Qanın alın yazısı yox idi - Aqşindən yeni şeir

Qanın alın yazısı yox idi - Aqşindən yeni şeir
23 oktyabr 2020
# 10:41

Kulis.az Aqşin Yeniseyin yeni yazdığı "Əsgər" şeirini təqdim edir.

Sən dünyada yoxkən, ƏSGƏR,
öldürdü Qabil Habili!
Sən olmasaydın,
Ya insan insanın qurbanı olacaqdı,
ya da qatili...

Sən yoxkən qopdu tufan!
su basdı yer üzünü, ƏSGƏR!
Həyat sularda yalqız; ümid dolu bir gəmi...
Sən olsaydın,
tufanlar geri çəkiləcəkdi, görüncə məğrur çəkməni.

Sən yoxkən dünyada, ƏSGƏR!
Qanın alın yazısı yox idi.
Sən günahsız körpələrin yerə enən ahı oldun
Ölümlərin əfəndisi, şahı oldun!

Sən yoxkən dünyada, ƏSGƏR!
Qorxu siyasət oldu, din oldu, div oldu.
Hər şeyin əvvəli səhv oldu...
Hər şeyin sonu əfv oldu...

Sən yoxkən dünyada, ƏSGƏR!
Tanımadan sevmirdi bir kişini bir qadın
Səndən sonra əsgər doğdu
Hər qadın öz övladın.

Sən yoxkən dünyada, ƏSGƏR!
İlk günaha batdı insan, tamaha yenildi
Keçmişə uduzdu, sabaha yenildi.
Sən olsaydın başlamayacaqdı bu əbədi müharibə!
Sən cənnəti mədəniyyətə çevirdin, ƏSGƏR!

Sən tikanısan qızılgülün!
Yarpaq kimi solduğun günlərin geri dönən qisasısan
Sən qızıgülün özüsən!
Gözəlliyin əynindəki cəngavərlik libasısan

Sən həmişə canlısan, sən həmişə şanlısan!
şəkil olan bizik, ƏSGƏR!
ölüm tərəfdən boylanar bütün şəkillər...

# 2578 dəfə oxunub

Müəllifin son yazıları

# # #