Kafkanın ölümündən sonra kuklanın içindən çıxan məktubu

Kafkanın ölümündən sonra kuklanın içindən çıxan məktubu
30 mart 2020
# 10:33

Heç vaxt evlənməyən və uşağı olmayan qırx yaşlı Frans Kafka bir gün Berlin parklarından birində gəzirmiş. Qəfildən onun qarşısına balaca bir qızcığaz çıxır. Həmin qızcığaz gəlinciyini itirdiyi üçün hönkür-hönkür ağlayırdı. Kafka və qızcığaz gəlinciyi axtarmağa başlayırlar. Bütün parkı ələk-vələk etsələr də, gəlinciyə rast gəlmirlər. Kafka qıza deyir ki, sabah gələrsən bir daha axtararıq. Qız ağlamsınaraq razılaşır və evə geri dönür.

Ertəsi günü onlar gəlinciyi axtarırlar və tapa bilmirlər. Kafka qərara gəlir ki, qıza gəlincik adından məktub yazsın. Belə də edir və məktubda Kafka gəlincik adından belə yazır:

“Xahiş edirəm ağlama. Mən dünyanı görmək üçün uzun bir səyyahətə çıxmışam. Sənə daima gördüklərim haqqında yazacağam”.

Qız artıq ağlamırdı, əksinə sevinirdi. Amma Kafka üçün uzun bir hekayənin başlanğıcı qoyulmuşdu.

Artıq, Kafka qızcığazla tez-tez görüşür, guya gəlinciyin yazdığı məktubları ona oxuyurdu. Uşaq gəlinciyin macəralı və maraqlı hekayələrini elə dinləyirdi ki... Gözlərini bərəldib, qulaqlarını Kafkaya şəkləyib həyəcanla qulaq asırdı. Qızcığaz hər dəfə Kafkanın yolunu gözləyirdi ki, gəlincikdən məktub gətirsin.

Kafkanın səyyahət planı olduğundan və uşağı da məktubsuz qoymamalı olduğundan, bir şey düşünür. Belə ki, Kafka başqa bir gəlincik alıb qızcığaza gətirir və ona deyir ki, gəlinciyin səyyahəti bitdi və Berlinə geri döndü.

Qızcığaz isə Kafkaya:

“Bu mənim gəlinciyimə oxşamır” - dedi.

Uşağın bunu deyəcəyəni əvvəlcədən düşünən Kafka bir məktub hazırlamışdı. O, məktubu cibindən çıxarıb qızcığaza oxudu:

“Səyahətlərim məni dəyişdi”.

Qızcığaz sevincək yeni gəlinciyi götürüb qucaqladı və kefi kök halda evinə apardı.

Bir ildən sonra Kafka vəfat etdi...

İllər sonra balaca qız böyüyüb yeniyetmə olduğunda, gəlinciyin içərisindən bir məktub tapır. Məktubda xırda hərflərlə Kafka imzası ilə yazılmışdı:

“Sevdiyiniz hər şey yəqin ki, bir gün itəcək, amma sonunda sevgi sizə başqa bir formada geri dönəcək.”

Həqiqətən, itirdiyimiz sevdiyimiz şeylər bizə başqa formada geri qayıdır. Bugün sevdiyimiz şeylərdən məhrum olmuşuq, amma sevə biləcəyimiz başqa məşğuliyyətlər tapmışıq, hələ tapmamışıqsa da bir gün o mütləq gələcək.

Keçmiş sevgilimizi, yeni sevgilimiz ilə əvəz edirik.

Keçmiş dostumuzu, yeni dostumuz ilə əvəz edirik.

Sevdiyimiz valideynlərimizi itirəndə, onun ağrısını öz övladlarımızla unuduruq. Övladlarımıza olan məhəbbət başqa ağrıları unutdurur, başqa sevgiləri əvəz edir.

Qısacası, dostlar, bu həngamə bizi sevdiyimiz şeylərdən məhrum edir, amma əslində, yeniləri ilə əvəz olunmaqdadır. Ona görə hamımız səbirli olaq.

Nicat Kazımov

# 3396 dəfə oxunub

Müəllifin son yazıları

# # #