Elə gün olmaz ki, xatırlamayam... – İlham Qəhrəmandan yeni şeirlər

Elə gün olmaz ki, xatırlamayam... – İlham Qəhrəmandan yeni şeirlər
17 dekabr 2019
# 18:33

Kulis.az tanınmış şair İlham Qəhrəmanın yeni şeirlərini təqdim edir.

Sevgi ştrixləri

1.Sual

Gözü qaram,
cənnət tanıtdığın yerdə
cəhənnəm tanıtmağın nədi?!
Məni bir güllən yıxacaq
dalbadal atmağın nədi?!

2.Yerin

Gözü qaram, sevginin
diş dadmayan yerisən,
Yaxınla uzaq arasında -
qaşınanda kürəyin
əl çatmayan yerisən.

3.Dar evdə kitab

Gözü qaram,
Üstü örtülü deyirəm -
dünyada sevgiyə tay var yoxdu.
Dar evdə kitab kimisən, -
nə atmağa əl gəlmir,
nə qoymağa yer yoxdu.

4.Təzad

Gözü qaram,
gecə-gündüz timsalısan –
həm dərd verənsən,
həm də dərdin əlacısan.
Bir yandan suyu şirinsən,
bir yandan dili acısan.

5.Aforizm

Gözü qaram,
sevgi iki nəfərlik oddur -
olarmı heç iynə yansın, sap yanmasın?!
Kəsiləndə barmaq varmı qan çıxmasın,
səbr gələndə göz varmı qapanmasın?!

12.12.2019

Dialoq

- Salam. Sabahın xeyir!
- Salam. Hər vaxtın xeyir!
- Necəsən?
- Salamatam. Sən necəsən?
- Özümü pis hiss edirəm.
- Özünü həkimə baxdır.
- Heç haram ağrımır!
- Denən, İlham tərəfim ağrıyır.

10.11.2019

Bəndə

Kölgəliktək ürəyində
Qəmlərin yatdığı bəndə.
Eşqin Novruz tonqalını
İçində çatdığı bəndə.

Gah çat verir, gah da sınır -
Sağ göstərsin harasını?!
Dürlü-dürlü yarasını
Yaddaş qanatdığı bəndə.

Hamıdan ayrıdı – bu tək,
Əl atar tutmaz bir ətək.
Sinəsində qumda sutək
Sirlərin batdığı bəndə.

10.11.2019

Ölməsəm, qalsam

Elə gün olmaz ki, xatırlamayam,
Mən ya dan üzünə, ya gecə səni.
Tellim, dua eylə!
Ölməsəm, qalsam -
Sevəcəm, sevəcəm, sevəcəm səni!

15.11.2019

Könül söhbəti

Könül, axı qayıq yoxdu -
Yolu dənizdən salırıq.
Yaraşmaz ki, sevməyəni
Biz üzdən-gözdən salırıq.

Bitməz dünyayla davan ki...
Yol çoxdu – eşq yolu hanki?
Elə çətin yoldu, sanki -
Yolu künbəzdən salırıq.

Ahın hopar daş-divara,
Kim düşər belə qubara?!
Ona yalvara-yalvara
Gör kimi gözdən salırıq?!.

06.12.2019

Tanıyıram

Çəkərəm qarsar hər yanı -
Öz ahımı tanıyıram.
Açılsa, al şəfəqindən
Sabahımı tanıyıram.

Bir söz, bir də söz əhli var,
Gül kimi gözü şehli var.
Taxtda kim var nə dəxli var,
Mən şahımı tanıyıram.

Xam bilməz ustad kim idi,
Ona yaxın, yad kim idi.
O meyvədə dad kimidi, -
Allahımı tanıyıram.

06.12.2019

Bayatılar

Qaçqınların sinə daşına

***

Ah çəkdim yeri qaldı,
Kövşənin vəri qaldı.
Mən öldüm - Laçın adlı
Həsrətim diri qaldı.

***

Qəribə bir yer edin,
Halına nəzər edin.
Əgər Laçın alınsa,
Mənə də xəbər edin.

***

Ölmüşəm hüzürüm var,
Günahda üzürüm var.
Laçın alınan günə
Mənim də nəzirim var.

***

Dağlara qar yağırdı,
Dağdan bir səs çağırdı.
Tabutuma güc verin
Dərdlərim çox ağırdı.

***

Dəryaya qayıq düşər,
Qayıqçı ayıq düşər.
Bacım çox ağlamasın,
Məzarım duyuq düşər.

16.10.2019

Image result for ilham qəhrəman"

# 4016 dəfə oxunub

Müəllifin son yazıları

# # #