Onun şəhid olduğunu mənə 28 il sonra dedilər – Şərif Ağayar yazır...

Onun şəhid olduğunu mənə 28 il sonra dedilər – Şərif Ağayar yazır...
22 yanvar 2021
# 18:23

Sovet vaxtı ölkənin müxtəlif məktəblərinə dostluq məktubu yazırdıq. Bu, xalqlar dostluğunu ideologiyaya çevirmiş SSRİ-də xüsusilə təşkil olunurdu. Rusiya Federasiyasından, Belorusdan, Ukraynadan, Tatarıstandan və başqa yerlərdən Laçının ucqar kəndi Ağbulağa qanadlı, sevgi dolu məktublar gəlirdi.

O məktublar kimə ünvanlanırdısa, sevinci yerə-göyə sığmırdı.

Axşam saat 5-6 radələrində poçtu elə intizarla gözləyirdik ki...

O həyat eşqi, yaşamaq yanğısı nə idi, ilahi?!

Sonralar Azərbaycan rayonlarına da məktub yazmaq ənənəsi yarandı. Məktəb, sinif və jurnaldakı sıra nömrəsi ilə təsadüfi məktublar yazırdıq, kimə uyğun gəlirdisə, cavab verirdi. Mən də belə bir təsadüflə Füzulinin Horadiz kəndindən Nizami adlı oğlanla tanış oldum və məktublaşmağa başladıq.

Əmirov Nizami Müslüm oğlu...


Sağda Nzami, ortada qardaşı Füzuli (Anası ədəbiyyatı çox sevdiyi üçün uşaqlarına bu adları verib)

Orta məktəbi qurtaranacan məktublaşdıq.

Bir-birimizlə ən səmimi arzularımızı bölüşür, ailəmizdən, dostlarımızdan, sinif yoldaşlarımızdan, müəllimlərimizdən söz açır, kəndimizi, rayonumuzu təsvir edirdik.

1991-ci ildə orta məktəbi bitirdim. Xarici dilə görə Bakı sənədlərimi götürmədi. Gəncəyə isə özüm getmək istəmədim. Hələ əsgərlik yaşıma iki-üç il vardı. Məktəbə tez getmişdim. Staja və “məktəbpulu”na görə, atam yaxın qohumlardan birinin yanına çoban düzəltdi məni. Həmin ilin payızı Laçını biryolluq tərk elədim.

Beş-altı ay sonra Laçın işğal olundu.


Hind filmlərinin balaca qəhrəmanlarına bənzəyən dostum

Yeri gəlmişkən, əsas hissəsi Füzuli rayonuna düşən Haramı düzü və orda baş verən kriminal bir hadisə ilə bağlı yazdığım “Haramı” romanı bax həmin çoban olduğum illərin yadigarıdır. “Arzulardan sonrakı şəhər” romanındakı ağzı bağlı atları da Haramının yaşıl təpəliklərində öz gözlərimlə görmüşəm.

Füzuliyə gələndə ən böyük arzularımdan biri Horadizə gedib, Nziami ilə görüşmək idi. Ancaq yaşım elə də çox olmadığı üçün tam da sərbəst deyildim. Atamın məni əmanət etdiyi qohumlardan icazəsiz heç yerə gedə bilmirdim. Çox yəqin, bu səbəbdən illərlə yazışdığım dostumla görüşmək mənə nəsib olmadı.

Sən demə, Nizami də həmin vaxt orta məktəbi bitirib Q.Məmmədov adına dənizçilik məktəbinə gedibmiş. Xocalı hadisəsi baş verəndə məktəbi yarımçıq qoyur və könüllü Füzulidə yerləşən batalyonların birinə qoşulub müharibəyə yollanır.


Arxadan sağda Nizami və anası. Pambıq yığımında süfrə başında.

Qəribədir, o, 1992-ci ilin avqustun 15-də Yuxarı Veysəllidə şəhid olubmuş. Mənsə, həmin vaxt Füzulinin – Haramının “Şpartı” bölgəsində Yuxarı Veysəlli kəndinə məxsus fermada çobanlıq edirdim.

Müharibə gedirdi, amma o müharibədə dostumun şəhid olduğundan xəbərim yox idi. Nizami mənim təsəvvürümdə Ağbulaq kəndinə göndərdiyi şəkildəki kimi qarayanız, yumrusifət, bir suyu “Şərikli çörək” filminin qəhrəmanı Vaqifə bənzəyən şirin bir uşaq idi.

Sonra Füzuli də dağıldı.

Hərə bir dərəyə düşdü.

Kasıblıq, zəlalət, aclıq, ölüm qorxusu...

Qardaşın qardaşdan xəbəri yox idi.

Amma mən Nizamini heç zaman unutmadım. O tərəflərin rast gəldiyim adamlarından həmişə soruşdum. Tanıyan olmadı.

Onu ürəyimdə qınayırdım da. Məni niyə axtarmırdı? Sosial şəbəkələr vasitəsi ilə bütün itənlər tapılmışdı, bircə Nizamidən xəbər yox idi. Mənsə, deyəsən ən çox onu gözləyirdim.


Vətənin keşiyində.

Bir neçə gün öncə tanımadığım bir adam mənə yazdı. Dedi, Horadizdənəm. Sizin kəndinizdə çox olmuşam. Qohumlarımın adını çəkdi. Məni də tanıdığını bildirdi. Dedi, nədənsə bu adlar içərisində sən daha çox yadımda qalmısan. Səbəbini bilmirdi. Düşündüm ki, yəqin yazı-pozuma görədir. Üstünü vurmadım. Ordan-burdan danışdıq. Məlum oldu ki, Nizaminin sinif yoldaşıdır. Birdən elə bil yuxudan ayıldı. Dedi, xatırladım, siz yazışırdınız!

Və Nizaminin şəhid olma xəbərini də o mənə söylədi.

Düz 28 il sonra...

Keçirdiyim hissləri qələmə almaq çətindir. Kövrəklik deyil bu. Nəsə heyrətə bənzər bir şeydir. Həyata, onun işləklərinə qarşı heyrət...

Az sonra Əmirov soyadlı başqa bir adam yazdı mənə. Dedi, sizi tanıyıram, yazılarınızı izləyirəm və Müşfiqabaddakı qaçqın qəsəbəsində tez-tez görürəm. Elə indicə əlinizdə iri bir idman çantası qarşımdan keçdiniz. Mən Nizaminin qohumuyam!

Mənə bir video atdı, dedi 15-ci saniyədə Nizaminin fotosu görünür.

Həmin fotonu kəsib sizə təqdim edirəm.

Daha sonra başqa bir videodan o biri fotoları kəsdim.

Nizaminin atası o vaxtdan rəhmətə getmişdi. Anası və ailə üzvləri ilə maraqlandım. Mənə bunları yazdı: Qardaşı bu yaxınlarda maşın qəzasında öldü, anasının ağlamaqdan gözləri tutulub, gəlini, qızı və nəvələri ilə Sabunçu qəsəbəsində yaşayır.

Nə deyəcəyimi bilmədim.

Elə bu yazı da o qeyri-müəyyənlikdən doğdu.

Heç olmasa sizinlə paylaşım dedim.


Müharibə onu dənizçi olmağa qoymadı


Ömür bahar deyil bir də qayıtsın...


Uğrunda şəhid olduğun torpaq indi azaddır, ruhun ş.ad olsun !

# 1415 dəfə oxunub

Müəllifin son yazıları

# # #