəraitində sülh çağırışı etmək də əsaslandırmağınızın sanbalından asılı olaraq sizə qarşı fikirləri müəyyən edir. Məsələn, Stefan Sveyqin “Dünənin dünyası” romanındakı müharibəyə qarşı sülhü əsaslandırmağı dünya ictimaiyyəti tərəfindən ciddi qəbul edilmiş nümunələrdin biridir. Buna müqabil siyasi düşüncəsini “dost-düşmən” anlayışı çərçivəsində formalaşdıran Karl Şmitt də bir anlamda müharibə tərəfdarı olaraq qarşımıza çıxmaqdadır. Bununla bərabər ifadə etməliyəm ki, Aristotel kimi məsələni fəlsəfi səpkidə müzakirə etmək istisna olmaqla münaqişənin müharibə və ya sülhlə həll olunmalı olduğunu əsaslandırmaq asanlıqla təkzib edilə bilər. Yəni əksi düşünülə bilər. Bilgi fəlsəfəsində bilginin epistemik statusu müəyyən edilərkən bilgi fəlsəfi bir mahiyyət daşıdığından ona yanılmazlıq mötəbərliyi verilir. Yəni bilgi həmçinin fəlsəfi olan deməkdir. Digər tərəfdən insan həyatında bilmənin ikinci bir qaynağı olaraq qarşımıza tarix çıxmaqdadır. Fəlsəfi bilgi daha çox fərdi bir hadisə olduğu halda tarixi “bilgi” cəmiyyəti inandırmaq üçün istifadə edilir. Yəni tarixdən hərəkətlə formalaşan inancın/bilginin əksi düşünülə bildiyi üçün yanlışlana bilər. Tarixi bilgini əsaslandırılmış doğru inanc (Justified True Belief) olaraq da ifadə etmək mümkündür. Ancaq fəlsəfi bilginin (sorğulamağın) ortaya çıxmağı üçün Aristotelin topluluqların ən üstünü və bütün topluluqları əhatə etdiyini düşündüyü polisin (dövlətin) ortaya çıxmağı lazımdır. Məsələn, yeni qurulan Türkiyə Cümhuriyyətinin Avropada fəlsəfə üzrə doktorluq müdafiəsi etmiş gənc bir fəlsəfəçisinə dövlətin qurucularından Yusuf Akçura indiki vaxtda bizdə düşünməyin vaxtının gəlib çatmadığı mənasında bir cümlə qurub. Xülasə fəlsəfi sorğulamağın da tarixin əsaslandırılmış inancı çərçivəsində formalaşan dövlətin varlığına ehtiyac duyduğunu ifadə etmək mümkündür.

Başlıqda Əlif Şəfəqin kitabının qadağan edilməyinin faşizm olub-olmaması ilə bağlı bir məqalə oxumağı güman etdiyiniz halda buraya qədər məsələnin özünə gəlmədiyimə görə məni qınaya bilərsiniz. Ancaq bu məqalənin də əksinin düşünülməyinin mümkün olacağı bir əsaslandırma olacağını ifadə etməliyəm. O səbəblə zehnimdəki qurğunu olduğu kimi toxumalı və əsaslandırmalıyam ki, fəlsəfi bir bilgi ortaya qoymaq yerinə Azərbaycan xalqından yana olan mövqeyimi əsaslandırmağa çalışdığım açıq şəkildə ortaya çıxsın. Çünki müharibə şəraitində düşünməyin çox da mümkün olmadığı qənaətindəyəm.

