Dünyanın süfrəsinə duz dağılıb - Amil Amaldan yeni şeirlər

Dünyanın süfrəsinə duz dağılıb - Amil Amaldan yeni şeirlər
9 aprel 2020
# 17:53

Kulis.az Amil Amalın yeni şeirlərini təqdim edir.

Duz dağılanda süfrəmizdə
Nənəm qənd qoyardı ki,
evdə dava olmasın.

Nə qanırdıq, uşaqdıq,
evdəki davanı,
çöldəki müharibəni.

Hardasa
beş-altı yaşım olardı.
Qrad səsləri
hələ də qulağımdadı.

İndi yadıma salıb
elə hey düşünürəm.
Görən, dünyanın da
süfrəsində duz dağılıb,
qəndləri yoxmu
qoymağa?

------------


Heydər Əliyev adına hava limanı.
Terminal 1.
Artıq üçüncü dəfədir
detektor səs-küy salır.
Kimsə üstündə nəsə unudub,
ciblərini axtararaq təzədən keçir.

Saçları ağ, orta yaşlı bir kişi
qollarını qaldırıb əsəbləşir.
Deyəsən xaricə birinci səfəridir.
Polis yenidən şübhəli-şübhəli
kişinin üstünü axtarır.

Qəfil polisin əli nəyəsə dəyir.
Kişi yaxasını açıb sinəsindəki
qəlpə yarasını göstərir.

Pasport yoxlanışı.
Yumruq kimi vurulan möhür.
Müharibə veteranı.
Çamadanlar yuxarı qalxır...


---------

Kirini çıxardır,
dırnağını tutur,
burnunu fıxırır,
qulağını eşir,
tərləyir, tüpürür,
özünü boşaldır,
tüklərini qırxır,
dişlərini çəkir,
işiyir, qaz buraxır,
böyük bayıra çıxır,
qusur, qaytarır,
qan axıdır
və bütün bu
özündən xaricetmələrin
qarşısında insan
ən saf ifrazını,
ən təmizini edir.
Kövrəlir, ağlayır,
göz yaşı tökür.


------


Üz-üzə idi yerləri.
Skripkaçı və dönərçi.
Küçə musiqisi
və küçə yeməyi...

Birinin əlində uzun bıçaq,
birinin əlində uzun yay.
Biri əti kəsirdi
biri barmaqlarını.

Birinin qabağına kağız pul,
birinin qabağına qəpik-quruş
qoyub gedirdi adamlar.

Amma bilmirdi adamlar,
yay atın telindən,
dönər atın ətindən.

# 2858 dəfə oxunub

Müəllifin son yazıları

# # #