İşıq seli – Əkbər Qoşalının 50 illik yubileyinə

Əkbər Qoşalı, şair

Əkbər Qoşalı, şair

13 mart 2023
# 12:30

Kulis.az İntiqam Yaşarın “İşıq seli” adlı yazısını təqdim edir.

Əkbər Qoşalı... Haqqımda ilk dəfə o yazıb. 10 ildən çox vaxt keçib üzərindən o yazının.

İlk kitabım çap olunurdu. Tələbə idim, demək olar ki, ədəbi sferadan çox az adamla şəxsi tanışlığım vardı. Kitabımın ön sözünü yazdı. Təkcə, haqqımda ilk dəfə yazmayıb, mənim üçün çox ilklərə işıq olub.

İnsan yaşa dolduqca ömründə yer almış kəslərin önəmini daha çox dərk edir, daha çox düşünür bu barədə. Əkbər Qoşalı ilə münasibətin yaşı və yeri olmur. Onunla hər salamının, hər sağ olunun yaşantısı olur.

Mən elə bu yazının əvvəlindən etiraf edirəm ki, onun haqqında düşüncələrimi heç bir yazıda tam ifadə edə bilmərəm. Əkbər Qoşalı bütün yazıların fövqündədir.

10 ildən bir az çox olan bu zaman ölçüsünü həm çox, həm də az hesab etmək olar. Amma mən daxilən onunla olan münasibətimizin yaşını real ölçüdən çox-çox artıq hesab edirəm. Əkbər Qoşalı başqa havadır, başqa miqyasdır, başqa yoldur. Daxilində hansı zənginlikdə MƏN olmalıdır ki, bütün bu başqaları bir nöqtədə bütövləşdirə biləsən?!

Onu tanıdığım gündən elə bir doğmalıq, elə bir böyük qardaşlıq hiss etmişəm ki, bu əziz münasibətin başqa rəngini, başqa formasını təsəvvür belə edə bilməmişəm.

İnsan oğlu bütün üst dəyərlərə hansı mərtəbəyəcən sevgisini daşıya bilərsə, Əkbər Qoşalı o nöqtəni ruhundakı işıq seli ilə fəth edib. İnsanlıq sevgisi, millət sevgisi, ədəbiyyat sevgisi...bütün sevgilərin səhifələri Qoşadan TƏK çıxmış bu insanda elə gözəl toplanıb ki... Onu tanıyan, bilən insanlar hər ünsiyyətdə bir az da durulur.

Hansı əzablar, hansı əziyyətlər onunla addımlayıb onu bir özü bilir, bir də özü kimi bildiyi az sayda dostları. Əkbər Qoşalı bu yolda nə xərcləyibsə, nə veribsə, ürəyindən verib...Kaş, ürəyi həmişə var olsun.

Onun ən böyük amallarından biri də Azərbaycana dost qazandırmaqdır. Ədəbiyyatla, mədəniyyətlə, dəyərlərlə qazanılan dostlar əbədi olduğu üçün o gecəsini gündüzünə qatıb bu yolda.

Sərhədlərimizdən kənarda yaşayan o qədər ürəkdə Azərbaycan sevgisi var ki, onun sayəsində.

1998-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyini yaratmaq, o zamanlarda bu gün günəş kimi parlayan işığı görmək, ona doğru can atmaq da başqa bir sevgi idi. Bu təşkilatın sıralarında yer alan işıqlı insanlar, ədəbiyyatın, mədəniyyətin carçıları oldular. Türk dünyası ilə ədəbi bağların möhkəmlənməsində ürək qoydular. O ədəbi körpüdən keçib Azərbaycana gələn insanlar əbədi körpülər oldular. Azərbaycanı sevdilər, can Azərbaycan dedilər. Əkbər bəyin sözü olsun-

"Onların yanında Azərbaycan əleyhinə bir kəlmə də danışa bilməzlər".

Əkbər bəy könlündəki Təbriz, Tanrı dağları, Turan eşqinə qanad açıb 50 yaşa vardı. Yaşı qutlu olsun. Varlığından aldığımız gücə növbəti 50 ilinin başlanğıcında tükənməzlik arzu etməklə onu və onu özü bilənləri təbrik edirəm.

# 1866 dəfə oxunub

Müəllifin son yazıları

# # #