Azərbaycan dövləti millətlərin “siyasi gövdə”nin müəyyənedici bir qüvvəsi olduğu millətçi bir çağda ortaya çıxıb. Modern millətlər isə özlərini başqası üzərindən var ediblər. Bu siyasətin 2500 ildir dəyişməyən modern üzüdür. Azərbaycanlılar ilk milli dövlətlərini yaratmağa başladığı XIX əsrin sonu, XX əsrin əvvəlindən etibarən erməniləri azərbaycanlıların başqası/əksi olaraq qarşılarında gördülər. Məsələn, Türkiyədə istiqlal mübarizəsində yunana qarşı mübarizə apardıldığı üçün yunan anlayışı türk milli kimliyinin əksi olaraq qəbul edilməkdədir. Halbuki ölkədə yunan əsilli insanlar da yaşamaqdadır. Belə olduğu halda münaqişə və mübarizə qaçılmaz olub. Ancaq yüz ildən artıq tarixçəsi olan bu münaqişədə Azərbaycan tərəfi müəyyən səbəblərdən məğlub tərəf olub. Bu səbəblə Ermənistan-Azərbaycan münaqişəsindəki yetərsizlik Birinci Azərbaycan Cümhuriyyətinin tamamlanmış bir milli dövlət olaraq tarixə qarışmasında ciddi bir səbəb olub. Münaqişə Sovet dövründə ortadan qalxmasa da, “Homo Sovietucus” lehinə dondurulub. Ancaq soyuq müharibənin və SSRİ-nin yaxınlaşan sonu Ermənistan-Azərbaycan münaqişəsini Qarabağda yenidən siyasi və hərbi müstəviyə gətirib. Belə olduğu halda tarix azərbaycanlıların torpaqlarını müdafiə etdiyi, ermənilərin isə iddia etdikləri “haqdan” ötrü işğala girişdiyi Qarabağ müharibəsinə şahidlik edib. Azərbaycan tərəfi hüquqi və siyasi nöqteyi-nəzərdən haqlı olmağına baxmayaraq hərbi yetərsizliyindən ötrü məğlub olaraq torpaqlarının bir qismini itirib. Ancaq bununla belə müstəqil bir dövlət olaraq varlığını da mühafizə edib. Nəticə etibarilə Azərbaycan dövləti müstəqilliyini qorumağına baxmayaraq beynəlxalq hüquqla tanınan ərazisinin bütövlüyünə nail ola bilməyib. İtirilmiş torpaqlarla bağlı açılan yara qapanmayıb. Bununla bərabər Azərbaycan tərəfi uzun illər münaqişənin sülh yolu ilə həll edilməyinə təşəbbüs göstərib. Nəticə etibarilə sülhdən, danışıqlardan yana mövqe hakim olub.

Bu gün artıq İkinci Qarabağ müharibəsinə şahidlik edirik. Azərbaycan tərəfi işğal olunmuş torpaqlarını azad etmək üçün əks hərbi əməliyyatlara başlayıb. Azərbaycan milləti bütün olaraq ordusuna maddi, mənəvi dəstəyini davam etdirməkdədir. Belə olduğu halda cəmiyyətdə münaqişənin müharibə yolu ilə həll edilməsində təkid edənlərlə müharibənin əleyhinə çıxaraq sülh çağırışı edənlər arasında da ixtilafın yaranması gecikmədi. Münaqişənin müharibə ilə həll edilməyində təkid edənlərə qarşı çıxan sülh tərəfdarları və ya pasifistlər olduğu kimi qarşı tərəfə eyni çəkidə cavab verən müharibə “tərəfdarları” da oldu.

Bütün bunlarla bərabər Əlif Şəfəq kimi sənətdən sui-istifadə edənlər “sülh” adı altında dolayı yolla Azərbaycan tərəfini dini bir məbədə “zərər” verməkdə ittiham edən fikirlər paylaşırlar. Əlif Şəfəq dünyada və Azərbaycanda Mövlanə və Şəms Təbrizi haqqında yazdığı məşhur “Aşk” romanı və s. kitabları ilə tanınan bir türk yazıçısıdır. Şəfəqin haqsız olduğunu düşündüyümüz paylaşımı Qarabağ müharibəsində Azərbaycanın haqlı olduğuna inanan Azərbaycan cəmiyyətini ciddi narahat edib.

Bu səbəblə Azərbaycan xalqından üzr istəməyinə nail olmaq üçün Əlif Şəfəqin kitablarının satışının əleyhinə mənim də qol qoyduğum bir kampaniya başladılıb. Heç şübhəsiz, bu, bir əsaslandırma olduğu üçün əksinin düşünülməyi, yəni Şəfəqin kitabları əleyhinə başladılan kampaniyanın doğru olmadığının düşünülməyi mümkündür.

Lakin bu kampaniya yazarın kitabları və kitablarının ehtiva etdiyi bilgiylə bir aidiyyəti olmadığı üçün hər hansı bir qadağadan daha çox Azərbaycan xalqının maraqları naminə Şəfəqin üzr istəməyinə nail olmaq üçün başladılmış bir kampaniyadır. Bu səbəblə kampaniyaya qol qoyan insanları ittiham etməyin səhv olduğu qənaətindəyəm.

Allah Azərbaycan Əsgərini Qorusun.

# 3403 dəfə oxunub

Müəllifin son yazıları

# # #