Dədə Qorqud və Molla Nəsrəddin – Rahid Ulusel

Dədə Qorqud və Molla Nəsrəddin – Rahid Ulusel
11 avqust 2023
# 10:00

Kulis.az Rahid Uluselin "Dədə Qorqud və Molla Nəsrəddin" yazısını təqdim edir

Ulu Türk mədəniyyətinin iki sarsılmaz dirəyi: Dədə Qorqud və Molla Nəsrəddin.

Biri olmasa, sanki o biri də olmazmış. Bu iki başlanğıcla mədəniyyətimiz daim genişlənmək və dərinləşmək, ağırlaşmaq və çevikləşmək potensialında sferik bütövlük qazanır.

Doğmalar doğması Dədə Qorqud və Molla Nəsrəddin mədəniyyətimizin çevrəsindəki heç bir yad və yadelli, iddialı və özündənmüştəbeh mədəniyyətə basılmayan yenilməz ruhudur.

Mədəniyyət düşüncəmizin Dədə Qorqud RenessansıMolla Nəsrəddin Dekadansı yüz illərdir ki, toqquşub uzlaşaraq, ürüyüb tamlaşaraq həmin bütövlük universumunun orbitində sirli-sirli dolanır, sayrışır, hərdən öləziyir də, hərdən parlayıb qamaşdırır da.

Dədə Qorqudda mollanəsrəddinlik, Molla Nəsrəddində dədəqorqudluq payı var ki, onların bir-birinə incə süzülüşü ən əski çağlardan bugünədək mədəniyyətimizin dəngəsini saxlamaqdadır.

Mirzə Fətəli Axundzadə elə bu dəngənin bəliri idi.

XX əsrin əvvəllərindəki dönməz modernləşmə hərəkatında “Füyuzat” və “Molla Nəsrəddin” dərgiləri örnəyi ilə bütövlükdə Azərbaycan mətbuatı və ədəbiyyatı Dədə Qorqud və Molla Nəsrəddin başlanğıclarının vəhdətini yaşatmaqla milli ruhu təzələməyin doğru istiqamətini götürmüşdü.

Sovet ideologiyası bu dixotomiyanı laxlatsa da, sındıra bilməmişdi.

Bu gün Dədə Qorqudun Molla Nəsrəddinlə, Molla Nəsrəddinin Dədə Qorqudla təpər qazana biləcək yaradıcı-konvergent xətti bilgəlik və gülüş mədəniyyətinin qaynağı olaraq Azərbaycan planetariyasının yalnız özünə məxsus fəlsəfi, estetik və bədii cövhərini üzə çıxarmaq gücündədir.

Çünki gerçəkdən, Dədə Qorqud və Molla Nəsrəddin tarazlığı – bizim mədəniyyətimizin ən dərin harmoniyasıdır.

# 1660 dəfə oxunub

Müəllifin son yazıları

# # #