Gənc şair Aqşin Yeniseyə şeir yazdı - Mətn

Gənc şair Aqşin Yeniseyə şeir yazdı - Mətn
20 noyabr 2019
# 10:38

Şair Kazım Kazımoviç Aqşin Yeniseyin "Axşam çağı" şeirinə nəzirə yazıb.

Kulis.az şairin "Aqşinin məktubuna cavab" şeirini təqdim edir

Məktubunu götürdüm
dünən poçt qutusunnan
Yaxşı ki, Salam kimi
cırıb tullamamısan...

Burda payız ləngiyir
çıxıb getmir küçədən.
''Bağışlayım'' yoxsa, yox?
düşünürəm gecədən...
Soyuq barmaqlarımla
cavab yazıram sənə...

Təklik – azından, şair,
hazırlıqdı məzara.
Məncə şikayət etmə
təkliyindən bekara...

Bax miskin mənzərənin
yaxşı tərəflərinə,
dağınıq ŞƏKiLləri
yığ kitab rəflərinə...

Qırxmadığın saqqalda
rastlaşırmı göz yaşın
alın təriylə hərdən?
''itgin bacı-qardaşlar''...

Geriyə bir addım at
pəncərənin önünnən...
Bütün gedən qadınlar
məmnundu ki, yerinnən
keçib bir çox sənələr
dönən yox səfərinnən...

Sənə çox maraqlıdı
unudulursan necə?
-Səhər səni unudub
yada salıram gecə;

Qədəhimin boğazın
yaşdıyıram şərabla,
Külqabımın başına kül
tökürəm yenə də...

Vətəndən göndərilən
yeməklərə bükülmüş,
ağ-qara qəzetlərdən;
sənin yazılarını
oxuyuram həvəslə...

İcarəyə götürür
Günəş Ayın yerini...
Düşünürəm gecədən
düşünürəm gecədən...
Soyuq barmaqlarımla
cavab yazıram sənə
yazıram: BAĞIŞLADIM ...

# 3405 dəfə oxunub

Müəllifin son yazıları

# # #