Şahbaz Xuduoğlu: "Kitab sifariş edən daha çox yaşlılardır"

Şahbaz Xuduoğlu:  "Kitab sifariş edən daha çox yaşlılardır"
28 mart 2020
# 13:17

“Evə gedən kitab evdə qalanlara mənəvi dayaqdır”

Bu sözləri “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu karantin günlərində kitab satışının artmasıyla bağlı Kulis.az-a verdiyi açıqlamada deyib. Digər günlərdən fərqli olaraq kitab satışında artımın müşahidə olunduğunu təsdiq edən Şahbaz Xuduoğlu kitabları əsasən ünvanlara çatdırdıqlarını bildirib:

“Çalışırıq kitab ehtiyacı olanları təmin edək. Bəzən çatdırmada keçikmələr olur, amma maksimum üstümüzə götürdüyümüz işin öhdəsindən gəlməyə çalışırıq. Evində sifarişlə kitabları alanlar sonra da sevinclərini bizimlə bölüşürlər. Videolar və şəkillər göndərirlər”.

Ş.Xuduoğlu sifarişçilər arasında yaşlı nəslin üstünlük təşkil etdiyini deyib:

“Həmişə orta və gənc nəsil üstün olub, indi isə üstünlük yaşlı nəsildədir. Evlərindən çıxmağa qadağa qoyulan insanlarımız sifarişlər verirlər. Yaşlı adamlar qapıları üzümüzə ehtiyatla açırlar, biz də çalışırıq çox yaxın məsafəyə getməyək. Qapıdan başlarını çıxardılarsa, deyirik kitab qapının ağzındadır, götürün. Mənzillərində kitab alanların sevinci fərqli olur, onların məmnuniyyəti işimizə təkan verir, bizi ruhlandırır. Əsas haştag kimi #kitablaqal #evdəqal paylaşımları edirik. Bu paylaşımların insanların kitaba qayıtmasında mühüm rolu var.”

Ş.Xuduoğlu daha sonra əlavə edib:

“Çox mürəkkəb bir dövrü keçirik. Virus yalnız öldürmür, o, həm də müəyyən vərdişləri, davranışları, münasibətlər sistemini dəyişir. İnsanların özünə dönməyinin vaxtı çatdı. Bəşəriyyət bir virusla mübarizədə məğlub olur. Biz çox şeyləri itirmək astanasındayıq. Dünən asanlıqla uğrunda mübarizə apardıqlarımız bu gün artıq dəyər deyil. İnsan elə bir varlıqdır ki, bəzən hər cür itkiyə tab gətirib yaşayır. Yaşamaq üçün sərhədlərimizi daraltmaq məcburiyyətindəyik. Bu, özü özünə qoyulan məhrumiyyətlər ümidsiz olmamalıdır. Düşüncəmiz, ruhumuz yaratmaqda, sərhədlərini genişləndirməkdə davam etməlidir. Evə gedən kitab evdə qalanlara mənəvi dayaqdır. "Darıxmayın, bu hələ son deyil, özünüzü qoruyun" deməkdir.”

# 3212 dəfə oxunub

Müəllifin son yazıları

# # #