Kulis.az “Günün şeiri” layihəsindən Aqşin Yeniseyin “Qış” şieirni təqdim edir.
Qar! Bir it məni hürməməklə qorxudar
Qar! Suyun qoca və yorğun halı.
Qar! İlk dəfədir öz ayaqlarına yıxılır adamlar.
Qar! Üşüyür avtobuslar
Qar! Axşamkı çılpaq qaranlığın mirasıdır
küçədəki çadralı qadınlar
Kişilərin üzündə
Hər gecə təkrarlanan zülmətin
Hər gecə təkrarlanan qadının
Hər gecə təkrarlanan uşağın dərdi.
Pəncərədə uşaq üzü unudulmuş fotodur!
Qadınların üzündə
Qız vaxtı içlərində boğduqları
Yalqız bir fahişənin dirilmək qorxusu.
Hər şey eyni ağ...
Hər yer eyni qar...
Fəqət evlərin dördkünc yaddaşında həmişə
fərqlidir toxlar və aclar.
Qar yağır, qar yağır, sanki, keçmişdən...
Və mən ölkəmdə necə unudulduğumu
seyr edirəm bu görünüşdə...